Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5399/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdehin, nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin 50% məbləğinin uşağın adına açılmış bank hesabına köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1473/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin 50% məbləğinin uşağın adına açılmış bank hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə 08.01.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 29.10.2020-ci il tarixli, 2(004)- 3039/2020 saylı qətnaməsi ilə İddiaçı qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulan alimentin 50% məbləğinin yetkinlik yaşına çatmayan 22.02.2019-cu il təvəllüdlü X4 və 05.12.2015-ci il təvəllüdlü X3 adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 27.09.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 22.02.2019-cu il təvəllüdlü X4 və 05.12.2015-ci il təvəllüdlü X5 doğulmuşdur. Yasamal rayon Məhkəməsinin 2(004)-3039/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh və İddiaçı arasında Səadət Sarayı-Bakı Nikah Evində 27.09.2013-cü il tarixdə 1731 №-li akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan 22.02.2019-cu il təvəllüdlü X4 və 05.12.2015-ci il təvəllüdlü X3 anaları X1 yanında qalması və 22.02.2019-cu il təvəllüdlü X4 və 05.12.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçıdan yanvar ayında 2725 manat məbləğində, fevral ayında isə 2961.59 manat məbləğində aliment tutulmuşdur. Uşağın təhsil haqqını da iddiaçı ödəyir. Həmçinin cavabdeh “xxxx” QSC-də çalışır və aylıq 1200 manat məbləğində əmək haqqı alır. Tutulan alimentin məbləği yüksək olduğundan, həmçinin cavabdehin əmək haqqısı kifayət qədər yüksək olduğundan alimentin bir hissəsinin uşaqların adına açılan bank hesabına köçürülərək uşaqların gələcəkdə tələbatlarının ödənilməsinə sərf edilməsinin uşaqların mənafeyinə uyğun olduğunu hesab edir. İddianın təmin olunmasını xahiş edir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)-1473/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, birgə yaşadıqları dövrdə uşağın yaşayış səviyyəsi həmişə yüksək olub, hətta uşağın saxlanmasına, əyləncələrinə iddiaçı hazırda ödədiyi məbləğdən daha artıq miqdarda vəsait sərf edib. Həmçinin məhkəmə iddiaçı tərəfindən ödənilən alimentin həqiqətənmi uşaqların mənafeyinə uyğun sərf olunub-olunmamasını da araşdırmamışdır. Məhkəmə nəzərə almamışdır ki, oğlu iddiaçının öz təşəbüsü ilə xarici dil təmayüllü məhtəbdə oxuyur, həmin məktəbin illik ödənişi 5600 manat təşkil edir (birinci sinifdən isə 7000 manat təşkil edəcəkdir). Bundan başqa bütün dünyada baş verən inflyasiya, pul kütləsinin get-gedə dəyərdən düşməsi, bankların bağlanma ehtimalı da qaçılmaz risklərdəndir. Hesab edir ki, Konstitusiya Məhkəməsinin 27.07.2016-cı il tarixli qərarlarında nəzərdə tutduğu – tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə alınmalıdır-göstərişləri hazırkı məhkəmə mübahisəsində də nəzərə alınmalı və övladları indiyədək ataları tərəfindən onlar üçün təmin edilmiş yüksək təminat səviyyəsindən məhrum edilməməlidirlər. Kollegiyanın iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişlər. İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər, iddiaçı əlavə olaraq bildirmişdir ki, oğlunun ödənişli məktəbdə oxumasını özü təşkil etmiş, məktəblə müqaviləni özü bağlamışdır. Eyni zamanda vergilər daxil olmaqla əmək haqqının məbləği 7240 manat təşkil edir, lakin vergilər və sair ödənişlər çıxıldıqdan sonra əldə etdiyi əmək haqqı 5200 manat təşkil edir. Həmçinin hazırda aliment görə yığılmış borcla əlaqədar 2600 manat civarında alimnet ödəyir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd ediməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, Yasamal rayon Məhkəməsinin 2(004)-3039/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh və İddiaçı arasında Səadət Sarayı-Bakı Nikah Evində 27.09.2013-cü il tarixdə 1713 №li akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan 22.02.2019-cu il təvəllüdlü X4 və 05.12.2015-ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalması və 22.02.2019-cu il təvəllüdlü X4 və 05.12.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. İş materiallarında olan “xxxx“ LTD Şirkətinin Azərbaycan Respublikasındakı fililalı tərəfindən verilmiş 23.02.2021-ci il tarixli arayışa əsasən İddiaçı 14.12.2015-ci il tarixdən “xxxx“ LTD Şirkətində çalışır və onun aylıq ümumi əmək haqqısı 7240 manat təşkil edir. İddiaçı tələbinin əsası kimi tutulan alimentin məbləği yüksək, həmçinin cavabdehin əmək haqqı kifayət qədər yüksək olduğundan alimentin bir hissəsinin uşaqların adına açılan bank hesabına köçürülərək uşaqların gələcəkdə tələbatlarının ödənilməsinə sərf edilməsinin uşaqların mənafeyinə uyğun olmasına istinad etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Ailə Məcəllənin 55.3-cü və «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.7-ci bəndinə istinadən iddianı əsaslı sayaraq təmin edərkən gəldiyi nəticəsinin əsaslandırılması zamanı İddiaçı əmək haqqısının 7240 manat təşkil etməsini və İddiaçı hər ay qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulacaq alimentin miqdarının bir uşaq üçün yaşayış minimumundan bir neçə dəfə artıq olmasını, uşağın təhsil haqqının iddiaçı tərəfindən ödənildiyini nəzərə almışdır. Azərbaycan Respublikası Ailə Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.7-ci bəndinə əsasən alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, uşağın haqlarının pozulmasını önləmək üçün mövcud olan Ailə Məcəlləsinin 55.3-cü maddəsi qarantiyalar müəyyən edir. Aliment ödəyən ailə üzvü, məsələn, uşağa verilən alimentdən düzgün istifadə olunmadığını görərsə, məhkəmə yolu ilə ödədiyi alimentin yarıdan çox olmayan hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsini tələb edə bilər. Bu tələb uşağın maraqları ilə uzlaşdıqca məhkəmə onu təmin etməlidir. Hazırki vəziyyətdə isə həmin tələbin təmin edilməsinin uşağın maraqlarına uyğun olması, eyni zamanda uşağa verilən alimentdən düzgün istifadə olunmadığını düşünməyə əsas verəcək hər hansı hal məhkəmə tərəfindən müəyyən olunmamış və iddiaçı tərəf tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası iddiaçının həm verdiyi izahatına, həm də iddianın cavabdehin “xxxx” QSC-də çalışması və aylıq 5200 manat məbləğində əmək haqqı alması, tutulan alimentin məbləği yüksək olduğundan, həmçinin cavabdehin əmək haqqı kifayət qədər yüksək olduğundan alimentin bir hissəsinin uşaqların adına açılan bank hesabına köçürülərək uşaqların gələcəkdə tələbatlarının ödənilməsinə sərf edilməsinin uşaqların mənafeyinə uyğun olmasına dair dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin rəsmi iş yeri və gəliri olması iddianın əsaslı olmasını təsdiq etmir. Həmçinin də, alimentin bir hissəsinin uşaqların adına açılan bank hesabına köçürülməsi qanunda nəzərdə tutulsa da, qeyd edilən Plenum qərarının tövsiyyəsinə görə bunun üçün məhkəmə aliment alan valideynin buna münasibətinin əsasını (razılığına və ya etirazına) təşkil edən dəlillərinə, daha sonra belə qərarın uşağın mənafeyinə uyğun olub-olmamasına qiymət verməlidir. Belə ki, aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi uşağın əvvəlki təminat səviyyəsinə müəyyən təsirini göstərə bilər. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya icraatı zamanı iddiaçı tərəf izahatında aylıq əmək haqqının 5000 manat civarında olmasını və hazırda ödədiyi alimentin məbləğinin çox olmasının aliment görə yığılmış borcla əlaqədar olmasını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi ilə bağlı verdiyi izahatlar özüözlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282) Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının uşaqlarının adına bank hesabı açdırmaq və alimentdən kənar vəsaitləri bu hesaba köçürməsi kimi hüququ vardır ki, bu hüquqdan istifadə edilməsi uşaqlarının gələcəkdə tələbatlarının ödənilməsinə sərf edilməsi məqsədi ilə onların mənayeyinə uyğundur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual normalarının tələblərini pozduğu üçün qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1473/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin 50% məbləğinin uşağın adına açılmış bank hesabına köçürülməsi” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödəmiş olduğu rüsum məbləği onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-5399/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5399/2021
24.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver