Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5384/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-294/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “hesablanmamış əmək haqqının ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 07.01.2013-cü il tarixdə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qazma məhlulları üzrə sahə mütəxəssisi vəzifəsinə təyin olunub. 14.05.2020-ci il tarixdə bu vəzifədən əsassız olaraq ixtisarla azad olunub. İşlədiyi dövr ərzində, yəni 2013-cü il yanvar ayından 2014-cü ilin aprel ayına qədər 911 manat, 2014-cü ilin aprel ayından 2017-ci ilin oktyabr ayına qədər 1400 manat, 2017-ci ilin oktyabr ayından 2020-ci ilin may ayına qədər 1912 manat aylıq əmək haqqı alıb. Lakin 2013-cü ilin yanvar ayından 2017-ci ilin mart ayına qədər Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən dənizdə işlədiyinə görə qanunvericiliklə nəzərdə tutulmuş əmsal ödənilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 159-cu maddəsi müəyyən edir ki, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərar qəbul edilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı həmin qərarın tələblərini 2013-cü ilin yanvar ayından 2017-ci ilin mart ayına qədər pozmuşdur. 2017-ci ilin mart ayında göstərilən məbləğlər əmək haqqında əlavə olunmuşdur. Zərərli iş şəraitinə görə aylıq əmək haqqının 4 faizi, dənizdə işə görə aylıq əmək haqqının 1.75 faizi, gecə növbəsində işə görə 20,40 faiz məbləğində artım hesablanmalı idi. 2013-cü ilin yanvar ayından 2014- cü ilin aprel ayına qədər hər 3 hal üzrə ödənilməmiş əmək haqqının miqdarı 13528.35 manat təşkil edir. 2014-cü ilin aprel ayı daxil olmaqla 2017-ci ilin mart ayı da daxil olmaqla hər 3 hal üzrə ödənilməmiş əmək haqqının miqdarı 49896 manat təşkil edir. Ümumilikdə bu məbləğ 63424.35 manat təşkil edir. Bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinə müraciət edilib və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsi tərəfindən verilmiş 18 sentyabr 2020-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı bu sahədə olan qanunvericiliyin tələblərini kobud surətdə pozmuş və bu baxımdan onların barəsində İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 4-cü hissəsi ilə inzibati tənbeh etmə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 166-cı maddəsi müəyyən edir ki, gecə yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla, işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Gecə yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-294/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “hesablanmamış əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respblikasınm Nazirlər Kabinetinin 22.08.2002-ci il tarixli 137 nömrəli “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərar qəbul edilmişdir. Cavabdeh təşkilat həmin qərarın tələblərini 2013-cü ilin yanvar ayından 2017-ci ilin mart ayına qədər pozmuşdur. 2017-ci ilin mart ayında göstərilən məbləğlər əmək haqqında əlavə olunmuşdur. Bununla bağlı Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinə müraciət etmiş və həmin idarənin ona göndərdiyi 18.09.2020-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki, cavabdeh təşkilat bu sahədə olan qanunvericiliyin tələblərini kobud surətdə pozmuş və bu baxımdan onların barəsində inzibati Xətalar Məcəlləsinin 192.4 - cü maddəsi ilə inzibati tənbeh etmə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, iddia ərizəsi əmək haqqının ödənilməsi ilə bağlı olduğundan tam həcmdə təmin olunmalıdır. Məhkəmə iddia ərizəsini yalız bir əsasla iddia müddətinin keçməsi baxımında rədd etmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Məhkəmə bununla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.6 maddəsinə istinad etmişdir. Həmin maddə müəyyən edir ki, Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddia müddətinin keçməsi həmin maddə də, göstərilmiş hallara uyğun bərpa olmadıqda işə mahiyyəti üzrə baxmadan iddia rədd olunmalıdır. Əvvala, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsi müəyyən edir ki, Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Göstərilən tələbə iddia müddəti şamil edilməməlidir. Belə ki, əmək haqqına əlavə ödənişlər pul tələbindən başqa eyni zamanda əmək haqqı tələbidir. Yəni o, həmin əmək haqqının mülkiyyətçisidir və onu həmin mülkiyyət hüququndan məhrum etmək olmaz. İş materiallarından görünür ki, öz hüququnun pozulduğunu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafısi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin 18.09.2020-ci il tarixli məktubundan sonra bilmişdir. İxtisas üzrə hüquqşünas deyil. Neft mühəndisidir. Bu baxımdan cavabdehin ona hesablamadığı əmək haqqı barədə məlumatı olmamışdır. Lakin əmək müqaviləsinə ştatların ixtisarı üzrə xitam verildikdə müəssisənin bu sahədə çalışan işçiləri ilə söhbət etdikdə ona məlum olmuşdur ki, doğrudan da, əmək haqqı bu illər ərzində düzgün hesablanmamışdır. Daha dəqiq məlumat olmaqdan ötrü əmək müffəttişliyinə yuxarıda göstərdiyi qaydada müraciət etmiş və cavab aldıqdan sonra ona məlum olmuşdur ki, cavabdeh təşkilat doğrudan da, ona əmək haqqını düzgün hesablamamışdır. Məhkəmə iddia müddətini tətbiq edirdisə bu halda da, səhv nəticəyə gəlmişdir. İddia müddətinin axımı Azərbaycan Respublikası Əmək Müffəttişliyinin ona verdiyi cavabdan hesablanmalı idi. Bu halda da, o, 1 illik iddia müddətini buraxmamışdır. Məhkəmə subyektiv hüququn olması baxımından müəyyən mülahizələrə əsaslanmışdır. Həmin mülahizələrin əmək haqqının mülkiyyətçisi kimi ona heç bir aidiyyatı yoxdur. Lakin məhkəmə öz qanunsuz qətnaməsini müxtəlif üsul və vasitələrlə əsaslandırmağa çalışmışdır. Bu səbəbdən, də məhkəmə qətnaməsi apellyasiya qaydasında ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil2 qız apelyasiya şikayətinə etiraz təqdim edərək bildirdi ki, Əmək Məcəlləsi xüsusi müddəalar müəyyən etdikdə Mülki Məcəlləyə istinad olunmur. Əmək Məcəlləsinin 296.6-cı maddəsində qeyd edilir ki, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi, əmək mübahisəsi mülki mübahisədən fərqli olaraq mahiyyəti üzrə baxılmır. Məhkəmə ilkin olaraq iddia müddətinin keçib-keçmədiyinə baxır. Üzürlü səbəblər barədə ərizə verilərsə, bu hal araşdırılır. Əgər hesab edilsə ki, iddia müddəti keçməyib, bu halda iş mahiyyəti üzrə araşdırılır. Bu əmək mübahisələrini mülki mübahisələrdən fərqləndirən başlıca xüsusiyətlərdən biridir. O ki, qaldı pulun əşya, əşyanın mülkiyyət olmağı və mülkiyyətə iddia müddəti tətbiq edilməməyi ilə bağlı dəlilə münasibətdə, Əmək Məcəlləsində qeyd edilir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar iddia müddəti bir ildir. Bu bir ilin başlama vaxtı şəxsin hüquqların pozulmasının aşkar edildiyi andır. Bu hala dair qeyd edilir ki, iddiaçıya əmək haqqına əlavələrin hesablanmadığı o, aylar üzrə əmək haqqını alarkən müəyyən olmuş, lakin iddiaçı yalnız işdən çıxarıldıqdan sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apelyasiya instansiya məhkəməsi həll edir”. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu isə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmuşdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinin tələbindən görünür ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-294/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “hesablanmamış əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, iş materiallarından və iddia tələbindən görünür ki, İddiaçı 07.01.2013-cü il tarixdə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qazma məhlulları üzrə sahə mütəxəssisi vəzifəsinə təyin olunub. 14.05.2020-ci il tarixdə bu vəzifədən ixtisarla azad olunub. İşlədiyi dövr ərzində, yəni 2013-cü il yanvar ayından 2014-cü ilin aprel ayına qədər 911 manat, 2014-cü ilin aprel ayından 2017-ci ilin oktyabr ayına qədər 1400 manat, 2017-ci ilin oktyabr ayından 2020-ci ilin may ayına qədər 1912 manat aylıq əmək haqqı alıb. 2013-cü ilin yanvar ayından 2017-ci ilin mart ayına qədər Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən dənizdə işlədiyinə görə qanunvericiliklə nəzərdə tutulmuş əmsal ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin 18.09.2020-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, Cavabdeh Şirkətinin filialı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinentinin təsdiq etdiyi “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 22.08.2002-ci il tarixli 137 nömrəli qərarının 4-cü bəndinin tələblərini pozaraq 2013-cü ilin yanvar ayından 2017-ci ilin mart ayına qədər İddiaçı Xəzər dənizində yerləşən obyektlərdə çalışdığına görə tarif (vəzifə) maaşına sahillə əlaqə şaraitindən aslı olaraq artımın (əmsalın) miimum miqdarı müəyyən edilmədiyindən müəssisə işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh etmə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.4-cü maddəsinin tələbinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Kollegiya qeyd edir ki, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək mübahisələrinin həlli zamanı Əmək Məcəlləsində göstərilmış gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyri müəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddədə işlədilən “mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır. Ona görə də həmin ifadənin əksi, yəni “mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. İddia müddəti keçdiyi halda məhkəmənin etməli olduğu hərəkətlər barədə mülki hüquqa aid qaydalar (məhkəmənin qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırması) əmək münasibətlərində tətbiq edilməli deyil. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırkı işə münasibətdə əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulub: iddia müddəti bərpa olunmursa məhkəmə mübahisəyə mahiyyəti üzrə baxa bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub olmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də məhkəmə əmək mübahisəsini həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil. Hazırki halda iddiaçı əmək mübahisəsi ilə bağlı işəgötürənin hərəkətlərində hansı qanun pozuntusunun olmasını öyrənmək məqsədilə ilkin olaraq bu sahədə ixtisaslaşmış, dövlət nəzarətini həyata keçirən bir qurma- Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdiyini və hüquqlarının pozulduğunu məhz Xidmətdən cavab aldıqdan sonra bildiyi və bundan dərhal sonra isə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini, beləliklə, heç bir müddət pozuntusu olmadığını göstərsə də, bu dəlillər əsaslı hesab edilə və müddətin üzrlü səbəbdən ötürülməsi kimi qəbul edilə bilməz. Çünki, qanunvericilikdə iddiaçının əmək müfəttişliyinə müraciət etməli və bundan sonra məhkəməyə müraciət etməli olması kimi bir imperativ tələb nəzərdə tutulmamışdır. Qanunvericiliyin yuxarıda göstərilən normasının tələbi baxımından iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçının izahatında da göründüyü kimi, o, 2013-cü ilin yanvar ayından 2017-ci ilin mart ayına qədər aylıq əmək haqqı almış, lakin müvafiq əlavələr əmək haqqına əlavə olunmamışdır. 2017-ci ilin mart ayında göstərilən məbləğlər əmək haqqında əlavə olunmuşdur. Beləliklə, iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gün müvafiq illərin müvafiq ayları üzrə əmək haqlarını aldığı vaxt olmuşdur və iddia müddətinin axımı məhz əmək haqqı alınan müvafiq aylardan başlanmalıdır. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən iddia ərizəsi üzrə iddia müddətinin buraxılması ilə verildiyi üçün iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, həmçinin iddia müddətinin bərpa olmasına dair məhkəməyə müraciət edilməmişdir. Göründüyü kimi, iddiaçı hüquqlarının müdafiəsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni 1 il müddətində məhkəməyə müraciət edə bilərdi, lakin iddiaçı bunu etməmişdir. Beləliklə “hesablanmamış əmək haqqının ödənilməsi” tələbi üzrə iddia müddəti ötürülmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “hesablanmamış əmək haqqının ödənilməsi” tələbi iddia müddəti ötürüldüyündən təmin edilməməlidir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin göstərilən tələbə iddia müddətinin şamil edilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırkı işə münasibətdə isə əmək qanunvericiliyinin tələbinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Ona görə də, apelyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-294/2021 saylı, 01 mart 2021ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “hesablanmamış əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-294/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “hesablanmamış əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5384/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5384/2021
16.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver