Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5284/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (məhkəmə) xx.xx.2018-ci il tarixli əmri ilə Borclu cəmi 1139,66 manatın Tələbkar MMC-nin xeyrinə tutulması əmr edilmişdir. Borclu xx.xx.2022-ci il tarixdə həmin əmrə etiraz göndərərək onun ləğv edilməsini və iddia icraatına keçilməsini xahiş etmiş, məhkəmənin 09 iyun 2022-ci il tarixli qərardadı ilə etiraz ərizəsi geri qaytarılmışdır. Məhkəmə bu zaman borclunun əmrə etirazının prosessual müddət keçdikdən sonra verildiyini əsas gətirmişdir. Borclu həmin qərardaddan verdiyi şikayət də təmin olunmayaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətçi şikayətini belə əsaslandırmışdır ki, əmrin göndərildiyi ünvan Dövlət ehtiyacları üçün söküldüyündən əmr ona təqdim olunmamış, məhkəmə isə tamamilə əsassız olaraq etiraz ərizəsini geri qaytararaq bununla da prosessual hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli və iş borclunun əmrə verdiyi etiraza qanunvericiliklə müəyyənləşdirilmiş qaydada yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından məhkəmənin xx.xx.2018-ci il tarixli əmrinin Borclu xx.xx.2018-ci il tarixdə göndərilmiş olduğu, lakin bu korrespondensiyanın “köçüb” qeydi yazılmaqla çatdırılmadan məhkəməyə geri qaytarıldığı aydın olur; adı çəkilən şəxs isə bunu əmrin göndərildiyi ünvanın Dövlət ehtiyacı üçün sökülmüş olması ilə əlaqələndirmişdir. Bu baxımdan kollegiya hesab edir ki, məhkəmənin, borclunun əmrə etirazını geri qaytararkən müddətin ötürülmüş olduğuna əsaslanması əsassız olmuşdur. Nəzərə alınmalıdır ki, hər hansı müddətin, o cümlədən əmrə etiraz etmə müddətinin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Şikayət mövzusu olan qərardaddan görünür ki, məhkəmə müddətin buraxıldığını göstərsə də, buraxılmış hesab etdiyi müddətin axımı anını, yəni onun başlanğıc gününü düzgün müəyyən etməmişdir. Mülki prosessual qanunvericilik əmrə etiraz üçün müddətin məhz həmin məhkəmə aktının borcluya təqdim olunduğu gündən hesablandığını nəzərdə tutur. Mülki Prosessual Məcəllənin 282-ci maddəsinə görə, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. “Q. Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur”. Avropa İnsan Hüquqları Məhkəməsi də (Worm. Avstriyaya qarşı qərar 83/1996/702/894, b.33) göstərmişdir ki, yerli qanuna əsasən məhkəmə qərarının yazılı surətdə tərəflərə verilməsi nəzərə tutulursa, ...şikayət vermə müddəti məhkəmə qərarının tərəfə rəsmən verildiyi tarixdən hesablanmalıdır. Kollegiya hesab edir ki, şikayətçinin irəli sürdüyü hal aydınlaşdırılmalı, əmrin göndərildiyi ünvanın Dövlət ehtiyacı üçün sökülüb-sökülmədiyi, yəni şikayətçinin müddəti özündən asılı olan səbəblərdən ötürüb-ötürmədiyi müəyyənləşdirildikdən (bununla bağlı ondan sübut tələb edilməklə), eləcə də müvafiq icra işi öyrənilərək onun əmr barədə məlumatı hansı tarixdə öyrəndiyi aydınlaşdırıldıqdan sonra əmrə etiraza qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4747/2018 saylı iş üzrə 09 iyun 2022-ci il tarixli qərardadı ləğv olunsun və iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla Borclu əmrə verdiyi etiraza yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5284/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5284/2022
21.07.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver