Məhkəmə qərarları › İş №2(103)-5337/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5337/2024

11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5337/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5337/2024 (Açar sözlər: “cehiz əşyalarının qaytarılması və s. tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1860/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 dekabr 2024cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər 26 oktyabr 2013-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşlar, nikahları məhkəmə qaydasında 2019-cu ildə pozulmuşdur. Ailə qurduqdan sonra iddiaçı cavabdehin atasına məxsus mənzilə gəlin köçmüş və özünə məxsus cehiz əşyalarını həmin mənzildə yerləşdirmişdir. Həmin nikahdan doğulmuş tərəflərin övladı Aylin nikah pozularkən anasının himayəsinə verilmişdir.

2. Nikah pozulduqdan sonra İddiaçı həmin mənzili tərk etmiş, lakin cehiz əşyalarını həmin mənzildə saxlamışdır. İddiaçı cehiz əşyalaının bir qismini apardığını bildirsə də, iddia ərizəsində qeyd etdiyi əşyaların cavabdehin qannsuz sahibliyində və istifadəsində qaldığını bildirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 13250 manat olan cehiz və məişət əşyalarının Cavabdeh natura və ya pul formasında alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, yəni İddiaçı Cavabdeh ilə 2013-cü ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Nikah dövründə cavabdehin atası Rafiq Babayevə məxsus ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışlar və ona məxsus cehiz əşyalarından istifadə etmişlər. Bir müddət sonra aralarında yaranan mübahisələr nəticəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2234/2019 saylı 22 may 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Həmin tarixdən birgə yaşadıqları mənzili tərk etmiş və ona məxsus cehiz əşyalarını qismən çıxararaq qalan ona məxsus cehiz əşyalarını (böyük mebel və böyük məişət texnikası) çıxartmağa imkan olmadığından, cavabdehin razılığı ilə həmin evdə saxlamışdır. Lakin iki il ərzində cavabdeh və onun ailəsi tərəfindən heç bir narahatlıq olmadığından və bu müddətdə Cavabdeh orda olan əşyaları nasaz hala salaraq istifadə etmişdir. Bir müddət sonra onunla əlaqə saxlayaraq cehiz əmlakının çıxarılmasını xahiş etmişdir. O da öz növbəsində ona neçə ay vaxt verilməsini xahiş etmişdir. Sonra özü yenidən əlaqə saxlayaraq qeyd etmişdir ki, ona məxsus cehiz əşyalarını onlara məxsus olan qaraja yerləşdirmişlər. Vaxt təyin etmiş, qaraja yaxınlaşanda ona məxsus böyük məişət texnikasının, mebel dəstlərinin hec birini orda aşkarlamamışdır. Soruşanda ki, bəs onlar haradadır, cavabdeh qeyd etmişdir ki: ''Nə varsa, burdadır, götür, get. Üstündən üç il keçib, qanunla 3 il keçib, haqqın yoxdu tələb etməyə...”. O qeyd etmişdir ki, orada tək deyildi və oradan çıxarılan əşyaları təsdiqləyən şəxs var. Qarajdan çıxarılan cehiz əmlakının yarısı yararsız halda idi. Bundan sonra cavabdeh və onun ailə üzləri ilə dəfələrlə əlaqə yaratmağa çalışsa da, onlar tərəfdən rədd cavabı almışlar.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1860/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh cehiz əmlaklarının dəyəri olan 12050 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 384.0.4-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 119.1, 217.4, 218.3-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə sübut kimi iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru A.Cəbiyev tərəfindən tərtib edilmiş 05 mart 2024-cü il tarixli akta istinad etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-96/2024 saylı 27 fevral 2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, H.Seyidzadə küçəsində yerləşən 38 saylıevin 16 saylı mənzilində yerləşən bir ədəd dolabın, bir ədəd divanın, bir ədəd stol + altı ədəd oturacağın, trumo + güzgünün, mətbəx mebelinin, mətbəx stolu + dörd ədəd oturacağın, bir ədəd soyuducunun, bir ədəd sobanın, bir ədəd paltaryuyanın, bir ədəd qabyuyanın və bir ədəd TV-nin üzərinə həbs qoyulması, həmin əmlakların siyahıya alınması və onlar barəsində hər-hansı hərəkətlərin edilməsinin Cavabdeh və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bu səbəbdən də sözügedən icra sənədinin icrası ilə əlaqədar həmin ünvana baxış keçirilmiş, həmin əmlakların sözügedən mənzildə olmasımüəyyən edilməmişdir. Lakin bu o demək deyil ki, sözü gedən mənzildə soyuducu, paltaryuyan, qabyuyan, mətbəx mebeli, stol, stul və sair əmlaklar olmayıb. İcra məmuru mənzilə baxış keçirərkən evdə əşyalar mövcud olmuş, lakin həmin əmlakların iddiaçıya aid olması faktı öz sübutunu tapmamışdır. Belə ki, məhkəmədə iddia qaldırılarkən iddiaçı tərəfindən tələb edilən texnikaların markaları, modelləri barədə heç bir məlumat göstərilməmiş, yalnız məhkəmədə cavabdeh tərəfindən bu barədə dəqiqləşmə istədikdən sonra texnikaların adları qeyd edilmişdir. İcra məmuru əmlaklara baxış keçirərkən isə hansı markalı, hansı modelli əmlaklardan söhbət getməsi barədə məlumatsız olub. Məhkəmə prosesin gedişatında iddiaçı iddia ərizəsində tələb etdiyi əşyaların onun tərəfindən gətirilməsini sübut edəcək heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh atasına məxsus olan, əvvəllər yaşadıqları evdə mövcud olan əmlakların şəklini çəkib məhkəməyə təqdim etmiş, məhkəmə də cavabdeh tərəfin sözlərini deyil, nədənsə iddiaçı tərəfin sözlərini doğru hesab edərək qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə prosesi zamanı sözü gedən mübahisəli əmlakların cavabdehin atası tərəfindən alındığını, iddiaçı tərəfindən həmin əmlakların gətirilmədiyini dəfələrlə qeyd etmişdir. Cavabdeh atası səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməmişdir. Notarial qaydada təsdiqlənmiş ərizənin təqdim edilməsi isə mümkün olmamışdır. Belə ki, notariat ofisində Cavabdeh anasının ifadəsini təsdiq etməmişlər ki, bu yalnız məhkəmə prosesi zamanı mümkündür. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş, iddiaçının öz əmlaklarını avtomaşına yükləyərək aparması barədə sübutlarını qəti surətdə nəzərə almamış, həmçinin uzun illər keçdikdən sonra niyə iddiaçının əmlak davası döyməsi barədə suallara cavab olaraq iddiaçının yerinin olmaması cavabına səthi yanaşmışdır. Halbuki iddiaçı məhkəmə iclasında bir neçə evinin olmasını özü dilə gətirmişdir. Bundan başqa məhkəmə mübahisəli əmlakların qiymətləndirilməsi üçün iş materiallarını "xxxx" MMC-nə göndərmiş, sözü gedən təşkilat tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli hesabata əsasən bir ədəd dolabın, bir ədəd divanın, bir ədəd masa və altı oturacağın, trumo və güzgünün, mətbəx mebelinin, mətbəx masası və dörd ədəd oturacağın, bir ədəd HotPoint markalı soyuducunun, bir ədəd Hitech markalı sobanın, bir ədəd LG markalı paltaryuyanın, bir ədəd Bosch markalı qabyuyanın və bir ədəd LG markalı televizorun iş materiallarında olan foto-şəkillərlə tədqiqat aparılmaqla 06 iyun 2024-cü il tarixinə orta bazar qiymətinə uyğun olaraq satış məbləğimanatla 12050 manat təşkil etmişdir. Burdan belə nəticəyə gəlmək olar ki, iddiaçı cavabdehin əmlakının şəkillərini yaşadığı vaxt çəkib, özünə məxsus olmasını iddia edərək işin qiymətləndiriciyə göndərilməsinə nail olmuşdur. Hər bir halda əmlakların iddiaçıya aid olmasını qəbul etməsələr belə və işin qiymətləndiriciyə göndərilməsinin qətnamənin nəticəsinin onlar üçün əvvəlcədən hansı nəticələrin doğuracağını anladıqları üçün məhkəmə iclasında cavabdehə aid əmlakların qiymətləndirilməsi zamanı "xxxx" MMC” tərəfindən fantastik qiymətlər təyin edildiyini, əmlakların köhnəlmə əmsallarının nəzərə alınmadığını qeyd edərək, əlavə ekspertiza təyin edilməsini xahiş etsələr də, bu vəsatət gözlənildiyi kimi təmin edilmədi. İddiaçının iddia ərizəsində iddia etdiyi əmlaklar onun dediyinə görə 10 ildən artıq müddət əvvəl, yəni nikaha girərkən cehiz əmlakı kimi gətirilmişdir. Hazırki vəziyyətdə məhkəmə həmin əmlakların köhnəlmə əmsallarının nəzərə alınaraq qiymətləndirilməsi barədə "xxxx" MMC qarşısında sual qoymalı olduğu halda, hansısa səbəbdən bunu etməmiş, nəticədə qiymətləndirici tərəfindən müəyyən edilmiş 10 ildən artıq müddət əvvəl alınmış əmlaka təzə əmlakların dəyəri kimi 12050 manat məbləğində qiymət qoyulmuş, bu qiymət isə qətnamədə iddianın əsasını təşkil etmişdir. Hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, nəticədə Cavabdeh hüquqları pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

10. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə təqdim edərək iclas tarixində xarici ölkədə ezam olacağından iştirak edə bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil isə məhkəməyə ərizə ünvanlayaraq iddiaçının təxirlə bağlı müraciətinin təmin olunacağı təqdirdə növbəti məhkəmə iclasının günün ikinci yarısına təyin edilməsini, iclasın təxirə salınmayacağı halda isə işə mahiyyəti üzrə baxaraq apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdir.

11. İşin halları, iddiaçının ölkə xaricində olması ilə bağlı hər hansı dəlil təqdim etməməsi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi

12. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən və apellyasiya şikayəti ilə qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın tam rədd olunması tələb edildiyindən apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

26. Kollegiya ilk növbədə sübutetmə yükünün düzgün bölüşdürülməsi ilə bağlı qeyd edir ki, hazırki təbiətli mülki mübahisələrdə mübahisə predmeti olan əşyanın, ümumiyyətlə, mövcudluğunun sübut edilməsi iddiaçı, onun olduğu yerdən aparılması isə cavabdeh tərəfindən sübuta yetirilməli və işin halları ilə təkzibedilməz olmalıdır.

27. Hazırki iş üzrə iddiaçı bir sıra cehiz əşyalarının cavabdehin atasına məxsus mənzilə köçərkən özü ilə gətirdiyini bildirmiş və tərəflər arasındakı münasibətlər pozulduqdan sonra evi tərk etdiyindən həmin əşyaların mənzildə qaldığını iddia etmişdir. Cavabdeh isə istər birinci instansiya məhkəməsində verdiyi ifadələrdə, istərsə də apellyasiya icraatı zamanı həmin cehiz əşyalarının aparılması və artıq həmin evə olmaması ilə bağlı fikirlər səsləndirsə də, ümumiyyətlə, onların varlığını danmamış və nə vaxtsa mövcudluğunu dolayısı ilə qəbul etmişdir. Həmçinin iddiaçının ailə həyatı qurarkən cehizlərini yaşayacağı evə gətirməsi və həmin əşyaların ilkin olaraq məhz onun mülkiyyətində olması işin mübahisəsiz halını təşkil etməklə heç bir tərəf bunu təkzib edəcək hər hansı mülahizə ilə çıxış etməmiş, cavabdeh həmin əşyaların mövcudluğunu inkar etməmişdir. O cümlədən istər ailə, istərsə də mülki qanunvericiliyin də tələblərinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Bu da o deməkdir ki, həmin əşyaların ilkin olaraq iddiaçıda olması normal bir hal kimi qəbul edilməlidir.

28. Daha sonra işin hallarından və verilən ifadələrdən də məlum olduğu kimi iddiaçı tərəflər arasındakı münasibət pozulduğu zaman evdən getməyə məcbur olmuşdur və bu halda ona məxsus olan digər zəruri əşyaların, o cümlədən cehiz əşyalarının götürülməsinə imkanının olmaması ehtimallardan birinə çevrilmiş olur. Həmçinin iş materiallarında olan foto-şəkillər və flash-kartda olan videolardan görünür ki, iddiaçının tələb etdiyi cehiz əşyaları cavabdeh tərəfin istifadəsindədir. Belə ki, məhkəməyə təqdim edilmiş fotoşəkillərdən aşağıdakılar müəyyən olunur: 1 saylı fotoşəkildə “QAZ-31” markalı avtomobil, həmin avtomobilin üzərində xalça, avtomobilə söykənmiş vəziyyətdə komodun və TV stendin bir hissəsi, avtomobilin içində tumboçka və bir ədəd qutu və polietilen torba əks olunmuşdur. 2 saylı fotoşəkildə “Geely” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin baqaj hissəsində dörd ədəd qutu əks olunmuşdur. 3 saylı şəkildə qarajda sökülmüş mebel hissələri əks olunmuşdur. İddiaçı izahatında həmin mebel hissələrinin onun tələb etdiyi əşyalara aidiyyətinin olmadığını bildirmişdir. 4 və 5 saylı şəkillərdə 1 ədəd komod, yuxarı hissəsində güzgü və bir ədəd yataq mebeli əks olunmuşdur. İddiaçı izahatında həmin foto-şəkillərin məhz 03 may 2019-cu il tarixdə övladı cavabdehin atasına məxsus mənzildə olarkən çəkildiyini bildirmişdir. 6 saylı şəkildə divan, 1 ədəd stol və ədəd oturacaq əks olunmuşdur. İddiaçı izahatında həmin foto-şəkillərin məhz 05 may 2019-cu il tarixdə övladı cavabdehin atasına məxsus mənzildə olarkən çəkildiyini bildirmişdir. Digər şəkillərdə iddiaçının tələb etdiyi və hazırda cavabdeh tərəfin istifadəsində olan dəhlizdə yerləşən dolab – bir ədəd, mətbəx mebeli-mətbəx stolu + dörd ədəd oturacaq, Məişət texnikası: Soyuducu – bir ədəd, Soba – bir ədəd, Paltaryuyan – bir ədəd, Qabyuyan – bir ədəd və TV – bir ədəd əks olunmuşdur.

29. Həmçinin birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 iddiaçının atası olmaqla yanaşı, sözügedən cehiz əşyalarının məhz onun tərəfindən alınaraq qızına hədiyyə edilmiş əşyalar olmasını, mebellərin rəhmətlik bacısı tərəfindən sifariş edildiyini, əşyaların hansı markadan olmasını xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 iddiaçının ailə dostu olmaqla yanaşı, iddiaçı tərəfindən cavabdehin atasına məxsus cehizlərin aparılmasını, İddiaçı gəlin köçərkən həmin mənzilin tam hazır olmasını, toydan qabaq həmin mənzildə mebel yığmasını, həmçinin iş materiallarında olan “GAZ 31” markalı avtomobilin ona məxsus olmasını bildirmişdir.

30. Qeyd edilənlərdən də göründüyü kimi, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən yuxarıda göstərilən və mövcudluğu iddiaçı tərəfindən və işin halları ilə öz təsdiqini tapmış cehiz əşyalarının aparılması ilə bağlı sübutetmə yükü artıq cavabdehin üzərinə keçmiş olur və bu barədə mötəbər sübutlar məhz cavabdeh tərəfindən təqdim edilməlidir.

31. Hazırki iş üzrə isə cavabdeh bu barədə hər hansı mötəbər dəlilləri məhkəməyə təqdim etməmiş, bu barədə sadəcə mülahizələr səsləndirmişdir.

32. Cavabdeh tərəfindən istinad edilən və iş materiallarında olan Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru A.Cəbiyev tərəfindən tərtib edilmiş 05 mart 2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(001)-96/2024 saylı 27 fevral 2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, H.Seyidzadə küçəsində yerləşən 38 saylı evin 16 saylı mənzilində yerləşən bir ədəd dolabın, bir ədəd divanın, bir ədəd stol + altı ədəd oturacağın, trumo + güzgünün, mətbəx mebelinin, mətbəx stolu + dörd ədəd oturacağın, bir ədəd soyuducunun, bir ədəd sobanın, bir ədəd paltaryuyanın, bir ədəd qabyuyanın və bir ədəd TV-nin üzərinə həbs qoyulması, həmin əmlakların siyahıya alınması və onlar barəsində hər-hansı hərəkətlərin edilməsinin Cavabdeh və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bu səbəbdən də, sözügedən icra sənədinin icrası ilə əlaqədar həmin ünvana baxış keçirilmiş, həmin əmlakların sözügedən mənzildə olması müəyyən edilməmişdir.

33. Cavabdehin həmin akta istinad edərək mübahisə predmeti olan əşyaların mənzildən aparılması halının sübut olunmasına dair fikirlərinə münasibətdə kollegiya qeyd edir ki, məhz akt tərtib edilən zaman əşyaların orda olmaması onların məhz iddiaçı tərəfindən evi tərk edərkən özü ilə aparılmasını təsdiq etməməklə bərabər onların cavabdeh tərəfindən başqa yerdə saxlanılması ehtimalını istisna etmir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də göründüyü kimi bu məzmunlu mübahisələrdə artıq cavabdeh tərəfindən əşyaların məhz iddiaçı tərəfindən aparılması mötəbər dəlillərlə təsdiq olunmalıdır.

34. Bundan əlavə apellyasiya baxışı zamanı cavabdehin anası X4 məhkəməyə şahid qismində ərizə ünvanlayaraq mübahisə predmeti olan əmlakların onun özü və əri (cavabdehin atası) tərəfindən nikahdan öncə öz vəsaitləri hesabına alındığını, keçmiş gəlininin isə gətirdiyi cehizlərin hamısını apardığını bildirmişdir.

35. Sözügedən şahid ifadəsinə münasibətdə ilk növbədə kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən şahidlərin məhkəməyə çağırılması prosesi işin məhkəmə hazırlanmasının yekunlaşmasına kimi həll edilməli, əgər şahidlərin dindirilməsi birinci instansiya məhkəməsində mümkün olmazsa, bu barədə məsələyə tərəflərin əsaslandırılmış vəsatəti əsasında məhkəmə tərəfindən baxılmalıdır. Lakin hazırki iş üzrə cavabdeh tərəfindən şahidlərin dindirilməsi ilə bağlı hər hansı vəsatət məhkəməyə ünvanlanmamış, o cümlədən bunun birinci instansiya məhkəməsində mümkünsüzlüyünə dair kifayət qədər əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir.

36. Bundan əlavə Mülki Prosessual Məcəllənin 104.2-ci maddəsinə əsasən məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər. Hazırki iş üzrə isə məhkəmənin belə bir tələbi olmamış, yazılı formada təqdim edilmiş şahid ifadəsinin həqiqiliyi isə məhkəmədə şübhə doğurmuşdur. Qeyd edilənlərə əsasən kollegiya sözügedən şahid ifadəsinin iş üzrə mötəbər sübut qismində dəyərləndirilməsini məqsədəuyğun hesab etmir.

37. Kollegiya cavabdehin mübahisəli cehiz əşyalarının dəyərinin qiymətləndirilməsi ilə bağlı müvafiq ekspert rəyinin əsassızlığına dair dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir.

38. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli hesabatdan görünür ki, bir ədəd dolabın, bir ədəd divanın, bir ədəd masa və altı oturacağın, trumo və güzgünün, mətbəx mebelinin, mətbəx masası və dörd ədəd oturacağın, bir ədəd HotPoint markalı soyuducunun, bir ədəd Hitech markalı sobanın, bir ədəd LG markalı paltaryuyanın, bir ədəd Bosch markalı qabyuyanın və bir ədəd LG markalı televizorun iş materiallarında olan foto-şəkillərlə tədqiqat aparılmaqla 06 iyun 2024-cü il tarixinə orta bazar qiymətinə uyğun olaraq satış məbləği manatla 12050 manat təşkil etmişdir.

39. Cavabdeh sözügedən rəylə müəyyən olunan məbləğin şişirdilmiş olduğunu bildirərək apellyasiya şikayətində yenidən ekspertiza təyin edilməsini xahiş etmiş, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/8850/2024 saylı məktubu ilə iş materiallarına əlavə olunmuş video və fotoşəkillərə əsasən təhqiqat aparılmasının məhkəmə-əmtəəşünaslıq ekspertizasının səlahiyyətlərinə aid olmaması səbəbindən tədqiqatın aparılmasından imtina edilmişdir.

40. Göründüyü kimi məhkəmə tərəfindən cavabdehin vəsatətində göstərilən halların araşdırılması məqsədilə təşəbbüs göstərilsə də, yuxarıda qeyd edilən obyektiv səbəblərdən bunun icrası mümkün olmamış, cavabdehin özü tərəfindən də "xxxx" MMC tərəfindən verilmiş rəyin iş üzrə nəzərə alınmamasına əsas verəcək hər hansı digər bir sübut məhkəməyə təqdim olunmamışdır.

41. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəf öz mülahizələrini sübut edəcək hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir.

42. Halbuki nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

43. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

44. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

45. Qeyd edilənləri və qanunvericiliyin tələbinə əsasən ər və arvada nikah dövründə verilən əmlakın onların hər birinin ayrıca mülkiyyəti olmasını apellyasiya şikayəti göstərilən hissədə əsassız hesab olunmaqla iddia ərizəsində göstərilən cehiz əşyalarının dəyərinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı hesab edilməlidir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

47. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

49. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

50. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1860/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar