Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5346/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: (mənəvi zərər tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(006)-2455/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı övladı olan X9 xx.xx.2020-ci il tarixdə Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində elektrik cərəyanının təsiri nəticəsində vəfat etmişdir. 2.İddiaçı oğlunun ölümündə cavabdehin əməkdaşlarının təqsiri olmasına əsaslanaraq, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehdən onun xeyrinə 35 000 manat məbləğində mənəvi zərərə görə pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, bu hadisə nəticəsində canının bir parçası, gözünün ağı-qarası oğlu X4 gənc yaşında itirmişdir. O, ürəyi yaralı bir ana kimi yaşadığı faciəni kəlimələrlə ifadə edə bilmir. Övladını hələ ömrünün baharında, 23 yaşında itirmişdir. Bir ana üçün öz övladının ölümünə şahidlik etmək qədər ağır bir faciə ola bilməz. Bu yaşlı vaxtında balasına bağladığı ümidləri bu hadisə ilə bir andaca məhv olmuşdur. Qeyd etmişdir ki, onlar Xaçmaz rayonu, Qımıl- Qışlaq kəndindəki evdə yaşamışlar. 2 qızını gəlin köçürmüş, onlar öz ailələri ilə birlikdə ayrı yaşayırlar. Arzusu o olmuşdur ki, bircə ən kiçik övladı, son beşiyi Yaqubun da ən xoş günlərini görmədən bu dünyadan köçməsin. Cavabdehin işçisinin təqsiri üzündən qismət olmamışdır. Bu yaşında oğlunu itirməklə çəkdiyi əzab-əziyyətlər onu davamlı sarsıdır. Həyat eşqi sönüb, sanki həyatının mənasını itirmişdir. Oğlunu min-bir əzab-əziyyətlə böyüdüb boya-başa çatdırmış, lakin önündə olan sevincli, xoş günlərini, toyunu, övladlarını görmədən onu itirmişlər. Bu ona sözlərlə əvəz edə bilməyəcəyi dərəcədə əzab verir. Oğlunun həyatda olmasını düşünmək onu aciz vəziyyətə salır və bu ona davamlı iztirab verir. Oğlu pis vərdişlərdən uzaq, zəhmətkeş olmuşdur. O vətənə borcunu verərək əsgərlik xidmətindən qayıtdıqdan sonra əzab əziyyətlə, fəhləlik etmişdir. Yay aylarında gilas bağlarında meyvə yığmaqla öz halal zəhməti ilə pul qazanaraq onlara, yəni yaşlı ata anasına baxmışdır. O, vəfat etdiyi ildə qonşuluqda yaşayan Yaşar Hüseynovun bağında işləyərək həm qonşuya kömək edir, həm də dolanışıqları üçün qazanc əldə etməyə çalışmışdır. Yoldaşı həmin gün birdən qışqırıq səsi eşitmiş, Yaşarın həyat yoldaşı Sevincmüəllimə ağlayaağlaya dərhal qonşuları haraylayaraq köməyə çağırmışdır. Yoldaşı qonşunun bağına tərəf keçəndə oğlu Yaqubun yerdə uzandığını, başının da Yaşarın oğlu Ramilin qucağında olduğunu görmüşdür. Oğlu sanki can verən kimi nəfəs almış, gözləri yumulmuşdur. Köməkləşib Yaqubu onun avtomobilinin arxa oturacaqlarına uzadaraq xəstəxanaya çatdırmaq istəsələr də oğlu keçinmişdir. Gənc oğlunun meyitini gətirmişlər. Həmin anları düşünəndə sarsılır, ürəyi parçalanır. Ana üçün gözünün ağı-qarası bircə oğlunu hadisənin sabahısı günü kənd qəbiristanlığında dəfn etməyi nə qədər ağır mənzərə olduğunu yəqin ki, hər kəs təsəvvür edir. Həmin gündən onun gözündə yaş qurumamışdır. Hadisə baş verən günün axşamı məlum olmuşdur ki, Yaqub bağda olan gilas ağacının yuxarı hissəsində olan meyvələri yığmaq üçün bağda olan dəmir nərdivanı ağaca söykəməyə çalışarkən nərdivanın yuxarı hissəsi bağın ərazisindən, ağacın yaxınlığından keçən yüksək gərginlikli elektrik hava xəttinə toxunduğundan onu elektrik cərəyanı vurması nəticəsində vəfat etmişdir. Oğlunun ölməsinə görə Xaçmaz rayon prokurorluğunda araşdırma aparılmış cavabdehin işçisi məculiyyətə cəlb edilmiş və cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, ittihama əsasən təqsirləndirilən şəxs X10 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X12 Təchizatı və Satışı İdarəsinin Xaçmaz Elektrik Şəbəkəsinin mühəndisi vəzifəsində işləyərkən, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə edilmiş şəxs kimi Xaçmaz rayonu, Qımıl-Qışlaq kənd sakini X5 məxsus bağ sahəsinin həmin ərazidən keçən 10 kvluq RTS Hava elektrik xəttinin mühafizə zonasında yerləşdiyi halda həmin elektrik hava xəttinin etibarlı işini təmin edilməsinə yönəldilmiş təmir və texniki xidmətlər, yəni texniki baxışlar, profilaktik yoxlamalar, cari və əsaslı təmirlər aparılmaqla hadisə baş verdiyi hissəsində elektrik naqillərinin normativ aktın tələblərinə uyğun hündürlükdə olmasını təmin və ağaclıq olan yerlərdə elektrik xəttinin işinin pozulmasına gətirə bilən ağac budaqların kəsilməsini təşkil etməməklə "Elektrik qurğularının quraşdırma qaydalan 2.4.37, 2.4.42, 2.5.107, 2.5.111 bəndlərinin və "Elektrik stansiyaları və şəbəkələrin texniki istismarı qaydaları"nın 5.7.1, 5.7.10, 5.7.11, 5.7.16, 5.7.19-cu bəndlərini tələblərini pozduğuna görə 16 iyun 2020-ci il tarixdə, saat 15 radələrində Xaçmaz rayonu, Qımıl-Qışlaq kənd sakini X3 həmin gilas bağında ağacın yuxarı hissəsində olan meyvəni yığmaq məqsədilə dəmir konstruksiyalardan hazırlanmış hündürlüyü 6 metr olan nərdivanı ağaca söykəmək istəyərkən nərdivanın üst hissəsinin yüksək gərginlikli elektrik hava xəttinə toxunması səbəbindən sağ ayaqaltı, sağ ayağın beşinci barmağı və sol ayağın ikinci barmağı nahiyələrində "elektrik nişanələri" xəsarətləri alaraq ehtiyatsızlıqdan hadisə yerində ölməsinə səbəb olmuş, bununla da, o, vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirmədiyindən səhlənkarlıq etmiş, əməli ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 1(067)-106/2021 nömrəli, 28 dekabr 2021-ci il tarixli hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddələri tətbiq edilməklə 2 il sınaq müddəti ilə cəzası şərti hesab edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 1(067)-106/2021 nömrəli hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən və ittihamdan görünür ki, hadisə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Bundan başqa hökmdən görünür ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 30 saylı rəyindən görünür ki, Yaqub Bağırovun meyitinin bədən səthində sağ ayaqaltı, sağ ayağın beşinci barmağı və sol ayağın ikinci barmağı nahiyələrində "elektrik nişanələri" vardır ki, bunlar da yüksəkgərginlikli elektrik cərəyanının təsirindən əmələ gəlmişdir. Yaqub Bağırovun ölümünə səbəb elektrik vurma olmuşdur, ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir. Y.Bağırovun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona mənəvi zərər dəymişdir. Oğlunu belə bir səhlənkar hadisə üzündən itirmək və baş verən hadisəni hər keçən gün xatırlamaq onun mənəvi iztirabını gündən-günə daha da dərinləşdirir. Yaşadığı acını sözlərlə ifadə etməkdə çətinlik çəkir. Onun üçün ən əziz olan, sevincini, kədərini paylaşdığı, gecələri yatmayıb sabaha qədər yuxusuz gecələrini verdiyi insanı itirmək ona unudulması mümkün olmayan davamlı əzab və iztirab verir. Bu hadisə onu dərindən sarsıdır, yaşama sevincini əlindən alıb, psixoloji cəhətdən ona çox böyük təsir edir. İndi onun yanında olmalı olan övladının hiss etmək istədiyi sevgisini ala bilməməsi acizliyini hiss etdirir, onu çox sarsıdır. Heç bir valideyn övladını belə faciəvi şəkildə itirməməlidir. Səhlənkarlığın və məsuliyyətsizliyinin əvəzini cavabdeh ödəməlidir. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə bağlı mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlərlə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ var. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum oğlunun ölümü nəticəsində keçirdiyi məyusluq, nigaranlıq, qeyri müəyyənlik, mənəvi sarsıntı, əzab, iztirab kimi halları nəzərə alaraq, ona dəymiş mənəvi zərər cavabdeh X13 Cəmiyyətindən alınaraq ona ödənilməlidir. 5.Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35.000.000 manat mənəvi zərərə görə kompensasiyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 27 iyun 2024-cü il tarixli, 2(006)-2455/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Nail Abbasov) iddianın qismən təmin edilməsi, "xxxx" ASC-dən mənəvi zərərə görə 30000 (otuz min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, "xxxx" ASC-dən 180 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 7.Xaçmaz Rayon Məhkəməsinin 1(067)-106/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X12 Təchizatı və Satışı İdarəsinin Xaçmaz Elektrik Şəbəkəsinin mühəndisi vəzifəsində işləyən X10 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhum olunması, ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasının 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilməsi hökm edilmişdir. 8.Hökmdən həmçinin müəyyən olunur ki, Yaqub Bağırovun ölümünə səbəb elektrik cərəyanının vurması olmuşdur. Dəyən zərər məhz cavabdeh "xxxx" ASC-nin işçisinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan, iddiaçının mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. 9.Məhkəmə hesab etmişdir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. 10.Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının yeganə oğlu ölmüşdür. İddiaçı oğlunun ölümü nəticəsində mənəvi sarsıntı keçirmişdir. Belə ki, iddiaçı hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. 11.Məhkəmə hesab etmişdir ki, cavabdehin işçisinin təqsiri üzündən iddiaçının oğlunun ölümü nəticəsində iddiaçı mənəvi və fiziki iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Lakin, mənəvi zərərin həcmi 35000000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 30000 manat məbləğində müəyyən edilməlidir. 12.Məhkəmə qeyd etmişdir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. 13.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096, 1097.1, 1099-cü; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü; maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarına; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3, 9.1.5-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.4, 14.2, 77.1, 217.4, 119.1, 124.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 14.Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin qismən-iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsinin və iddianın tam təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin qərarda eyni zamanda göstərilir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.Nəzərə alınmalıdır ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdirki, mənəvi təzminat tələb etmək hüququ olan şəxslərin dairəsinə ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığınınolduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. Həmin Qərarla belə nəticəyə gəlinmişdir ki, “ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrıayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir” Göründüyü kimi məhəkəmə zərəri və zərərin məbləğini müəyyən edərkən bir çox yuxarıda qeyd olunan məsələləri eyni zamanda nəzərə almalı və tətbiq etməlidir. Lakin tutulan məbləğin miqarı bizə onu deməyə əsas verir ki, məhkəmə ümumiyyətlə həmin məsələləri sadalamış, lakin nəzərə almamışdır. Bununla da maddi hüquq normasının pozuntusuna yol vermişdir. Bundan başqa zərərin məbləği müəyyən edilərkən, məhkəmələr bütün hallarda tərəflərin kimliyini, maddi vəziyyətlərini nəzərə alırlar. Hal-hazırda zərər ola bilsin ki, hüquq şəxsdən tutulduğu üçün məhkəmə belə böyük məbləğin tutulmasını qət etmişdir. Lakin nəzərə alınmalıdır ki, yekunda həmin məbləği işçi işəgötürənə ödəməldir. Yəni ki, bu tutulan və gələcəkdə tutulmalı olan bütün məbləği işçi ödəməlidir. Bu hal ümumiyyətlə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qanunla zərəri zərərçəkən özü qarşılamalıdır. Lakin qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.Lakin, bu o demək deyil ki, zərəri vuran şəxs məsuliyyətdən azad edilir. Zərərin əvəzini ödəyən şəxs həmin zərəri zərər vuran şəxsdən tələb edə bilər. Bu hal nəzərə alındığı zaman tutulan məbləğin kifayət qədər böyük olduğu qənaətinə gəlməyə əsas verir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya heç bir maddi yardım ödənilməmişdir. Cavabdehin bu işdə təqsiri yoxdur. 18.Əvvəlki məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməmiş, qətnamənin dəəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 19.Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı tərəf məhkəməyə gəlməmiş, nümayəndə işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 20.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 23.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 24.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
25. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 26.Maddə 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 27.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 28.Maddə 82.4.Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 29.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 31.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddianın təmin edilməyən hissəsindən iddiaçı apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32.Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 33.Belə ki, İddiaçı övladı olan X9 xx.xx.2020-ci il tarixdə Xaçmaz rayonu, Qımılqışlaq kəndində elektrik cərəyanının təsiri nəticəsində ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. 34.Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 35.Beləliklə işin mübahisəsiz halı olmaqla iş materiallarında olan qanuni qüvvəsini almış Xaçmaz Rayon Məhkəməsinin 1(067)-106/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən göründüyü kimi iddiaçının övladının elektrik cərəyanın təsiri nəticəsində ölməsində cavabdeh "xxxx" ASC-nin X12 Təchizatı və Satışı İdarəsinin Xaçmaz Elektrik Şəbəkəsinin mühəndisi vəzifəsində işləyən X7 təqsirli olduğu müəyyən edildiyindən qeyd olunan hökmlə 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasının 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilməsi hökm edilmişdir. 36.Kollegiya qeyd edir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (AR MM-nin 1099.1-ci maddəsi). İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (AR MM-nin 1099.2-ci maddəsi). 37.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarındaqeyd edilmişdir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. 38.Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının övladının ölümündə cavabdehin işçisinin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan, cavabdeh olan hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. 39.Kollegiya hesab edir ki, iddiaçının mənəvi zərər çəkməsinin müəyyən edilməsinin də iş üçün əhəmiyyəti vardır. 40.İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçının öz doğma övladını (23 yaşlı tək oğlan övladını) itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, həyata ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. 41.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. 42.Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 43.Beləliklə, kollegiya hesab edir ki, şərh edilən hallar iddiaçının ən yaxın ailə üzvü hesab edilən övladının ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. 44.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. 45.Həmçinin həmin Qərarda qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. 46.Kollegiya işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərəri gənc 23 yaşında vəfat edən tək oğul övladının ölümünə görə tələb edir. İddiaçının hal-hazırda 60 yaşı olmaqla, yenidən onun oğlan uşağı dünyaya gətirməsi real görünmür. Ailə, məkanından və milliyətindən asılı olmayan bütün cəmiyyətlərin özəyi, milli və mənəvi dəyərlərin daşıyıcısı hesab edilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyası ailənin dövlətin xüsusi himayəsində olmasını təsbit etmişdir. 47.Göründüyü kimi, cavabdeh "xxxx" ASC-nin əməkdaşının səhlənkarlığı, işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının yeganə gənc oğlunun ölümü ilə nəticələnən hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh "xxxx" ASC-nin əməkdaşının "xxxx" ASC-nin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. 48.Həmçinin cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya heç bir yardım göstərilməmişdir. Bunanla yanaşı məhkəmə qaydasında iddiaçının digər ailə üzvlərinin mənəvi zərərlə bağlı tələbləri olmamışdır. 49.Beləliklə, işin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh təşkilatın əməkdaşlarının təqsirli hərəkəti nəticəsində iddiaçının övladının ölməsi iddiaçının yüksək dərəcədə mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. 50.Kollegiya hesab edir ki, oğlunun ölümü nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər. 51.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iş üzrə məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq iddianın qismən təmin edilməsi ilə bağlı mövqeyini qanuni və əsaslı hesab edir. 52.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(006)-2455/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 53.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 54.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 55.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 56.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 57.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(006)-2455/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər...
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Günay Axundova
Fərrux Qasımov