Məhkəmə qərarları › İş №2(103)-5306/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5306/2024

23.09.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5306/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı “əmək hüquqlarının pozulması səbəbindən ödənilməmiş məbləğin, vəzifə maaşının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 775/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsindən əmək hüquqlarının pozulması səbəbindən ona ödənilməmiş məbləğin, 5430.93 manat vəzifə maaşının ödənilməsi və ödənilmə vaxtına kimi olan müddətə bank uçot dərəcəsi ilə hər geçikdirilmiş gün üçün faizlərin ödənilməsinə dair cavabdeh Bakı şəhəri Nizami Bələdiyyəsinin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-775/2024 nömrəli, 15 aprel 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinə ərizə əlavə edərək apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini, apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-775/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 2(007)-775/2024 saylı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin İddiaçı münasibətdə bərpa edilməsi, qərardaddan şikayət vermə müddəti bitdikdən sonra mülki işin apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5306/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bundan sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək 29 iyul 2024-cü il tarixli qərardadından cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən şikayət verilməsi bildirilmiş və mülki işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən şikayətə baxılması üçün mülki iş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv olunmalı və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli qərardadından cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-775/2024 nömrəli, 15 aprel 2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5306/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli qərardadından cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması və ya şikayətə baxılması məqsədilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar