Məhkəmə qərarları › İş №2(103)-5299/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5299/2021

03.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5299/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin etibarnamə üzrə nümayəndəsi Nümayəndə və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(009)-527/2021 nömrəli qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh «xxxx» MMC-dən 01.04.2020-ci il tarixdən etibarən ödənilməmiş 1440 manat əmək haqqı məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 fevral 2020-ci il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdən «xxxx» MMC-də anbardar vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən müddətsiz bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən 250 manat əmək haqqı müəyyən edilmişdir. Lakin 01.04.2020-ci il tarixindən bugünədək hər ay 250 manat (ödənişlər çıxmaqla 237.75 manat) əmək haqqı ödənilməli olduğu halda əmək haqqı ya qismən ödənilmiş, ya da heç ödənilməmişdir. Belə ki, 01.04.2020-ci il tarixindən bugünədək cəmi 810 manat (ödənişlər çıxmaqla 788,65 manat) pul ödənilmişdir. Halbuki 01.04.2020-ci il tarixindən bugünə qədər aylıq 250 manat olmaqla, cəmi 2250 manat (ödənişlər çıxmaqla 2139,75 manat) pul ödənilməli idi. Göründüyü kimi cavabdeh tərəfindən 1440 manat (ödənişlər çıxmaqla 1351,10 manat) pul ödənilməmişdir. Aylar üzrə ona ödənilən əmək haqqılar barədə məlumatlar «xxxx» QSCnin Əhmədli filialından 01.01.2020-31.10.2020-ci il dövrü əhatə edən əmək haqqı kartından 23.12.2020-ci il tarixli hesabdan çıxarışda qeyd edilmişdir. 01 mart 2021-cı il tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən tələbin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, AR Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə uyğun olaraq vergi azadolması nəzərə alınmaqla, iddia ərizəsində tələb olunan 1440 manat məbləğindən əlavə olaraq, cavabdehdən 2021-ci ilin yanvar və fevral ayının ödənilməmiş 200 manat əmək haqqısı və 130 manat ödənilməmiş məzuniyyət pulu, cəmi 1 770 manat məbləğində pulun; hüquqi yardım göstərilməsi ilə əlaqədar pulu 162 manat pulun cavabdeh «xxxx» MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəməyə 2021-ci ilin yanvar ayının əvvəlində daxil olmuşdur. İddia tələbində ödənilməmiş əmək haqqı 31.12.2020-ci il tarixindək hesablanmışdır. Məlum olduğu kimi bu günədək sözügedən mülki iş üzrə icraat davam edir. 31 dekabr 2020-ci il tarixindən bu günədək cavabdehlə iddiaçı arasında əmək münasibətləri davam edir və cavabdeh cari ilin yanvar və fevral ayları üçün hər ay 250 manat, cəmi 500 manat əmək haqqı ödəməli olduğu halda tam ödəniş olmamışdır. “xxxx" QSC-nin Səbail filialından əldə olunun və 01.02.2020-04.02.2021-ci il dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən 22.01.2021-ci il tarixində 150 manat (tutulmalar çıxılmaqla 143,25 manat) və 02.02.2021-ci il tarixində 150 manat (tutulmalar çıxılmaqla 143,25 manat) “Selhome maaş ödəməsi” təyinatı ilə pul vəsaiti ödənilmişdir. Lakin həmin məbləğlərin hansı ayların əmək haqqısı olduğu bəlli deyildir. Ödənilmiş həmin vəsaitlərin 2021-ci il yanvar və fevral ayı əmək haqqısı olduğunu hesab etsələr də görünür ki, cavabdeh tərəfindən əmək haqqı (aylıq 250 manat) tam ödənilməmişdir. Nəticədə cavabdeh tərəfindən hər ay (yanvar və fevral) 100 manat olmaqla, cəmi 200 manat pul iddiaçıya ödəməlidir. Bundan başqa, İddiaçı 14 fevral 2021-ci il tarixindən 21 təqvim günü əmək məzuniyyətinə çıxmışdır. Lakin məzuniyyət pulu olaraq, cəmi 40 manat (tutulmalar çıxılmaqla) pul ona ödənilmişdir. 04 fevral 2020-ci il tarixli əmək müqaviləsindən bəllidir ki, iddiaçının əmək haqqısı 250 manat təşkil edir və məzuniyyətə çıxdığı gündən əvvəlki 12 ay müddətində cavabdehlə eyni vəzifədə, eyni əmək haqqı məbləğində əmək münasibətində olmuşdur. Əgər işçiyə (iddiaçıya) əvvəlki 12 ay əmək haqqı 250 manat olmaqla ödənilsə idi, iddiaçının məzuniyyət pulu 172.69 manat (tutulmalar daxil olmaqla) təşkil edəcəkdir. Belə ki, AR Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Həmin maddənin 3-cü hissəsinə əsasən məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayma vurulur. Göründüyü kimi cavabdeh tərəfindən məzuniyyət pulu tam ödənilməmişdir. Hüquqi yardım göstərilməsi ilə bağlı iddiaçı ilə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil arasında 08.02.2021-ci il tarixində 181 nömrəli müqavilə bağlanmış 150 manat pul Bakı şəhəri 6 saylı VB-nin hesabına ödənilmişdir Eyni zamanda Bakı şəhəri 50 saylı notariat ofisində iddiaçı tərəfində 09.02.2021-ci il tarixli ƏN-N 860374 nömrəli etibarnamə verilmiş, həmin etibarnaməyə görə iddiaçı 12 manat rüsum ödəmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin 10 aprel 2020-ci il tarixli **********055600 nömrəli əmri ilə “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş” təsdiq edilmişdir. Həmin Göstəriş”in 2.10cu bəndində qeyd edilir ki, İşçinin əmək haqqı məbləği Dövlət Statistika Komitəsinin dərc etdiyi, yanvar ayı üçün ölkə üzrə müəyyən edilən orta aylıq əmək haqqı məbləğindən (712,0 manat) aşağı olduqda əmək müqaviləsi bildirişində göstərilən əmək haqqı məbləği, yuxarı olduqda isə ölkə üzrə orta aylıq əmək haqqı məbləği əsasında hesablanır. Həmin göstərişin 4.11-ci bəndində qeyd edilir ki, koronavirus (COVİD-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılması, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il, tarixli 2(009)-527/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 01.04.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək ödənilməmiş 1440 (bir min dörd yüz qırx) manat (tutulmalar nəzərə alınmaqla) əmək haqqı, 2021-ci ilin yanvar və fevral ayları üçün ödənilməmiş 200 (iki yüz) manat (tutulmalar nəzərə alınmaqla) əmək haqqı, 130 (yüz otuz) manat ödənilməmiş məzuniyyət pulu, hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş 162 (yüz altmış iki) manat tutulması qət olunmuşdur. Qətnamədən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-527/2021 saylı iş üzrə 29.03.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmamış, maddi hüquq normalarını düzgün təfsir, o cümlədən tələb edilən normanı tətbiq etməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçının əmək müqaviləsində əmək haqqı 250 AZN göstərildiyi üçün ona işləyib-işləməməsindən asılı olmayaraq əmək haqqı tam ödənilməlidir. Məzuniyyət haqqı işçinin işləyib-işləməməsindən asılı olmayaraq müqavilənin qüvvədə olduğu bütün müddət üçün hesablanmalıdır. Hesab edir ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması nəticəsində çıxarılmış əsassız, qanunsuz və ədalətsiz qətnamə olduğu üçün ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 nömrəli qərarı ilə Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi tətbiq edilmişdir. Həmin qərarla iri ticarət obyektlərinin fəaliyyətinə, o cümlədən orada yerləşən obyektlərin fəaliyyətinə məhdudiyyət tətbiq edilmişdir. Həmin qərarın 1.4-cü bəndi ilə eyni zamanda fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilmişdir. Dövlət tərəfindən yardım olaraq ödənilmiş vəsaitlər tam olaraq işçilərə, o cümlədən İddiaçı ödənilmişdir. Qeyd edilən oxşar mübahisələrlə bağlı ƏƏSMN X5 də bu məsələlərdə işəgötürənlərin təqsirinin olmadığını müəyyən etmişdir. Məhkəmə 3-cü şəxs və ya mütəxəssis qismində ƏƏSMN X2 də cəlb etməmişdir. Göstərilənlərə əsasən belə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” MMC-nin vəkili X4 və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbininin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan əmək müqaviləsi (kontrakt)dan görünür ki, İddiaçı ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 14 fevral 2020-ci il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdən «xxxx» MMC-də anbardar vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən müddətsiz bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən 250 manat əmək haqqı müəyyən edilmişdir. İş materiallarında olan AR ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş iş yerinə dair arayışdan görünür ki, İddiaçı «xxxx» MMC ilə əmək müqaviləsi 14 fevral 2020-ci il tarixində müddətsiz olaraq bağlanmış, əmək haqqı 250 manat olmaqla anbardar vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı və ünvanı; b) işəgötürənin adı, ünvanı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. İş materiallarından görünür ki, tərəflər arasında 14.02.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsi ilə iddiaçı müddətsiz olaraq anbardar vəzifəsində qəbul olunmuşdur. Həmin müqaviləyə əsasən iddiaçının aylıq əmək haqqı 250 manat təşkil edir. Birinci instansiya məhkəməsinin iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin aprel ayından dekabr ayı daxil olmaqla 9 ay müddət üçün cəmi 810 manat, 2021-ci ilin yanvar və fevral ayları üçün isə 150 manat olmaqla cəmi 300 manat əmək haqqı ödənilmişdir. İddiaçının müraciətlərinə baxmayaraq əmək haqqının qalan hissəsi cavabdeh tərəfindən ödənilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında eləcə də sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, İddiaçı 14 fevral 2021-ci il tarixindən 21 təqvim günü əmək məzuniyyətinə çıxmış, məzuniyyət pulu olaraq, ona cəmi 40 manat (tutulmalar çıxılmaqla) ödənilmişdir. 04 fevral 2020-ci il tarixli əmək müqaviləsindən bəllidir ki, iddiaçının əmək haqqısı 250 manat təşkil edir və məzuniyyətə çıxdığı gündən əvvəlki 12 ay müddətində cavabdehlə eyni vəzifədə, eyni əmək haqqı məbləğində əmək münasibətində olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Həmin maddənin 3-cü hissəsinə əsasən məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayma vurulur. Birinci instansiya məhkəməsinin iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, əmək müqaviləsinə əsasən iddiaçının əmək haqqısı 250 manat təşkil etmiş və iddiaçı məzuniyyətə çıxdığı gündən əvvəlki 12 ay müddətində cavabdehlə eyni vəzifədə, eyni əmək haqqı məbləğində əmək münasibətində olmuşdur. Buna baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya məzuniyyət pulu tam ödənilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələblərinin pozuntularına yol verilmişdir və cavabdeh məhkəmə iclasında həmin pozuntularla bağlı heç bir hüquqi əsas gətirməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya 01.04.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək ödənilməmiş 1440 (bir min dörd yüz qırx) manat (tutulmalar nəzərə alınmaqla) əmək haqqı qalığı, 2021-ci ilin yanvar və fevral ayları üçün ödənilməmiş 200 (iki yüz) manat (tutulmalar nəzərə alınmaqla) əmək haqqı qalığı, 130 (yüz otuz) manat ödənilməmiş məzuniyyət pulunun qalığı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının hüquqi yardım xidməti üçün xidmət haqqı olaraq ödənilən 162 manat məbləğinin cavabdehdən tutulması tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bunun konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla müəyyənləşdirildiyi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hüquqi yardım göstərilməsi ilə bağlı iddiaçı ilə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil arasında 08.02.2021-ci il tarixində 181 nömrəli müqavilə bağlanmış, hüquqi xidmət göstərən 150 manat pul Bakı şəhəri 6 saylı VB-nin hesabına ödənilmişdir (08.02.2021-ci il tarixli, 1987 nömrəli qəbz iş materiallarına əlavə olunmuşdur). Eyni zamanda Bakı şəhəri 50 saylı notariat ofisində iddiaçı tərəfində 09.02.2021-ci il tarixli ƏN-N 860374 nömrəli etibarnamə verilmiş, həmin etibarnaməyə görə iddiaçı 12 manat rüsum ödəmişdir (09.02.2021-ci il tarixli 17812 nömrəli qəbzin əsli iş materiallarına əlavə edilmişdir). Hüquqi yardımla bağlı qəbzlər iş materiallarına əlavə edildiyindən tələbin həmin hissədə də təmin edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 01.04.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək ödənilməmiş 1440 (bir min dörd yüz qırx) manat (tutulmalar nəzərə alınmaqla) əmək haqqı, 2021-ci ilin yanvar və fevral ayları üçün ödənilməmiş 200 (iki yüz) manat (tutulmalar nəzərə alınmaqla) əmək haqqı, 130 (yüz otuz) manat ödənilməmiş məzuniyyət pulu, hüquqi yardım göstərilməsi ilə əlaqədar ödənilmiş 162 (yüz altmış iki) manat tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, Kollegiya qeyd edir ki, iddia məbləğinin miqdarı 2000 manatdan az olduğu üçün Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(009)-527/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar