Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-536/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil3 iştirakları ilə, İddiaçı “İddiaçı Cavabdeh1,Bakı çəhəri 52 Saylı Notariat ofisinə qarşı bağışlanma müqaviləsi və çıxarışın ləğv edilməsi, məcburi payın tamamlanması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3542/2021 nömrəli iş üzrə 29 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı ilə cavabdeh doğma qardaşdır, onların atası X6 olmuş, mübahisəli mənzil E.İslamzadənin mülkiyyətində olmuşdur. Elxan İslamzadə həmin mənzili 18 noyabr 2019cu il tarixli bağışlanma müqaviləsi əsasında oğlu cavabdeh Oktay İslam-zadəyə bağışlamış, 19 noyabr 2019-cu il tarixdə isə Elxan İslamzadə ölmüşdür. Bundan sonra iddiaçı mübahisəli mənzillə bağlı məhkəmə çəkişmələrinə başlamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat ofisinə qarşı bağışlanma müqaviləsi və çıxarışın ləğv edilməsi, məcburi payın tamamlanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil mülkiyyət hüququ ilə İslam-zadə Elxan Sadıx oğluna məxsus olmuş, mənzilə dair mülkiyyət hüququ xx.xx.2011-ci ildə dövlət qeydiyyatına alınmışdır. İslam-zadə Elxan Sadıx oğlunun iki övladı var - İddiaçı və cavabdeh İslam-zadə Oktay. Elxan İslam-zadə arvadı vəfat etdikdən sonra qeyd edilən mənzildə tək yaşayıb, 2016-cı ildən Şahxanım Əmirova ona baxıb, 2019-cu ilin oktyabr ayından etibarən Elxan İslam-Zadənin səhhətindən problemlər əmələ gəlməyə başlayıb, sonuncu özünü idarə etməkdə çətinlik çəkdiyi üçün Şahxanım Əmirova oğlu ilə birlikdə Elxan İslamzadənin baxımını həyata keçirib, noyabr ayının ikinci ongünlüyündə isə Elxan İslamzadənin səhəti kəskin pisləşib, 19 noyabr 2019-cu il saat 10:30 radələrində vəfat edib. İslam-zadə Elxan Sadıx oğluna məxsus Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanda yerləşən 22 saylı mənzilə dair 18 noyabr 2019-cu il tarixli bağışlanma müqaviləsi bağlanıb, həmin müqaviləyə əsasən Elxan İslam-zadə mənzili oğlu Oktay İslam-zadəyə bağışlayıb. Notariat hərəkəti həmin tarixdə saat 14:20 rədələrindən qeyd edilən mənzildə aparılıb. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli arayışda qeyd olunur ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanda yerləşən 22 saylı mənzil mülkiyyət hüququ ilə İslam-zadə Oktay Elxan oğluna məxsusdur. Tərəfindən cavabdehlər Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq, Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanda yerləşən 22 saylı mənzilə dair ünvan 3ilən xx.xx.2019-cu il tarixli 4Ə-1066 reyestr nömrəli, İslam-zadə Elxan Sadıx oğlu ilə İslam-zadə Oktay Elxan oğlu arasında bağlanan daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2738/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanda yerləşən 22 saylı mənzilə dair ünvan 3ilən xx.xx.2019-cu il tarixli 4Ə-1066 reyestr nömrəli, İslam-zadə Elxan Sadıx oğlu ilə İslamzadə Oktay Elxan oğlu arasında bağlanan daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu, ünvan 2 ünvanda yerləşən 22 saylı mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2019-cu ildə aparılan qeydiyyat əsasında verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mənəvi ziyana görə 10000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair iddiası təmin edilməyib. Həmin qətnamədən apellyasiya şikayəti vermişdir və Bakı Apellyasiya Məhkəməsinin 2(103)5004/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasından ibarət mövqeyini onunla əsaslandırıb ki, “...Bununla belə kollegiya qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi"-nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında şərh olunanlara əsasən kollegiya iddiaçıya izah etmişdir ki, o, məcburi paylarının tamamlanması tələbi ilə məhkəməyə müraciət edə bilər. Hesab edir ki, işin yuxarıda qeyd edilən əsaslarına görə bağışlama müqaviləsi ilə məcburi pay hüququndan iddiaçı məhrum olduğundan, məcburi payın tamamlanmasını tələb etmək hüququ yaranıb, bunun üçün ilk növbədə müqavilə və çıxarış ləğv edilməlidir Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3542/2021 nömrəli iş üzrə 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia tələbi rədd edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İslam-zadə Elxan Sadıx oğlu vəfat etməzdən əvvəl öz əmlakını qanunla müəyyən olunan qaydada özgəninkiləşdirmişdir. Bu səbəbdən mübahisələndirilən mənzil miras əmlak deyil və X3 qalmış miras kütləsinə aid oluna bilməz. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Onun tərəfindən təqdim olunmuş sübutlar iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1193, 1151.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək əvvəlki iş üzrə apellyasiya məhkəməsinin tövsiyəsini, həmçinin mübahisəyə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarında mövcud olan hüquqi mövqeyi nəzərə alaraq mübahisələndirilən müqavilənin və çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddiaçı hesab edir ki, müqavilə bağlanmasaydı, potensial vərəsə olaraq ona da miras kütləsindən pay çatacaqdı, lakin mərhum atasının vəfat etməmişdən bir gün öncə bağladığı müqavilə onu bu hüququndan məhrum etmişdir. Hazırda ona çatası payı tələb edir. Məhkəmə Mülki Məcəllənin 1151.1, 1193-ci maddələrini düzgün tətbiq etməmiş, hazırki mübahisə çərçivəsində mülki qanunvericiliyin vərəsəliyə dair hüquq normalarının tətbiq edilməsi üçün əsaslar mövcud deyil. Mübahisə bağışlama müqaviləsi üzrə yaranmış hüquqla bağlı olduğundan, ilkin olaraq bağışlama müqaviləsinə dair müddəaların tətbiq edilməsi məsələsi nəzərdən keçirilməli idi. Məhkəmə isə hazırki iddia predmeti və irəli sürülmüş tələbdən kənara çıxmaqla mübahisəyə aidiyyəti olmayan maddi hüquq normalarını tətbiq edib, əsassız nəticəyə gəlmişdir. Mülki Məcəllənin 666.1 və 1200-cü maddələrini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Halbuki, mübahisəyə dair artıq qanuni qüvvəsini almış məhkəmə aktı və həmin qətnamə üzrə müəyyən edilmiş hallar mövcuddur. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlara birtərəfli, qeyri-obyektiv hüquqi qiymət vermiş, prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Apellyasiya instansiya məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1482/2022 nömrəli iş üzrə 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Emin Mehdiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlillərinə münasibətdə araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən hüququn tətbiqi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddianın məzmunundan görünür ki, İddiaçı iddia tələbinin faktiki əsası mübahisəli evə mirasda olan məcburi pay hüququnun tamamlanması olmuşdur. Hazırkı iş üzrə iddiaçı mərhum Elxan İslamzadənin məcburi pay hüququna malik birinci növbəli vərəsəsi olmaqla, miras qoyanın sağ ikən bağışladığı əmlak hesabına mirasda məcburi payının tamamlanmasını tələb etmək hüququ olmuşdur. Lakin birinci instansiya məhkəməsi göstərilən bu halları nəzərə almamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı miras payının tamamlanmasını tələb edərkən qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürmüşdür. Məhkəmə qeyd etmişdir ki, iddiaçının vərəsə kimi miras əmlakı qəbul etmək və bu əmlakla bağlı hər hansı tələb irəli sürmək hüququ mirasqoyan İslam-zadə Elxan Sadıx oğlunun öldüyü 19 noyabr 2019-cu il tarixdə yaranmış və 6 ay müddətində davam etmişdir. Lakin iddiaçı bu müddət ərzində mirası qəbul etmək üçün heç bir hərəkət etməmiş, mirası nə faktiki olaraq, nə də qanun üzrə qəbul etməmiş, bununla bağlı məhkəmədə iddia qaldırmamışdır. Həmçinin kollegiya hesab etmişdir ki, 19 noyabr 2019-cu il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakın (Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil) iddiaçı tərəfindən qəbul edilməsi müəyyən olunmadığına, habelə onun tərəfindən mirasın qəbul edilməsi müddəti uzadılmadığına görə, o, həmin miras əmlakla bağlı mübahisə açmaq və məcburi payın tamamlanmasını mübahisələndirmək hüququna malik olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 667.1, 1151.1, 1193, 1200, 1246-cı maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3809/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1482/2022 nömrəli iş üzrə 10 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın rədd edilməsi ilə bağlı nəticəsi maddi hüquq normalarına uyğun olmamışdır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır. Mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyil. Bu məhdudiyyətlərdən biri də mülkiyyətçinin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) miras əmlakdan almalı olduqları minimum aktivdir – məcburi paydır. Başqa sözlə, miras qoyan öz əmlakını istədiyi şəxsə özgəninkiləşdirmək və ya vəsiyyət etmək hüququ, sadalanan şəxslərin almalı olduqları və qanunla müəyyən edilmiş həddə məhdudlaşdırılır. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir. Kollegiya qeyd edir ki, məcburi payın həcmi ilə, bu həcmin müəyyənləşdirilməsi qaydası bir-birindən fərqləndirilməlidir. Məcburi payın həcmi Mülki Məcəllənin 1193-cü maddəsində göstərilmişdir: vərəsələrin qanun üzrə vərəsəlik qaydasında alacaqları payın yarısı. Bu həcmin hansı qaydada müəyyənləşdiriləcəyi isə Məcəllənin 1195-ci maddəsində tənzimlənmişdir. Həmin normaya əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Göründüyü kimi, Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən məcburi payın pozulmasının və tamamlanmalı olan həcmini ölümdən əvvəlki 2 il ərzində edilən bağışlamalarla birlikdə bütöv miras əmlakın ümumi dəyəri əsas alınmalıdır. Əgər məcburi paya müdaxilə aşkar edilirsə hüququ pozulan vərəsənin hədiyyə edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə (tam və ya qismən) tamamlanmasını tələb etmək hüququ yaranır. Bu qayda Mülki Məcəllənin 1200 və 1201-ci maddələrinə uyğundur. Həmin normalara görə, məcburi pay almaq hüququ olan şəxs bu paydan az əmlak aldıqda çatışmayan hissənin tamamlanmasını tələb edə bilər. Konstitusiya Məhkəməsi də istinad olunan qərarında mirasda məcburi pay hüququnu birinci növbə vərəsələrin hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüquq kimi qiymətləndirmişdir. Ona görə də vərəsəlik mübahisəsinə baxan məhkəmə, hədiyyə edilmiş əmlaka öz hüququnu irəli sürən vərəsənin dəlillərini, o cümlədən mirasın qəbulu ilə bağlı dəlillərini yoxlamaqla, onun məcburi payının pozulub-pozulmadığını aydınlaşdırmalı və nəticəsindən asılı olaraq iddia tələblərini həll etməlidir. Hazırkı işdə isə Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil miras qoyan tərəfindən bağışlanarkən, yəni miras qoyan sərəncam hüququnu həyata keçirərkən iddiaçının məcburi payının olduğu həddə məhdudlaşdırıldığı nəzərə alınmalıdır. Miras qoyan bu həddə əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə haqlı olmamışdır. Qeyd edilməlidir ki, miras qoyan (hədiyyə edən) Elxan İslam-zadə 19 noyabr 2019-cu ildə vəfat etmişdir. Bundan əvvəlki gün isə mənzili cavabdeh (digər oğlu) Cavabdeh1 bağışlamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddiaçı miras əmlakı qəbul etməmiş və bu əsasla hazırkı iş üzrə irəli sürülən tələb üzrə subyektiv hüquqa malik olmamışdır. Lakin nəzərə alınmır ki, iddiaçının hazırkı tələbi məhz bağışlanmış əmlak hesabına əldə etməli olduğu məcburi payını əldə etməyə yönəlmişdir. Bir halda ki, artıq məcburi payını müəyyən etmək istədiyi əmlak bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilmişdir, həmin mirasın rəsmi və ya formal qaydada qəbul edilməsinin özü mümkünsüzdür. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi mirasın qəbul edilməməsi ilə bağlı nəticəyə gələrkən müddətin ötürülməsini qeyd etmiş, lakin iddiaçının mirasın qəbulu ilə bağlı hərəkətlər etməsini, ilkin olaraq irəli sürdüyü iddianın (müqavilənin etibarsız hesab edilməsi, müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iradəsini ifadə edərkən müvafiq hərəkətlər etməsini və.s) əsaslarını nəzərə almamış, faktiki olaraq işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olsa da heç bir araşdırma aparmadan mirasın qəbulu üçün müddətin ötürülməsi nəticəsinə gəlmişdir. Mülki Məcəllənin 1200-cü maddəsinin 2-ci cümləsində göstərilir ki, «əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesab alınmır. » Baxılan işin halları ilə müəyyən edildiyi kimi miras qoyan sərəncam hüququnu məlum olan (miras qoyandan digər əmlakın miras qalması müəyyən olunmur) əmlak üzrə həyata keçirdiyindən və faktiki olaraq məcburi paya müdaxilə edilmiş olur ki, bu halda hüququ pozulan iddiaçının hədiyyə edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə tamamlanmasını tələb etmək hüququ yaranır. Belə vəziyyətdə isə apellyasiya instansiya məhkəməsinin iddiaçının subyekiv hüquqa malik olmamasına dair mövqeyi yuxarıda göstərilənlərə dair araşdırma aparılmadığı halda əsaslı hesab edilə bilməz. Qeyd edilməlidir ki, məcburi pay vərəsəlik hüququndan irəli gəlsə də, bir əşya hüququ (mülkiyyət haqqı) deyil, qanuna əsaslanan tələb hüququdur. Çünki, bağışlanan əmlak üzərində miras açıldığı andan vərəsənin ona mülkiyyət hüququ əmələ gəlmir. Məcburi payı pozulan vərəsə bağışlama ilə əmlak əldə etmiş şəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək imkanı qazanır. Bu səlahiyyət qanundan irəli gələn şəxsi hüquqdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edilən qərarında məcburi payın həcminin müəyyənləşdirilməsi və çatışmayan payın tamamlanması ilə bağlı aşağıdakı hüquqi mövqeləri ifadə etmişdir: “ Tamamlanma tələbini Mülki Məcəllənin 1193- cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.” Göründüyü kimi, Konstitusiya Məhkəməsinin mövqeyindən aydın olur ki, bağışlanmış əmlak hesabına məcburi payın tamamlanmasını təmin edən zaman müqaviləyə müdaxilə edilməsi (etibarsız və ya ləğv edilməsini) zəruri sayılmır. Tamamlanmanın təmin edilməsinin müəyyən edilməsi üçün müqaviləyə müdaxilə edilmədən xəyali olaraq bağışlanmış əşya mirasa daxil edilməli, bu baxmından mirasın dəyəri hesablanmalı (baxılan iş üzrə bağışlanmış əşyanın bazar dəyəri müəyyən olunmalı), müəyyən olunmuş dəyərə münasibətdə məcburi payın həcmi müəyyənləşdirilməli və vərəsəyə çatacaq həmin həddə məcburi payı ödənilməlidir. Qərarda Konstitusiya Məhkəməsi məhz «ödənilir» sözündən istifadə etmişdir. Bu isə əmlakın naturada deyil, pul formasında ödənilməli olmasını müəyyən edir. Apellyasiya instansiya məhkəməsində hazırki icraat Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1 ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştirakını təmin etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarı Mülki Məcəllə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1170.1 Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 1203.2. . Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh doğma qardaşdır, onların atası X6 olmuş, Bakı şəhəri Nizami rayonu, ünvan 1, ünvanında yerləşən 22 saylı mənzil tərəflərin ataları Elxan İslamzadəyə məxsus olmuşdur.Elxan İslamzadə həmin mənzili 18 noyabr 2019-cu il tarixli bağışlanma müqaviləsi əsasında oğlu Oktay İslamzadəyə bağışlamış, 19 noyabr 2019-cu il tarixdə isə Elxan İslamzadə ölmüşdür. Bundan sonra iddiaçı X4 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 52 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanda yerləşən 22 saylı mənzilə dair ünvan 3ilən xx.xx.2019-cu il tarixli 4Ə-1066 reyestr nömrəli, İslam-zadə Elxan Sadıx oğlu ilə İslamzadə Oktay Elxan oğlu arasında bağlanan danşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu, ünvan 2 ünvanda yerləşən 22 saylı mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2019cu ildə aparılan qeydiyyat əsasında verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və mənəvi ziyana görə 10.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2738/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 və 1193-cü maddələrinə istinad edərək göstərmişdir ki, mirasdan məcburi pay və ya onun tamamlanması o halda tələb oluna bilər ki, mirasqoyan vərəsələrdən birinin (bir neçəsinin) və ya vərəsə olmayan şəxsin və ya dövlətin xeyrinə vəsiyyətnamə qoysun. Hazırkı halda bu hal baş verməmişdir. Belə ki, mülkiyyətçi X6 vəfat etməzdən əvvəl öz əmlakını qanunla müəyyən olunan qaydada özgəninkiləşdirmişdir. Bu səbəbdən mübahisələndirilən mənzil miras əmlak deyil və X3 qalmış miras kütləsinə aid oluna bilməz. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlillərinə münasibətdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən hüququn tətbiqi ilə bağlı düzgün nəticəyə gəlməmiş, maddi və prosessual pozuntulara yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq, eləcədə konstitusiya məhkəməsinin qərarında göstərilənləri rəhbər tutaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı mərhum Elxan İslamzadənin məcburi pay hüququna malik birinci növbəli vərəsəsi olmaqla, miras qoyanın sağ ikən bağışladığı əmlak hesabına mirasda məcburi payının tamamlanmasını tələb etmək hüququ olmuşdur. Lakin birinci instansiya məhkəməsi göstərilən bu halları nəzərə almamış, işə baxarkən hədiyyə edilmiş əmlaka öz hüququnu irəli sürən vərəsənin dəlillərini, o cümlədən mirasın qəbulu ilə bağlı dəlillərini yoxlamaqla, onun məcburi payının pozulub-pozulmadığını aydınlaşdırmamış və nəticəsindən asılı olaraq iddia tələblərini düzgün həll etməyərək maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil miras qoyan tərəfindən bağışlanarkən, yəni miras qoyan sərəncam hüququnu həyata keçirərkən iddiaçının məcburi payının olduğu həddə məhdudlaşdırıldığı nəzərə alınmalı idi. Miras qoyan bu həddə əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə haqlı olmamışdır. Qeyd edilməlidir ki, miras qoyan (hədiyyə edən) Elxan İslam-zadə 19 noyabr 2019-cu ildə vəfat etmiş, bundan əvvəlki gün isə mənzili cavabdeh (digər oğlu) Cavabdeh1 bağışlamışdır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin mövqeyindən aydın olur ki, bağışlanmış əmlak hesabına məcburi payın tamamlanmasını təmin edən zaman müqaviləyə müdaxilə edilməsi (etibarsız və ya ləğv edilməsini) zəruri sayılmır. Tamamlanmanın təmin edilməsinin müəyyən edilməsi üçün müqaviləyə müdaxilə edilmədən xəyali olaraq bağışlanmış əşya mirasa daxil edilməli, bu baxmından mirasın dəyəri hesablanmalı (baxılan iş üzrə bağışlanmış əşyanın bazar dəyəri müəyyən olunmalı), müəyyən olunmuş dəyərə münasibətdə məcburi payın həcmi müəyyənləşdirilməli və vərəsəyə çatacaq həmin həddə məcburi payı ödənilməlidir. Qərarda Konstitusiya Məhkəməsi məhz «ödənilir» sözündən istifadə etmişdir. Bu isə əmlakın naturada deyil, pul formasında ödənilməli olmasını müəyyən edir. Konstitusiya Məhkəməsinin istinad olunan qərarında ifadə etmiş olduğu hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının məcburi payının hansı həcmdə pozulduğuna qiymət verərək buna müvafiq olaraq həmin payın tamamlanmasının həll edilməli olması baxımından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7415/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 17 mart 2023-cü il tarixində 10/8031-9/8850 saylı ekspert rəyi verilmişdir. Həmin rəydən görünür ki, Bakı şəhəri, Babək prospekti, ev 79 ünvanında yerləşən 22 saylı mənzilin ümumi sahəsinin 41,7 kv.m təşkil etdiyini nəzərə alaraq Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 79 ünvanında yerləşən 22 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 75.000 manat (hər kV.m üçün 1410 manat x tikili sahələrinin ümumi cəmi 53,2 kv.m) məbləğində müəyyən olunur. İddiaçı məhkəmə kollegiyasının iclasında rəylə razılaşmayaraq mübahisəli mənzilin bazar dəyərinin 100000 manatdan çox olduğunu bildirmiş, lakin buna dair hər hansı sübut növü təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Belə olan halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.Məhkəmə işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından təqdim edilmiş ekspert rəyini hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün mötəbər sübut kimi qəbul edir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyrimüəyyən xarakter daşımır. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən bağışlama müqavilə bağlanmasaydı ididaçıya potensial vərəsə olaraq ona da miras kütləsindən pay çatacaqdır. Başqa sözlə, mərhum atası vəfatından öncə bağladığı müqavilə onu bu hüquqdan məhrum etmişdir. Lakin işin materiallarından görünür ki, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzilə dair ünvan 3ilmiş, xx.xx.2019-cu il tarixli 4Ə-1066 reyestr nömrəli, İslam-zadə Elxan Sadıx oğlu ilə İslam-zadə Oktay Elxan oğlu arasında bağlanmış danşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin mənzilə dair İslam-zadə Oktay Elxan oğlunun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və çıxarışın ləğvi ilə bağlı Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-2738/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi mövcud olsa da, hazırki iddiasında iddiaçı həmin müqavilə ilə yanaşı, bir daha evə dair çıxarışın ləğvini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən müqavilənin ləğvi üçün hazırki işdə hüquqi əsaslar mövcud deyildir. Buna görə də kollegiyanın qənaətinə görə iddia tələbi həmin hissədə əsaslı sayıla bilməz. Bununla yanaşı məhkəmə kollegiyası iddia tələbinin məcburi paylı bağlı hissəsinə qiymət verərək hesab edir ki, mülki qanunvericiliyin məcburi pay və onun tamamlanması ilə bağlı yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən bağışlama müqaviləsinin predmeti olmuş evdən qanun üzrə vərəsəlik zamanı çatası payın yarısı (məcburi pay) tamamlanmalı və Cavabdeh1 18750 manat məbləğində pul tutularaq iddiaçı X5 ödənilməlidir.(75000:2=37500:2=18750) Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3542/2021 nömrəli iş üzrə 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 18750 manat məbləğində pul tutularaq iddiaçı X5 ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul Cavabdeh1 tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə