Məhkəmə qərarları › İş №2(103)-5398/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5398/2022

29.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5398/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi (atası) İlqar Məmmədrzayevin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, xx.xx.2018-ci il təvəllüdlü uşaq X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) hər ay 193 manat aliment tutularaq iddiaçıya (anaya) verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, həmin uşağın saxlanması üçün xx.xx.2022-ci ildən başlayaraq hər ay 193 manat aliment cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia qismən təmin olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, cavabdehin maddi vəziyyəti hər ay 193 manat aliment ödəməyə imkan vermir. Cavabdeh işsizdir, qazanc əldə etmək üçün Rusiyaya gedərək günəmuzd işlərlə məşğul olur, hər günə manat məzənnəsi ilə 15- 20 manat pul qazanır. Onun da çox hissəsi kirayə haqqına, kommunal xərclərə və yaşayış üçün gündəlik xərclərə ödənilir. Cavabdehin gördüyü işlər isə mövsümü xarakterli işlərdir, bəzən aylarla işsiz qalır. Buna baxmayaraq məhkəmdə iddia qaldırılana qədər uşağın saxlanması üçün cavabdeh hər ay 80-100 manat pulu poçt vasitəsilə iddiaçıya göndərirdi. Ona görə də cavabdeh hesab edir ki, alimentin miqdarı yüksəkdir, hər ay 100-120 manat aliment ödəmək imkanı var. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (atası) İlqar Məmmədrzayev apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı şağıdakıları qeyd edir. Apellyasiya şikayətindən görünür ki, cavabdeh aliment tutulmasından narazı deyil, yalnız alimentin miqdarı ilə razı deyil. Birinci instansiya məhkəməsi düzgün olaraq alimentin miqdarını 193 manat müəyyən edib. Belə ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat müəyyən edilib. Cavabdehin qazancının miqdarının az olması onu uşağını saxlamaq vəzifəsindən azad etmir. Cavabdeh əmək qabiliyyətlidir, münasib qazanc əldə etmək, hər ay 193 manat aliment ödəmək iqtidarındadır. Sabit pul məbləğində tutulan alimentin miqdarının müəyyən edilməsində istifadə olunun amillər Ailə Məcəlləsinin 78.2-ci maddəsində müəyyən olunub: 1) tərəflərin maddi vəziyyəti; 2) tərəflərin ailə vəziyyəti; 3) diqqətəlayiq olan digər hallar. Alimentin miqdarının 193 manat müəyyən edilməsi həmin maddənin göstərişinə uyğundur. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar