Məhkəmə qərarları › İş №2(103)-5373/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5373/2021

18.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5373/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 aprel 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdehin iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə onun birgə övladları olan 17.03.2006-cı təvəllüdlü Nərgizin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 176 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmadan 2002-ci ildə ailə qurmuş, sonradan isə nikaha daxil olaraq münasibətlərini rəsmiləşdirmişlər. Onların 2 övladları var: 05.01.2003-cü il təvəllüdlü X2 və 17.03.2006-cı il təvəllüdlü X1. Onların 2 övladı olsa da, münasibətləri pozulmuş və nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.06.2013-cü il tarixli qətnaməsi (İş № 2(005)- 395/2019) ilə ləğv edilmişdir. Həmin qətnamə ilə hər 2 uşaq analarının yanında saxlanılmış və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, ümumilikdə isə 200 manat məbləğində alimentin hazırki iş üzrə iddiaçıdan alınaraq hazırki iş üzrə cavabdehə verilməsi qət edilmişdir. Daha sonra, yəni 2018-ci ilin aprel ayında kiçik övladları Nərgiz anasını tərk edərək iddiaçının yanına gəlmişdir. İddiaçı bununla bağlı Ağdam Rayon Məhkəməsinə müraciət etmiş və Ağdam Rayon Məhkəməsinin 07.05.2018-ci il tarixli qətnaməsi (İş № 2(013)-683/2018) ilə Nərgizin atasının öhdəsində olması faktının müəyyən edilməsi qət edilmişdir. Göründüyü kimi, ötən illər ərzində uşağın biri hazırki iş üzrə iddiaçının, digəri isə hazırki iş üzrə cavabdehin himayəsində qalmışdır. Buna baxmayaraq iddiaçı 2021-ci ilin yanvar ayınadək cavabdehə hər ay 100 manat aliment ödəmişdir. Cavabdehin yanında qalmış oğlu artıq yetkinlik yaşına çatmış və bu əsasla iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulması dayanmışdır. Lakin iddiaçının yanında qalmış uşaq hələdə yetkinlik yaşına çatmayıb. Bu səbəbdən də, cavabdehdən iddiaçının xeyrinə uşağın yetkinlik yaşına çatana kimi aliment tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 13.04.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 17.03.2006-cı il təvəllüdlü Nərgizin yetkinlik yaşına çatana kimi saxlanılması üçün 17.02.2021-ci il tarixdən başlayaraq hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsini, qalan hissədə iddianın rədd edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 05.06.2015-ci il tarixdə Ağdam Rayon İcra Şöbəsinin icra məmurları övladı Nərgizi iddiaçıdan alaraq cavabdehə vermişlər. 01.02.2018-ci il tarixədək Nərgiz cavabdehin yanında qalmış, lakin həmin tarixdə iddiaçı uşağı – Nərgizi qaçırmışdır. İddiaçı uşağı qanunsuz olaraq yanında saxlayır, uşağa təsir göstərir. Buna görə də, cavabdehdən iddiaçının aliment tutula bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçıdan cavabdehin xeyrinə tutulmalı olan aliment cavabdehə tam ödənilməmiş, iddiaçının cavabdehə 3.600 manat məbləğində aliment borcu var. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən və işdə olan sənədlərdən, o cümlədən məhkəmə aktlarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmadan 2002-ci ildə ailə qurmuş, sonradan isə nikaha daxil olaraq münasibətlərini rəsmiləşdirmişlər. Onların 2 övladları var: 05.01.2003-cü il təvəllüdlü X2 və 17.03.2006-cı il təvəllüdlü X1. Onların 2 övladı olsa da, münasibətləri pozulmuş və nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.06.2013-cü il tarixli qətnaməsi (İş № 2(005)- 395/2019) ilə ləğv edilmişdir. Həmin qətnamə ilə hər 2 uşaq analarının yanında saxlanılmış və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, ümumilikdə isə 200 manat məbləğində alimentin hazırki iş üzrə iddiaçıdan alınaraq hazırki iş üzrə cavabdehə verilməsi qət edilmişdir. Daha sonra, yəni 2018-ci ilin əvvəlindən hazıradək Nərgiz anasının (cavabdehin) yanında deyil, atasının (iddiaçının) yanında yaşayır. İş üzrə tərəflərin digər övladı – Səbuhi artıq yetkinlik yaşına çatmışdır. O yetkinlik yaşına çatana kimi hazırki iş üzrə iddiaçıdan hazırki iş üzrə cavabdehin xeyrinə alimentin tutulması barədə məhkəmə qətnaməsi qəbul edilmişdir. Ağdam Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş 37 saylı, 13.01.2021-ci il tarixli arayışdan görünür ki, Nərgiz 2018-ci ildə Ağdam rayon H.K.Əsgərov adına Quzanlı qəsəbə tam orta məktəbin 6-cı sinfinə qəbul edilib və hazırda həmin məktəbin 9-cu sinfində oxuyur. İddiaçı övladı Nərgizin onun yanında qalmasına istinad edərək, cavabdehdən uşağın saxlanılması üçün aliment tələb edir. Mövcud mülki mübahisənin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 13.04.2021-ci il tarixli qətnamə ilə iddianın qismən də olsa təmin edilməsini qət edərkən o hala istinad etmişdir ki, tərəflərin birgə övladı olan Nərgiz hazırda atasının yanında qalır. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin nəticəsi əsassızdır. Çünki işə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, 2(005)-395/2013 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və qanuni qüvvəsini almış 07.06.2013-cü il tarixli qətnamə ilə qət edilmişdir ki, Nərgiz anasının – hazırki iş üzrə cavabdehin yanında qalmalı və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıdan hər ay sabit pul məbləğində 100 manat aliment tutularaq cavabdehə verilməlidir. İş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən isə müəyyən edilir ki, qeyd edilən qətnamə qəbul edildikdən sonra Nərgizin cavabdehdən alınaraq iddiaçıya verilməsi və iddiaçının aliment ödəməkdən azad olunması barədə hər hansı bir qətnamə qəbul edilməmişdir. Belə olan halda hesab edilməlidir ki, Nərgizin iddiaçının yanında qalmasının hüquqi əsası olmadığından cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması əsassızdır. Məhkəmə qeyd edir ki, MPM-nin 385.1.1, 385.1.2 maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın tam həcmdə rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “aliment tutulması tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar