Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5383/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: müqavilə tələbləri üzrə iddia müddətinin tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5032/2024 saylı, 7 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər təhsil xidmətlərinin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olmuşlar. İddiaçı üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh 2019-2020-ci təhsil ili üçün təhsil haqqını tam ödəməməklə tərəf olduğu müqavilə şərtlərini pozmuşdur. İşə ilkin icraatda baxmış məhkəmələrin gəldiyi bu qənaəti əks etdirən qətnamələr cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bununla belə cavabdeh təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəyə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi əsası ilə iddianın rədd edilməli olması barədə qənaət gəlmişdir.
2. İşin apellyasiya baxışı zamanı alınmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 dekabr 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən İddiaçı Cavabdeh qarşı “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə” iddiasına dair 2(011)- 5032/2024 nömrəli mülki iş (hakim Pərviz Zamanlı) üzrə Cavabdeh tərəfindən verilmiş etiraz yanlışlığa yol verilərək sonuncunun elektron kabineti vasitəsilə xx.xx.2024-cü il tarixdə 2(011)-4926/2024 nömrəli mülki işə (hakim İlahə Abbasova) əlavə edilmiş və həmin etiraz fiziki olaraq 2(011)-5032/2024 nömrəli mülki iş materiallarına əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliyinin icrası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-2020-ci təhsil ili üzrə ödənilməmiş 4.400 manat təhsil haqqı və 14.000 manat dəbbə pulunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında X3 və X2 “Təhsil xidmətlərinin göstərilməsinə dair” 13 sentyabr 2014-cü il tarixli müqavilələr bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı şagirdlərə müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.1-ci maddəsinə əsasən 1 (bir) tədris ili üçün təhsil haqqı 5.500 manat təşkil edir. Lisey tərəfindən öhdəliklər tam yerinə yetirilsə də, Valideyn tərəfindən Liseyə yaranmış borc ödənməmişdir. Valideyn müqavilə bağlandıqdan sonra ilk təhsil ili üzrə ödənişi 5.500 manat olaraq həyata keçirmişdir. Sonradan 2015-ci ildə baş tutmuş və Mərkəzi Bank tərəfindən açıqlanmış iki kəskin devalvasiyadan sonra təhsil haqqı əldə olunmuş şifahi razılıqla 6.000 manat olaraq müəyyən edilmiş və valideyn tərəfindən hər iki şagird üçün təhsil haqqı 2015-16, 2016-17, 2017-18 və 2018-19-cu illər üzrə 6000 manat olaraq ödənilmişdir. Təhsil haqındakı bu artım müvafiq əmrlə də rəsmiləşdirilmişdir. Lakin cavabdeh 2019-2020-ci təhsil ili üzrə öhdəliklərini tam yerinə yetirməmiş, hər şagird üçün 2200 manat məbləğində vəsaiti ödəməmişdir. Beləliklə Valideynin təhsil xidmətlərinə görə əsas təhsil haqqı borcu 4.400 manat təşkil edir. Müqavilənin 7.2-ci maddəsinə əsasən, Valideyn borcun ödənişinə görə hər gecikdirilmiş gün üçün 0.5 faiz dəbbə pulu ödəyir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5032/2024 nömrəli, 7 noyabr 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddia müddətinin axımının başlanması vaxtına münasibətdə məhkəmə qeyd etmişdir ki, bu müddətin axımı təhsil ilinin son günü olan 2020-ci ilin 31 may tarixindən başlanmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin 2.1-ci bəndində bir təhsil ilinin 9 aydan ibarət olduğu və təhsil ilinin sentyabr ayının ilk günündən, may ayının son gününədək olan dövrü əhatə etdiyi qeyd edilmişdir. İddiaçının təhsil haqqı borcunun ödənilməsini tələb etdiyi 2019-2020-ci təhsil ilinin son günü xx.xx.2020-ci il tarixi olmuşdur. İddiaçı hüququnun pozulduğunu da müvafiq olaraq elə həmin vaxtdan bilmişdir. Bu halda iddiaçı, müvafiq olaraq xx.xx.2023-cü ilədək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda, xx.xx.2024-cü il tarixdə müraciət etmişdir
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 372.1, 373.2, 375.2, 377.1, 377.2, 378-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5032/2024 nömrəli, 7 noyabr 2024cü il tarixli qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində yekun məhkəmə aktı çıxarılmış, tamamilə fərqli işə - 2(011)- 4926/2024 saylı, xx.xx.2024-cü il tarixli mülki işə etiraz və məlumat əlavə etmişdir. Hakim tərəfindən isə icraatında olan 2(011)-5032/2024 saylı iş üzrə qətnamə qəbul edilərkən digər hakimin – İlahə Abbasovanın icraatında olan 2(011)-4926/2024 saylı işin materialları – etiraz və məlumat əsas alınaraq işə iddia müddəti tətbiq olunmuşdur. İşə mahiyyəti üzrə baxıldığı və qətnamənin çıxarıldığı 2(011)-5032/2024 saylı iş üzrə hər hansı etiraz, məlumat və s. olmamışdır. Aydındır ki, hakim icraatında olan iş materialları arasında iddia müddətinin tətbiqi barədə ərizə olmadan iddia müddətini öz təşəbbüsü ilə tətbiq etmişdir. X4 icraatında olan 2(011)-5032/2024 saylı işin materiallarında iddia müddətinin tətbiq olunması barədə ərizə olmadığı halda iddia müddətini tətbiq etməsi çox kobud maddi hüquq normasının pozuntusudur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində ilkin icraat
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1838/2025 nömrəli 14 mart 2025-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-5032/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov).
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilənin birtərəfli qaydada ləğv edildiyi müəyyən olunmur. Müqavilənin 6.2-ci bəndinə görə, valdeyn liseyi azı 30 gün qabaqcadan yazılı şəkildə xəbərdar etməklə istənilən vaxt müqaviləyə xitam verə bilər. Müqaviləyə göstərilən qaydada xitam verilməyib. Müqavilə öhdəliyinin icra edildiyini sübut etmə yükü borclunun üzərinə düşür, lakin cavabdeh 2019-2020-ci təhsil ili üçün müqavilə öhdəliyini icra etdiyini, yəni təhsil haqqını tam ödədiyini təsdiq edən sübut təqdim etməyib. Lakin iddia müddəti keçib. Belə ki, müqavilənin məzmunundan görünür ki, hər təhsil ili üçün təhsil haqqı müvafiq təhsil ilində ödənilməlidir.
13. Həmçinin qeyd etmişdir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verib (iş v. 70). AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırkı iddia ərizəsi müvafiq təhsil ilinin bitməsindən 3 il keçidikdən sonra – xx.xx.2024-cü ildə verilib.
14. İddiaçı iddia edir ki, iddia müddətinin tətbiqi barədə ərizə başqa mülki iş üzrə verilib, ona görə də həmin ərizə hazırkı mülki işə aid deyil. Müəyyən olunur ki, iddiaçı eyni iddia ilə iki dəfə məhkəməyə müraciət edib və Xətai RM-nin icraatında iki mülki iş olub: 2(011)-4926/2024 nömrəli 1-ci mülki iş və 2(011)5032/2024 nömrəli 2-ci mülki iş, yəni hazırkı iş. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, 1-ci mülki iş üzrə iddia ərizəsi xx.xx.2024-cü ildə verilib, lakin iddiaçı mübahisənin məhkəməyə qədər nizamlanma qaydasında əməl etmədiyinə görə, Xətai RM iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edib. 1-ci iş üzrə iddia ərizəsinin verilməsindən 6 gün sonra – xx.xx.2024-cü ildə 2-ci mülki iş üzrə iddia ərizəsi verilib. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəni 2-ci mülki iş üzrə versə də səhvən elektron sistemə 1-ci mülki iş üzrə yükləyib.
15. Kollegiya onu da qeyd etmişdir ki, ərizənin (iş v. 70) birinci cümləsində 2-ci mülki işin nömrəsi olan 2(011)-5032/2024 qeyd olunması onu təsdiq edir ki, ərizə 2-ci mülki iş üzrə verilib. Ərizənin başlığında 1-ci mülki işin nömrəsi olan 2(011)-4926/2024 qeyd olunsa da, elektron sistemin qaydalarına görə, ərizənin başlığını elektron sistem avtomatik tərtib edir, yəni ərizə elektron sistemdə hansı işə aid bölməyə yüklənirsə, sistem özü ərizənin başlığına həmin işin nömrəsini daxil edir. Beləliklə, iddia müddətinin tətbiqi barədə ərizənin mətnində (birinci cümləsində) hazırkı işin nömrəsi qeyd olunduğuna görə, hesab olunur ki, ərizə hazırkı işə aiddir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, ərizənin elektron sistemə yüklənməsi zamanı yol verilən səhv mahiyyətə təsir etmir. İddia müddətinin tətbiqi barədə ərizə mahiyyətcə iradə ifadəsidir. Hər iki mülki işdəki iddia eyni iddiadır, hər iki iş eyni məhkəmədə olub, cavabdeh ərizəni elektron sistemdə səhvən başqa işə aid bölməyə yükləsə də, eyni iddiaya münasibətdə iradəsini eyni məhkəmənin qarşısında ifadə edib. Beləliklə, birinci instansiya məhkəməsi həmin ərizəyə istinad edərək iddianı rədd etməkdə haqlı olub, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.
16. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir.
Kassasiya instansiyası məhkəməsində icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakim Zaur Əliyevin məruzəsi ilə, hakimlər Vüsalə Baxışova və Zəki Babayevdən ibarət tərkibdə) 25 avqust 2025-ci il tarixli, 2(102)-2143/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə iddia müddətinin tətbiq edilməsi maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmamışdır. Ona görə ki, əvvəla, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi qanunla müəyyən edilmiş qaydada məhkəməyə təqdim edilməli və bu fakt çəkişən tərəflər üçün aydın olmalıdır. Baxılan işdə birinci instansiya məhkəməsinin istinad etdiyi, işin 70-71-ci, habelə 79-80-ci səhifələrinə tikilmiş “Etiraz” başlıqlı sənədin iş materiallarına hansı qaydada daxil olduğunu müəyyən etmək olmur. Əgər bu sənəd dəftərxana vasitəsilə məhkəməyə daxil olmuş və hakimə təqdim edilmişsə, o zaman həmin sənədlərə məhkəmənin “daxil olma” ştampı vurulmalı idi. Sənədlər üzərində belə ştamp aşkar edilmir. Yaxud etiraz məhkəmə iclasında hakimə təqdim edilmiş və hakim tərəfindən götürülmüşsə, bu fakt məhkəmə iclasının protokolunda əks olunmalı idi. İşdə olan iclas protokollarında belə məzmunda qeyd mövcud deyil. Nəhayət sözügedən sənəd baxılan işin “Elektron məhkəmə” informasiya sisteminə yüklənə bilərdi ki, bunu həm məhkəmə, həm də müvafiq elektron kabineti olan qarşı tərəf görə bilsin. Cavabdehin istinad olunan etirazı birinci instansiya məhkəməsinin icraatında sözügedən sistemə yüklənməmişdir. Eyni zamanda mübahisəyə apellyasiya instansiyası məhkəməsində baxıldığı dövrdə cavabdehin iddia müddətinin tətbiqi haqqında ərizəsinin hazırkı işin “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirildiyi aşkar edilmir.
19. Həmçnin qeyd etmişdir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (Mülki Prosessual Məcəllə, maddə 10-1.3; § 32). Bu qaydanın əsas məqsədlərindən biri iş üzrə təqdim edilmiş sənədlərin məhkəmə ilə yanaşı işdə iştirak edən şəxslərin də görmələri, əldə etmələri və zəruri hesab etdikdə ona münasibət bildirmələridir. Bu qayda mülki prosesdə rəhbər tutulan çəkişmə prinsipinə əməl olunması üçün də vacibdir. Məlum olduğu kimi, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllə, maddə 9.3;§ 31).
20. Kollegiya onu da qeyd etmişdir ki, göstərilən qaydalara riayət edilmədən elan olunan qətnamədə iddia müddətinin tətbiq edilməsi etirazdan (ərizədən) xəbərsiz olan iddiaçı üçün öngörülməz bir vəziyyət yaradır. Çünki, “Elektron məhkəmə” informasiya sistemi və ya hakim tərəfindən xəbərdar edilməmiş iddiaçının bu ərizəyə qarşı öz dəlillərini irəli sürmək, əsaslar olduqda ötürülmüş müddətin bərpasını xahiş etmək və s. kimi prosessual imkanları aradan qalxmış olur. Digər tərəfdən isə mülki prosesdə tətbiq edilən “Elektron məhkəmə” informasiya sisteminin əsas qayəsi pozulur. Yuxarıda qeyd olunduğu kimi bu sistem eyni zamanda şəffaflığa, tərəfin iş materialları barədə əvvəlcədən məlumat əldə etməsinə, bu sayədə onlara qarşı münasibət bildirilməsi imkanının yaradılmasına və bütövlükdə çəkişmə prinsipinə xidmət edir.
21. Yekunda kollegiya hesab etmişdir ki, məhkəmə tərəfindən cavabdehin başqa işin elektron sisteminə yüklədiyi etirazın çəkişmə prinsipinə uyğun şəkildə hazırkı işin “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməsi təmin edilmədən və qarşı tərəfin münasibəti öyrənilmədən həmin sənəd əsasında qətnamə çıxarılması bu sistemin əsas məqsədinin, Mülki Prosessual Məcəllənin 9.3-cü, 217.5-ci maddələrinin və nəticə etibarilə Mülki Məcəllənin 375.2-ci maddəsinin pozulması ilə nəticələnmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddia ərizəsi birinci dəfə müraciət olunan zaman geri qaytarılmışdır. İkinci dəfə müraciət olunan zaman mülki iş yenidən eyni hakimin icraatına daxil olmuşdur. Daha sonra hakim məzuniyyətə getdikdən sonra iş başqa hakimin icraatında daxil olmuş və işə yeni nömrə verilmişdir. İşin birinci nömrəsi 4926, başqa hakimin icraatına daxil olan zaman isə 5032 nömrə verildi. İş ikinci hakimin icraatında olan zaman məhkəmə baxışının gedişatında hakim ona qarşı tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinin daxil olduğunu bildirdi. Halbuki o, iş materiallarında həmin ərizəni görməmişdi. 5032 saylı mahiyyəti üzrə baxılan iş idi, lakin həmin iş üzrə ərizə yerləşdirilməmişdir. Əvvəlki iş elektron məhkəmə sistemində qalmışdır, qarşı tərəf isə texniki xəta nəticəsində ərizəni başqa iş üzrə yerləşdirmişdir. 4926 saylı mülki işə daxil edilmiş ərizə başqa hakimin icraatında olmuşdur. İddia müddətinin tətbiqi barədə ərizənin başlıq hissəsində başqa işə aid olan nömrə qeyd edilmişdir. O, həmin ərizə ilə faktiki olaraq tanış ola bilməmiş və münasibət bildirə bilməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir. Ərizənin müzakirə olunması üçün həmin ərizə həmin iş materiallarına əlavə edilməlidir. Məhkəmədə bildirmişdir ki, həmin ərizə iş materiallarına əlavə edilmədiyi üçün müzakirə oluna bilməz. Sorğuda da qeyd edildiyi kimi ərizə yanlışlıqla cavabdeh tərəfindən əvvəlki işə əlavə edilmiş və işə baxan hakim tərəfindən fiziki olaraq 5032 saylı işə əlavə edilmişdir. O, məhkəmə iclasında bu ərizə ilə tanış olmuşdur, lakin hesab edir ki, məhkmə qərar qəbul edən zaman yalnız iş materiallarına əlavə edilmiş sənədlərə istinad etməlidir. 23.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, onun qeyd olunan qədər borcu yoxdur. İddia müddətinin tətbiqi barədə ərizəni məhkəməyə elektron qaydada təqdim etmişdir. O, iddia müddətinin tətbiqi barədə ərizəni müdafiə edir.
Apellyasiya baxışının hədləri
24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 25.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 27.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı şikayət verərək ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
28.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
29.21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 30.21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 31.372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yayerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 32.373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarlabağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 33.375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 34.377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 35.377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 36.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 37.386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 38.389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 39.390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 40.425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 41.425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 42.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 43.448.1 və 448.2-ci maddələrinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 44.448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 45.448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
46.Konstitusiya Məhkəməsi Plenumunun iddia müddəti ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli və s. Qərarlar).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 48.İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. İddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. 49.Hazırkı işin hallarından göründüyü kimi, işə baxan məhkəmələr tərəfindən tərəflərin təhsil xidmətlərinin göstərilməsinə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olduqları müəyyən edilmişdir. Məhkəmələr iddiaçının üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etdiyini, cavabdehin isə 2019-2020-ci təhsil ili üçün təhsil haqqını tam ödəməməklə tərəf olduğu müqavilə şərtlərini pozduğunu müəyyən etmişlər. İşə ilkin baxan məhkəmələrin bu qənaətini əks etdirən qətnamələr cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəni müdafiə edərək məhkəmələrdən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi əsası ilə iddianın rədd edilməli olması barədə qənaətə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən mövqe ilə razılaşmışdır. 50.İşin hallarından da müəyyən edilir ki, iddiaçı müqavilə öhdəlikləri üzrə icra müddəti bitdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Belə ki, tərəflər arasında bağlanmış təhsil xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə icra müddəti 30 may 2020-ci il tarixində bitmiş, iddiaçı isə tərəf olduğu müqavilə üzrə icra müddəti bitməsindən 3 ildən artıq müddət keçdikdən sonra (xx.xx.2024-cü il tarixində) məhkəməyə müraciət etmişdir. 51.Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərə əsasən, hazırkı mülki iş üzrə kollegiya tərəfindən birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq edilməsinin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olub-olmadığı, yəni ərizənin qanunla müəyyən edilmiş qaydada məhkəməyə təqdim edilib-edilmədiyi, çəkişmə prinsipinə uyğun olaraq tərəflərlə müzakirə edilib-edilmədiyi, iddiaçıya ərizəyə qarşı münasibət bildirilməsi imkanının yaradılıb-yaradılmadığına dair məsələlər araşdırılmalıdır. 52.Məhkəmə araşdırması nəticəsində də müəyyən edilmişdir ki, iddiaçı eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəməyə iki dəfə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında birinci mülki iş - 2(011)-4926/2024 nömrəsi ilə, ikinci mülki iş 2(011)-5032/2024 nömrəsi ilə qeydiyyata alınmışdır. 53.Kollegiyanın 22 dekabr 2025-ci il tarixli sorğusuna Bakı şəhəri Xətai Rayon Məhkəməsinin verdiyi cavab məktubuna əsasən, İddiaçı Cavabdeh qarşı “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə” iddiasına dair 2(011)-5032/2024 nömrəli mülki iş (hakim Pərviz Zamanlı) üzrə Cavabdeh tərəfindən verilmiş etiraz yanlışlığa yol verilərək sonuncunun elektron kabineti vasitəsilə xx.xx.2024-cü il tarixdə 2(011)- 4926/2024 nömrəli mülki işə (hakim İlahə Abbasova) əlavə edilmiş və həmin etiraz fiziki olaraq 2(011)-5032/2024 nömrəli mülki iş materiallarına əlavə edilmişdir. 54.İddia müddətinin tətbiqi barədə ərizənin özündən də müəyyən edilir ki, başlığında birinci işin nömrəsi qeyd olunsa da, araşdırma predmetini təşkil edən bu ərizənin məzmununda cavabdeh məhz hazırki iş üzrə iddia müddətinin tətbiqini xahiş etmişdir. Yaranmış bu hal elektron məhkəmə informasiya sisteminin qaydaları ilə izah olunur. Belə ki, ərizənin məzmununda ikinci mülki işin nömrəsi olan 2(011)-5032/2024 qeyd olunsa da, elektron sistem qaydalarına əsasən, ərizə elektron sistemdə hansı işə aid olunmqla bölməyə yüklənmişdirsə, sistem avtomatik olaraq həmin işin nömrəsini ərizənin başlığına daxil edir. 55.Bundan başqa işdə olan iclas protokollarında iddia müddətinin tətbiq edilməsi barədə ərizənin qanunla müəyyən edilmiş qaydada məhkəməyə təqdim edilməsi, həmin ərizənin çəkişmə prinsipinə uyğun olaraq iddiaçı tərəflə müzakirə edilməsi, eləcə də iddiaçıya ərizəyə qarşı münasibət bildirmək üçün imkan yaradılmasına dair prosessual hərəkətlərin edilməsi faktı öz əksini tapmasa, 7 noyabr 2024-cü il tarixli məhkəmə iclasının fasiləsiz audio-video yazısından müəyyən olunur ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsindən iddiaçının nümayəndəsinin məlumatlı olub-olmadığı aydınlaşdırılmış, məlumatlı olduğu müəyyən edildikdən sonra ərizəyə qarşı etirazı eşidilmiş, ərizənin hansı iş üzrə verildiyi, araşdırmanın hansı mərhələsində təqdim edildiyi məsələləri müzakirə olunmuşdur. 56.Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. 57.Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.1, 9.3 və 88-ci maddələri). 58.Yuxarıda qeyd edilənlərdən göründüyü kimi birinci instansiya məhkəməsi bu iş üzrə Konstitusiya və mülki-prosessual qanunvericilikdə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında araşdırma prinsiplərinə əməl edərək, iddiaçı tərəflə iddia müddətinin tətbiqinə dair ərizəni, iddia müddətinin tətbiqindən imtina edilməsinə dair dəlilləri və s. müzakirə etmişdir. 59.Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə olan halda apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5032/2024 saylı, 7 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 60.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 61.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5032/2024 saylı, 7 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev