Məhkəmə qərarları › İş №2(103)-5342/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5342/2021

22.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5342/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı zaminlik müqaviləsinin ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(006)-1056/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı zaminlik müqaviləsinin və bankla X6 arasında bağlanmış razılaşmanın 4-cü bəndinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 mart 2015-ci ildə iddiaçının qardaşı X6 Cavabdeh ASC-nin “Nizami” filialından 3880 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit götürülərkən iddiaçı həmin kreditin götürülməsinə zamin durmuşdur. Həmin müqavilə üzrə o, banka 2000 manatadək pul ödəmişdir. Ölkədə problemli kreditlərin həlli ilə bağlı ölkə başçısının məlum Fərmanı ilə bağlı güzəştlərdən istifadə etmək üçün cavabdeh banka müraciət etsələr də, nəticəsi olmamışdır. Bundan sonra bankla iddiaçının qardaşı Asəf Mansurovun arasında razılaşma imzalanmışdır. Razılaşmanın 4-cü bəndinə əsasən, borclu ödənişlərini iki dəfə və daha çox gecikdirərsə, ödənişlərin 1 USD-1,7170 AZN məzənnəsi ilə hesablanması barədə şərt qüvvədən düşmüş hesab edilir. Bank bu Razılaşmaya birtərəfli qaydada xitam verməklə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 fevral 2016-cı il tarixli qətnaməsini icraya yönəldəcək, bununla əlaqədar borclu banka qarşı heç bir irad, pretenziya və iddia irəli sürmür, gələcəkdə də sürməyəcək. Hesab edir ki, razılaşma onun iştirakı olmadan yalnız Asəf Mansurovla imzalandığından və razılaşmanın şərtləri bankın varlanmasına və müştərilərin çətin vəziyyətə düşməsinə xidmət etdiyindən, həmin bənd ləğv edilməlidir. Bundan əlavə, cavabdeh bank tərəfindən ona qarşı kredit müqaviləsi üzrə qanunsuz hərəkətlərə yol verildiyinə görə zaminlik müqaviləsi də ləğv edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(006)-1056/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və onun xeyrinə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh bankın nümayəndəsi isə şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(006)-1056/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli 2(009)-694/2016 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər X3, İddiaçı və X1 müştərək qaydada 3804 ABŞ dolları 70 sent məbləğində əsas borc, 640 ABŞ dolları 50 sent məbləğində faiz borcu, 50 ABŞ dolları cərimə borcu və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Cavabdeh ASC ilə İddiaçı və X4 arasında bağlanmış 07.03.2015-ci il tarixli RBN-6370/MK_DEV saylı zaminlik müqavilələrinə əsasən zaminlər İddiaçı və X4 borclu X5 bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəlik götürmüşlər. İş materiallarında olan Cavabdeh ASC ilə X6 arasında bağlanmış 04 iyun 2020-ci il tarixli razılaşmadan görünür ki, borclu banka olan 934,07 ABŞ dolları borcun Mərkəzi Bankın məzənnəsi 1%-lə AZN valyutasında kredit borcunu məzənnə dəyişikliklərindən asılı olmayaraq və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat vəsaitin 36 müddətinə, hər ay bərabər hissələrlə ödənilməsi öhdəliyini üzərinə götürür və hər ayın 10dan gec olmayaraq 35 ayda 45 manat, 36-cı ay 28,80 manat+30 manat dövlət rüsumu olmaqla ödəyəcəkdir. Həmin Razılaşmanın 4-cü bəndinə əsasən borclu ödənişlərini iki dəfə və daha çox gecikdirərsə, ödənişlərin 1 USD-1,7170 AZN məzənnəsi ilə hesablanması barədə şərt qüvvədən düşmüş hesab edilir. Bank bu Razılaşmaya birtərəfli qaydada xitam verməklə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-694/2016 saylı iş üzrə 29 fevral 2016-cı il tarixli qətnaməsini icraya yönəldəcək, bununla əlaqədar borclu banka qarşı heç bir irad, pretenziya və iddia irəli sürmür, gələcəkdə də sürməyəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İş materiallarından göründüyü kimi hazırkı iş üzrə Cavabdeh ASC ilə X6, İddiaçı və X4 arasında kredit borcunun ödənilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırkı iddianın predmeti olan zaminlik müqaviləsinə hüquqi qiymət verilmiş və borcun əsas borclu ilə yanaşı, zaminlərdən də tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsinə mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyil. Cavabdeh ASC ilə X6 arasında bağlanmış 04 iyun 2020-ci il tarixli razılaşmanın 4cü bəndinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, həmin razılaşma yalnız borclunun vəziyyətinin yaxşılaşdırılması məqsədilə bağlanmış və razılaşmada iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal yoxdur. Bundan əlavə, kollegiya qeyd edir ki, İddiaçı həmin razılaşmanın tərəfi olmadığına görə razılaşmanın və ya onun ayrı-ayrı bəndlərinin ləğv edilməsi tələbini irəli sürə bilməz. Belə ki, Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin ləğv edilməsi tələbini yalnız müqavilənin tərəfi irəli sürə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(006)-1056/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar