Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5324/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “aliment” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3971/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-610/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Abşeron rayon Qeydiyyat Şöbəsində 09 aprel 2010-cu il tarixdə, 182 nömrə ilə bağlanmış nikah akt qeydi pozulmuş, tərəflərin birgə nikahdan olan, yetkinlik yaşına çatmamış uşaqları-xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 anası, yəni cavabdeh İddiaçı yanında saxlanılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsində direktor müavini vəzifəsində çalışır və əmək haqqı məbləği 1779.67 manat təşkil edir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində menecer vəzifəsində çalışır və əmək haqqı məbləği 800 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 246 manat aliment ümumilikdə 738 manat aliment ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Abşeron rayon qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə, 182 nömrəli akt qeydi ilə qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 dünyaya gəlmişdir. Ağdam rayon məhkəməsinin xx.xx.2024cü il 2(013)-610/2024 saylı qətnaməsinə əsasən Abşeron rayon qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə, 182 nömrəli aktı qeydi ilə qeyd edilmiş nikahları pozulmuşdur və xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 iddiaçının (İddiaçı) himayəsinə verilmişdir.
4. Cavabdeh iddia ərizəsinə etirazını məhkəməyə təqdim edərək, onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. O daimi uşaqları ilə maraqlanır, maddi və mənəvi ehtiyyaclarını ödəməkdə iştirak edir. Mütəmadi övladları ilə ünsiyyətdə olur, onların istəklərini gücü çatdığı qədər həyata keçirməyə çalışır. Hal-hazırda “Mars"-A MMC-də menecer vəzifəsində çalışır. Etiraz ərizəsinə əlavə etdiyi iş yerindən verilmiş arayışdan görsəndiyi kimi xalis əmək haqqısı 714 manat təşkil edir. İddiaçının tələb etdiyi aliment miqdarı onun aldığı əmək haqqından 24 manat artıqdır. Belə olduğu halda onun şəxsi ehtiyaclarını ödəməyə pul vəsaiti qalmır. Ümumilikdə 400 manat məbləğində aliment ödəməyə gücü çatır. Bu səbəbdən hesab edir ki, iddia əsassızdır və qismən təmin edilməlidir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 3971/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 19 iyun 2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir (hakim X5). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,34 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsində direktor müavini vəzifəsində çalışır və əmək haqqı məbləği 1779,67 manat təşkil edir. İddiaçının əmək haqqı onun əmək haqqından 2 dəfə artıqdır. Bu səbəbdən hesab edir ki, məhkəmənin çıxartdığı qətnamə ədalətsizdir. Bir ata olaraq övladlarına ödəyəcəyi aliment öhdəliyindən yayınmır. O, övladlarına həmişə dəstək olmuş və olacaqdır. Lakin bu gün qanunverciyillə nizamlanan bu kimi mülki mübahisədə də tam ədalətli bir yanaşmanın gösətrilməsi zəruridir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iş üzrə cavabdeh iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Kollegiya işə cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab edir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
12. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı: Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.
13. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
14. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384.0.1-ci maddəsinə əsasən pellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Hazırkı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi xahiş edildiyindən, qətnamə mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
21. Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən tutulmuş alimentin məbləği ilə razılaşmır, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,34 misli həddində sabit pul məbləğində aliment ödəyə biləcəyini bildirir.
22. Lakin nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 anadan olmuşlar. Hazırda iddiaçı uşağının saxlanması üçün aliment tələb edir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan xx.xx.2024-cü il tarixli qərarını nəzərə alaraq kollegiya qeyd edir ki, tərəflərin övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı, qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
24. Məhkəmə kollegiyası cavabdehin qazancının alimenti ödəmək üçün kifayət qədər qazanca malik olmamasına dair dəlilinə qiymət verərək qeyd edir ki, uşağın valideynlərdən birinin himayəsində olması, ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsinə, onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın almaq hüquqlarının olmasına dair hallar nəzərə alınmalı və cavabdehin qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislində müəyyən edilmiş aliment müəyyən edilməsinə etirazı əsassız hesab edilməlidir.
25. Eyni zamanda hazırda minimum əmək haqqı məbləğinin müəyyən mislində müəyyən edilmiş alimentə münasibətdə qeyd edilməlidir ki, bu həddə alimentin müəyyən edilməsi özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddində tutulan aliment heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Odur ki, sadalanan halların cavabdehin övladınının saxlanılmasında və getdikcə artan tələbatının qarşılanmasında iştirak vəzifəsindən azad etməməsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən uşağının saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin tutulması ədalətli və uşaqların mənafeyinə uyğundur.
26. Məhkəmə kollegiyası cavabdehin qazancının iddiaçının qazancından az olması, barədə dəlilinə qiymət verərək qeyd edir ki, uşaqların valideynlərdən birinin himayəsində olması, ona qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsinə, onun qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın almaq hüquqlarının olmasına dair hallar nəzərə alınmalı və cavabdehin alimentin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində müəyyən edilməsinə etirazı əsassız hesab edilməlidir.
27. Məhkəmə tərəfindən müəyyən edilən alimentə də münasibətdə qeyd edilməlidir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə tərəfindən uşağın saxlanılması üçün tutulan aliment heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.
28. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Hazırkı iş üzrə qətnamənin alimentin məbləği ilə bağlı mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3971/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.