Məhkəmə qərarları › İş №2(103)-536/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-536/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-536/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, x4 və x2 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi x1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh8 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1956/2019 saylı, 19 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh8 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 02.09.2015-ci il tarixli, RB/MF- 5169 saylı baş kredit müqaviləsi üzrə əsas borca görə 3288,34 ABŞ dolları, faiz borcuna görə 3452,50 ABŞ dolları, cərimə borcuna görə 3400 ABŞ dolları olmaqla borcun cəmi məbləğində 10140,84 ABŞ dolları və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, x6 küçəsi, ev 34 ünvanında yerləşən 29 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh2 və Cavabdeh3 02.09.2015-ci il tarixli, RB/MF- 5169 saylı Baş kredit müqaviləsi üzrə cəmi 10140,84 ABŞ dolları və 61 manat dövlət rüsumu məbləğində pulun iddiaçı “xxxxxxxxxx” ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, x6 küçəsi, ev 34 ünvanında yerləşən 29 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh8 Bakı şəhəri, Nəsimi rayonu, x6 küçəsi, ev 34 ünvanında yerləşən 29 saylı mənzildən çıxarılması və mənzilin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1956/2019 saylı, 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 02 sentyabr 2015-ci il tarixli RB/MF-5169 nömrəli kredit müqaviləsi üzrə 3.288,34 ABŞ dolları əsas borc, 3.452,50 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 7,040,84ABŞ dollarının (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), ipoteka predmeti tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün rüsum kimi ödənilmiş 31 manatın və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 30 manatın 21 manatının cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub iddiaçı “xxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, x6 küçəsində yerləşən 34 saylı evin 29 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Nəsimi rayonu, x6 küçəsində yerləşən 34 saylı evin 29 saylı mənzilinin ilkin satış qiyməti 44.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər Cavabdeh2 və Cavabdeh3 “xxxxxxxxxx” ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, x6 küçəsində yerləşən 34 saylı evin 29 saylı mənzilin satıldıqdan sonra bir ay ərzində Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh8 tərəfindən boşaldılması və boşaldılmış vəziyyətdə təqim edilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti verərək, iş üzrə mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin etməklə ədalətli və qərəzsiz qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə çəkişmə prinsipini pozaraq onun iştirakını təmin etməmişdir. Belə ki, dəfələrlə məhkəmə iclasının vaxtı zamanı məhkəməyə yaxınlaşdıqda hər dəfəsində katib gözləməyini və ya artıq prosesin keçirildiyini bildirmişdir. Nəticədə onun iştirakı olmadan məhkəmə prosesi keçirilmişdir. Hesablanmış əsas və faiz borcu ilə razı deyildir. Belə ki, faiz məbləği əsas məbləğdən artıqdır. Bu absurddur. Banka ödənilən məbləğlər borcdan düzgün silinməyib. Ödənilən bütün vəsaitləri əsassız olaraq cəriməyə silinib. Bankın əməkdaşları hər dəfəsində pulu ödədikdə onu əsas məbləğdən siləcəkləri desələr də, bunun əksini etmişlər. Daşınmaz əmlaka qoyulan qiymətlə də razı deyil. Məhkəmə iclasında Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi x3 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin Cavabdeh2 münasibətdə təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materialları ilə müəyyən olunur ki, “xxxxxxxxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 sentyabr 2015-ci il tarixli RB/MF-5169 nömrəli baş kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 20 % ödəmək şərti ilə 17.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə kreditdən təyinatı üzrə onun götürüldüyü məqsədlərə uyğun istifadə etməyi və kredit və ona hesablanmış faizləri, dəbbə pullarını və cərimələri Müqavilədə göstərilən müddətdə ödəməyi öhdəsinə götürmüşdür. 02.09.2015-ci il tarixli x7 əsasən “xxxxxxxxxx” ASC tərəfindən Cavabdeh2 hesabına 17.000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. 24.01.2019-cu il tarixli arayışa əsasən Cavabdeh2 02 sentyabr 2015-ci il tarixli, RB/MF-5169 saylı müqavilə üzrə 15 yanvar 2019-cu il tarixinə əsas borcu 3.288,34 ABŞ dolları, faiz borcu 3.452,5 ABŞ dolları, cərimə borcu 3.400 ABŞ dolları, cəmi 10.140,84 ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 ilə 02.09.2015-ci il tarixli RB/MF-5169 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliklərinin təminatı kimi “xxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, x6 küçəsi, ev 34, mənzil 29 “xxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Borc məbləğinin ödənilməməsi səbəbindən 14.11.2016-cı il və 06.12.2016-cı il tarixlərdə bank tərəfindən müvafiq olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 bildiriş göndərilərək kredit müqaviləsi üzrə yaranmış borc ödənilmədiyi təqdirdə ipoteka predmetinə tutmanın yönəldiləcəyi barədə məlumat verilmişdir. İddiaçının 13.12.2016-cı il tarixli 16-02/1852 saylı ərizəsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, x6 küçəsi, 34saylı evin 29 saylı mənzilinə tutmanın yönəldilməsinə dair bildiriş qeydə alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin dəyərinin hesablanması üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iddia tələbi qismən təmin edilərkən əsas və faiz məbləğinin tutulması zamanı iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi zamanı “xxxxxxxxxxx” MMC-nin qiymətləndirmə rəyi əsas götürülmüşdür. Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətində qiymətləndirmə rəyi və birinci instansiyası məhkəməsi tərəfindən təmin edilən məbləğlər mübahisələndirildiyindən məhkəmə kollegiyası tərəfindən apelyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq və təkrarən məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 13.03.2020-ci il tarixli 29753 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və “xxxxxxxxxx” ASC ilə Cavabdeh2 arasında 02.09.2015-ci il tarixli, RB/MF-5169 saylı Baş Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 müqavilə bitən müddətə, yəni 02.09.2018-ci il tarixə banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; əsas borc üzrə-5626,58 ABŞ dolları; faiz borcu üzrə-1344,89 ABŞ dolları; Cavabdeh2 maliyyə arayışı müddətə, yəni 15.01.2019-ci il tarixə banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; əsas borc üzrə-3288,34 ABŞ dolları; faiz borcu üzrə-1655,85 ABŞ dolları; cərimə borcu üzrə-87,67 ABŞ dolları. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Kollegiya qeyd edir ki, 02.09.2015-ci il tarixli, RB/MF-5169 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən 3.452,5 ABŞ dolları faiz borcu tələb edilməsinə baxmayaraq ekspert tərəfindən 1344,89 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 462.1, 462.3 və 467-ci maddələrinə əsasən əsas və cərimə məbləğinin tutulması hissələrində əsaslı nəticəyə gəlsə də, faiz borcunun tutulması hissəsində əsaslı nəticəyə gəlməmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən tərəflər arasında olan kredit razılaşması üzrə müqavilə müddətinin sonuna əsas borc 5626,58 ABŞ dolları və faiz borcu 1344,89 ABŞ dolları müəyyən edilmişdir. Ekspert rəyi ilə müəyyən edilən əsas borcun məbləği iddiaçının iddia tələbində qeyd olunan əsas borcun məbləğindən yüksək olduğundan və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli və ekspert rəyi ilə müəyyən edilən məbləğ əsas götürülərək 1344,89 ABŞ dolları (müqavilə bitən müddətə, yəni 02.09.2018-ci il tarixə) tutulmalıdır. Kollegiya eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun məbləği mütənasib həddədək azaldılmışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269, 270.1, 295, 317.1, 319.1, 319.6, “İpoteka haqqında” Qanunun 33, 34, 39.1, 39.3.3, 59.3-cü maddələrinə istinad edərək tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində əsaslı nəticəyə gəlməmişdir. “xxxxxxx” MMC tərəfindən tərtib edilmiş 07.02.2020-ci il tarixli MB 13/103 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, x6 küçəsi, 34 saylı evin 29 saylı mənzilinin hazırkı bazar dəyəri 95 000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası “xxxxxxx” MMC tərəfindən verilmiş ekspert rəyinin kifayət qədər ətraflı və müfəssəl tərtib edildiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, yuxarıda qeyd olunan və ekspert rəyi ilə müəyyən edilən məbləğ ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməlidir. Kollegiya həmçinin hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 200 manat və məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 120 manat Cavabdeh2 tutulmalıdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu və bundan asılı olaraq cəmi borcun tutulması, həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 385.1.1, 392-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1956/2019 saylı, 19 iyul 2019-cu il tarixli qətnaməsi, 02 sentyabr 2015-ci il tarixli RB/MF-5169 saylı kredit müqaviləsi üzrə faiz borcunun, bundan asılı olaraq cəmi borcun tutulması hissəsində, həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh2 02 sentyabr 2015-ci il tarixli RB/MF-5169 saylı kredit razılaşması üzrə 1344,89 ABŞ dolları faiz borcu, cəmi 4933,23 ABŞ dolları borc tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) “xxxxxxxxxx” ASC-yə ödənilsin. Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, x6 küçəsi, 34 saylı evin 29 saylı mənzilinin ilkin satış qiyməti 95 000 manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 200 manat tutularaq “xxxxxxx” MMC-nin hesabına (VÖEN: **********, Hesab: AZ34AZEG**********5171300001, Bank: “xxxxxx” ASC, VÖEN: **********, Müxbir hesab: AZ75NABZ********************, Kod: 505817; SWİFT BİK: AZEGAZ22) ödənilsin. Cavabdeh2 120 manat tutularaq Məhkəmə ekspertiza mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar