Məhkəmə qərarları › İş №2(103)-5354/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5354/2022

20.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5354/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Quliyeva Vəfa Oruc qızına, Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinə və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: qanuni istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinə və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinə qarşı “qanuni istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-82/2022 saylı, 20 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı məcburi köçkün kimi 2013-cü ildə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni qəsəbə, bina 8, ev 57-də məskunlaşmışdır.

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni qəsəbə, bina 8, ev 53-də məskunlaşmış, onunla qonşuluqda, alt mərtəbədə yaşayan məcburi köçkün Cavabdeh1 ümumi birgə yaşayış qaydalarını pozaraq mütəmadi olaraq bilərəkdən narahatlıqlar yaradır, dava-dalaş salaraq qəsdən münaqişə yaradır, qonşularla onu dalaşdırmağa çalışır, söz-söhbət yaradır, demək olar günaşırı günün istənilən vaxtı drel, çəkic, laqonda işlədir, vurubdağıdır, qanunsuz hərəkətlər edir, gecə yarı tanımadığı adamlara qapısını döydürtdürür, haqqında nalayiq fikir formalaşdırır, dəfələrlə mənzilinə və səhhətinə ziyan vurub, səs-küy edir, nalayiq ifadələr işlədir.

3. İddiaçı həmçinin qeyd etmişdir ki, cavabdeh Vəfa Quıiyeva onun mənzilinə gələn su borularını bilərəkdən kəsərək, təzyiq göstərməklə mənzilinə gələn suya problem yaratmaqla, onu aylarla hədsiz gərgin vəziyyətdə qoymuşdur və ona mənəvi zərər dəymişdir. Nəticədə səhhətində ciddi problemlər yaranmış, belə ki, bu problem uzun müddətdir davam etdiyindən güclü əsəb yorğunluğuna məruz qalmış, hiporteniyadan əziyyət çəkməkdədir. Keçirdiyim əsəb və sarsıntıya görə qanda şəkəri artmış, həkimə müraciət etmiş, müalicələr almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinə və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinə qarşı “qanuni istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 tərəfindən onun istifadəsinə verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni qəsəbə bina 8 ev 57 nömrəli mənzilə gələn su təchizatına yaradılmış maneələrin, qeyri-qanuni olaraq qoyulmuş ventillərin götürülərək aradan qaldırılması, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin nəzdində Mənzil İstismar Departamenti və Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsi (Məcburi köçkün şəhərəciyi üzrə) tərəfindən xx.xx.2013-cü il tarixli kirayə müqaviləsi üzrə mənzilə lazımi keyfiyyətlə su təchizatının xidmətlərin göstərilməsini təmin etmək öhdəliyinin icra edilməsi, cavabdehlər Cavabdeh1, Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsi (Məcburi köçkün şəhərəciyi üzrə) tərəfindən ona dəymiş 3.000 manat maddi və 3.000 manat mənəvi ziyana görə kompensasiyanın, 500 manat hüquqi xidmətə görə ödənilmiş pul vəsaitinin müştərək qaydada alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, məcburi köçkün kimi 2013-cü ildən isə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni qəsəbə, bina 8, ev 57-də məskunlaşmışdır. Həmin məcburi köçkün şəhərciyində yaşayan, onunla qonşu qadın olan Cavabdeh1 (53-cü mənzil) ümumi birgə yaşayış qaydalarını pozaraq mütəmadi olaraq bilərəkdən narahatlıqlar yaradır, dava-dalaş salaraq qəsdən münaqişə yaradır, qonşularla onu dalaşdırmağa çalışır, söz-söhbət yaradır, demək olar günaşırı günün istənilən vaxtı drel, çəkic, laqonda işlədir, vurub-dağıdır, qanunsuz hərəkətlər edir, gecə yarı tanımadığı adamlara qapısını döydürtdürür, haqqında nalayiq fikir formalaşdırır, dəfələrlə mənzilinə və səhhətinə ziyan vurub, səs-küy edir, nalayiq ifadələr işlədir. O, artıq 7 ildən çoxdur ki, bu acınacaqlı vəziyyət içərisində yaşayır. O, məsələ ilə bağlı Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal istismar Sahəsinə, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinə, Qaradağ Rayon Polis İdarəsinə, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinə, iki dəfə isə məcbur qalaraq DİNə şikayətlər etmiş, lakin müsbət nəticə verməmişdir. Cavabdeh1 onun mənizilinin alt mərtəbəsində yerləşən evdə yaşayır. Cavabdeh, 2021-ci ilin mart ayının 16-da mənzilinə gələn su borularının sonuncunun mənzilinin su şaxtasından keçən hissəsini (isti və soyuq olmaqla hər iksini) bilərəkdən qıraraq, zədələmiş, nəticədə evinə 5 gün su gəlməmiş və o, eləcə də, blokda olan digər qonşular tamamilə susuz qalmışlar. O, yaranmış narazılıqla bağlı yaşadığı sahənin MİS-nə müraciət etsə də, MİS heç bir tədbir görə bilməmiş, məcbur qalıb DİN-in qaynar 102 xəttinə müraciət edəndən sonra, Qaradağ RPİ 10-cu PB-dən sahə müvəkkili və inspektor hadisə yerinə gəlmişlər. Müraciəti əsasında Mənzil İstismar Sahəsinin ustası gəlmiş, polisə şikayət etdikdən sonra Cavabdeh1 mənzilə ustanı buraxmış, su borusu təmir edilərək bərpa edilmiş, lakin usta Arzu Əliyev və MİS-in rəisinin köməkçisi Üzeyir Quliyevin bildirdiyinə görə, Cavabdeh1 onları məcbur edərək mənzilinə gələn su borularına özbaşına olaraq ventil qoyduraraq evinə gələn suyu nizamlamağı öz əlinə almışdır. Buna görə də, evinə yenə də su az gəlir və ya heç gəlmir, hər gün suyu bağlayaraq Cavabdeh1 mənzilinə normal suyun gəlməsinə qəsdən maneə yaradır. Şikayətləri heç bir nəticə verməmişdir. Mənzilinə gələn su borularının Cavabdeh1 tərəfindən qırılmasına dair akt iddia ərizəsinə əlavə edilir. Aktda deyilir ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni qəsəbə bina 8 ev 53 nömrəli mənzildə məskunlaşan Cavabdeh1 yaşadığı mənzilin şaxtasından keçən binanın ümumi istilik və su borularını özbaşına kəsərək binanın zirzəmisinin su ilə dolmasına, su sayğacının zədələnməsinə, digər qonşuların istilik və su təchizatına problem yaratmışdır. Polis Bölməsində izahatı alınan Cavabdeh1 bildirmişdir ki, onun mənzilinə gedən su borusunu ona görə kəsmişdir ki, onun mənzilimdən sonuncunun mənzilinə su axmışdır. Cavabdeh bu barədə ona xəbərdarlıq edə bilərdi. Bunun əvəzində su borusunu qırmışdır. Onun mənzilində su sızma kimi problem yoxdur. Dəfələrlə mütəxəssis gətirməklə müayinə etdirmişdir. Bildirilib ki, heç bir su sızma üçün şərait mövcud deyildir. Su sızmaya Cavabdeh1 özü şərait yaradır. Belə ki, suya qeyd etdiyi kimi borunu kəsərək, nasazlıq yaradaraq, qəsdən qanunsuz olaraq ventil qoyaraq mənzilinə gələn suyun azalmasına səbəb olur. O, vanna otağında istifadə etmək üçün suyu açanda, su o dərəcədə zəif gəlir ki, su qab dolana kimi, su qaba deyil divarla süzülür. İstər-istəməz bu da nəmlənməyə səbəb olur. Bu vəziyyət xeyli müddət baş verdiyinə və problem yaratdığına görə bu barədə dəfələrlə MİS-ə müraciət etməsinə baxmayaraq müxtəlif bəhanələrlə problemlə maraqlanmamışlar. Məhz Cavabdeh1 bu cür qanunsuz hərəkəti ona maddi və mənəvi zərər vurmuşdur. O, Məcburi Köçkünlər Şəhərciyi MKİS-ə müraciət etmişdir ki, onun sudan istifadəsinə yaranmış maneənin qarşısını alsınlar, ona şərait yaratsınlar. X5 Şəhərciyi MKİS üzərinə düşən vəzifələri yerinə yetirmir. Belə ki, Məcburi Köçkünlər Şəhərciyi MKİS su və istilik borularının kəsilməsi barədə aktı "xxxx" ASC və "xxxx" ASC-yə göndərmişdir. Həmin idarələr isə məsələnin Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinə və MKİS-in özünə aid olduğunu bildirərək problem ilə maraqlanmamışlar. Hazırda onun mənzilinə yenə də su zəif gəlir, yaxud da heç gəlmir. Problemin ciddi tərəfi ondadır ki, Cavabdeh1 öz mənzilindəki şaxtasında qəsdən qeyri-qanuni olaraq onun mənzilinə aid su borularına ventil qoymaqla, hər gün suyu gah tamamilə bağlayıb onu susuz qoyur, gah da azaldaraq suyun hələ də onun mənzilinin divarlarına, oradan da onun evinin divarlarına suyun axmasına səbəb olur. Evinin divarlarının nəm çəkməsinə, divar kağızlarının aralanmasına, kif bağlamasına, divarların çürüməsinə və vanna otağının tamamilə bərbad vəziyyətə düşməsinə səbəb olmuşdur. Cavabdeh1 bu kimi hərəkətləri isə açıq-aşkar ciddi münaqişəyə şərait yaratmşdır. Onun müraciətləri ilə aidiyyəti şəxslər maraqlanıb həll etmirlər. O da, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, qonşu Cavabdeh1 ümumi birgə yaşayış qaydalarını və qonşuluq hüququnu pozur. Onun sudan istifadəsinə əsassız müdaxilə edir, maneə törədir, problemlər yaradır. MKİS-lər məcburi köçkünlərin binaların mühəndis-kommunikasiya sistemlərinin texniki vəziyyətinə nəzarəti təmin etməklə yanaşı, qəsəbələrin və yaşayış komplekslərinin ərazisində yaşıllaşma, abadlıq, işıqlandırma, məişət tullantılarının daşınması, mənzil kirayəçilərinin qaldırdıqları məsələnin həlli istiqmətində əməli tədbirlər görürlər. Əsas vəsaitin qeydiyyatı, balansda olan xüsusi texnikanın saz-işlək vəziyyətdə saxlanılması, su, qaz, elektrik təchizatının fasiləsiz verilməsinə nəzarət də mənzilkommunal istismar sahələrinin öhdəliklərinə daxildir. Bu həmçinin kirayəyəverən Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin nəzdində Mənzil İstismar Departamenti ilə onun arasında bağlanmış 2013-cü il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinə dair kirayə müqaviləsinin 2.2.4-cü bəndinə əsasən kirayəçiyə lazımi keyfiyyətlə kommunal xidmətlərin göstərilməsini təmin etmək və göstərilən kommunal xidmətlərin keyfiyyətlərinə nəzarət etmək kirayəyəverənin vəzifəsidir. Müqavilənin 4.1-ci bəndinə əsasən kirayəyəverən və kirayəçi bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Lakin Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsi (Məcburi köçkün şəhərciyi üzrə) və Azərbaycan Respublikası Qaçqınların və X2 izrə Dövlət Komitəsinin nəzdində Mənzil İstismar Departamenti öz üzərinə düşən vəzifələri yerinə yetirmir. Onun istifadəsində olan mənzilə gələn su təchizatının fasiləsizliyinə, normal gəlməsinə şərait yaradılmır. Onun mənzildən istifadə hüququ kobud şəkildə pozulur və təminatına şərait yardılmır. Buna görə də, istifadəsində olan mənzilə gələn su təchizatına yaradılmış süni maneələrin (qeyri-qanuni olaraq özbaşınalıqla qoyulmuş ventillerin) məhkəmə qaydasında aradan qaldırılması zəruridir. Onun hüquqlarının bərpası üçün müraciətləri heç bir səmərə verməmişdir. Hüquqlarının pozulması nəticəsində sarsıntı keçirmiş, qanda şəkər səviyyəsi artmış, narahatlıqlar keçirmişdir. Cavabdehlər tərəfindən hüquqlarının məhdudlaşdırılması ona mənəvi zərər yetirilməsi ilə nəticələnmişdir. O, hüquqlarının bərpası üçün ədalət mühakiməsinə müraciət etməli olmuşdur.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-82/2022 saylı, 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinə və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinə qarşı “qanuni istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiasının rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, məhkəmə sorğusuna əsasən Bakı şəhəri Qaradağ rayon MKİS-dən məhkəməyə daxil olmuş 076 saylı, 16 iyul 2021-ci il tarixli məktubda (İ.vər. 50) qeyd edilmişdir ki, iddiaçının mənzilindən cavabdehin mənzilinə su axıntısı müşahidə olunur, MKİS-in işçiləri problemin həll edilməsi, araşdırılması üçün həmin mənzilə getsələr də, iddiaçı işçiləri mənzilə buraxmamış, təmir etməyə şərait yaratmamışdır. Bu zəmində iddiaçı ilə cavabdeh arasında münasibətlər pozulub, cavabdeh mənzilinə su axıdıldığına görə 17 mart 2021-ci il tarixdə iddiaçının mənzilinə gedən su borusunu qırmışdır, 18 mart 2021-ci il tarixdə xətt bərpa olunmuşdur. Sakinlərin isti suya görə ödəniş etməməsi səbəbindən "xxxx" ASC tərəfindən qəsəbəyə verilən isti su təchizatı tamamilə dayandırılmışdır. Soyuq su ilə bağlı saat 01-dən 03-dək məhdudiyyət qoyulub, qalan 22 saat ərzində bütün sakinlər məhdudiyyətsiz içməli su ilə təmin olunur. Cavabdehin mənzilinə baxış keçirilib və iddiaçının mənzilinə gedən su xəttlərində hər hansı ventil aşkar edilməyib və s.

8. Məhkəmə həmçinin hesab etmişdir ki, Göründüyü kimi, Cavabdeh1 tərəfindən iddiaçının yaşadığı mənzilə gələn su xəttinə hər hansı müdaxilə edilməmiş, ventil quraşdırılmamışdır, suyun təzyiqinin zəif olması cavabdehlərin hüquqa zidd hərəkət və yaxud hərəkətsizliyi ilə bağlı deyildir, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir, odur ki, iddia rədd edilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 214.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: b) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

11. Apelyasiya şikayətində göstərilmişdir ki, 2013-cü ildən isə Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Yeni qəsəbə, bina 8, ev 57 nömrəli mənzildə məskunlaşmışdır. Həmin Məcburi köçkün şəhərciyində yaşayan, onun mənizilinin alt mərtəbəsində yerləşən qonşusu qadın olan Cavabdeh1 (53-cü mənzil) ümumi birgə yaşayış qaydalarını pozaraq, mütəmadi olaraq bilərəkdən ona narahatlıqlar yaradır. Cavabdeh 2021-ci ilin mart ayının 16-da mənzilinə gələn su borularının onun mənzilinin su şaxtasından keçən hissəsini (isti və soyuq olmaqla hər iksini) bilərəkdən qıraraq, zədələmişdir. Nəticədə evinə 5 (beş) gün su gəlməmiş, o, eləcə də, blokda olan digər qonşular tamamilə susuz qalmışdır. Müraciəti əsasında Mənzil İstismar Sahəsinin ustası gəlmiş, polisə şikayət etdikdən sonra Cavabdeh1 mənzilə ustanı buraxmış, su borusu təmir edilərək bərpa edilmiş, lakin usta Arzu Əliyev və MİS-in rəisinin köməkçisi Üzeyir Quliyevin bildirdiyinə görə, Cavabdeh1 onları məcbur edərək mənzilinmə gələn su borularına özbaşına olaraq ventil qoyduraraq evinə gələn suyu nizamlamağı öz əlinə almışdır. Buna görə də evinə yenə də su az gəlir və ya heç gəlmir, hər gün suyu bağlayaraq Cavabdeh1 mənzilinə normal suyun gəlməsinə qəsdən maneə yaradır. Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsi (Məcburi köçkün şəhərəciyi üzrə) və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin nəzdində Mənzil İstismar Departamenti öz üzərinə düşən vəzifələri yerinə yetirmir. Onun mənzilinə gələn su təchizatının fasiləsizliyinə, normal gəlməsinə şərait yaradılmır, mənzildən istifadə hüququ pozulur və təminatına şərait yardılmır. Buna görə də Cavabdeh1 təzyiqi ilə yaradılmış süni maneənin məhkəmə qaydasında aradan qaldırılması zəruridir. Cavabdeh Vəfa Quıiyeva problem yaratmaqla, onu aylarla hədsiz gərgin vəziyyətdə qoymuşdur və ona mənəvi zərər dəymişdir. Nəticədə səhhətində ciddi problemlər yaranmış, belə ki, bu problem uzun müddətdir davam etdiyindən güclü əsəb yorğunluğuna məruz qalmış, hiporteniyadan əziyyət çəkməkdədir. Keçirdiyim əsəb və sarsıntıya görə qanda şəkəri artmış, həkimə müraciət etmiş, müalicələr almışdır. Cavabdehlər onunn şərəf və ləyaqətini alçatmış, mənəvi zərər vurulmuşdur. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:

13. Məhkəmə iclasında iştirak edən İddiaçı verdiyi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsinin və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil istismar departamentinin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri:

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Hazırki iş üzrə apelyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 21.1: Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2: Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Maddə 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, kassasiya məhkəməsinin hüquqi mövqeini nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsaslanaraq hesab etmişdir ki, İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

34. Birinci instansiya məhkəməsinin qətnaməsilə razılaşmayan iddiaçının apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Cavabdeh1 onun mənzilinə gələn su borularına özbaşına olaraq ventil qoyduraraq evinə gələn suyu nizamlamağı öz əlinə almış, buna görə evinə su az gəlir və ya heç gəlmir, hər gün suyu bağlayaraq Cavabdeh1 mənzilinə normal suyun gəlməsinə qəsdən maneə yaradır. Bakı şəhəri Qaradağ rayon Mənzil Kommunal İstismar Sahəsi (Məcburi köçkün şəhərəciyi üzrə) və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin nəzdində Mənzil İstismar Departamenti öz üzərinə düşən vəzifələri yerinə yetirmir, onun mənzilinə gələn su təchizatının fasiləsizliyinə, normal gəlməsinə şərait yaradılmır, mənzildən istifadə hüququ pozulur və təminatına şərait yardılmır. Vəfa Quıiyeva problem yaratmaqla, onu aylarla hədsiz gərgin vəziyyətdə qoymuşdur və ona mənəvi zərər dəymişdir. Nəticədə səhhətində ciddi problemlər yaranmış, belə ki, bu problem uzun müddətdir davam etdiyindən güclü əsəb yorğunluğuna məruz qalmış, hiporteniyadan əziyyət çəkməkdədir. Keçirdiyim əsəb və sarsıntıya görə qanda şəkəri artmış, həkimə müraciət etmiş, müalicələr almışdır. Cavabdehlər onunn şərəf və ləyaqətini alçatmış, mənəvi zərər vurulmuşdur.

35. Məhkəmə kollegiyası iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə üzrə verilmiş apelyasiya şikayətini nəzərə alaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

36. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır.

37. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

38. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

39. Hazırda İddiaçı Cavabdeh1 onun mənzilinə normal suyun gəlməsinə qəsdən maneə yaratdığını, cavabdehlərin onun şərəf və ləyaqətini alçatmasını, ona mənəvi zərər vurulduğunu bildirsə də, bunu təsdiq edən heç bir sübutu nə birinci insatansiya məhkəməsinə, nədə ki, apelyasiya məhkəməsinə təqdim edə bilməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər.

40. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən söhbət gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

42. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

43. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93).

44. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

45. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası həmin dəlillərə də münasibət bildirməyi zəruri hesab etmir.

46. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-82/2022 saylı, 20 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar