Məhkəmə qərarları › İş №2(103)-5391/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5391/2021

07.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5391/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru və Maraqlı şəxs1 maraqlı şəxs olmaqla “alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(009)-301/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı (maraqlı şəxs qismində Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru və Maraqlı şəxs1 qeyd edilən) Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 evə dair Cavabdeh ilə aralarında bağlanmış 19.11.2015-cı il tarixli, AN-İ nömrəli ******* saylı alqısatqı müqaviləsinin ləğv olunmasına dair qətnamə qəbul edilməsini və mülki iş üzrə Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi üzrə xüsusi qərardadının çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 evdə ailə üzvləri ilə birlikdə yaşayır və həmin ünvanda qeydiyyatdadır. 2014-cü ilin iyun ayında “xxxx” ASC-dən 15.000 manat məbləğində kredit götürmüşdür. Həmin məbləğ kifayət etmədiyi üçün o, mənzili ipotekaya qoyaraq kredit götürmək istəmişdir. Həmin vaxt ev makleri kimi tanıdığı Əyyub adlı şəxsə müraciət etmişdir. Danışıq əsnasında Əyyub ona aşağı faizə ipoteka ilə kredit götürüb “xxxx” ASC-yə olan borcunu bağlaya biləcəyini, sonra isə hissə-hissə hazırki banka olan borcunu bağlayaraq çətinlikdən çıxa biləcəyini bildirmişdir. Bir müddətdən sonra Əyyub onu Bank əməkdaşı kimi Rüfət adlı şəxslə tanış etmişdir. Əyyub ona qeyd olunan işləri görmək üçün 4000 manat pul verəcəyini bildirmişdir. Birlikdə razılaşdıqdan sonra o, notariat qaydasında faizə 4000 manat pul götürmüşdür. Razılaşma əsasında Əyyub ona mülkiyyətində olan evi 10-15 günlük ipoteka krediti götürmək üçün Cavabdeh adına keçirməyini, Rüfət isə onun “xxxx” ASC-yə olan 12050 manat məbləğində borcunu Əyyubun etdiyi təklif onu qane etdiyi üçün o, razılıq vermişdir. O, 19.11.2015-cı il tarixində mülkiyyətində olan ünvan 2 evi Sumqayıt şəhəri 4 saylı DNK-da alqı-satqı yolu ilə Cavabdeh adına keçirmişdir. Alqı-satqı müqaviləsində evin satışına görə ona 76000 manat məbləğində pul ödəndiyi göstərilmişdir. Lakin, o, həmin evi satmaq niyyətində olmamış və evin satışından hər hansı məbləğdə pul ona ödənilməmişdir. Əyyub və Rüfət ona bu müqavilənin formal olduğunu bildirmişlər. Alqı-satqı zamanı Rüfət notariatda işləyən tanışı vasitəsi ilə 76000 manat pul gətizdirmiş və həmin pulu alqı-satqıdan sonra bankdan onun vasitəsilə götürərək həmin şəxsə qaytarmışdır. Ev alqı-satqı yolu ilə Rüfətin adına keçdikdən sonra o, Əyyubla əlaqə saxlayaraq ipotekanın nə üçün düzəlməməsinin səbəbini soruşmuşdur. Həmin vaxt Əyyub ipoteka kreditlərinin dayandırıldığını və yaxın vaxtlarda veriləcəyini bildirmişdir. Lakin, o, kreditin düzəlmədiyindən narahat olub öz narazılığını bildirmişdir. 16.08.2016-cı il tarixində Rüfət mülkiyyətində olan ünvan 2 evə həyat yoldaşının adına baş etibarnamə və evin sənədlərinin əslini verərək məsələnin yaxın vaxtlarda həll olunacağını bildirmişdir. Onun Əyyub və Rüfətlə davamlı danışıqları getdiyi vaxt və evinin geri qaytarılmasını tələb etdiyi zaman Əyyub və Rüfət bir daha ona evi bir hərbiçinin adına uzun illik 4 faizə ipoteka ilə yüklü edəcəklərini bildirmişlər. Lakin, yenə də onlardan heç bir xəbər çıxmamışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh mülkiyyətində olan ünvan 2 evə mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışın dublikatını əldə edərək ipoteka yolu ilə Maraqlı şəxs1 adına alqı-satqı etmişdir. O, etirazını bildirdikdə 21.10.2017-ci il tarixində Maraqlı şəxs1 onun həyat yoldaşına baş etibarnamə verərək o, evi aldığını, evin onun adına ipoteka yolu ilə kredit alınması üçün müəyyən faiz ona çatdığını bildirmişdir. Sonradan Maraqlı şəxs1 iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək ünvan 2 evdən onu və həyat yoldaşı X4 və iki azyaşlı övladlarının istifadə hüquqlarının itirilməsi və evdən çıxarılmaqlarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsi 2(060)-2872/2018 saylı, 25 may 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbini təmin etmişdir. 19.11.2015-ci il tarixində mülkiyyətində olan ünvan 2 evi Sumqayıt şəhəri 4 saylı DNK-da alqı-satqı yolu ilə Cavabdeh adına keçdiyi vaxtdan etibarən hazırki vaxtadək onun sahibliyində və istifadəsindədir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(009)-301/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və yeni əsaslı qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs ünvan 1 ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, kollegiya işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh və digər maraqlı şəxs məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt şəhəri 4 saylı Notariat X1 ilə Cavabdeh arasında bağlanmış 19.11.2015-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X10 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanda yerləşən evi Cavabdeh satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ev xüsusi mülkiyyət hüququ əsasında 21.11.2015-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Sumqayıt “Asan Xidmət” Mərkəzi Notariat kontorunda Cavabdeh ilə Maraqlı şəxs1 arasında bağlanmış 05.08.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanda yerləşən evi 94000 manat müqabilində ipoteka ilə alıcı Maraqlı şəxs1 mülkiyyətinə vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ev xüsusi mülkiyyət hüququ əsasında 26.08.2017-ci il tarixdə Maraqlı şəxs1 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 53 saylı Notariat Kontorunda verilmiş 16 avqust 2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh ünvan 2 evə və 0,0137 ha torpaq sahəsinə dair bütun sənədləşmə əməliyyatlarının aparılmasını, bununla əlaqədar onu bütün dövlət və qeyri dövlət orqanlarında, idarə və təşkilatlarda təmsil etməyi, DƏDRX-dən forma-1, forma-2 arayışını və s. arayışları almağı, sənədləri almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi 16.08.2018-ci il tarixədək X5 etibar etmişdir. Sumqayıt “Asan Xidmət” Mərkəzi Notariat kontorunda verilmiş 21 oktyabr 2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, Maraqlı şəxs1 ünvan 2 evə və 0,0137 ha torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi 21.10.2047-ci il tarixədək X5 etibar etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 03.12.2020-ci il tarixli, **********67 nömrəli cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, Novruz qəsəbəsi, 25C ünvanında yerləşən fərdi yaşayış evi Sumqayıt şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-658/2014 saylı, 07.01.2014-cü il tarixli qətnaməsi əsasında X6 adına ********** qeydiyyat nömrəli, 11,06.2014-cü il tarixli dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Sumqayıt şəhər 4 saylı dövlət notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 4Ə-04/1376 reyestr nömrəli, 19.06.2014-cü il tarixli dəyişmə müqaviləsi əsasında fərdi yaşayış evi, X2 adına ********** qeydiyyat nömrəli, 21.06.2014-cü il tarixli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Sumqayıt şəhər 4 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə-04/1431 reyestr nömrəli, 27.06.2014-cü il tarixli bağışlanma müqaviləsi əsasında fərdi yaşayış evi, İddiaçı adına ********** qeydiyyat nömrəli, 30.06.2014-cü il tarixli dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun 3M/877 reyestr nömrəli, 18.07.2014-cü il tarixli ipoteka müqaviləsi əsasında qeyd olunan əmlak 19.07.2014-cü il tarixdə “xxxx” ASC-nin xeyrinə yüklülüyün qeydiyyatı aparılmış və ********** qeydiyyat nömrəli, 19.11.2015-ci il tarixli müraciəti əsasında yüklülükdən azad edilmişdir. Sumqayıt şəhər 4 saylı dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə-1436 reyestr nömrəli, 19.11.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi, Cavabdeh adına ********** qeydiyyat nömrəli, 21.11.2015-ci il tarixli çıxarışla rəsmiləşdirilmişdir. Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun 3M-151 reyestr nömrəli, 01.03.2016-cı il tarixli ipoteka müqaviləsi əsasında sözü gedən əmlak 15.03.2016-cı il tarixdə “xxxx” BOKT ASC-nin xeyrinə yüklülüyün qeydiyyatı aparılmış və ********** qeydiyyat nömrəli, 04.08.2017-ci il tarixli müraciəti əsasında yüklülükdən azad edilmişdir. Sumqayıt şəhər “ASAN Xidmət” Mərkəzinin təsdiq etdiyi 4Ə-2875 reyestr nömrəli, 05.08.2017-ci il tarixli alqı-satqı ipoteka müqaviləsi əsasında göstərilən əmlak Maraqlı şəxs1 adına ********** qeydiyyat nömrəli, 26.08.2017-ci il tarixli dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 1-ci Polis Bölməsinin 124-450-3118 nömrəli, 10.01.2018-ci il tarixli arayışı və “Oxu Məni” qəzetinin 12.01.2018-ci il buraxılışı əsasında qeyd olunan əmlak Maraqlı şəxs1 adına ********** qeydiyyat nömrəli, 26.01.2018-ci il tarixli dövlət reyestrindən dublikat çıxarışı verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 5(060)-183/2019 saylı, 18.06.2019 tarixli qərardadı əsasında fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı, X11 və onların uşaqları 07.02.2002-ci ildə anadan olmuş X12, 19.03.2007-ci il tarixdə anadan olan X7 Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən 25C saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin evdən çıxarılmaları, iddiaçılar İddiaçı və X3 cavabdeh Maraqlı şəxs1 qarşı cavabdeh Maraqlı şəxs1 ilə Cavabdeh arasında 05.08.2017-ci il tarixdə bağlanmış 4ə-2875 reyestrlə qeydə alınmış alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Maraqlı şəxs1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10.04.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhər Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X13 tərəfindən qəbul edilmiş 04.11.2019-cu il tarixli qərardan görünür ki, X8, Cavabdeh və Maraqlı şəxs1 əməlində cinayət tərkibi olmadığından onların barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. Sumqayıt şəhər Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X16 tərəfindən qəbul edilmiş 08.02.2021-ci il tarixli qərardan görünür ki, X8, Cavabdeh və Maraqlı şəxs1 əməlində cinayət tərkibi olmadığından onların barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2- ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 27 iyun 2014-cü il tarixli fərdi yaşayış evinin bağışlanması barədə müqaviləyə əsasən X9 mülkiyyətində olan Sumqayıt şəhəri, Novruz qəsəbəsində yerləşən, 25C saylı fərdi yaşayış evini oğlu - İddiaçı bağışlamışdır. 19.11.2015-ci il tarixdə İddiaçı ona bağışlanmış evi Sumqayıt şəhəri, 4 saylı notariat kontorunda AN seriyalı, ******* nömrə ilə qeydə alınmış alqı-satqı barədə müqaviləyə əsasən 76000 manata Cavabdeh satmışdır. 05.08.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh qeyd olunan fərdi yaşayış evini Maraqlı şəxs1 118000 manata satmış, ev “Günay Bank”da ipoteka ilə yüklü edilmiş, illik 4 faiz ödənilməsi müəyyən olunmuş, məbləğin 24000 manatı alıcı tərəfindən, qalan 94000 manatı isə bank tərəfindən ödənilmişdir. Qeyd olunan fərdi yaşayış evi ipoteka ilə yüklü edilməklə ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Maraqlı şəxs1 xüsusi mülkiyyətindədir. Maraqlı şəxs1 mülkiyyət hüququ əsasında özünə məxsus olan yaşayış evindən İddiaçı və onun ailə üzvlərinin qeydiyyatdan və evdən çıxarılmasını məhkəmə qaydasında tələb etməklə bağlı Sumqayıt şəhər məhkəməsinə iddia ilə müraciət etmiş və həmin iddia üzrə mülki işə baxılan zaman cavabdeh İddiaçı və X11 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə Cavabdeh arasında 05.08.2017-ci il tarixdə bağlanmış 4ə-2875 reyestrlə qeydə alınmış alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Maraqlı şəxs1 adına verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını, bu əməliyyatda cavabdehlərin və digər şəxslərin əməllərində etibardan sui-istifadə etmə və dələduzluq cinayətinin tərkibi olduğundan həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad qəbul etməklə araşdırılması üçün prokurorluğa göndərilməsini xahiş etmişdir. Yuxarıda sadalanan qanuni qüvvəsini almış məhkəmə aktları ilə həmin iş üzrə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Maraqlı şəxs1 ilə Cavabdeh arasında 05.08.2017-ci il tarixdə bağlanmış 4ə-2875 reyestrlə qeydə alınmış alqı-satqı və ipoteka müqaviləsinin və mənzilin hazırki mülkiyyətçisi olan Maraqlı şəxs1 adına verilmiş çıxarışın qanuniliyi qanuni qüvvəyə minmiş məhkəmə aktları öz təsdiqini tapmışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassızdır. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İddiaçı alqı-satqı müqaviləsinin ləğvini tələb etsə də, işin müəyyən edilmiş hallarından həmin müqavilənin ləğvi üçün qanunvericilikdə göstərilən hüquqi əsasların mövcudluğu sübuta yetirilməmişdir. İddiaçının istinad etdiyi hallar isə müqavilənin ləğvi üçün əsas deyildir, həmçinin iddiaçının mübahisələndirilən 19.11.2015-cı il tarixli alqı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar aldadılması ilə bağlı xüsusatlar üzrə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş 18 avqust 2018-ci il və 08 fevral 2021-ci il tarixli qərarlardan görünür ki, göstərilənlərə əsasən X8, Cavabdeh və Maraqlı şəxs1 əməllərində cinayət tərkibi olmadığından onların barəsində Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya hesab edir ki, iddiaçının tələbi əsassızdır. İddia tələbində və apelyasiya şikayətində istinad etdiyi halları iddiaçı konkret dəlillərlə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Kollegiya hesab edir ki, qətnamə qanuni və əsaslıdır, apelyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-301/2021 saylı iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar