Məhkəmə qərarları › İş №2(103)-535/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-535/2024

29.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-535/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)- 80/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MMC-nin verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixə kimi "xxxx" MMC-də operator vəzifəsinə işləmişdir.

İş üzə qəbul olunmuş məhkəmə aktı

2. İddiaçı Cavabdeh MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh MMC-də işlədiyi dövr ərzində əmək haqqına əlavə kimi hesablanıb ödənilməyən pul məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2006-cı il tarixdə "xxxx" MMC-də operator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixə kimi bu müəssisədə eyni vəzifədə çalışmışdır. İş yeri dənizdə görülən işlərin icrası ilə bağlı olmuş, "xxxx" MMC-nin Dəniz portunda olmuşdur. Dəniz portunun sahillə quru yol əlaqəsi olmuşdur. İş təlimatına əsasən onun işi səpələnən materiallar və qazma məhlulları zavodundakı əməliyyatları təhlükəsiz yerinə yetirmək, qazma və duzlu məhlulların tələb olunan xüsusiyyətlərə əsasən hazırlanmasına əmin olmaq, müvafiq duzlu məhlulları və səpələnən materialları tələb olunan qaydada gəmilərə təhlükəsiz yükləmək, təchizat gəmilərindən gələn qazma və duzlu məhlulları müvafiq olaraq qəbul etmək və s. olmuşdur. Onun iş şəraiti əmək şəraiti ağır və zərərli olan işlərdə, habelə iqlim şəraitinə görə əlverişli olmayan iş yerlərində çalışan işçilərin iş şəraiti ilə eyni olmuşdur. İşdən çıxmamışdan bir neçə gün öncə ona məlum olmuşdur ki, cavabdeh onun iş yerinin məhz dənizdə yerləşməsinə görə, yəni sahillə quru yol əlaqəsi olmasına görə vəzifə maaşının 40%-i məbləğində əlavə dəniz əmsalı, habelə əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq 8% (orta səviyyə) zərərlilik əmsalı tətbiq edərək əmək haqqı ödəməli imiş. Bundan sonra o, bu məsələni araşdırmağa başlamışdır. İşəgötürənə bu barədə rəsmi ərizə ilə müraciət edərək illərdir ödənilməyən əlavəsinin ödənilməsini tələb etmişdir. Lakin işəgötürən tərəfindən ona belə bir cavab verilmişdir ki, guya ona qeyd olunan əlavə ödənilməməlidir. Təbii ki, o, buna etiraz edərək əməyinin istismar olunduğunu bildirmişdir. Belə ki, onun iş yeri sahillə quru yol əlaqəsi olan və dənizdə yerləşən obyektdə olmuşdur. Məlumat üçün bildirir ki, pandemiya dövründə zəruri iş sahələrinin fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün işəgötürən tərəfindən ona hərəkət etmək üçün arayış verilmiş, xx.xx.2020-ci il tarixli həmin arayışda da iş yeri Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi (Balıqçılar küçəsi), X4 Sahil Liman yanalma körpüsü kimi qeyd olunmuşdur. Bundan sonra, ona təzyiqlər edilmiş və məcburiyyət qarşısında qalaraq öz xahişi ilə işdən azad olunmuşdur. Təbii ki, ziddiyyətli məqamlar onun X3 ərizə ilə elektron qaydada şikayət ünvanlamasına səbəb olmuşdur. X6 xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, həqiqətən o, işdən çıxan zaman son haqqhesabı düzgün hesablanıb ödənilməmişdir. Buna görə də "xxxx" MMCnin baş direktoru barəsində İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin, məktubda "xxxx" MMC-nin Sahil qəsəbəsi, Balıqçılar küçəsində yerləşən Təchizat bazasının dənizdə yerləşməsi barədə onun və ya cəmiyyətin rəhbərliyi tərəfindən hər hansı təsdiqedici sənədlərin təqdim edilmədiyi bildirilmişdir. Təbii ki, o, inzibati araşdırmanın bu cür yarımçıq və natamam aparılmasından narazı qalmışdır. Çünki, o, 15 il məhz bu ərazidə. yəni dənizin içində işləmişdir. Elmi texniki imkanların inkişaf etdiyi bir dövrdə onun iş yerinin yerləşdiyi ərazinin güzəşt nəzərdə tutulan ərazidə yerləşməsinin dəqiqləşdirilməsinin işçinin üzərinə qoyulmasını düzgün hesab etmir. İşəgötürən isə təbii ki, lazımi informasiyanın düzgün təqdim olunmasında maraqlı olmamışdır. Bütün bu olanların fonunda baş verənlər onun əmıək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Hüquqlarının məhkəmə qaydasında müdafiəsinə zərurət yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirmək istəyir ki, onunla eyni yerdə, yəni Qaradağ rayonu, Sahil qəsəbəsi ünvanında yerləşən X4 Sahil Liman yanalma körpüsündə X9 Trestinə məxsus istehsalat sahəsində çalışan işçilərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmək haqqına əlavə ödənişlərin (dəniz əmsalının və zərərli işə görə əlavənin) edilib-edilməməsi ilə bağlı sorğu verilmiş, X9 Trestinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə qeyd olunan iş yerində işləyən işçilərə 40% dəniz əmsalı və əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq 8% (orta səviyyə) zərərlilik əmsalı tətbiq edildiyi barədə məlumat verilmişdir. Göründüyü kimi, eyni şəraitdə olan işçilərə qeyd olunan əlavələr (həm dəniz əmsalına, həm zərərlilik əmsalına görə) ödənildiyi halda, cavabdeh tərəfindən ona həmin əlavələr ödənilməmiş və işlədiyi dövr ərzində əmək hüquqları pozulmuşdur. Bu səbəbdən o, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir.

4. . Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-80/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh MMC-də işlədiyi dövr ərzində İddiaçı əmək haqqına əlavə kimi ödənilməmiş məbləğin (Xəzər dənizində yerləşən və sahillə quru yol əlaqəsi olan obyektdə işlədiyinə görə tarif (vəzifə) maaşına 1,4 artım əmsalı nəzərə alınmaqla) hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilməsi, iddia qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçı 50 (əlli) manat, Cavabdeh MMC-dən 50 (əlli) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı: X1, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Mütəxəssis rəyinə görə ödənilmiş xidmət haqqının yarısını təşkil edən 47,5 manat (qırx yeddi manat əlli qəpik) məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinə 2-ci Əlavədə qeyd olunan hallar işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri ilə əlaqədar olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 saylı Qərarının 4-cü bəndində nəzərdə tutulan iş yerində faktiki işləyən işçilərin əmək haqqına əlavənin ödənilməsi üçün 2-ci Əlavədəki şərtlərin mövcudluğunun zəruriliyi barədə dəlil əmək qanunvericiliyinə və məntiqə ziddir. Bundan əlavə, cavabdeh tərəfdən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyindən, əmək haqqına əlavənin iddiaçının işlədiyi bütün dövr üçün ödənilməsinin düzgün olmadığı barədə dəlil də əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 299-cu maddəsinə əsasən, fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mülki iş üzrə sübutlara, o cümlədən 21 dekabr 2018-ci il tarixli "xxxx" MMC-də zərərli istehsalat amillərinin ölçülməsi haqqında protokolun, xx.xx.2018-ci il tarixli əmək şəraiti üzrə iş yerinin attestasiyasının 54 nömrəli xəritəsinin surətlərinə, X7 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022- ci il tarixli məktubuna əsasən məhkəmə müəyyən edir ki, iddiaçının işlədiyi iş yerinin əmək şəraiti ağır və zərərli iş yeri olması sübuta yetirilmədiyindən, iddia tələbi iddiaçının əmək haqqına əmək şəraiti ağır və zərərli iş yerinə görə artımın ödənilməsi hissəsində əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi” haqqında 22 avqust 2002-ci il tarixli, 137 saylı Qərarının 1-ci bəndinin tələbinə əsasən, həmin artımlar iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olduğu müəyyən edilən iş yerlərində çalışan işçilərə tətbiq edilir

6. Qətnamədən İddiaçı və Cavabdeh MMC apellyasiya şikayəti vermişdir.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

7. İddiaçı məhkəmə iclasında bildirdi ki, aralarında razılıq əldə ediblər və barışıq sazişi tərtib olundu. Barışıq sazişinin hüquqi nəticələri aydındır və təsdiq edilməsini xahiş edir.

8. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 məhkəmə iclasında bildirdi ki, barışıq sazişinin hüquqi nəticələri aydındır, təsdiq edilməsini xahiş edir.

9. Məhkəmə iclasında təqdim edilmiş tərəflər arasında bağlanmış barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyən edilmişdir:

1. İddiaçının öhdəlikləri: İddiaçı Cavabdehə qarşı “əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi” tələbinə dair iddiadan imtina edir; İddiaçı gələcəkdə Cavabdehə və ya onun ortaq şirkətlərinə qarşı İddiaçı və Cavabdeh arasında mövcud olmuş əmək münasibətləri, əmək haqqı və onunla əlaqəli digər məbləğlərə dair hər hansı iddia irəli sürməyəcəyi barədə üzərinə öhdəlik götürür; İddiaçı Cavabdehə qarşı irəli sürülən iddia tələbi, Məhkəmə işi və Barışıq sazişi barədə bütün məlumatların məxfiliyinə tam əməl edir və məlumatların məxfiliyinə əməl etməməsi ilə bağlı Cavabdehə dəyəcək bütün maddi ziyan üçün tam maddi məsuliyyət daşıyır;

2. Cavabdehin öhdəlikləri: Məhkəmə işinin qurtarması Barışıq sazişinin bağlanması müqabilində Cavabdeh İddiaçıya 79.000,00 (yetmiş doqquz min) manat məbləğində pul vəsaitini İddiaçının aşağıda göstərilən hesabına ödəməyi öhdəsinə götürür: Ad: İddiaçı İBAN: AZ97 AZRT 4101 0019 4402 0414 8012 Bank: Azər-Türk Bank” ASC-nin rəqəmsal filialı Ünvan: Bakı şəhəri, Asif Məhərrəmov küçəsi 99 SWİFT: AZRTAZ22 VÖEN: ********** Kod: 513207 Müxbir hesab: AZ02 NABZ 0135 0100 0000 0002 2944

Yuxarıda göstərilən, Cavabdeh tərəfindən ödəniləcək, pul vəsaitinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tətbiq edilən bütün vergilər və digər ödənişlər daxildir və Cavabdeh qanunvericiliklə tələb edilən vergi və digər ödənişləri Azərbaycan Respublikasının dövlət büdcəsinə ödədikdən sonra yerdə qalan məbləği İddiaçının bank hesabına nağdsız qaydada ödəyir; Cavabdeh bu Barışıq sazişində qeyd edilən ödənişi Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən və qanuni qüvvəyə mindikdən sonra 20 iş günü ərzində ödəyir.

3. Tərəflərin bu Sazişdə göstərilən öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsinə görə bu Sazişin şərtlərinə və qaydalarına və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. (Maddə 881.3)

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər.

12. Həmin Məcəllənin 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

13. Məcəllənin 261.0.5-ci maddəsində qeyd edilir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsində qeyd edilir ki, iş üzrə icraata xitam verilməsi barədə məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər

15. Məcəllənin 384.0.5-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

16. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-80/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflərin məhkəməyə təqdim etdikləri aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. İddiaçının öhdəlikləri: İddiaçı Cavabdehə qarşı “əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi” tələbinə dair iddiadan imtina edir; İddiaçı gələcəkdə Cavabdehə və ya onun ortaq şirkətlərinə qarşı İddiaçı və Cavabdeh arasında mövcud olmuş əmək münasibətləri, əmək haqqı və onunla əlaqəli digər məbləğlərə dair hər hansı iddia irəli sürməyəcəyi barədə üzərinə öhdəlik götürür; İddiaçı Cavabdehə qarşı irəli sürülən iddia tələbi, Məhkəmə işi və Barışıq sazişi barədə bütün məlumatların məxfiliyinə tam əməl edir və məlumatların məxfiliyinə əməl etməməsi ilə bağlı Cavabdehə dəyəcək bütün maddi ziyan üçün tam maddi məsuliyyət daşıyır; 2.Cavabdehin öhdəlikləri: Məhkəmə işinin qurtarması Barışıq sazişinin bağlanması müqabilində Cavabdeh İddiaçıya 79.000,00 (yetmiş doqquz min) manat məbləğində pul vəsaitini İddiaçının aşağıda göstərilən hesabına ödəməyi öhdəsinə götürür: Ad: İddiaçı İBAN: AZ97 AZRT 4101 0019 4402 0414 8012 Bank: Azər-Türk Bank” ASC-nin rəqəmsal filialı Ünvan: Bakı şəhəri, Asif Məhərrəmov küçəsi 99 SWİFT: AZRTAZ22 VÖEN: ********** Kod: 513207 Müxbir hesab: AZ02 NABZ 0135 0100 0000 0002 2944

Yuxarıda göstərilən, Cavabdeh tərəfindən ödəniləcək, pul vəsaitinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tətbiq edilən bütün vergilər və digər ödənişlər daxildir və Cavabdeh qanunvericiliklə tələb edilən vergi və digər ödənişləri Azərbaycan Respublikasının dövlət büdcəsinə ödədikdən sonra yerdə qalan məbləği İddiaçının bank hesabına nağdsız qaydada ödəyir; Cavabdeh bu Barışıq sazişində qeyd edilən ödənişi Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən və qanuni qüvvəyə mindikdən sonra 20 iş günü ərzində ödəyir. 3.Tərəflərin bu Sazişdə göstərilən öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsinə görə bu Sazişin şərtlərinə və qaydalarına və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar