Məhkəmə qərarları › İş №2(103)-5280/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5280/2022

13.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5280/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-642/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək,

1. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinə və Ailə, Qadın və X2 Komitəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədə istifadə olunmuş “mənim hüququmu məhz vəkil olduğu üçün dolayı yollarla pozub”, “o vəkilliyindən istifadə edərək müxtəlif yerlərə yol tapır”, “dəfələrlə təhqir olundum, döyüldüm”, “etibarnaməmdən sui istifadə edərək”, “evə aid çirkin planlar qurmuş”, “etibarnaməmi İddiaçı həyat yoldaşım olduğu üçün vermişdim, aldatması üçün deyil. İddiaçı yaranmış vəziyyəti öz mənafeyi və varlanması üçün istifadə etmişdir.” “Bu cür vəzifəsindən, səlahiyyətindən istifadə edib başıma oyun gətirən bu cür insanlara qarşı məni və övladlarımın hüquqlarını qoruyacaqsınız ifadələrinin həqiqətə uyğun olmayan mənim şərəf və ləyaqətimi ləkələyən məlumatlar hesab olunmaqla Cavabdeh üzərinə məzmununa heç bir dəyişilik edilmədən “həmin qurumlara mən Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna görə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm şəklində təkzib və üzr istəməsi ilə bağlı məktubun göndərilməsi vəzifəsinin qoyulması; Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə, Məhkəmə-Hüquq Şurasına, Bakı Apellyasiya Məhkəməsinin sədrinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizələrdə istifadə olunmuş “keçmiş ərim İddiaçı Vəkil Bürosunun rəhbəri kimi nüfuzdan, eləcə də maddi imkanlarından istifadə edərək məhkəmələrdə haqqımın bərpa olunmasının qarşısını əyri yollarla alır.”, “Belə ki, keçmiş ərim İddiaçı yenə vəkil bürosunun müdiri kimi cəmiyyətdə tutduğu mövqeyindən, xüsusən də şəxsi əlaqələrindən istifadə edərək öz xeyrinə ekspert rəyi əldə edəcəyini düşünürəm” ifadələrinin həqiqətə uyğun olmayan, mənim şərəf və ləyaqətimi ləkələyən məlumatlar hesab olunmaqla Cavabdeh üzərinə məzmununa heç bir dəyişilik edilmədən həmin qurumlara “mən Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna görə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm” şəklində təkzib və üzr istəməsi ilə bağlı məktubun göndərilməsi vəzifəsinin qoyulması Ailə, Qadın və X2 Komitəsinə xx.xx.2018-ci il tarixdə ünvanlanmış ərizədə istifadə olunmuş İddiaçı öz vəkilliyindən istifadə edərək əvvəlcə nümayəndəmlə sövdələşməyə girmiş” ifadələrin həqiqətə uyğun olmayan, mənim şərəf və ləyaqətimi ləkələyən məlumatlar hesab olunmaqla Cavabdeh üzərinə məzmununa heç bir dəyişilik edilmədən həmin quruma “mən Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna görə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm şəklində təkzib və üzr istəməsi ilə bağlı məktubun göndərilməsi vəzifəsinin qoyulması; Cavabdeh 10.000 (on min) manat məbləğində mənəvi ziyanın alınaraq “Yaşat Fondunun bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sabunçu Rayon Məhkəməsinin 2(008)-642/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinə və Ailə, Qadın və X2 Komitəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədə istifadə olunmuş “mənim hüququmu məhz vəkil olduğu üçün dolayı yollarla pozub”, “o vəkilliyindən istifadə edərək müxtəlif yerlərə yol tapır”, “dəfələrlə təhqir olundum, döyüldüm”, “etibarnaməmdən sui istifadə edərək”, “evə aid çirkin planlar qurmuş”, “etibarnaməmi İddiaçı həyat yoldaşım olduğu üçün vermişdim, aldatması üçün deyil. İddiaçı yaranmış vəziyyəti öz mənafeyi və varlanması üçün istifadə etmişdir” Bu cür vəzifəsindən, səlahiyyətindən istifadə edib başıma oyun gətirən bu cür insanlara qarşı məni və övladlarımın hüquqlarını qoruyacaqsınız» ifadələrinin həqiqətə uyğun olmayan, iddiaçının şərəf və ləyaqətimi ləkələyən məlumatlar hesab olunmaqla Cavabdeh üzərinə məzmununa heç bir dəyişilik edilmədən “həmin qurumlara «mən, Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna görə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm şəklində təkzib və üzr istəyirəm» məzmunlu, Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə, Məhkəmə-Hüquq Şurasına, Bakı Apellyasiya Məhkəməsinin sədrinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizələrdə istifadə olunmuş “keçmiş ərim İddiaçı Vəkil Bürosunun rəhbəri kimi nüfuzdan, eləcə də maddi imkanlarından istifadə edərək məhkəmələrdə haqqımın bərpa olunmasının qarşısını əyri yollarla alır.” “Belə ki, keçmiş ərim İddiaçı yenə vəkil bürosunun müdiri kimi cəmiyyətdə tutduğu mövqeyindən, xüsusən də şəxsi əlaqələrindən istifadə edərək öz xeyrinə ekspert rəyi əldə edəcəyini düşünürəm” ifadələrinin həqiqətə uyğun olmayan, iddiaçnın şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab olunmaqla Cavabdeh üzərinə məzmununa heç bir dəyişilik edilmədən həmin qurumlara “mən, Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna görə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm” şəklində təkzib və üzr istəməsi, Ailə, Qadın və X2 Komitəsinə xx.xx.2018-ci il tarixdə ünvanlanmış ərizədə istifadə olunmuş İddiaçı öz vəkilliyindən istifadə edərək əvvəlcə nümayəndəmlə sövdələşməyə girmiş” ifadələrin həqiqətə uyğun olmayan, iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab olunmaqla Cavabdeh üzərinə məzmununa heç bir dəyişilik edilmədən həmin quruma “mən, Cavabdeh İddiaçı barəsində işlətdiyim ifadələr həqiqətə uyğun deyil, buna görə də həmin ifadələri təkzib edirəm və üzr istəyirəm» şəklində təkzib və üzr istəməsi ilə bağlı məktubların göndərilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmuş, Cavabdeh 500 manat məbləğində mənəvi ziyanın alınaraq “Yaşat Fondunun bank hesabına köçürülməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin qeyri-qanuni və əsassız olduğunu bildirmiş, birinci instansiya məhkəməsinin iş üçün əhəmiyyətli olan halların tam düzgün araşdırılmadığını, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlmədiyini göstərmişdir. Belə ki, cavabdeh şikayətində qeyd edir ki, o iddiaçıya böhtan atmaq və ya onun şəxsiyyətini alçaltmaq niyyətində olmamış, bundan öncə aralarında olan məhkəmə işlərində onun əleyhinə qərarların qəbul edilməsin əsas səbəb kimi iddiaçını vəkil bürosunun rəhbəri olmasını əsas hesab etmiş, həmçinin dövlət orqanlarına göndərdiyi məktubların mətnində də yalnız real olaraq baş verən hadisələr haqqında məlumat verdiyini, yalan məlumat yaymadığını və həmin orqanlara müraciət edərək də onlardan hüquqlarının müdafəsiəsində kömək istəmişdir. Bundan əlavə qeyd edir ki, rayon məhkəməsinin qətnaməsi onun fikir və söz azadlığı hüququnu pozur və eyni zamanda öz mövqeyini ifadə etməsinə məhdudiyyət yaradır. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

4. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək göstərdi ki, keçmiş əri olan iddiaçı peşəkar vəkil və vəkil bürosunun rəhbəridir, uzun müddət vəkillik fəaliyyəti ilə bağlı olaraq istintaq - məhkəmə və digər əlaqəli qurumlarla ünsiyyətdə olmuş, aralarında baş verən nikahın pozulması, əmlak bölgüsü və azyaşlı uşaqlarının nikahın pozulmasından sonra hansı valideynin yanında qalması ilə bağlı uzun müddət davam edən məhkəmə mübahisələri olmuş, bu işlərdə iddiaçının öz imkanlarından istifadə edəcəyindən, xüsusən də azyaşlı uşaqlarını əlindən ala bilməsindən narahatlıq və qorxu keçirmiş və bu nigarançılığı səbəbindən də bir sıra orqanlara həmin müraciətlərini etmək məcburiyyətində qalmış, niyyəti isə ancaq hüquqlarının qorunmasında yardım istəmək olmuşdur, onun iddiaçının şərəf və ləyaqətini alçaltmaq, onu nüfuzdan salmaq kimi bir niyyəti olmamışdır, yeganə məqsədi uşaqlarına qovuşmaq və bunun üçün yardım almaq olmuşdur, odur ki, şikayətinin təmin olunmasını xahiş edir.

5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək göstərdi ki, cavabdehin düşmüş olduğu vəziyyətdə onun müəyyən orqanlara yardım üçün müraciəti anlaşılandır, cavabdeh ana olaraq öz uşaqlarına qovuşmaq üçün səylar göstərmiş, onun narahatçılığı da əbəs deyildir, ilkin mərhələdə iddiaçı uşaqların onun yanında saxlanmasına nail olmuşdur, başlıcası isə iddiaçının təkzib verilməsinin istədiyi həmin müraciətlərdə hər hansı fakt deyil, yalnız cavabdehin uşaqları ilə bağlı narahatlıqdan doğan ehtimal mülahizələri bildirilmişdir ki, bu isə heç bir halda şərəf və ləyaqəti alçaldan və ya iddiaçının nüfuzuna xələl gətirən məlumat hesab oluna bilməz, cavabdehin özü də bəyan etmişdir ki, onun belə bir niyyət və məqsədi olmamışdır. Buna baxmayaraq, işə baxmış rayon məhkəməsi işin bu mühüm hallarınıtərəflər arasında olan münasibətləri və bundan doğan bir neçə məhkəmə çəkişmələrinin olmasını, müvafiq olaraq da cavabdehin bu zəmində məhz yardım olunması məqsədi ilə həmin müraciətlərin ortaya çıxmasını nəzərə almamış, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir, odur ki, şikayətin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi:

7. Mülki iş materiallarında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinə və Ailə, Qadın və X2 Komitəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədə aşağıdakıları qeyd etmişdir: “mənim hüququmu məhz vəkil olduğu üçün dolayı yollarla pozub”, “o vəkilliyindən istifadə edərək müxtəlif yerlərə yol tapır”, “dəfələrlə təhqir olundum, döyüldüm”, “etibarnaməmdən sui istifadə edərək”, “evə aid çirkin planlar qurmuş”, “etibarnaməmi İddiaçı həyat yoldaşım olduğu üçün vermişdim, aldatması üçün deyil. İddiaçı yaranmış vəziyyəti öz mənafeyi və varlanması üçün istifadə etmişdir.”

8. Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə, Məhkəmə-Hüquq Şurasına, Bakı Apellyasiya Məhkəməsinin sədrinə,Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədə aşağıdakı ifadələri işlətmişdi: “keçmiş ərim İddiaçı Vəkil Bürosunun rəhbəri kimi nüfuzdan, eləcə də maddi imkanlarından istifadə edərək məhkəmələrdə haqqımın bərpa olunmasının qarşısını əyri yollarla alır.” “Belə ki, keçmiş ərim İddiaçı yenə vəkil bürosunun müdiri kimi cəmiyyətdə tutduğu mövqeyindən, xüsusən də şəxsi əlaqələrindən istifadə edərək öz xeyrinə ekspert rəyi əldə edəcəyini düşünürəm”.

9. Ailə, Qadın və X2 Komitəsinə xx.xx.2018-ci il tarixdə ünvanlanmış ərizədə «İddiaçı öz vəkilliyindən istifadə edərək əvvəlcə nümayəndəmlə sövdələşməyə girmiş” sözlərindən istifadə etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyası

10. Maddə 57. Müraciət etmək hüququ İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. İİ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrıayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Mülki Məcəllə:

11. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu

12. Maddə 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.

13. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7№-li Qərarında göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Həmin Qərarda məhkəmələrə izah edilmişdi ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).

17. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

19. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

20. Hazırkı halda qətnamə cavabdeh tərəfindən apellyasiya şikayətində tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7№-li Qərarında göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Həmin Qərarda məhkəmələrə izah edilmişdi ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən onların şərəf və ləyaqətinin ləkələnməsi barədə məlumatların yayıldığını iddia edir. MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).

22. Hazırkı halda iddiaçının istinad etdiyi sübut cavabdehin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinə və Ailə, Qadın və X2 Komitəsinə ünvanladığı ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizəsi, Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə, Məhkəmə-Hüquq Şurasına, Bakı Apellyasiya Məhkəməsinin sədrinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizələri, Ailə, Qadın və X2 Komitəsinə xx.xx.2018-ci il tarixdə ünvanlanmış ərizələridir.

23. Məhkəmə kollegiyası həmin müraciətlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 57.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 57.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. 24.“Vətəndaşların müraciətləri haqqında” xx.xx.2015-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır (maddə 1.1). 25.Göründüyü kimi, cavabdeh hüququndan istifadə edərək iddiaçı ilə onun arasında olan məhkəmə mübahisələri ilə əlaqədar öz narahatlıqları Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinə, Ailə, Qadın və X2 Komitəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə, Məhkəmə-Hüquq Şurasına, Bakı Apellyasiya Məhkəməsinin sədrinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlamış ərizələrdə ifadə etmiş, həmin ərizə tərəflər arasında yaranmış ixtilaf və münaqişələrlə bağlı olaraq yazılmışdır. MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən həmin məlumatların yayılmasını iddiaçılar sübut etməlidir. İddiaçı məhkəməyə istinad etdiyi bu hala dair kifayət qədər güclü, aydın və konkret olan, habelə təkzibolunmazlıq və əsaslı şübhədən kənarlılıqla bağlı tələblərinə cavab verən hər hansı sübut təqdim edə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 14 may 1999-cu il 7№-li Qərarında göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: -məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; -həmin məlumatların doğru olmaması; -bu məlumatların yayılması. Plenum Qərarına və bununla bağlı oturuşmuş məhkəmə praktikasına görə də bu cür iddiaların keçərliliyi üçün həmin halların hər üçünün, həm də eyni vaxtda mövcud olması mütləq şərtdir. Həmin Qərarda həmçinin məhkəmələrə izah edilmişdi ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir və yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Bununla da məlum olur ki, işə baxmış rayon məhkəməsi hazırkı mübahisə üzrə tərəflər arasındakı münasibətləri – iddiaçının istinad etdikləri müraciətin dövlət orqanlarına ünvanlanmış və tərəflər arasında mövcud olan ixtilaf və münaqişələr zəminində yazılmış şikayət ərizəsi olmasını, müraciətin dövlət orqanlarına ünvanlanması və yalnız həmin ünvanlara göndərilməsini, ən başlıcası isə həmin müraciətlərində cavabdeh tərəfindən hər hansı faktların deyil, uşaqlarının əlindən alınmasından dolayı yaranmış nigarançılıqla bağlı öz güman və ehtimal mülahizələrin bildirməsi kimi mühüm məsələ, ümumiyyətlə, araşdırmamışdir.

26. Rayon məhkəməsi qətnaməsində cavabdehin iddiaçı barəsində yazmış olduğu ifadələrin onun işgüzar nüfuzunu ləkələyən məlumatlar olduğunu göstərsə də, lakin bunun fakt və ya mülahizə olmasını, eləcə də məlumatların yayılmasının nədən ibarət olmasını və hansı qaydada baş verməsini müəyyən etməmiş və əsaslandırmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə bu faktın özü, yəni məhkəmə aktının əsaslandırılmaması öz-özlüyündə həmin qərarın əsaslı olmasını şübhə altına almaqla yanaşı, həm də məhkəmə aktlarının qanuni və əsaslandırılmalı olması kimi konstitusion prinsipə də cavab vermir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuşdur ki, məhkəmə qərarları qanuna və sübutlara əsaslanmalıdır. Eyni tələb MPM-in məhkəmə aktlarının qanuni və əsaslı olmasını tənzimləyən 217-ci maddəsində də nəzərdə tutulmuşdur.(Maddə 217.3) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, məhkəmə aktlarının əsaslandırılmaması, qərarlarda qanunvericilik aktlarının sadəcə olaraq sadalanması ədalətli məhkəmə araşdırmasına olan hüquqa xələl gətirir, başqa sözlə Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermir. Avropa Məhkəməsi «Kastravet Moldovaya qarşı» iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir. Avropa Məhkəməsi həmin işdə milli məhkəmələr tərəfindən Konvensiyanın 6-cı maddəsinin pozuntusunu müəyyən etmişdir. MPM-in 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eləcə də iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi də qətnamənin ləğv olunması əsası kimi nəzərdə tutlmuşdur (maddə 385.1.2.və 385.1.3.).

27. Kollegiya onu da qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “uşaqların atanın himayəsində saxlanılması barədə” ilk iddiasına, Cavabdeh İddiaçı qarşı “uşaqların ananın himayəsində saxlanılması və aliment ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Ali Məhkəmənin 2(102)-705/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da qeyd edilir ki, “...nikahın pozulması və uşaq tələbi ilə bağlı iddia xx.xx.2017-ci il tarixdə verilsə də, peşəsi hüquqşünas olan iddiaçı iş üzrə qəbul edilmiş bütün qərardadlardan açıq-aydın əsassız (onlar ya geri qaytarılıb, ya da təmin edilməyiblər) şikayətlər verilməklə işə baxılmasını yubatmış, uşaqların qətnamə qəbul edilənədək uzun müddət ərzində yalnız iddiaçı və onun yeni həyat yoldaşı ilə ünsiyyətdə olamsına, keçən müddət ərzində ana ilə münasibətlərinin soyumasına, uşaqların fikrinin öyrənilməsinə imkan verən yaş həddinə çatmasına nail olmuşdur..” İddiaçı Cavabdeh qarşı “uşaqların atanın himayəsində saxlanılması barədə” ilk iddiasına, Cavabdeh İddiaçı qarşı “uşaqların ananın himayəsində saxlanılması və aliment ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Ali Məhkəmənin 2(102)-705/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında təsbit olunanlarla da müəyyən olunur ki, cavabdehin iddiaçı ilə aralarında olan məhkəmə mübahisələri ilə bağlı nigarançılıqları səbəbindən iddiaçının istinad etdiyi və yuxarıda göstərilən orqanlara müraciətləri səbəbsiz olmamışdır. Nəticə:

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunan hissəsində işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək, prosessual hüquq normalarının tələblərini pozduğundan və maddi normaların tətbiq və təfsirində səhvə yol verdiyindən cavabdehin şikayəti təmin olunmalı, qətnamə, ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia həmin hissədə də təmin edilməməlidir.

29. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərə aid edilsin.

30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin 2(008)-642/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Emin Mehdiyev Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar