Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5365/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi ilə, İddiaçı X3 cavabdeh «xxxx» KB ASC-yə qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)-2191/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdeh «xxxx» KB ASC-yə qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onunla cavabdeh «xxxx» KB ASC arasında bağlanmış 05 aprel 2014-cü il tarixli 20Y/14 saylı əsas kredit müqaviləsi çərçivəsində 11 aprel 2014-cü il tarixli 20Y/14-1 saylı, 28 yanvar 2015-ci il tarixli 20Y/14-2 saylı əlavə kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, «xxxx» KB ASC-dən ayrı-ayrı vaxtlar olmaqla dəfələrlə kredit götürmüşdür və həmin kredit borclarını vaxtında banka ödəmişdir. Sonuncu dəfə onunla cavabdeh arasında 05 aprel 2014-cü il tarixli 20Y/14 saylı əsas kredit müqaviləsi çərçivəsində 11 aprel 2014-cü il tarixli 20Y/14-1 saylı və 28 yanvar 2015-ci il tarixli 20Y/14-2 saylı əlavə kredit müqaviləsi bağlanmışdır. O, «xxxx» KB ASCdən 11 aprel 2014-cü il tarixli müqavilə əsasında 48 ay müddətinə, 10 aprel 2018-ci il tarixədək, illik faiz dərəcəsi 19 % olmaqla, 191000 ABŞ dolları və 28 yanvar 2015-ci il tarixli ikinci müqavilə əsasında 12 ay müddətinə, 28 yanvar 2016-cı il tarixədək, illik faiz dərəcəsi 18 % olmaqla, 50000 ABŞ dolları götürmüşdür. 05 aprel 2014-cü il tarixli əsas kredit müqaviləsinin müqabilində isə mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 65 saylı evin 131 saylı mənzili və Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsində yerləşən 1b saylı evin 33 saylı mənzili «xxxx» KB ASC-yə ipoteka qoymuşdur. Onun mülkiyyətində olan ipoteka qoyulmuş Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 65 saylı evin 131 saylı mənzilinin qiyməti daha yüksək olmasına baxmayaraq onun hüquqi savadsızlığından istifadə edərək bank tərəfindən 71000 manat və Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsində yerləşən 1b saylı evin 33 saylı mənzili isə 140000 manat qiymətləndirilmişdir. Qiymətləndirmə mütəxəssis tərəfindən aparılmadığından kor təbii ucuz qiymətə qiymətləndirilmişdir ki, bu da onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Onun hüquqi savadsızlığından istifadə edilməsi nəticəsində bank tərəfindən aldadılmışdır. Mülkiyyətində olan mənzillər heç bir mütəxəssis tərəfindən qiymətləndirilməmiş, bank özü istədiyi kimi qiymətləndirmə aparmışdır. Halbuki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununda da göstərilir ki, ipoteka ilə yüklü edilmiş əmlakın qiymətində mübahisə varsa, ekspertiza keçirilməli və əmlak mütəxəssis tərəfindən qiymətləndirilməlidir. Mülkiyyətində olan əmlakların hər ikisinin dəyəri olduğu qiymətdən çox-çox aşağı hesablanmışdır. Bu fakt özü müqavilənin ləğv edilməsi üçün əsas olan faktlardan biridir. Əmlakların qiyməti banka sərf edən qiymətə hesablanmışdır. O, əvvəlcədən aldadılmışdır, bankın bir məqsədi olub ki, onun əmlakını ələ keçirsin. Bu faktlar özü göstərir ki, bankın niyyəti əvvəlcədən onu aldatmaq olmuşdur. O, müqavilələr üzrə aylıq kredit pulunu vaxtında müqavilədə göstərilən tarixdə hər ay ödəmişdir. Lakin ölkə ərazisində 2015-ci ilin fevral ayında birinci və 2015-ci ilin dekabr ayında isə ikinci devalvasiya baş vermişdir. Bu səbəbdən də, o, müqavilə üzrə aylıq ödənişləri ödəməkdə maddi cəhətdən çətinlik çəkmişdir və ödənişləri vaxtında, tam şəkildə ödəyə bilməmişdir. O, bir neçə dəfə bankda olaraq 2 dəfə olan devalvasiyanı nəzərə almalarını xahiş etmiş və heç bir nəticə əldə edə bilməmişdir. Cavabdeh onu aldadaraq, krediti manatla verdiklərini bildirmiş, bütün əmlakları manatla qiymətləndirilmiş və ona kredit manatla verilmişdir. O, bankın əməkdaşlarına inanıb imza etmiş, müqaviləni oxumamış, müqavilə kiçik hərflərlə yazıldığından oxumaq da mümkün olmamışdır. Bu gün hamıya bəllidir ki, banklar vətəndaşları aldadır, müqavilədə ABŞ dolları göstərməklə vətəndaşlara manatla bağlandığını bildirirlər. O, sonradan bilmişdir ki, müqavilədə manat deyil, dollar göstərilmişdir. Bu da onun aldanmasına səbəb olmuşdur ki, o, bu vəziyyətdə bank tərəfindən aldadılmışdır. Belə olan halda, müqavilə ləğv edilməlidir. Ona görə ki, bankın qiymətləndirməsi ilə əmlakların qiyməti fərqlidir. Mənzillərin dəyəri yüksək olduğu halda, bank bilərəkdən hər iki əmlakı aşağı qiymətə qiymətləndirmişdir. Həmçinin banka da məlum olduğu kimi bütün dünyada tüğyan edən koronavirus (Covid-19) pandemiyası iqtisadiyyatı iflic vəziyyətə gətirib çıxarmaqdadır. Bununla bağlı, ölkədə də sərt addımlar atılmış, karantin rejimi müəyyən edilmişdir. Tətbiq edilmiş karantin rejimi nəticəsində əsas gəlir yerləri olan ticarət sahələri fəaliyyətini tamamilə dayandırmışdır. Buna baxmayaraq, o, hər ay banka mütəmadi olaraq ödənişlər etməyə çalışır. Hesab edir ki, bütün dünyada tüğyan edən koronavirus (Covid-19) pandemiyası fors major haldır və bu hal «xxxx» KB ASC ilə aralarında olan müqavilədə göstərilən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə dəlalət edir. Belə ki, o, 1 il müddətində əsas gəlir yeri ticarət sahələrinin fəaliyyətinin tamamilə dayanacağını bilsə idi, və yaxud bu barədə az da olsa, ehtimallar üçün əsas olsa idi, onda cavabdeh bankla müqavilə bağlamazdı. Bütün bunlarla bağlı cavabdeh banka pretenziya göndərərək təkliflərini bildirmişdir. Lakin bank onun təklifi ilə razılaşmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)- 2191/2021 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisələndirdiyi müqavilələr üzrə məhkəmə mübahisəsi olmuş, iddiaçının həmin iş üzrə məhkəmə mübahisəsinə baxılarkən ipoteka predmetlərinin dəyərinin müəyyən edilməsi üçün müvafiq ekspertizanın (qiymətləndirmənin) təyin edilməsini xahiş etmək, həmçinin devalvasiya ilə bağlı qeyd etdiklərini də məhkəmənin nəzərinə çatdırmaq, qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək və s. kimi imkanları mövcud olmuşdur. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hala (ipoteka predmetlərinin dəyərinin az göstərilməsi) dair mötəbər sübutlar təqdim etməmişdir. Pandemiyanın isə ümumiyyətlə, hazırkı iddia ərizəsində qeyd olunan tələblə bağlılığı yoxdur. Çünki, kredit müqaviləsi və əlavə kredit müqaviləsi bağlanarkən, həmin müqavilələr üzrə iddiaçının öhdəliklərinin icra edilməsi üçün son tarixlər pandemiya dövrünə düşməmiş, bundan xeyli öncələr iddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək vəzifəsini daşımışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390 və s. maddələri). İşdə olan sübutlardan görünür ki, mübahisələndirilən əqdləri tərəflər imzaları ilə təsdiq etmiş, həmçinin əqdlərin qanunvericiliklə müəyyən olunmuş formasına riayət olunmuşdur. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Həmçinin qeyd edilməlidir ki, işdə olan Saatlı Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(055)-04/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, «xxxx» KB ASC-nin X4 və X6 qarşı «kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, X2 11 aprel 2014-cü il tarixli 20Y/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 131.585,61 ABŞ dolları əsas kredit borcu, 14.209,51 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, cəmi 145.895,12 ABŞ dolları və 28 yanvar 2015- ci il tarixli 20Y/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 23.387,19 ABŞ dolları əsas kredit borcu, 2.015,33 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, cəmi 25.502,52 ABŞ dolları icra olunduğu günə olan Azərbaycan Respublikası manatının məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına dair 60 manat məbləğində xidmət haqqının tutularaq «xxxx» KB ASCnin xeyrinə ödənilməsi, 11 aprel 2014-cü il tarixli 20Y/14-1 saylı əlavə kredit müqaviləsi üzrə tələb X3 «xxxx» KB ASC-yə ipoteka ilə yüklü etdiyi Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 65 saylı evin 131 saylı mənzilinin qiymətləndirilməsi, həmin mənzilin ilkin satış qiymətinin 71.000 manat müəyyən edilməsi, 28 yanvar 2015-ci il tarixli 20Y/14-2 saylı əlavə kredit müqaviləsi üzrə tələb X3 «xxxx» KB ASC-yə ipoteka ilə yüklü etdiyi Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsində yerləşən 1b saylı evin 33 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 140.000 manat qiymətləndirilməsi; həmin mənzillərin açıq hərracdan satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində həmin mənzillərdən X3 və X5 çıxarılmaqla, boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. MPM-nin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-nin 233.3.-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, mübahisələndirilən əqdlər (müqavilələr) üzrə bankın tələb hüququ ilə bağlı qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarı vardır və məhkəmə etibarlı əqdlər üzrə kredit borcunu müəyyən etmiş, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi məsələlərini həll etmişdir (belə olan halda iddiaçının müqavilələri imzalayarkən aldanılması, kreditin faktiki olaraq xarici valyuta ilə deyil manatla verilməsi və s. bu istiqamsətdə dəlilləri əsaslı sayıla bilməz). Eyni zamanda ipotekanın ilkin satış qiyməti də qanuni qüvvədə olan məhkəmə qərarı ilə müəyyən olunmuşdur və iddiaçı bu sahədə etirazlarını əvvəlki işə baxılarkən irəli sürmək hüququna malik olmuşdur. Həmçinin qeyd edilməlidir ki, ölkədə manatın devalivasiyasının baş verməsi faktı da iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyin icrasından azad etməmişdir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi isə əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdikləri halları əsaslandıra bilməmişdir. Halbuki, MM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X3 cavabdeh «xxxx» KB ASC-yə qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)-2191/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)- 2191/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5365/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5365/2021
22.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver