Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5359/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-867/2021 saylı işi üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Çernobil AES- də əlavə hərbi xidmət zamanı İİ qrup əlillik dərəcəsi alan hərbi qulluqçu kimi ona aid edilən dövlət icbari şəxsi sığorta məbləğinin 6600 manat məbləğində pul kompensasiyasının cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hesabından tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsini icraatı zamanı müəyyən edilmişdir ki; Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 27.02.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununda Çernobıl hadisələri ilə əlaqədar sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır. Buna görə də sığorta ödənişinin verilməsi qeyri-mümkündür (səh.5). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-867/2021 saylı işi üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə "Hərbi qulluqçuların statusu haqqında” Qanunun 2, 27; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu 20.05.1997-ci il tarixdə qəbul edilmiş, həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25.07.1997-ci il tarixli Fərmanı qəbul edilmiş və həmin Qanun 10.08.1997-ci il tarixdən qüvvəyə minmişdir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (Sığorta olunanlar) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunda müəyyən edilmiş sığorta ödənişinin Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş şəxslərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barəsində qeyd-şərt yoxdur. İddiaçı isə Sovetlər Birliyi dönəmində, yəni 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzaya görə sığorta ödənişini tələb edir. Çernobıl AES-də baş yermiş qəza Azərbaycan SSR-i dövründə baş vermişdir və həmin qəzada xəsarət almış hərbi qulluqçular ilə Dövlət Sığorta Kommersiya Şirkəti arasında heç bir müqavilə olmamışdır. 18 oktyabr 1991-ci il tarixli "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”na əsasən Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir. Yəni müstəqil Azərbaycan Respublikası SSRİ-nin hüquqi varisi deyil. İddiaçı apellyasiya şikayəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-867/2021 saylı, 18.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və onun iddia tələbini təmin edən yeni qətnamə qəbul olunması xahiş etmiş və bildirmişdir ki, 1986-cı ildə Çernobil AES-do baş vermiş qəzanın fəsadlarını aradan qaldırmaq üçün (keçmiş Şamxor) Şəmkir rayon hərbi komissarlığı tərəfindən rəsmi çağırışla hərbi toplantı qaydasında hərbi xidmətə yollanmışdır. Orada iştirak etməyinə görə sağlamlığına ciddi ziyan dəymişdir. Həmin radioaktiv təsirlər nəticəsində əmək qabiliyyətini itirmişdir. Sonra hərbi həkim ekspert komissiyasına müraciət etmişdir. Bu səbəbdən ona İİ qrup əlillik dərəcəsi verilmişdir və bu səbəbdən də əmək qabiliyyətsiz hesab olunmuşdur.Qətnamədən tam şəkildə narazıdır. Belə ki, bu qətnamə üzrə maddi və prosessual hüquq normaları açıq-aşkar pozulmuşdur. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını «Hərbi qulluqçuların statusu haqqında” 2, 13, 27; Mülki Məcəllənin 7.1, 897, 922– 926, 933, 935, ; Mülki Prosesual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrinə, ‘Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 2-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli qərarına və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin mövcud olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin hüquq tətbiqetməyə dair ümumi dəllərinə münasibətdə qeyd edilməlidir ki, Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Hərbi qulluqçuların statusu haqqında Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Beləliklə, qeyd edilən qanunvericiliyin tələblərinə müvafiq şəxsin subyektiv cəhətdən hüquqlarının mövcudluğu müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-867/2021 saylı işi üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5359/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5359/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver