Məhkəmə qərarları › İş №2(103)-5328/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5328/2024

22.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5328/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin artırılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X11 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X5 üçüncü şəxs qismində cəlb edilməklə) “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5297/2024 saylı, 10 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. Tərəflərin birgə nikahlarından 21 mart 2008-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-835/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş 21 mart 2008-ci il təvəllüdlü X6 anası X3 yanında saxlanılması, Cavabdeh 21 mart 2008-ci il təvəllüdlü anadan olmuş X6 yetkinlik yaşına çalanadək saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir.

3. EMİS-dən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" ASC-də sürücü vəzifəsində işləməklə, əmək haqqı 515 manatdır.

4. EMİS-dən çıxarışdan görünür ki, Cavabdeh adına torpaq sahəsi qeydiyyata alınmışdır.

5. Qax rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Qax Rayon Məhkəməsinin 2(024)-172/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən hər uşağa 100 manat olmaqla hər ay iki uşaq üçün cəmi 200 manat alimenti X2 ödəməlidir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Xətai rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını artırılaraq hər ay 235 manat məbləğində alimenin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2008-cı il təvəllüdlü X8 adlı övladları olmuş və nikahları Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-835/2015 saylı qətnaməsi ilə ləğv edilmiş və uşaq onun himayəsinə verilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-835/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə aylıq 110 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq ona ödənilməsinə qət edilmişdir. Hal-hazırda uşağın tək saxlamağın necə çətin olduğu hər kəsə məlumdur. Həmçinin, artıq oğlu böyüdükçə onun tələblərinin də artmışdır, indiki bazar qiymətləri ilə 2014-cü ildə olan bazar qiymətləri qətiyyən eynilik təşkil etmir. Cavabdeh ilə birgə nikahdan olan övladının saxlanılması üçün aylıq 110 manat aliment məbləği 2014-cü il tarixdən bəri ona ümumiyyətlə ödənməmişdir. Tərəf ona hər dəfə müxtəlif hədə-qorxular gəldiyindən hər dəfəsində Qax rayonu icra şöbəsinə ona borclu olmadığına dair ərizə vermiş, lakin ona cavabdeh tərəfdən bir manat belə olsun ödəniş edilməmişdir. Sonuncu dəfə isə yenə onu ölümlə hədələmiş və dekabr 2023-cü il tarixdə təzyiq altında icraçının yanında ərizəsini almışlardır. Cavabdeh ümumiyyətlə ona heç-bir pul məbləği ödəməyib və onu hədələdiyi üçün polisə belə müraciətləri olub. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Övladına baxan zaman maliyyə çətinlikləri ilə üzləşməmək və övladına daha yaxşı qayğı göstərə bilmək üçün, övladının atası olan cavabdehin onun üçün maliyyə yardımı göstərməsi vacibdir. Cavabdeh şəxsin övladının daha yaxşı yaşaması üçün kifayət qədər imkanı və vəsaiti vardır, rəsmi iş yerindən əlavə digər gəlir yerləri də vardır, lakin bunlar rəsmi deyil. Cavabdeh indiyədək yığılmış aliment pullarını qəti surətdə ödəmir və uşağın qayğısını ümumiyyətlə düşünmür.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(011)-5297/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-835/2015 saylı qətnaməsində müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, 21 mart 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, hər ay 235 (iki yüz otuz beş) manat məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahından 21 mart 2008-ci il təvəllüdlü X7 adlı bir yetkinlik yaşına çatmayan uşaqları var və hal-hazırda da iddiaçının yanındadır, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-835/2015 saylı qətnaməsinə əsasən, uşaq üçün hər ay 110 manat miqdarında aliment tutulması qət edilmişdir, iddiaçı və cavabdeh işləyirlər, iddiaçı 350 manat, cavabdeh isə 515 manat əmək haqqı alır, aliment 2015-ci ildə təyin edildikdən sonra məhkəməyə müraciət edildiyi tarixə qədər aliment məbləği artırılmamışdır, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında cavabdeh tərəfindən hər ay 110 manat miqdarında ödənilən aliment məbləği bu məqsədlə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı.

10. Həmçinin məhkəmə qeyd etmişdir ki, birgə nikahdan olan uşaqların saxlanılması üçün əvvəl aliment təyin olunduqdan sonra uşaqlar üçün yaşayış minimumu 100 manatdan çox artmış, illik inflyasiyalar və üç dəfə baş vermiş devalivasiya nəticəsində gündəlik tələbat olunan digər məhsulların dəyəri də bir neçə dəfə artmışdır. Qeyd edilən hallar iddiaçının maddi vəziyyətini ağırlaşdırmış, cavabdeh tərəfindən ödənilən aliment ilə uşaqların əvvəlki kimi tələbatlarını ödəməyə kifayət etmir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 112.1-ci maddələri; “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa; «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə; “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyul 2024-cü il, 2(011)-5297/2024 tarixli qətnaməsinin dəyişdirilməsi və aliment məbləğinin 150 manat müəyyən edilməsini xahiş etmişdir.

13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aliment məbləği artırılarkən digər nikahdan olan iki azyaşlı uşağa münasibətdə hər ay 200 manat aliment ödəməyi nəzərə alınmamışdır, nəticədə qətnamə 3 uşağa münasibətdə ikili mövqeydən çıxış edir, belə ki, bir uşağa görə aliment məbləği 235 müəyyən edilərkən digər iki uşaq üçün həmin məbləğdə alimentin ödənilməsi mümükünsüz olmuşdur. Hesab edir ki, aylıq əmək haqqı və gəliri olan 515 manatdan hər uşaq üçün 150 manat müəyən edildiyi halda hamının qanun və məhkəmə qarşısında bərabərlik prinsipinə riayət edilmiş olar. Məhkəmə MPMnin 76-cı maddəsinin tələblərini pozmuşdur, belə ki, məhkənmə iclasında iddia tələbinə etiraz olaraq məhkəməyə digər nikahdan iki azyaşlı uşağının olması və aliment ödəməyi ilə bağlı sübutları təqdim etmişdir, bu hal elektron protokolda təsdiq olunur, lakin qətnamə çıxararkən məhkəmə etirazının əsası kimi ona təqdim etdiyi sübutları tədqiq edib hüquqi qiymət verməmişdir, bununla da məhkəmə həm də 77.1-ci maddəsinin tələblərini pozmuşdur. Digər halda məhkəməhəmin məcəllənin 217.4-cü maddəsinin tələblərini də pozmuşdur. Belə ki, məhkəmə ona təqdim etmiş sübutları tədqiq edib qiymət verməli olduğu halda məhkəmə bunu etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin müdafiə edərək qeyd etmişdir ki, "xxxx" ASC-də işləyir, maaşı 515 manatdır. Kirayədə yaşayır. Uşaqlarından biri 8-ci sinifdə oxuyur, digəri isə məktəbi qurtarmışdır.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş, əlavə olaraq bildirmişir ki, uşağının 16 yaşı var. Öz adına cavabdeh üçün “RabitəBank”dan kredit götürmüşdür. Hazırda qarşı tərəf kredit borcunu ödəmir, özü ödəyir. Uşağının onu görən gözü yoxdur, uşaqla ünsiyyəti yoxdur. Övladı hazırlıqlara gedir, çatdıra bilmir, kredit borclarına görə borcları yaranmışdır. Qarşı tərəfin böyük uşağı məktəbi çoxdan qurtarmışdır, demək olar ki, ona aliment ödəmir. Evlənən zaman onun əvvəl evliliyinin olmağından xəbəri olmayıbdır.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin dəyişdirilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin cavabdehin iddianın təmin edilməsinə etirazı olmadığı hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

22. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

23. 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

24. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

25. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

26. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

27. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

28. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

29. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:

30. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

31. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.

32. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

33. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, iddianın qanuni əsasını yoxlayan məhkəmə kollegiyası Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərin mövcudluğu ilə əlaqədar qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur.

37. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır. Belə olan halda, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağının saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

38. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir.

39. Belə ki, valideynlərin öz uşaqları barəsində bərabər hüquqlara malik olduqları kimi həm də bərabər şəkildə vəzifələr daşıdıqları nəzərə alınmalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

40. Apellyasiya şikayətində göstərilənlərlə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Lakin bu hallar alimentin yaşayış minimumunu təşkil edən məbləğədək artırılmasını istisna edən mütləq əsas kimi qəbul edilə bilməz. Beləliklə cavabdehin əvvəlki nikahdan olan yetkinlik yaşına çatmayan uşaqlarının olması onu sonraki nikah münasibətlərindən olan övladının getdikcə artan tələbatlarını ödəmək, əvvəlki təminat səviyyəsini yüksək saxlamaq vəzifəsindən azad etmir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin aliment ödədiyi uşaqlarından biri artıq yetkinlik yaşına çatmışdır.

41. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-835/2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 10 ilə yaxın müddət keçdiyini, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin tutulmaların miqdarının müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə aparılan tutulmaların miqdarının dəyişdirilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti qanunvericilikdə nəzərdə tutulan dispozisiya şərtlərinin mövcudluğu baxımından əsaslı olmuşdur.

42. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

43. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti (125*12=1.500) beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5297/2024 saylı, 10 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar