Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5317/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə onun birgə övladı 25.07.2018-ci il təvəllüdlü Məryəmin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin, uşağın 3 yaşınadək saxlanılması üçün iddiaçının özünə gərə hər ay 150 manat məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulmasını, hər iki növdə olan alimentin 22.10.2018-ci il tarixdən (ilk iddia ərizəsi məhkəməyə daxil olduğu tarix) etibarən hesablanaraq tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər nikaha daxil olaraq ailə qurmuş, lakin bir müddət sonra nikah pozulmuşdur. Bundan az müddət keçdikdən sonra cavabdeh onunla əlaqə saxlayaraq ailənin bərpa edilməsini istəmiş və iddiaçı da buna razılıq vermişdir. Onlar faktiki olaraq ailə münasibətlərində yaşamağa başlamışlar. Faktiki nikahdan Məryəm adlı bir övladları dünyaya gəlmişdir. Bundan sonra cavabdeh onları atıb getmiş və iddiaçı uşağı ilə həmin vaxtdan tək yaşayır. Cavabdeh övladı ilə maraqlanmır, iddiaçı uşağı saxlamaqda çətinlik çəkir. Hesab edir ki, uşağın saxlanması üçün cavabdehin qazancı və digər gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Bundan başqa, iddiaçı özü işsizdir və uşağa baxmağa məcbur olduğu üçün onun işləməsi qeyri-mümkündür. Bunu nəzərə alaraq, cavabdehin uşağın 3 yaşınadək saxlanılması üçün iddiaçının özünə ödənilməli vəsaitin tutulması da zəruridir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 27.10.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 22.10.2018-ci il tarixdən başlayaraq cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin, uşaq 3 yaşına çatana qədər hər ay 50 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, 50 manat sabit pul məbləğində alimentin tutulması hissəsində iddianın rədd edilməsini, qazancının və başqa gəlirlərinin dördə bir hissəsi miqdarında alimentin tutulması hissəsində də tələbin təmin edilməməsini və sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi işin hallarını nəzərə almamış, iş üzrə hərtərəfli araşdırma aparmadan yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. Belə ki, cavabdeh işsizdir. Bu hal ƏƏSMN yanında 3 saylı Bakı “DOST Mərkəzi” tərəfindən verilmiş arayışla təsdiq olunur. Cavabdeh apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. İddiaçının məhkəmə baxışı iclasına gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehin vəkili (nümayəndəsi) X1 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etmiş və şikayətin məzmununa uyğun izahat vermişdir. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iddiaçı iddianın bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsindən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə ondan aliment tutulmasına etiraz etmir. Cavabdeh qətnaməni yalnız ondan qazancının və ya (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında alimentin və uşaq 3 yaşına çatana qədər hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması hissəsində mübahisələndirir. MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya baxışının predmeti olan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında nikah ləğv edilmişdir. Lakin tərəflər nikaha daxil olmadan yenidən ailə münasibətləri qurmuş və onların bu münasibətlərindən 1 övladları doğulmuşdur: 25.07.2018-ci il təvəllüdlü Məryəm. 5 saylı Bakı “ASAN Xidməti” Mərkəzində əhaliyə xidmət göstərən Qeydiyyat Şöbəsi tərəfindən 29.07.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 351899 nömrəli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən” görünür ki, uşağın atası hazırki iş üzrə Cavabdehdur. İş materiallarından görünür ki, “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə” əsasında həmin Qeydiyyat Şöbəsi tərəfindən 29.07.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 151785 nömrəli “Doğum haqqında şəhadətnamə” verilmişdir. Tərəflər arasında mübahisəyə səbəb olan hal onların birgə övladı Məryəmin yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh tərəfindən iddiaçıya qazancının və başqa gəlirlərinin dördə bir hissəsi miqdarında alimentin və uşaq 3 yaşına çatana qədər hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlıdır. Cavabdeh hesab edir ki, aliment həmin qaydada (miqdarda) deyil, sabit pul məbləği kimi müəyyən edilməli, uşaq 3 yaşına çatana qədər hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması hissəsində isə iddia rədd edilməlidir. Göstərilənləri nəzərə alan Məhkəmə cavabdehin birinci dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərindən görünür ki, aliment sabit pul məbləğində yalnız alimenti almaq istəyən şəxsin xahişi (müraciəti) əsasında tutula bilər. Lakin hazırki iş üzrə iddiaçı cavabdehin qazancının və ya (başqa gəlirlərinin) hissəsi miqdarında tutulmasını xahiş edir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsassızdır. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin digər dəlili ondan ibarətdir ki, uşaq 3 yaşına çatana qədər hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması hissəsində də Rayon Məhkəməsi əsassız nəticəyə gəllmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, Rayon Məhkəməsi bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin “Ər-arvadın bir-birini saxlamaq vəzifəsi” adlı 84-cü maddəsinə əsaslanmışdır. Ailə Məcəlləsinin 84-cü maddəsinin mənasına görə, ümumi uşaqların valideynləri bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və valideynlər arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində uşaqların anası buna zəruri vəsaitə malik olan uşaqların atasından aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir (maddə 84.2.2.). Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Həmin hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5317/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5317/2021
25.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver