Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5316/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5316/2024 (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-1432/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh təşkilatın əməkdaşının səhlənkarlığı ucbatından iddiaçı anasını və atasını itirmişdir. Binəqədi Rayon Məhkəməsinin 1(001)-149/2009 saylı 24 iyun 2009-cu il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olmuşdur.
2. İddiaçı hazırda cavabdehin işçisinin təqsiri ucbatından ailə üzvlərini itirməsi səbəbindən keçirdiyi mənəvi sarsıntı və iztirablara görə mənəvi ziyanın ödənilməsini tələb edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ana və atasının faciəvi şəkildə həlak olması nəticəsində vurulmuş mənəvi zərərə görə 100.000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kiçik yaşlarından ana və atasını faciəvi surətdə itirmişdir, ata və ana qayğısının nədən ibarət olmasını bilmir. Həmyaşıdları ana və ataları haqqında danışanda iddiaçı bunu təsəvvür edə bilməmişdir. Baş vermiş faciəvi partlayış zamanı iddiaçının evinin döşəməsi sözün həqiqi mənasında tavana yapışmışdır. İddiaçının evinə kanalizasiya borusundan sızan qaz nəticəsində gecə vaxtlarında iddiaçının anası onu yedizdirmək üçün neft lampasını yandıranda evə dolan qazdan partlayış baş vermişdir. Həmin hadisə zamanı iddiaçının ana və atası vəfat etmiş, o, bacısı ilə yetim qalmışdır, onlar baba və nənəsinin himayəsində böyümüşlər və ana-ata qayğısı, oxşaması görməmişlər. Bütün bunlar cavabdeh orqanının əməkdaşının təqsiri ucbatından baş vermişdir. Belə ki, X14 İdarəsinin 3 saylı Qaz istismar sahəsinin ustası işləmiş X8 Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ərazisində yerləşən, iddiaçının atasının evinin arxasındakı küçədən keçən qaz kəmərinə dövrü baxış keçirmədiyindən, onun cihazla texniki yoxlamasını aparmadığından, texniki vəziyyətini müayinə etmədiyindən, qaz xəttinin dövlət üzrə cari və əsaslı təmirini yerinə yetirməyərək yerüstü qaz xəttinin yoxlanılması zamanı qazın sızmasını, kəmərin əyilməsini, yastılanmasını, zədələnməsini aşkar etmədiyindən, kəmərin paslanmadan qabağını almaq üçün rənglənməsini təmin etmədiyindən, kəmərin torpağın altında olduğu təqdirdə bu barədə müvafiq qaydaya uyğun aktlar tərtib etmədiyindən, yeraltı qaz kəmərinin cihazla texniki yoxlanılmasında zədələmə və qazsızma yerlərini aşkar etdiyindən, həmin qaz kəmərinin gələcək istismarının mümkünlüyü, onun yerdəyişməsi və ya təmir zərurəti, habelə müddəti haqqında qərar qəbul etmədiyindən, həmin qaz kəmərindən iddiaçının evinin zirzəmisinə, sonra isə yataq otağına təbii qaz sızmasından 23 yanvar 2008-ci il tarixdə saat 03:00 radələrində partlayış baş vermiş, nəticədə iddiaçı həyat üçün təhlükəli olan ağır dərəcəli, yəni bədən səthinin 12-14 faiz hissəsinin 2-3 dərəcəli termiki yanıq xəsarətləri almış, onun atası Zaur Abbasov və anası Günel Dadaşova isə aldıqları həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq xəsarətindən həlak olmuşlar. Cavabdehin işçisi olmuş X2 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsi iddiaçının həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq xəsarətləri almağına, iddiaçının valideynlərinin ölümünə, həmçinin evinin məhv olmasına səbəb olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək məhkəməyə verilmiş, Binəqədi Rayon Məhkəməsinin 1(001)-149/2009 saylı 24 iyun 2009-cu il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olmuşdur. İddiaçı baş verən hadisəyə görə başqa insanların ona qarşı münasibətlərini görəndə sarsılır, iztirab, əzab çəkir, hər gün valideynlərinin faciəvi şəkildə ölməsini xatırlayır. İddiaçı qeyd edir ki, onun sarsıntısının dərəcəsini təsəvvür belə edilə bilməz, onun yaşama həvəsi azalıb, artıq nəyə görə, kimə görə yaşayacığını bilmir və dərdini deyə biləcəyi, başını qucağına qoyaraq ağlaya biləcəyi, təsəlli tapa biləcəyi anasının, atasının olmaması onun iztirablarını daha da dərinləşdirir, çünki cavabdeh iddiaçını onlardan da məhrum etmişdir. Cavabdehdən valideynlərin faciəvi şəkildə həlak olması nəticəsində vurulmuş mənəvi zərərə görə 100000 manat məbləğində pul alınaraq iddiaçıya ödənilsə, onun davamlı əzablarının, iztirablarının yüngülləşməsinə xidmət etmiş olar.
5. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən onun xeyrinə 15.000.000 (on beş milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 1432/2024 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbinin qismən təmin edilməsi, iddiaçıya dəymiş mənəvi ziyanın ödənilməsinin əvəzi olaraq Cavabdehndən 40.000 (qırx min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət etmişdir.
7. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4 və 119.1-ci maddəsinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissədə ləğv edilməsi və iddianın bütövlükdə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, nəzərə almaq lazımdır ki, iddiaçının ailə üzvlərinin ölümü, “Azəriqaz İB” əməkdaşının səhlənkarlığı nəticəsində baş vermişdir. Xətai Rayon Məhkəməsi zərərvuran şəxsin təqsirinin ehtiyatsızlıqdan baş verməsi kimi işin diqqətəlayiq hallar olduğu halda bu halı nəzərə almamışdır. Nəticədə Xətai Rayon Məhkəməsi müvafiq mülki iş üzrə bu kimi diqqətəlayiq və konkret halları da nəzərə almadan, hökmdə göstərilən işin həqiqi hallarını ətraflı tədqiq etmədən, “Azəriqaz İB”-nın üzərinə 40.000 manat kimi yüksək məbləğdə mənəvi zərər əvəzinin iddiaçı tərəfə ödənilməsi öhdəliyinin qoyması düzgün və ədalətli deyildir. Belə ki, iddiaçının ailə üzvlərinin həlak olması olduqca ağır itkidir. Lakin buna baxmayaraq müqayisəli olaraq yanaşılsa, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinə verilən birdəfəlik ödəmə 11.000 manat məbləğində müəyyənləşdirilib. Ölüm hallarını müqayisə etdikdə, dövlət mənəvi dərəcə etibarilə ən üstün ölüm sayılan vətənin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak edərək şəhidlər birinci sırada dayanır və bunun üçün dövlətin ayırdığı sosial yardım 11.000 manat məbləğində müəyyənləşdirilmişdir. İddiaçının valideynlərinin itirilməsi faktına görə çəkmiş olduğu mənəvi iztirabların 40.000 manat həcmində dəyərləndirməsi vətən uğrunda könüllü olaraq canından keçmiş şəhidlərin ailələri üçün dövlət tərəfindən ayrılmış məvacibdən olduqca çoxdur. Bu baxımdan hazırki iş üzrə qəbul edilmiş qətnamə ədalətli deyil, qəbul edilmiş mənəvi zərərin məbləği də ağlabatan olmamışdır. Həmçinin, baş vermiş hadisədən kifayət qədər müddət keçməsi, iddia tələbinin qeyri-adekvat olmasını bir daha təsdiq edir. Qeyd edilənlərə əsasən iddia tələbinin tam olaraq rədd edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı tərəfindən apellyasiya şikayətinə dair etiraz təqdim olunaraq şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməməsi səbəbindən geri qaytarılmasını xahiş etmişdir. c) Proses iştirakçılarının izahatı
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər.
12. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
19. Maddə 1099.2. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı
20. Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.
21. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
22. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı
23. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əçlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir.
“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarı
24. Qərarın 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.
25. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
29. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki iş üzrə cavabdeh tərəf iddianın təmin olunan hissəsində apellyasiya şikayəti verdiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın təmin olunan hissəsində dəyişdirilməlidir.
34. Kollegiya ilk növbədə iddiaçının apellyasiya şikayətinin qanunvericiliklə nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməməsi ilə əlaqədar qeyri-mümkün hesab olunmasına dair etirazının dəlillərinə münasibətdə qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçının ilkin olaraq tələbi 100.000 manat həcmində olmuş, sonradan artırılaraq 15.000.000 manat həcmində müəyyən edilmişdir. Doğrudur, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Lakin qanunvericiliyin sözügedən normasının məqsədi iddiaçılara bununla bağlı sui-istifadə halına şərait yaratmaq olmamış, sosial məqsədlər güdərək onsuz da artıq dəymiş ziyandan əlavə dövlət rüsumu ödəməmələri üçün onlara güzəşt olunması niyyətini daşımışdır. Bu halda tərəfin qeyd edilən normanın güzəştindən sui-istifadə edərək iddia həcmini həddindən çox şişirtməsi və bunun nəticəsində işin növbəti mərhələlərində qarşı tərəfin apellyasiya və ya kassasiya şikayətlərində həmin şişirdilmiş məbləğə münasibətdə rüsumun ödənilməsinin tələb edilməsi ədalətli olmamaqla digər tərəfin vəziyyətinin həddindən artıq pisləşməsinə gətirib çıxara bilər.
35. Göstərilənlərə əsasən kollegiya iddiaçının apellyasiya şikayətinin qeyri-mümkün hesab olunması ilə bağlı etirazının dəlillərini əsassız hesab etməklə şikayətə mahiyyəti üzrə baxılmalı olması qənaətinə gəlir.
36. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 752822 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2005-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, atası X10, anası isə X5r.
37. Binəqədi Rayon Məhkəməsinin 1(001)-149/2009 saylı 24 iyun 2009-cu il tarixli hökmün surətindən görünür ki, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib, ona 1 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.
38. Həmin qərardan görünür ki, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2008-ci il tarixli 21 saylı rəyinə əsasən, mərhum Zaur Abbasovun meyiti üzərində aşkar olunmuş xəsarətlər –yanıq xəstəliyi, yanıq şoku ağır dərəcədə, sifətin, hər iki yuxarı ətrafların, hər iki aşağı ətrafların, gövdənin arxa səthinin 2-3 “a”, - 4 “b” dərəcəli termiki yanğını (alovla) yüksək hərarətin təsirindən törənməklə yuxarıda göstərilən şəraitdə və xx.xx.2008-ci il tarixə uyğun gəlir və canlı şəxslərdə ağır zərər vurmanın əlamətlərini daşıyır. Zaur Abbasovun ölümü xx.xx.2008-ci il tarixdə, saat 22:15-də xəstəxanada baş vermişdir, məhz ölümünə səbəb almış olduğu yanıq xəsarətləri nəticəsində baş vermiş yanıq şoku olmuşdur.
39. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2008-ci il tarixli 21 saylı rəyindən görünür ki, mərhum Günel Dadaşovanın meyiti üzərində aşkar olunmuş xəsarətlər – yanıq xəstəliyi, başın tüklü hissəsi və süd vəziləri istisna olmaqla, bütün bədən səthinin 2-3 “a”, - 4 “b” dərəcəli termiki yanğını (alovla) yüksək hərarətin təsirindən törənməklə yuxarıda göstərilən şəraitdə və xx.xx.2008-ci il tarixə uyğun gəlir və canlı şəxslərdə ağır zərər vurmanın əlamətlərini daşıyır. Günel Dadaşovanın ölümü xx.xx.2008-ci il tarixdə, saat 22:15-də xəstəxanada baş vermişdir, məhz ölümünə səbəb almış olduğu yanıq xəsarətləri nəticəsində baş vermiş yanıq şoku olmuşdur.
40. Həmin qərarda həmçinin göstərilmişdir ki, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2008-ci il tarixli 470 saylı rəyindən görünür ki, X6 bədəni üzərində xəsarətlər – yanıq şoku ilə müşayiət olunan, başın alın nayihəsinin, üzün, alt çənənin, hər iki əlin üst səthlərin, sol aşağı ətrafın (bədən səthinin 18-20% hissəsinin) 2-3 dərəcəli termiki yanıqları, yuxarı tənəffüs yollarının 1-2 dərəcəli yanıqları yüksək hərarətin yerli təsirindən (alovun təsirindən) törənmişdir, müddəti xx.xx.2008-ci ilə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir.
41. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5368/2022 saylı 04 noyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 Cavabdeh İB-yə qarşı “mənəvi ziyanın ödənilməsi” barədə iddiası qismən təmin edilmiş, valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 70000 (yetmiş min) manat məbləğində, səhhətinə vurulmuş mənəvi zərərə görə 30000 (otuz min) manat məbləğində, cəmi 100000 (yüz min) manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq X7 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
42. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1132/2023 saylı 22 fevral 2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-5368/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
43. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2600/2023 saylı 20 iyun 2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2(103)- 1132/2023 saylı qətnaməsi “valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 70.000 manat məbləğində, səhhətinə vurulmuş mənəvi zərərə görə 30.000 manat məbləğində, cəmi 100.000 manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq X7 ödənilməsi” hissəsində dəyişdirilmiş, valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 10.000 manat məbləğində, səhhətinə vurulmuş mənəvi zərərə görə 30.000 manat məbləğində, cəmi 40.000 manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq X7 ödənilməsi qərara alınmışdır.
43. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5356/2019 saylı 15 iyul 2019-cu il tarixli qərarından görünür ki, iddiaçı Dadaşov Şahin Ataş oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək, Cavabdehndən iddiaçının xeyrinə ödəniləcək mənəvi ziyanın məbləği 70000 manat müəyyən edilmişdir.
44. Qeyd edilənlərə əsasən işin mübahisəsiz halıdır ki, xx.xx.2008-ci il tarixdə baş vermiş hadisə nəticəsində cavabdeh təşkilatın əməkdaşının səhlənkarlığı ucbatından iddiaçı atasını və anasını itirmişdir.
45. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşının səhlənkarlığı, işə laqeyd münasibəti, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının anasının və atasının qaz sızıntısı ilə əlaqəli olaraq, baş verən partlayışa görə ölüm ilə nəticələnmiş hadisə baş vermişdir. Dəyən zərər məhz Cavabdeh İB-nin əməkdaşının Cavabdeh İB-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
46. Şübhəsiz ki, iddiaçının öz doğma ana və atasını itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur.
47. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında da göstərilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.
48. Göstərilənlərə əsasən kollegiya, iddia tələbinin bu hissədə təmin olunmasına münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və cavabdehin iddianın əsassız olmasına dair apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək iddiaçıya ona dəymiş mənəvi zərərə görə müəyyən bir məbləğin ödənilməli olduğunu qeyd edir.
49. Lakin birinci instansiya məhkəməsinin cavabdehdən 40.000 manat məbləğində mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
50. Düzdür, iddiaçı cavabdehin işçisinin təqsiri üzündən öz anasını və atasını itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsinin hansısa pul vəsaiti ilə azaldılması və ya onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər.
51. Lakin nəzərə alınmalıdır ki, iş materiallarına əlavə olunmuş məhkəmə aktlarından görünür ki, iddiaçının bacısı X9 analoji işlə əlaqədar məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2600/2023 saylı 20 iyun 2023-cü il tarixli qərarından görünür ki, valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq X7 ödənilməsi qərara alınmışdır.
52. Göründüyü kimi artıq eyni hadisə ilə bağlı dünyasını dəyişmiş şəxslərin eyni dərəcədən olan digər ailə üzvü tərəfindən cavabdehə qarşı iddia tələbi olmuş və həmin iddia tələbinin nəticəsində artıq kifayət qədər məbləğin – həm sağlamlığa dəymiş zərər kimi 30.000 manat, həm də 10.000 manat məbləğində mənəvi zərərin cavabdehdən ödənilməsi qət edilmişdir. Hazırki iddia tələbinin də birinci instansiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi təkcə mənəvi zərərə görə 40.000 manat həcmdə təmin edilməsi artıq cavabdehin mənafeləri baxımından ədalətli mövqe hesab oluna bilməz və onun üzərinə həddindən artıq öhdəliyin qoyulması ilə nəticələnə bilər.
53. Qeyd edilən mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında da öz əksini tapmışdır. Qərarda qeyd edilmişdir ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.
54. Bundan əlavə iddiaçının valideynlərinin ölümü ilə əlaqədar mənəvi zərərə görə 40.000 kompensasiyanın müəyyən edilməsi işin digər faktiki hallarına da uyğun olan nəticə deyildir. Belə ki, yuxarıda da bəhs olunduğu kimi mənəvi ziyan, hadisənin insanın şüuruna mənfi təsir etməsi səbəbindən məruz qaldığı iztirab və sarsıntının nəticəsidir. Başqa sözlə, mənəvi sarsıntı və iztirab, şəxsin hadisəyə psixi münasibəti, hadisəni təhlil edib çıxardığı nəticədən sonra onu neqativ qiymətləndirməsi, bundan sonra mənfi emosiya yaranması ilə mümkündür. Hadisəyə görə sarsıntı və iztirab keçirmə, bilavasitə hadisəyə şüurlu münasibətlə bağlıdır. Hər hansı səbəbdən (azyaşlı, kəmağıllıq, psixi inkişafdan qalma və s.) hadisənin aktiv şüurlu təhlilə məruz qalmaması, daha az sarsıntı və iztiraba səbəb olur (yaxud səbəb olmur). Bu baxımdan görünür ki, iddiaçı hadisə baş verən zaman 3 yaşında uşaq olmuşdur və valideynlərinın ölməsinə həmin vaxt adekvat mənfi psixi münasibəti minimal olmuşdur. Lakin böyüdükcə valideynlərinin yoxluğunu dərk edib bundan mənfi emosional təsirə məruz qalması, sarsıntı keçirib iztirab çəkməsi təbiidir və inkar olunmur. Bu baxımdan mənəvi zərərin 10.000 manat məbləğdə məyyən olunması ağlabatan olmaqla həmin məbləğ sosial, psixoloji və iqtisadi qiymətləndirmə baxımından mütənasib və ədalətli hesab olunur.
55. Ümumiyyətlə, mülki qanunvericilikdə mənəvi zərərin miqdarının müəyən edilməsi üçün konkret kriteriyalar müəyyən edilməyib. İnkişaf etmiş ölkələrdə həmin məsələ müzakirə predmeti olan ən aktual mövzulardan biridir. Qeyd olunan problemə ayrı-ayrı ölkələrin hüquqşünasları müxtəlif yanaşma sərgiləyirlər. Məsələn: Fransa və İtaliyada mənəvi zərərin miqdarının müəyyən edilməsi üçün konkret olaraq zərərə dair qrafik müəyyənləşdirilir. Müəyyən kateqoriya zərərlər üçün kompensasiya məbləğləri müəyyən edilir. Almaniyada ümumiyyətlə mənəvi zərər anlayışı mövcud deyil. Onlar tələb olunan məbləği “ağrıya görə pul” adlandırırlar. Alman məhkəmələri belə hesablamaları analoji işlər üzrə məhkəmə praktikasının toplusunun dərc olunması yolu ilə müəyyən edir və həmin işlər üzrə statistik rəqəmləri nəzərə alırlar. İngiltərədə hadisə nəticəsində baş vermiş zərərin kataloqu tərtib olunur və hər bir zərərə görə mənəvi zərərin məbləği müəyyən edilir. Qonşu Rusiyanın məhkəmə təcrübəsində isə mənəvi zərərin miqdarının məyyən edilməsi ilə bağlı konkret mövqe yoxdur və bu məsələ ilə əlaqədar mütəmadi müzakirələr aparılır. Amma, həmin ölkənin Mülki Məcəlləsində xüsusi olaraq 151-ci maddə mövcuddur. Həmin normada da mənəvi ziyanın miqdarının müəyyən edilməsinin ümumi prinsipləri nəzərdə tutulub. Həmin normada deyilir ki, məhkəmələr mənəvi zərərin miqdarını şəxsə yetirilmiş mənəvi və fiziki sarsıntının dərəcəsindən, zərər yetirənin təqsirindən asılı olaraq müəyyən etməlidirlər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
56. Həmçinin, mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir.
57. Habelə təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar.
58. Qeyd edilənlər kontekstində kollegiya hesab edir ki, işin halları nəzərə alınmaqla, mənəvi ziyanın həcminin 10.000 manat həcmində müəyyən edilməsi daha ədalətli və ağlabatandır.
59. Beləliklə, məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilməli və iddiaçının xeyrinə mənəvi ziyana görə tutulmalı məbləğin miqdarı 10.000 manat həcmində müəyyən edilməlidir.
60. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
61. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
62. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
63. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
64. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunmalıdır.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-1432/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Cavabdehndən 10.000 (on min) manat məbləğində dəymiş mənəvi ziyan İddiaçı xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova