Məhkəmə qərarları › İş №2(103)-5396/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5396/2021

27.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5396/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X12 oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək haqqının və gecikdirilmiş günlərə görə faizlərin tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(004)-1674/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək haqqının və gecikdirilmiş günlərə görə faizlərin tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 20.12.2019-cu il tarixində Cavabdeh MMC Şirkətinə bir il müddətinə, aylıq 766,48 manat əmək haqqı olmaqla aşbaz vəzifəsinə işə qəbul edilmişdir. Şirkətlə aralarında yaranmış əmək münasibətlərinə dair əmək müqaviləsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilsə də, kağız üzərində əmək müqaviləsinə yalnız 29.09.2020-ci il tarixində imza etdirmiş və üstəlik əmək müqaviləsinin nüsxəsini ona təqdim etməmişlər. 03.08.2020-ci il tarixinə kimi hər gün işə çıxmış və gecikmələrlə olsa da əmək haqqımı almışdır. Lakin 03.08.2020-ci il tarixində müdir kimi bildiyi Elçin istehsalatın dayandırıldığını bildirmiş, bundan sonra Bəxtiyar bütün personalı yığaraq bildirmişdir ki, Cavabdeh MMC istehsalatı qısa bir müddətə dayandırır. Dayanmağın səbəbi isə Şirkətin xidmət göstərdiyi «Crescent bay» tikinti şirkətinin borcunu ödəməməsidir. Bütün işçi personalı evə buraxılaraq iş başlayan kimi çağırılacaqları bildirilmişdir. 04.08.2020-ci il tarixindən etibarən işsiz evdə oturmuş, iş axtarmamış, yalnız aşbaz olduğu Cavabdeh MMC-də istehsalatın bərpa olunmasını və işə qayıtmaq xəbərini gözləmişdir. 29.09.2020-ci il tarixində tabe olduğu baş aşbaz Cəbrayılov Şəhriyar onun avadanlıqların daşındığı yerə dəvət etmiş və Şirkətin HR-i əmək müqaviləsinə imza etməsini xahiş etmişdir. Halbuki, Cavabdeh MMC-də 20.12.2019-cu il tarixdən işləyir, amma əmək müqaviləsini 29.09.2020-ci il tarixdə geri tarixə imzalatdırdılar. İmzalanmış əmək müqaviləsinin nüsxəsini ona təqdim etmədilər. Üstəlik işdən öz xahişi ilə çıxması barədə ərizə tərtib edərək imzalanmasını tələb etsələr də, imzalanmaqdan imtina etmişdir. Bundan sonra Cavabdeh MMC 23.11.2020-ci il tarixli məktubla ona müraciət edərək 03.08.2020-ci il tarixindən işə çıxmamasının səbəbi barədə məlumat verilməsini tələb etmiş, məktubun məqsədinin onu qanunsuz olaraq işdən çıxarılması olduğunu anlamışdır. Həmin məktuba 30.11.2020-ci il tarixdə cavab verərək ətraflı, onların özlərinin də bildiyi həqiqətləri - işə işəgötürənin təqsiri üzündən yaranmış boşdayanma səbəbindən işə çıxmamasını, mütəmadi işə nə vaxt çıxacağı barədə məlumatları tələb etməsini qeyd etmiş və təkrar olaraq işə hansı tarixdən dönə biləcəyi və iş yeri olaraq hansı ünvana gəlməli olduğu barədə məlumat verilməsini, işəgötürənin təqsiri üzündən bütün boşdayanma müddətinə (03.08.2020-ci il tarixdən etibarən) maaşının üçdə iki hissəsinin ödənilməsini və aralarında bağlanmış əmək müqaviləsinin surətinin təqdim olunmasını xahiş etmişdir. Cavab məktubundan qanundan bir az anlayışının olduğunu anladığı üçün Şirkət 15.12.2020-ci il tarixli yeni məktubla müraciət edərək 20.12.2020-ci il tarixində müddətinin bitəcəyi üçün əmək müqaviləsinə xitam veriləcəyini bildirmişdir. Lakin, həmin məktubdan sonra nə əmək müqaviləsinə xitam verilməsi barədə əmr, nə əmək kitabçası, nə də ki son haqq hesabı bugünə kimi verilməmişdir. İddia ərizəsinə əlavə etdiyi AFBank tərəfindən verilən hesabdan çıxarışdan göründüyü kimi, Cavabdeh MMC onun əmək haqqı hesabına gecikmələrlə olsa da, ödənişlər etmişdir: - Dekabr 28.12.2019-ci il tarixində - 260.96 manat; - Yanvar 28.01.2020-ci il tarixində - 700 manat; - Fevral 10.03.2020-ci il tarixində - 700 manat (gecikmə 10 gün); - Mart 30.03.2020-ci il tarixində - 700 manat (gecikmə 0 gün); - Aprel 07.05.2020-ci il tarixində - 700 manat (gecikmə 7 gün); - May 04.06.2020-ci il tarixində - 700 manat (gecikmə 4 gün); - İyun 17.07.2020-ci il tarixində - 350 manat (gecikmə 17 gün və əmək haqqının qalan hissəsinin gecikməsi – 205 gün); - iyul 19.08.2020-ci il tarixində - 350 manat (gecikmə 19 gün və əmək haqqının qalan hissəsinin gecikməsi - 175 gün); - Avqust 09.09.2020-ci il tarixində - 700 manat (gecikmə 09 gün); - Sentyabr - 0 manat (bugünə kimi 114 gün gecikmə və davam edir); - Oktyabr - 0 manat (bugünə kimi 83 gün gecikmə və davam edir); - Noyabr – 0 manat (bugünə kimi 53 gün gecikmə və davam edir); - Dekabr - 0 manat (bugünə kimi 22 gün gecikmə və davam edir). Qeyd olunan əmək haqqı gecikmələrindən əlavə, şirkət 20.12.2020-ci il tarixində əmək müqaviləsinə xitam veribsə, bir il ərzində verilməyən əmək məzuniyyətinə görə son haqq-hesab olaraq kompensasiya da ödənilməlidi. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək göstərmişdir ki, cavabdehin nümayəndəsinin bildirdiyinə görə, 17.07.2020-ci il tarixində ödənilən 350 manat və 19.08.2020-ci il tarixindəki 350 manat - iki hissədə ödənilən iyun ayının əmək haqqısı, 09.09.2020-ci il tarixində ödənilən 700 manat iyul ayının əmək haqqısı olmuşdur. Beləliklə, iş materiallarına əlavə olunmuş «AFBank»ın əmək haqqı hesabından çıxarışdan və cavabdehin vəkilinin izahatından aydın olur ki əmək haqqı iyun ayı üçün 17.07.2020-ci tarixində 350 manat və 19.08.2020-ci il tarixində 350 manat olmaqla 7 və 40 gün, iyul ayı üçün 09.09.2020-ci tarixində 700 manat olmaqla 40 gün, avqust ayı üçün 182 gün, sentyabr ayı üçün 152 gün, oktyabr üçün 121 gün, noyabr ayı üçün 91 gün və dekabr ayı üçün 80 gün gecikdirilmişdir və amək haqqı ödənilməyən aylar üzrə gecikmə davam edir. 2019-2020-ci iş ilinə görə istifadə edilməmiş əmək məzuniyyətinə görə 700 manat kompensasiya 24.01.2021-ci il tarixində ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq cavabdehdən iyun əmək haqqının gecikməsinə görə 329 manat faiz məbləği (7x47 gün), iyul əmək haqqının gecikməsinə görə 280 manat faiz məbləği (7x40 gün), sentyabr ayı üzrə üzrə ödənilməmiş 466 manat + əmək haqqının gecikdirilməsinə görə 708,32 manat faiz məbləği (4.66 x 152 gün), oktyabr ayı üzrə ödənilməmiş 466 manat + əmək haqqının gecikdirilməsinə görə 563,86 manat faiz məbləği (4.66x121 gün), noyabr ayı üzrə ödənilməmiş 466 manat + əmək haqqının gecikdirilməsinə görə 424,06 manat faiz məbləği (4.66x91 gün), dekabr ayı üzrə ödənilməmiş 466 manat + əmək haqqının gecikdirilmiş günlərə görə 372,8 manat faiz məbləği (4.66x80 gün) olmaqla, cəmi 4542,04 manat pulun tutularaq onun xeyrinə ödənilməsi və cavabdehin son haqq-hesabın gecikdirilməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cərimə lənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(004)- 1674/2021 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia qismən təmin olunmuş, Cavabdeh MMC-dən 1864 (bir min səkkiz yüz altmış dörd) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçının özünün işə çıxmaması, bu səbəbdən də ona müvafiq dövrlər üzrə əmək haqqının ödənilməməsi, boşdayanmanın iddiaçının təqsiri üzündən olması kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi mübahisənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxaraq, izahatında göstərmişdir ki, iddiaçının müraciəti ilə bağlı tərəflərindən müvafiq araşdırma aparımış, cavabdeh təşkilatdan sənədlər tələb olunmuş, nəticəsi barədə iddiaçıya məktub göndərilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçıya bir neçə ay üzrə əmək haqqı ödənilməmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan 20.12.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh MMC-nin direktoru X4 müraciət edərək, aşbaz peşəsinə qəbul olunmasını xahiş etmişdir. İşdə olan işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış 20.12.2019-cu il tarixli, 61/19 saylı əmək müqaviləsinin surətindən görünür ki, işçi 3 ay müddətinə, 20.03.2020-ci il tarixinədək aylıq əmək haqqı 766,48 manat olmaqla şirkətə aşbaz peşəsinə işə qəbul edilmişdir. İşdə olan Cavabdeh MMC-nin direktoru X3 24.12.2020-ci il tarixli, 43/20 nömrəli əmrindən görünür ki, MMC-də aşbaz vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 24.12.2020-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi ilə) xitam verilmiş, işçiyə “30.51” təqvim günü müddətinə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi əmr olunmuşdur. İşdə olan "xxxx" ASC-də İddiaçı adına açılmış ***-*******-1 saylı hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı sentyabr, oktyabr noyabr və dekabr ayları üzrə əmək haqqı ödənilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Bakı şəhər İdarəsinin 14.12.2020-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, iddiaçının Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinə baxılmış, MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş 25.11.2020-ci il tarixli məktub və sənədlərə baxış zamanı iddiaçının 2020-ci ilin avqust, sentyabr aylarında işə getmədiyi və bu səbəbdən də həmin aylar üçün əmək haqqının ödənilmədiyi müəyyən olunmuşdur. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, İddiaçı ilə birlikdə "X13" MMC-də aşbaz işləmişdir. Özü MMC-də 2019- 2020-ci illər ərzində işləmişdir və hələ də, adı şirkətdə gedir, müqaviləsinə xitam verilməmişdir. İşə düzəldiyi zaman Emil artıq orada işləyirdi. Sentyabr ayının ortalarında MMC-də fəaliyyət dayandırılmış, layihənin açılacağı zaman xəbər edəcəklərini bildirsələr də, bü günədək xəbər yoxdur. Ona Qəbələ rayonuna ezam edilmək təklif edilməyib. Sonuncu dəfə oktyabr ayında 450 manat məzuniyyət pulu almışdır. Ondan sonra ona heç nə ödənilməyib. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, İddiaçı ilə birlikdə "X13" MMC-də aşbaz işləmişdir. MMC-də Emildən əvvəl işləmişdir. MMC yay aylarında artıq fəaliyyətini dayandırmış, onlara bir müddət gözləməli olacaqlarını, işin açılacağını bildirmişdir. 4 ay gözlədikdən sonra Dərnəgüldə yerləşən mətbəxə çağıraraq, məzuniyyət pulunu ödəmişlər. Bu zaman Emil narazılığını bildirdi. Müqavilə vaxtı uzadılmadığına görə müqaviləsinə xitam verilmişdir. Ona da Qəbələ rayonuna ezam edilmək təklif edilməyib. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən - İddiaçı Cavabdeh MMC-də aşbaz işləmiş, Cəmiyyətdə müvafiq sifarişlər olmadığına, görülmüş xidmətlərə görə haqqın ödənilməməsinə görə işləri dayanmış, bu səbəbdən 2020-ci ilin sentyabr, oktyabr noyabr və dekabr ayları üzrə əmək haqqı ödənilməmiş, 24.12.2020-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, son haqhesab olaraq 2019-2020-ci iş ilinə görə istifadə edilməmiş əmək məzuniyyətinə görə 24.01.2021-ci il tarixində 700 manat kompensasiya ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən göstərmişdir ki, məhkəmə iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi zaman cavabdeh tərəfindən ona 2020-ci ilin sentyabr, oktyabr noyabr və dekabr ayları üzrə əmək haqqının ödənilməməsini, şirkətdə boşdayanma hallarına görə işçinin təqsirinin müəyyən olunmamasını, həmçinin əmək haqqının gecikdirilməsində cavabdeh şirkətin təqsirinin sübuta yetirilmədiyini nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən 2020-ci ilin sentyabr, oktyabr noyabr və dekabr ayları üzrə əmək haqqının 2/3 hissəsi miqdarında, yəni 1864 manat (466x4=1864) tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu hissədə iddanı təmin edərkən, cavabdeh tərəfindən, şirkətin Bakı şəhərində fəaliyyətini dayandırmağa məcbur qaldıqdan sonra, fəaliyyətini Qəbələ şəhərində davam etdirməsi, bu səbəblədə bəzi işçilərin Qəbələ şəhərinə ezam edilməsi, iddiaçıya da bu barədə təklif olunsa da, onun tərəfindən buna etiraz edilməsi və işə çıxmaması, bu səbəbdən də, ona əmək haqqının ödənilməməsi barədə iddiaya dair etirazlarına münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə bu halları təsdiq edəcək sübut, o cümlədən də, ezam əmri təqdim edilməmiş, tərəflərindən edilmiş xəbərdarlıqlara rəğmən işə çıxmaması halında, cavabdehlə əmək müqaviləsinə nə üçün qanunvericiliyin müvafiq maddəsinin tələblərinə uyğun olaraq deyil, bir neçə ay gözləyərək məhz əmək müqaviləsinin müddətinin bitməsi ilə xitam verilməsi halına da, işəgötürənin hüquqları ilə əlaqələndirərək, tutarlı əsaslar gösdərə bilməmişdir. Bundan başqa cavabdeh bir tərəfdən şirkətin Bakı şəhərində fəaliyyətini dayandırması, həmin müddətdə isə fəaliyyətlərinin Qəbələ şəhərində davam etməsi, işçilərinin bir qisminin ora ezam edilməsi, digər tərəfdən isə, iddiaçının Qəbələ şəhərinə getməkdən imtina etməsi və işə də, çıxmaması, bu səbəbdəndə ona əmək haqqı verilməməsi barədə, ziddiyyətli izahatlar verərək, şirkətin faktiki olaraq Bakı şəhərində fəaliyyətini dayandırdığı halda iddiaçının necə və hansı şəkildə işə çıxmalı olması halına da, aydınlıq gətirə bilməmişdir. Həmçinin, işin araşdırılmış halları ilə cavabdeh tərəfindən iddiaçıya, son haqhesab olaraq 2019-2020-ci iş ilinə görə istifadə edilməmiş əmək məzuniyyətinə görə 24.01.2021-ci il tarixində illik, 700 manat məbləğində tam olaraq kompensasiyanın ödənilməsi də müəyyən edilmişdir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. ƏM-nin 9-cu maddəsinin «d» bəndinə əsasən işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 xidməti Bakı şəhər İdarəsinin 14.12.2020-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, iddiaçının Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinə baxılmış, MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş 25.11.2020-ci il tarixli məktub və sənədlərə baxış zamanı iddiaçının 2020-ci ilin avqust, sentyabr aylarında işə getmədiyi və bu səbəbdən də həmin aylar üçün əmək haqqının ödənilmədiyi müəyyən olunmuşdur. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmçinin, işdə olan digər sübutlardan və şahid ifadələrindən də müəyyən olunur ki, cavabdeh təşkilatda müəyyən vaxtlarda iş dayanmış, bu səbəbdən də iddiaçı işləyə bilməmiş, ona həmin dövrlərdə əmək haqqı ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. ƏM-nin 169-cu maddəsinin 1 və 2-ci bəndlərinin tələblərinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. ƏM-nin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. ƏM-nin 172-ci maddəsinin qeyd hissəsinə əsasən bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Beləliklə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməkdə haqlı olmuşdur. Cavabdeh iddiaçıya boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş qaydada əmək haqqı ödəmək vəzifəsini daşıyır. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, təqdim olunmuş sənədlər isə cavabdehin özü tərəfindən tərtib olunmuş, mötəbərliyi iddiaçı tərəfindən şübhə altına alınan sübutlar olduğundan qəbul edilə bilməz. Bununla yanaşı, cavabdehin bildirdikləri (iddiaçının özünün işə çıxmaması və s.) işdə olan və araşdırılmış sübutlarla tam təkzib olunur. Cavabdeh yoxlanılan hissələrdə etirazlarının əsası kimi kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin həmin hissələrdə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək haqqının və gecikdirilmiş günlərə görə faizlərin tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(004)-1674/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(004)- 1674/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar