Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5325/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: aliment və maddi yardım tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2022 saylı 11 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı “aliment və maddi yardım” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh birgə rəsmi nikahdan xx.xx.2021-ci il təvəlldlü Hacıyev Fəxri Ramil oğlum Fəxrinin yetkinlik yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması və cavabdehdən özümün saxlanılması üçün hər ay 100 manat pul vəsaitinin mənim xeyrimə tutulması dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikahdan keçərək evlənmişlər. Birgə rəsmi nikahdan xx.xx.2021-ci il təvəlldlü Hacıyev Fəxri Ramil oğlu adlı bir uşağı anadan olmuşdur. Cavabdeh ailə başçısı kimi heç bir məsuliyyət hiss etmir, ailənin heç bir qayğısı ilə maraqlanmır. Cavabdeh «UBER» taksi fəaliyyəti ilə məşğul olur. Uşaq hal-hazırda onun himayəsindədir, özü işləmir. Cavabdehin iştirakı olmadan uşağı maddi cəhətdən təmin etməyə çətinlik çəkir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2022 saylı 11 may 2022ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü Hacıyev Fəxri Ramil oğlunun saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü Hacıyev Fəxri Ramil oğlunun 3 (üç) yaşına çatanadək, yəni xx.xx.2024-cü ilədək 50 manat miqdarında aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2, 75.1, 75.4 və 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin cavabdeh “Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü Hacıyev Fəxri Ramil oğlu 3 yaşına çatanadək, yəni xx.xx.2024-cü ilədək 50 manat miqdarında alimentin tutularaq, İddiaçı ödənilməsi” hissəsində ləğv edilərək, iddianın həmin hissədə təmin edilməməsi və iddianın “Cavabdeh 09 mart 2022-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü Hacıyev Fəxri Ramil oğlunun saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilərək xx.xx.2021-ci il təvəllüdlü Hacıyev Fəxri Ramil oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutub, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarının tətbiq edilməsində çox ciddi səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, eyni zamanda iddia tələblərinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. O, heç yerdə işləmir. Ailəni saxlamaq üçün gündəlik fəhlə işi olanda gedib işləyib pul qazanır. Qazancı və maddi imkanı çox aşağıdır. Bundan əlavə yaşlı, xəstə ata və anası da onun himayəsindədir. Anası Mikayılova Aida baş-beyin xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən də mütəmadi olaraq dərmanlar qəbul edib, müalicələr almalıdır. Onun dərmanlarını da o, alır. Həmçinin o imkanı daxilində ailənin, oğlu Fəxrinin də tələbatlarını ödəyir. Belə bir vəziyyətdə ondan 193 manat və iddiaçı üçün 50 manat məbləğində alimentin tutulması onu çox çətin bir vəziyyətə salacaq. Onun halhazırda bu məbləğdə alimenti ödəməyə maddi imkanı çatmır. İddiaçı iddia tələbində uşağa görə 200 manat, özü üçün 100 manat aliment tələb etsə də, o bu tələbini əsaslandırmamış, eləcə də məhkəmə qətnamə qəbul edərkən onun aylıq gəlirini və maddi vəziyyətini aydınlaşdırmamışdır. Qanunvericiliyin tələbinə görə məhkəmə aliment məbləğini müəyyən edərkən hər iki tərəfin maddi vəziyyətini nəzərə almalıdır. Bundan əlavə qanunvericilikdə göstərilmişdir ki, uşaqların saxlanılması hər iki valideynin borcudur. Hesab edir ki, mükli işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri müəyyən qədər pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qismən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
10. Maddə 22.2.2 məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir.
11. Maddə 75.1 valideynlər uşaqlarını saxlamağa borcludurlar.
12. Maddə 75.4 valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
13. Maddə 78.1 valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini xahiş etdiyindən apellyasiya baxışının hədlərini qətnamənin məhz cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2022 saylı 11 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, heç bir qazancı yoxdur. Həmçinin anasına da o baxır. Ona görə də məhkəmə tərəfindən alimentin və maddi yardımın qeyd edilən məbləğdə tutulması əsassız olmuşdur.
25. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər xx.xx.2020-ci ildə nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü Hacıyev Fəxri Ramil oğlu doğulmuşdur. onların nikahı pozulmayıb, lakin tərəflərin münasibətləri gərgindir. Uşağa hazırda anası qayğı göstərir. İddiaçı birgə nikah dövründə doğulmuş bir uşağın saxlanması üçün hər ay sabit pul məbləğində alimentin tutulmasını və özünün saxlanması üçün hər ay sabit məbləğdə pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir. İddiaçı övladlarının maddi təlabatlarını tək başına ödəməkdə çətinlik çəkir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
26. Məhkəmə işin hallarını nəzərə alaraq, haqlı olaraq hesab etmişdir ki, xx.xx.2021-ci il təvəllüdlü Hacıyev Fəxri Ramil oğlunun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər bir uşaq üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulmasını ədalətli və əsaslıdır.
27. Məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin xx.xx.2021-ci il təvəllüdlü Hacıyev Fəxri Ramil oğlunun 3 (üç) yaşına çatanadək cavabdehdən 50 manat alimentin tutulması hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, Azərbayacan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaiti olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir.
28. Hazırki halda isə, cavabdehdən xx.xx.2021-ci il təvəllüdlü Hacıyev Fəxri Ramil oğlu 3 (üç) yaşına çatanadək 50 manat tutulması barədə məhkəmənin gəlmiş olduğu qənaət qanuni və əsaslı olmuşdur.
29. Kollegiya həmçinin eyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar onun valideyn kimi, qanunla üzərinə qoyulmuş öhdəlikdən azad etmir. Belə ki, təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2022 saylı 11 may 2022ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.