Məhkəmə qərarları › İş №2(103)-5296/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5296/2020

09.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5296/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Yaqubova Könül Rafiq qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, xx.xx.2006-cı il təvəllüdlü Ramid Ağayev, xx.xx.2012-ci il təvəllüdlü Aydan Ağayeva və xx.xx.2015-ci il təvəllüdlü Mikayıl Ağayev adlı üç uşağının saxlanılması üçün Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 480 manat aliment məbləğinin 300 manat miqdarına dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilməmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasına barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı, Masallı rayonunun Alışanlı kəndində yaşayır, yaşadığı kənddə sahibkarlıq Bakıdakı kimi güclü inkişaf etməmişdir. Bakının yaşayış səviyyəsi ilə Masallının yaşayış səviyyəsi eyni deyil. Cavabdehdən ayrıldıqdan sonra iddiaçı yenidən ailə qurmuş və birgə nikahdan xx.xx.2019-cu ildə Fidan Ağayeva adlı qızı doğulmuşdur. Cavabdehdən olan övladlarına baxmalı olduğu kimi ikinci ailəsini də saxlamalıdır, həmin uşaq balaca olmaqla müəyyən ehtiyacları vardır. Heç yerdə işləmədiyindən hazırda məhkəmə qətnaməsi ilə ondan tələb edilən 480 manat pulu ödəyə bilmir. Eyni zamanda, məhkəmələr onun və uşaqlarının hansı ailə vəziyyətlərinin dəyişməsini müəyyən etmədən alimentin miqdarını artırmışlar. Nəsimi Rayon Məhkəməsi isə, onun iddiasını araşdırmadan, ona təyin edilən aliment məbləğini hansı vəziyyətdə ödəyəcəyini, rayonda işi olmadığını nəzərə almadan, iddianı əsassız rədd etmişdir. Halbuki, cavabdeh əmək qabiliyyətli olmaqla, valideyn kimi uşağı saxlamaq onun da vəzifəsidir və bu vəzifə valideynlər arasında bərabər bölünmüşdür. Ona təyin edilmiş 480 manat həddən artıq yüksəkdir və azaldılmalıdır . Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, şikayətə etiraz edərək bildirmişdir ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqlardan ikisi sağlamlıq imkanı məhdud uşaqlardır. Onlara xüsusi qulluq lazım olduğundan cavabdeh işləyə bilmir, uşaqlarına baxmaqla məşğuldur. İddiaçı tərəfindən ödənilən aliment məbləği uşaqların zəruri xərclərini ödəməyə belə kifayət etmir. Eyni zamanda, Masallı rayonunda yaşamasına baxmayaraq, iddiaçının maddi vəziyyəti yaxşıdır. O, həmin rayonda özünə məxsus mağazada biznes fəaliyyəti ilə məşğuldur, normal gəliri vardır. Odur ki, göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, tərəflər xx xxxxxx 2007-ci il tarixdə nikaha girmiş, bu nikahdan 1xx.xx.2006-cı ildə Ramid Ağayev, xx.xx.2012-ci ildə Aydan Ağayeva və xx.xx.2015-ci ildə Mikayıl Ağayev adlı uşaqları doğulmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, nikahın pozulması, birgə nikahdan doğulmuş hər üç uşağın anaları Cavabdeh yanında saxlanılması, İddiaçı xx.xx.2017-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 408 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin Məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində müəyyən edilmişdir. İddiaçı ikinci dəfə Səbinə Ağayeva ilə nikaha daxil olmuş, bu nikahdan xx.xx.2019-cu ildə Fidan Ağayeva adlı qızları doğulmuşdur.Masallı RİHB-nin İ Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 625 saylı arayışa əsasən, İddiaçı Masallı rayon Alışanlı kəndində arvadı Səbinə Ağayeva və qızı Fidan Ağayeva ilə birlikdə yaşayır. Dövlət Məşğulluq Xidməti Masallı rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********8 saylı arayışa əsasən, əmək müqaviləsi bildirişləri elektron informasiya sistemindən əldə olunan məlumatlara əsasən Nümayəndə xx.xx.2019-cu il tarixdən Mərkəzdə işaxtaran vətəndaş kimi qeydiyyatdadır və hal-hazırda heç bir yerdə işləmir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarı da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Məhz göstərilən aspektdən çıxış edərək qanunverici uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarının müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını dəqiqləşdirmişdir. Bununla belə, alimentin müəyyənləşdirilməsi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəadan irəli gəldiyi üçün hər hansı obyektiv və ağlabatan əsas olmadan, yalnız formal mülahizələrə əsaslanmaqla valideynləri bu vəzifənin icrasından azad etmək və ya ödənilən alimentin miqdarını azaltmaq yolverilməzdir. Kollegiya, hazırkı mübahisəyə də göstərilən kontekstdən yanaşaraq bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Hazırkı iş üzrə iddiaçı, ailə vəziyyətindəki dəyişikliyi, heç yerdə işləməməsi, ikinci nikahından da uşağının olması ilə əsaslandırmışdır. Lakin, məhkəmə kollegiyası, iddiaçının bu dəlilləri ilə razılaşmayaraq bildirir ki, iddiaçının heç yerdə işləməməsi, yenidən nikaha girməsi və başqa uşağının doğulması, onlara görə aliment ödəməli olması və maddi imkanının aşağı olması aliment məbləğinin azaldılması üçün əsas ola bilməz. Çünki, həmin hallar İddiaçı əvvəlki nikahdan olan övladları Ramid Ağayev, Aydan Ağayeva və Mikayıl Ağayevin yaşayış minimumuna uyğun qaydada saxlanılması öhdəliyini aradan qaldırmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, iddiaçı, maddi vəziyyətində hər hansı ağlabatan dəyişikliyin olması haqqında mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlar əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1270/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar