Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5334/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(003)-803/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahdan doğulan 23.11.2017-ci il təvəllüdlü X4 və 23.08.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat, 23.08.2019-cu il təvəllüdlü X10 üç yaşına çatanadək onun xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahdan doğulan 23.11.2017-ci il təvəllüdlü X4 və 23.08.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat, 23.08.2019-cu il təvəllüdlü X10 üç yaşına çatanadək onun xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 09.11.2016-cı il tarixdə nikaha girmişdir. Birgə nikahdan 23.11.2017-ci il təvəllüdlü X7 və 23.08.2019-cu il təvəllüdlü X10 doğulmuşdur. Cavabdeh içki aludəçisi olmuşdur. Buna görə də o, uşaqları ilə birlikdə atası evinə getmişdir. O, işləmir və uşaqlarını saxlamağa çətinlik çəkir. Cavabdeh uşaqlarına heç bir maddi yardım göstərmir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(003)-803/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 23.11.2017-ci il təvəllüdlü X4 və 23.08.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 11.12.2020-ci il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(003)-803/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə cavabdehin zəruri vəsaitə malik olmadığına istinad edərək, cavabdehdən 140 manat aliment tutulmasını ədalətli və ağlabatan hesab etmişdir ki, bu əsaslı hesab oluna bilməz. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X8 apellyasiya şikayətini müdafiə edərək, iddianın tam təmin edilməsini xahiş etdi, izahatında həmçinin qeyd etdi ki, tərəflər arasında nikah münasibətləri də pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X2 apelyasiya şikayətini qəbul etmədi, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(003)- 803/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatınları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qətnamə iddia tələbinin hər uşağa görə alimentin 175 manat məbləğində tutulmasının qismən təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər 11.09.2016-cı il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 23.11.2017-ci il tarixdə X7 və 23.08.2019-cu il tarixdə X10 adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, uşaqlar anada saxlanılmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası belə hesab edir ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin dördüncü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, uşaqların saxlanması üçün alimentin məbləğinin hər ay hər uşaq üçün 140 manat məbləğində müəyyən edilməsi uşaqların mənafeyinə uyğun deyildir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi uşaqların saxlanılmaları üçün alimentin məbləğini müəyyən edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlsə də, alimentin məbləğini düzgün olaraq müəyyən etməmişdir. Kollegiya hesab edir ki, tərəflərin maddi və əmlak vəziyyəti, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi və uşaqların təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyi nəzərə alınmaqla, qətnamə iddia tələbinin hər uşağa görə alimentin 175 manat məbləğində tutulmasının qismən təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin olunmalı, hər uşağa görə 175 manat olmaqla, cəmi məbləğ 350 manat aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvadın alimentin ödənilməsini tələb etmək üçün digər tərəfin zəruri vəsaitə malik olmasını təsdiq edən sübutlar təqdim olunmalıdır. Göründüyü kimi iddiaçı tərəf cavabdehin zəruri vəsaitə malik olması barədə sübutlar təqdim etmədiyindən, kollegiya həmin hissədə iddianın təmin edilməsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, apellyasiya mərhələsində iddiaçı tərəfin təqdim etdiyi Pirşağı Bələdiyyəsinin 13.02.2020-ci il tarixli, 45 saylı arayışına əsasən Cavabdeh istifadəsində qeyri-yaşayış obyektinin olması barədə dəlili, cavabdehin zəruri vəsaitə malik olmasının sübutu kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən kollegiya apellyasiya şikayətinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2, 385.1.4-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(003)- 803/2021 saylı qətnaməsi iddia tələbinin hər uşağa görə alimentin 175 manat məbləğində tutulmasının qismən təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. 23 noyabr 2017-ci il təvəllüdlü X7 və 23 avqust 2019-cu il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün 11 dekabr 2020-ci il tarixdən hesablanmaqla, Cavabdeh hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə qalan hissələrdə- Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra olunması, 23.08.2019-cu il təvəllüdlü X10 üç yaşına çatanadək iddiaçının xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulmasının təmin edilməyən hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5334/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5334/2021
02.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver