Məhkəmə qərarları › İş №2(103)-5293/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5293/2024

23.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5293/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3131/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-2656/2023 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh Cəfərova (Axundova) Pərvanə Əlibala qızı arasında xx.xx.2018-ci ildə bağlanmış nikah qeydinin pozulması qət edilmişdir.

2. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən müəyyən olunur ki, İddiaçı aid olan qızıl-zinət əşyaları onun şəxsi istifadəsində olmuşdur.

3. İş materiallarına əlavə edilmiş flaş (flash) kartda olan toy görüntülərindən müəyyən edilir ki, toy zamanı iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyaları iddiaçıya bağışlanmışdır. Həmin qızıl-zinyət əşyalarının üzərində olan qiymət kağızlarından görünür ki, onların ümumi dəyəri 1950 manatdır.

4. Cavabdeh tərəfindən iddiaya etiraz ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xəstəliklə əlaqədar müayinələrdən keçmiş və müalicələr almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus ümumi dəyəri 11080 manat olan cehiz əşyaları və 1 ədəd 900 manat dəyərində 8 qram 30 sot 583 əyarlı brilyant nişan üzüyü, 2000 manat dəyərində 2 karat 583 əyarlı sırğa dəsti və üzük gül, 2400 manat dəyərində 30 qram 583 əyarlı kolye (boyunbağı), qolbaq və kulon olmaqla, ümumilikdə 16380 manat dəyərində cehiz və qızıl-zinət əşyalarının alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2656/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. O, Cavabdeh ailə həyatı quraraq ünvan 1 ünvanına gəlin köçmüş, bütün cehiz əşyalarını və ona hədiyyə şəklində verilmiş qızıl-zinət əşyalarını gəlin köçdüyü evə yerləşdirmişdir. İlk vaxtlar münasibətləri normal olsa da sonradan pisləşmiş və nəticədə cavabdehlə aralarında münaqişələr baş vermişdir. Artıq 1 ilə yaxındır ki, gəlin köçdüyü evdən zorla qovulmuşdur. Evdən qovularkən cehiz əşyaları və qızıl-zinət əşyaları gəlin köçdüyü ünvanda qalmışdır. Bu səbəbdən də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Daha sonra iddiaçı iddia tələbinin həcminin azadılması barədə ərizə təqdim edərək, iddianın yalnız qızıl-zinət əşyaları tələbi üzrə baxılmasını və qətnamə qəbul edilməsini xahiş etdi.

8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3131/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 1 ədəd 583 əyarlı brilyant nişan üzüyü, 583 əyarlı sırqa dəsti və üzük gül, 583 əyarlı kolye (boyunbağı), qolbaq və kulon, qətnamə icra olunan vaxt qızıl-zinət əşyaları mövcud olmadığı halda onların ümumi dəyəri olan 1950 (bir min doqquz yüz əlli) manat olan pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin həqiqi halları, iddiaçının və cavabdehin verdiyi izahatları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, toy zamanı iddiaçıya qızılzinət əşyaları hədiyyə olunmuş, sonradan tərəflərin münasibəti pisləşmiş, tərəflər arasında mübahisə yarandığına görə iddiaçı evdən getməyə məcbur olmuş, cehiz əmlakları və iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyaları ona qaytarılmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi qızıl-zinət əşyalarının gəlin köçərkən hədiyyə şəklində verilməklə ona məxsus olmasını, lakin həmin əşyaların cavabdehdə qalmasını məhkəmə iclasında tərəflərin izahatları və məhkəməyə təqdim edilmiş digər sübutlarla sübuta yetirmişdir. Lakin cavabdeh həmin qızıl-zinət əşyalarının iddiaçının razılığı ilə, o cümlədən 500 manata satılmasına dair heç bir sübüt təqdim edə bilmədi. Məhkəmə qeyd edir ki, qızıl-zinət əşyaları mövcud olmadıqda onların dəyəri cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçıya toy zamanı qızıl-zinət əşyaları hədiyyə edildiyi, cavabdeh tərəfindən də bu faktın mübahisələndirilmədiyi müəyyən edilmişdir. İddiaçı sonuncu dəfə mübahisə nəticəsində gəlin getdiyi evi tərk etmiş və bundan sonra bir daha ora qayıtmamışdır. Sonradan onların ailə kimi bir yerdə yaşaması mümkün olmamış və aralarında olan nikah pozulmuşdur. Tələb olunan qızıl zinət əşyaları isə cavabdehə məxsus evdə qalmışdır. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları İddiaçı gəlin köçərkən hədiyyə şəklində verildiyindən, mübahisə predmeti olan əşyalar yalnız onun əmlakıdır. Buna görə də İddiaçı göstərilən qızıl-zinət əşyalarının mülkiyyətçisi olduğundan həmin əşyaları tələb etməkdə haqlıdır. Məhkəmə iş materiallarına əlavə edilmiş flaş (flash) kartda olan toy görüntülərini sübut kimi qiymətləndirərək qeyd edir ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının ümumi dəyəri 1950 manatdır (bir üzük 600 manat, bir üzük 150 manat, komplekt 1200 manat). Odur ki, İddiaçı iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının ümumi dəyərinin 5300 manat olduğunu qeyd etsə də bu, iş materialları ilə qismən, yəni 1950 manat hissədə təsdiq olunur. Ona görə də iddia qismən təmin edilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 157.2, 225.2,666.1-ci maddəsi, Ailə Məcəlləsinin 34.1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 119.1, 218.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3131/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, işə baxan hakim işə səthi yanaşmış və heç bir sübüt olmadan heç bir araşdırma aparmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Belə ki, hakim iddiaçı tərəfindən verilən ifadəni əsas götürmüş və sübut kimi ona istinad etmişdir. Məhkəmə qətnamənin əsası kimi bildirir ki, “cavabdeh həmin qızıl-zinət” əşyalarının iddiaçının razılığı ilə o cümlədən 500 manata satılmasına dair heç bir sübut təqdim edə bilmədi. Həmçinin iddiaçı qızıl məbləğini əvvəl manata satılmasına dair heç bir sübut təqdim edə bilmədi. Həmçinin iddiaçı qızıl məbləğini əvvəl yüksək olduğunu sonra isə iddia həcmini xeyli dərəcədə azaltmışdır. Qətnamədə göstərilir ki, “Qızıl zinət əşyalarının üstündə olan qiymət kağızlarında qızıl ümumi dəyəri 1950 manat olmuşdur”. Həmin qiymət kağızlarına istənilən rəqəmləri yazmaq olur bu danılmaz faktdır. Məhkəmə hər hansı bir ekspertiza təyin etmədən qızılların qıramını bilmədən qızılların probunu bilmədən ümumi dəyəri hesablanması qanunsuzdur. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasına qızıl-zinyət əşyaları təqdim edilmədən həmin əşyaların əyarı, çəkisi və qiyməti nəyə əsasən təyin edilməsi bizə məlum deyil. Düşünür ki, iddia ərizəsi və məhkəmə tərəfindən qəbul edilmiş qətnamə heç bir qanuni əsasa söykənmir. Məhkəmədə iştirak edən zaman izahatlarında dəfələrlə bildirmişdir ki, iddiaçı nişan üzüyünü özü ilə aparmış, lakin digər qızıllarının özü müalicə üçün satmışdır. Heç kim evdən qovmamış, xəyanətini tutduqdan sonra çıxıb getməsini bildirmişdir və iddiaçı evdən gedərkən bütün əşyalarını və həmçinin nişan üzüyünü də özü ilə aparmışdır.Həmin qızılzinyət əşyaları həmişə iddiaçının özündə olmuşdur. Özü öz istəyi ilə satmışdır. İşi araşdıran hakim qızıl-zinyət əşyası (nişan üzüyünü) müvcudluğunu da araşdırmadan yekun nəticəyə gəlmişdir. İddiaçı tərəf bu hallarla bağlı məhkəmədə susmuş və heç bir şahid ifadəsinə də əsaslanmamış, hər hansı şəxsin şahid qismində məhkəmə iclasında iştirakı təmin edilməmişdir.Düşünür ki, məhkəmə tərəfindən tələsik və əsassız qəbul edilmiş qətnamə apellyasiya instansiya qaydasında ləğv edilməli və iddia ərizəsi qanunsuz olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 izahat verərək bildirdi ki, qızı 5 il ailəli olub. Ona evə girməyə icazə verməyiblər. Toydan 2-3 gün sonra qızıllarını qızının əlindən alıblar. Qızı üzüyü götürməyib. Heç bir qızılını da satmayıb. Evdən çıxanda qızı heç nə özü ilə götürməyib. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, qızılları 7 il əvvəl toy vaxtı 1200 manata almışdır. Məhkəmə qızıl zinət əşyalarının qiymət kağızlarına əsasən dəyərinin 1950 manat olduğunu yazıb. Amma qiymət kağızlarına rəqəmləri istənilən kimi yazdırmaq olur,onlar da o vaxt alanda daha yüksək yazdırmışdı. Qızılın dəyəri 1950 manat deyil. İddiaçı onun oğluna xəyanət edib və buna görə də boşanıblar. Qızılların qıramını məhkəmə araşdırmadan dəyərini hesablayıb. Müalicəsinə görə özü qızılları satıb, ona xərcləyib. O, iddiaçını evdən qovmamışdır. İddiaçının xəyanətindən sonra evdən getməsini bildirmişdirlər və o da gedərkən bütün əşyalarını özü ilə aparmışdır. Qızıl-zinət əşyaları da özündədir. Onun oğlu xəyanətdən sonra böyük sarsıntı keçirdi, özünü öldürmək həddinə belə çatıb. İddiaçının müalicəsi üçün 2000 manat pul xərcləmişdir. Sənədləri də var. İddiaçı nişan üzüyünü özü ilə aparıb. Qızıl əşyaları da brilliant olmayıb.Qarşı tərəf onları həmişə təhqir edib. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

18. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində Cavabdeh münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır .

23. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək, İddiaçı məxsus 1 ədəd 900 manat dəyərində 8 qram 30 sot 583 əyarlı brilyant nişan üzüyü, 2000 manat dəyərində 2 karat 583 əyarlı sırğa dəsti və üzük gül, 2400 manat dəyərində 30 qram 583 əyarlı kolye (boyunbağı), qolbaq və kulon olmaqla, qızıl-zinət əşyalarının alınaraq İddiaçı verilməsini xahiş etmişdir.

24. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən - 1 ədəd 583 əyarlı brilyant nişan üzüyü, 583 əyarlı sırqa dəsti və üzük gül, 583 əyarlı kolye (boyunbağı), qolbaq və kulon qızıl-zinət əşyaları, olmadıqda onların dəyəri olan 1950 (bir min doqquz yüz əlli) manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin edilmişdir.

25. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qalan hissədə təmin edilməmiş və qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır.

27. Birinci instansiya məhkəməsi qızıl-zinət əşyaları olan 1 ədəd 583 əyarlı brilyant nişan üzüyü, 583 əyarlı sırqa dəsti və üzük gül, 583 əyarlı kolye (boyunbağı), qolbaq və kulon, qızıl-zinət əşyaları, olmadıqda onların dəyəri olan 1950 (bir min doqquz yüz əlli) manat məbləğində pul vəsaitinin tutulmalı olması qənaətinə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya toy zamanı qızıl-zinət əşyaları hədiyyə edildiyi, cavabdeh tərəfindən də bu faktın mübahisələndirilmədiyi müəyyən edilmişdir. İddiaçı sonuncu dəfə mübahisə nəticəsində gəlin getdiyi evi tərk etmiş və bundan sonra bir daha ora qayıtmamışdır. Sonradan onların ailə kimi bir yerdə yaşaması mümkün olmamış və aralarında olan nikah pozulmuşdur. Tələb olunan qızıl zinət əşyaları isə cavabdehə məxsus evdə qalmışdır.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları İddiaçı gəlin köçərkən hədiyyə şəklində verildiyindən, mübahisə predmeti olan əşyalar yalnız onun əmlakıdır. Buna görə də İddiaçı göstərilən qızıl-zinət əşyalarının mülkiyyətçisi olduğundan həmin əşyaları tələb etməkdə haqlıdır.

29. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş flaş (flash) kartda olan toy görüntülərini sübut kimi qiymətləndirərək qeyd edir ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının ümumi dəyəri 1950 manatdır (bir üzük 600 manat, bir üzük 150 manat, komplekt 1200 manat).

30. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, hazırkı halda artıq cavabdeh sübut etməldir ki, qızılları iddiaçı götürüb. Buna dair isə cavabdeh sübut təqdim etməmişdir.

31. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

32. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

33. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

35. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində qeyd edilir ki, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

37. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3131/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar