Məhkəmə qərarları › İş №2(103)-540/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-540/2024

18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-540/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: “vurulmuş mənəvi zərərin əvəzinin tutulması tələbinə) X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X13, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 4116/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X14 ilə X3 arasında xx.xx.1993-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 12 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Vahidov, arvada Vahidova soyadı verilmişdir.

2. X34-Xilasetmə xidmətinin 81/q nömrəli, xx.xx.2012-ci il tarixli əmrinə əsasən X19 xx.xx.2012-ci il tarixdən müvəqqəti olaraq 2 ay müddətinə X22 İdarəsinin Avtonəqliyyat sahəsinə sürücü vəzifəsinə təyin edilmişdir. Həmin qurumun 82q/x nömrəli, xx.xx.2012-ci il tarixli əmri ilə onunla bağlanmış müvəqqəti əmək müqaviləsinə xitam verilmişdir.

3. X34-Xilasetmə xidmətinin 391/1 nömrəli, 30-xx.xx.2012-ci il tarixli ümumi istifadə olunan avtobusun idarə edilməsi üçün verilmiş yol vərəqəsinə əsasən “İveco Otoyol M23.9” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtobusun sahibi Cavabdehdir.

4. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 557210 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X14 xx.xx.2012-ci il tarixdə baş-beynin əzilməsi səbəbindən Bakı şəhərində ölmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2014-cü il tarixli, 1(101)-542/2014 saylı hökmünə əsasən X19 xx.xx.2012-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinə məxsus “İveco Otoyol M23.9” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtobusla Qazax istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” qanunun 50.1-ci maddəsinin tələblərini pozaraq X15 Bakı istiqamətində idarə etdiyi “VAZ-21063” minik markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobildə olan 3 nəfər şəxs ölmüşdür. Cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən avtomobilində olan mərhum Rövşən Vahidovun başın bədəndən tam ayrılması onun ölümünə səbəb olmuşdur. X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 4 il müddətinə nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum edilməklə 8 il müddətinə azaldıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehndən onun xeyrinə 60.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Fövqəladə Hallar Nazirliyinin X28 Xidmətinin Dərinləşdirmə İşlər İdarəsində sürücü işləyən X20 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə riayət etməmiş, hadisənin qarşısını texniki imkanı olduğu halda almamış, “VAZ- 21063” minik markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi hərəkət zolağında toqquşmuş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə yerindən qaçaraq ehtiyatsızlıqdan üç şəxsin, həmçinin mərhum həyat yoldaşı X6 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olmuşdur. Belə ki, X20 xx.xx.2012-ci il tarixdə, saat 18:26 radələrində idarə etdiyi Fövqəladə Hallar Nazirliyinə məxsus “İVECO OTOYOL M23.9” markalı, Az ** FH *** dövlət qeydiyyat nişanlı avtobusla Qazax istiqamətində hərəkətdə olarkən Bakı-Qazax-Gürcüstan yolunun 60-cı kilometrində, Qaradağ rayonu ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə riayət etməmiş, hadisənin qarşısını texniki imkanı olduğu halda almamış, X16 Bakı istiqamətində idarə etdiyi “VAZ-21063” minik markalı, Az ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsini ötmək üçün sola istiqamətlənərək əks hərəkət hissəsinə çıxdığını, təhlükə yarandığını görüb idarə etdiyi avtomaşını dayandırmağa kifayət qədər məsafə olduğu halda dayandıra bilməmiş, Cavanşir Əsədovun idarə etdiyi avtomobilin qabaq sol hissəsi Qazax istiqamətindəki hərəkət zolağında toqquşmuş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisədən sonra yol nəqliyyat hadisəsi yerindən qaçaraq ehtiyatsızlıqdan üç şəxsin, “VAZ21063” markalı avtomobilin sürücüsü X23 və həmin avtomobildə olan sərnişinlər X10 və X6 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölmələrinə, habelə “VAZ-21063” markalı Az ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-542/14 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X20 Azərbaycan Respublikasının CM-nin 263.3 və 264-cü maddələri ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilən materiallardan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 xx.xx.2012-ci il tarixli 120 saylı rəyində göstərilir ki, mərhum X6 meyitində başın gövdədən tam ayrılması, beyin toxumasının əzilib-dağılması (evakuasiyası), kəllə sümüklərinin qəlpəli sınıqları, sol qoltuqaltı nahiyənin, sol baldırın yuxarı 1/3-nün ön-bayır səthinin əzilmiş yaraları olmuşdur. Həmin xəsarətlər xx.xx.2012-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, Rövşən Vahidovun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər, onun ölümünə səbəb başının bədəndən tam ayrılması olmuşdur. Tədqiqat materiallarına daxil edilmiş yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2014-cü il tarixli, 2288 saylı rəyindən görünür ki, təhlükə yaranan anda toqquşmaya kimi “VAZ-2106” markalı avtomobilin 120 metr məsafə qət etməsi və toqquşmanın “VAZ-2106” markalı avtomobilin öz yoluna doğru istiqamətlənmiş vəziyyətində baş verməsi şəraitində “İVECO OTOYOL M23.9” markalı, Az ** FH *** nömrə nişanlı avtobusun sürücüsü X11 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50cimaddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 263.3 və 264-cü maddələri ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-542/14 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cinayət işindən aşkardır ki, hadisə Fövqəladə Hallar Nazirliyinin X28 Xidmətinin Dərinləşdirmə İşlər İdarəsində sürücü işləyən X11 təqsiri ucbatından baş vermişdir. Qeyd etmək lazımdır ki, cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Həyat yoldaşı ailədə işləyən tək şəxs idi, uzun müddət işsiz qaldıqdan sonra təzə tapdığı daş karxanasına işə düzəlmək üçün evdən çıxmışdı. Rövşən evdən çıxanda ümid edirdi ki, o, tezliklə təzə işə başlayacaq və dolanacağı yaxşılaşdıracaq. Lakin, bu faciəvi ölüm baş verdi... Qəzanın baş verdiyi günün gecəsi meyitxanaya gedənə qədər çəkdiyi iztirab bir yana, meyitxanada başı bədənindən ayrılmış həyat yoldaşının bədənini tanıdıqdan sonra bədənindən elə bir gizilti keçdi ki, ölənə qədər unutmaz. Mərhum yoldaşının bədəni elə bir vəziyyətə düşmüşdü ki, gördüyü gündən bu günə qədər ürəyi sızlayır. O an rastlaşdığı mənzərədən sonra gözlərini rahat yuma bilmir, gecələr yuxuya gedənə qədər zülm çəkir. Hər gün arzulayır ki, bu əzab-əziyyət tezliklə sona çatsın, lakin çətin ki, çata. Hələ siz bir də belə bir halın ən yaxın adamına, ailə üzvünə, ailənin dirəyinə münasibətdə baş verdiyini təsəvvür edin. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının faciəvi şəkildə ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşadığı mənəvi sarsıntılar, stress, iztirablar, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Çəkdiyi mənəvi ziyanın dərəcəsini ondan başqa heç kəs bilə bilməz.

8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, vətəndaş X20 xx.xx.2012-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin X34-Xilasetmə Xidmətinin Dibdərinləşdirmə İşləri İdarəsinin Avtonəqliyyat sahəsinə sürücü vəzifəsinə təyin edilmiş və həmin tarixdə arzuolunmaz hadisələrin baş verməsinə səbəb olmuş və azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunan hadisə ilə bağlı mənəvi zərərin ödənilməsinə dair iddia tələbi qanunsuzdur və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyriəmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Fövqəladə Hallar Nazirliyi isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanıdır. Daxili İşlər Nazirliyi tərəfindən X17 xx.xx.2005-ci ildə BCDE dərəcəli sürücülük vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsi xx.xx.2015-ci il tarixinədək etibarlı olmuşdur. Qeyd olunan hadisə Fövqəladə Hallar Nazirliyinin qanunsuz hərəkəti və hərəkətsizliyi nəticəsində baş verməmişdir.

9. Bundan sonra Cavabdeh nümayəndəsi məhkəmə iclasında iddia müdətinin tətbiqi barədə ərizə təqdim edərək iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 4116/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X18)

11. Məhkəmə iddianı qismən təmin edərkən hesab etmişdir ki, X12 qanuni qüvvədə olan hökmlə müəyyən edilən qanunazidd hərəkətləri nəticəsində iddiaçının məruz qaldığı ziyandan məhz Cavabdeh məsuliyyət daşıyır. Cavabdeh etirazının əsası kimi hadisənin Fövqəladə Hallar Nazirliyinin qanunsuz hərəkəti və hərəkətsizliyi nəticəsində baş vermədiyini göstərsə də, məhkəmə bununla razılaşmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının hökmlə müəyyən edilmiş hərəkətlər nəticəsində mərhumun arvadı olaraq iddiaçının mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Odur ki, o, məruz qaldığı mənəvi ziyanın əvəzinin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə işin halları baxımından mənəvi ziyana görə tələb edilən 60.000 manat məbləğini yüksək hesab edərək, qeyd etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 10.000 manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və ədalətli əvəzi kimi qəbul edilə bilər. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iddianın qismən, mənəvi təzminatın 10.000 manat məbləğində müəyyən edilməsi qənaətinə gələrkən, hazırki iş üzrə sözügedən hadisədən 10 ildən çox müddətin keçməsini nəzərə almışdır. Belə ki, həyat yoldaşının ölümü ilə əlaqədar iddiaçının mənəvi sarsıntı, əzab və iztirab keçirməsi şübhəsiz olsa da, hadisədən 10 ildən artıq müddətin də keçməsi çəkilmiş əzab və iztirabın həcminin müəyyən qədər azalmasını da istisna etmir. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab etmişdir ki, hazırki iş üzrə cavabdeh olan Cavabdeh qətnamə ilə müəyyən edilmiş məbləğ ödənildikdən sonra X.Məmmədovdan ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

12. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiaçının həyat yoldaşının ölümünə səbəb olan hadisə üzrə təqsirləndirilən X.Məmmədov barəsində çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-542/2014 saylı hökmü xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. İddianın qanuni əsası Mülki Məcəllənin 1096.1,1097.1,1099-cu maddələri təşkil edir. Şəxsin təqsiri qanuni qüvvəyə minmiş hökmlə müəyyən edildiyindən, məhkəmə hesab etmişdir ki, həmin tarixdən 10 illik ümumi iddia müddəti ötürülməmişdir. Odur ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 23cü, 372-ci, 373.1-ci, 377.1-ci, 1096.1-ci, 1097.1-ci, 1099.1-ci, 114.1-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 82.4-cü, 217-ci, 218-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycanda mənəvi ziyanın əvəzini ödəyəcək hansısa bir elektron hesablama qurğusu, bir avadanlıq yoxdur. İnsan ailə həyatı qurmaqla yarısını tapır. İndi onun uzun illər birgə yaşadığı həyat yoldaşı hansısa orqanın əməkdaşının təqsiri ucbatından faciəvi surətdə vəfat edib. Onun cansız bədəni bir yanda başı qolunun yanında. Onun həyat yoldaşı ailədə işləyən tək şəxs idi, uzun müddət işsiz qaldıqdan sonra təzə tapdığı daş karxanasına işə düzəlmək üçün evdən çıxmışdı. Rövşən evdən çıxanda ümid edirdilər ki, o, tezliklə təzə işə başlayacaq və dolanışıqlarını yaxşılaşdıracaq. Qəzanın baş verdiyi günün gecəsi meyitxanaya gedənə qədər çəkdiyi iztirab bir yana, meyitxanada başı bədənindən ayrılmış həyat yoldaşını bədənini tanıdıqdan sonra bədənindən elə bir gizilti keçmişdir. Mərhum yoldaşının bədəni elə bir vəziyyətə düşmüşdü ki, gördüyü gündən bu günə qədər ürəyi sızlayır. O an rastlaşdığı mənzərədən sonra gözlərini rahat yuma bilmir, gecələr yuxuya gedənə qədər zülm çəkir. Həyat yoldaşının faciəvi şəkildə həlak olmasından sonra onun psixi durumu pisləşmiş, səhhətində müxtəlif problemlər yaranmışdır. Mülki hüquq pozuntusu nəticəsində ona vurulan zərərin əvəzi tam həcmdə ödənilməlidir. Bu məbləği o, 60.000 manat məbləğində qiymətləndirmişdir. Məhkəmə qətnaməsində Avropa Məhkəməsinin qərarlarına istinad etsə də, fikirlər məhkəmənin kompensasiya məbləğinin düzgün qiymətləndirməməsinə gətirib çıxarmışdır. Mənəvi ziyanın ödənilməsi ilə bağlı cavabdehlərlə aralarında hər hansı bir müqavilə olmamış və qanunvericilikdə də mənəvi ziyanın ödənilməsi hər hansı bir miqdarda ödənilməsi nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmənin 60.000 manat tələbinə münasibətdə cavabdehdən 10.000 manat tutulması qanunun tələbinin pozulması kimi qiymətləndirilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə hökmündən də görünür ki, yol nəqliyyat hadisəsinin predmeti olan avtobus Cavabdeh mülkiyyətində olmaqla onu idarə etmək üçün müvafiq sənədlərlə öz əməkdaşına vermişdir. Məhkəmə qarşı tərəfin iddia tələbinə hər hansı əks arqument təqdim etməməsinə baxmayaraq, iddianı qismən təmin etməkdə səhvə yol vermişdir. Onun iddia tələbi əsaslıdır, belə ki, cavabdehin əməkdaşının baş vermiş hadisə üzrə təqsir var, həmin təqsiri sübuta yetirən məhkəmə hökmü var. Təqsirin cavabdehin əməkdaşının olması və hadisənin cavabdehin mülkiyyətində olan avtobusla törədilməsi tam sübuta yetirilir. Cavabdeh nümayəndəsi iddianın əsassızlığına dair izahat verməsinə baxmayaraq, məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə mənəvi zərərə görə 10.000 manat təzminat müəyyən edərkən sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Məhkəmə nəzərə almamışdır ki, o, 19 illik həyat yoldaşını faciəvi surətdə itirmişdir. Məhkəmə hadisə zamanı həyat yoldaşının başının bədənindən ayrılmasını, onu yuyub dəfn etməyin nə qədər ağrılı acılı olmasına dair keçirdiyi mənəvi sarsıntı və iztirabı nəzərə almamışdır.

16. Cavabdeh də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, vətəndaş X20 xx.xx.2012-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin X34-Xilasetmə Xidmətinin Dibdərinləşdirmə İşləri İdarəsinin Avtonəqliyyat sahəsinə sürücü vəzifəsinə təyin edilmiş və xx.xx.2012-ci il tarixdə arzuolunmaz hadisənin baş verməsinə səbəb olmuş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)- 542/14 saylı hökmü çıxarılmış və xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. Hadisənin xx.xx.2012-ci il tarixində baş verdiyini nəzərə alaraq iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçının mənəvi iztirabları hökmün qanuni qüvvəyə mindiyi gündən deyil, hadisənin baş verdiyi tarixdən və iddiaçının iddiasına əsasən həyat yoldaşının ölümünə səbəb olmuş halları gördüyü 2012-ci il tarixdən artıq başlamış idi. Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanıdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsi öz X1 işə götürülməsi prosesində Fövqəladə Hallar Nazirliyinin qanunsuz hərəkəti və hərəkətsizliyini müəyyən edə bilməmişdir. Qeyd olunan hadisə X11 işə götürülməsi barədə Əmri ilə eyni tarixdə baş vermişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən X17 xx.xx.2005-ci il tarixdə BCDE dərəcəli sürücülük vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsi xx.xx.2015-ci il tarixədək etibarlı olmuşdur. Birinci instansiya məhkəməsi Fövqəladə Hallar Nazirliyinin hüquqi şəxs olmadığını nəzərə almamış, baş vermiş hadisənin Nazirliyin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində meydana gəldiyinə dair münasibət bildirməmiş, iddia müddətinin tətbiqinə dair ərizəni təmin etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən işin halları tam aydınlaşdırılmamış, Fövqəladə Hallar Nazirliyinin qanunsuz hərəkəti vəya hərəkətsizliyi müəyyən olunmamış, mənəvi zərərə görə iddia müddətinin axımının hadisənin olduğu andan başladığı nəzərə alınmamış və əsassız olaraq məhkəmə tərəfindən iddanın qismən təmin edilməsi barədə qətnamə qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, cavabdeh tərəfin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətlərinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin ediməsini, cavabdeh tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, iddiaçı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətlərinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, ümumiyyətlə mənəvi zərər Fövqəladə Hallar Nazirliyindən tutulmalı deyil və iddianın nazirliyə qarşı qaldırılması qanunsuzdur. Göstərilənləri nəzərə alınmasını, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin ediməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olubolmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.

27. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının: 2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir; 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir; 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər; 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

29. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. İddiaçının apellyasiya şikayətində qətnamənin qismən ləğv edilərək, iddianın tam təmin edilməsi, cavabdehin apellyasiya şikayətində isə qətnamənin ləğv edilib, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

32. Məhkəmə kollegiyası yuxarıda sadalanan və qanunvericiliyin istinad edilən aidiyyəti müddəalarına əsasən qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyi də zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir.

33. Hazırki mülki işin hallarından göründüyü kimi, iddiaçının ərinin ölümünə səbəb olmuş yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar hesab edilən X19 Cavabdehndə əmək müqaviləsi üzrə sürücü vəzifəsində çalışmaqla cavabdehlə əmək münasibətlərində olmuşdur. Məhz qeyd edilən yol-nəqliyyat hadisəsi də X12 qulluq vəzifələrini icrası zamanı baş vermişdir.

34. Belə ki, qeyd edilən yol-nəqliyyat hadisəsi törədildiyi zaman X12 Cavabdeh ilə əmək münasibətlərində olması, onun nazirliyin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərməli olan zaman qanunsuz əmələ təqsirli olaraq yol verməsi, habelə hadisə yerindən yayınması halları X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014- cü il tarixli, 1(101)- 542/2014 saylı ittiham hökmü ilə müəyyən edilmişdir. Həmin hökmlə müəyyən edilmiş bu faktlar isə hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz.

35. Hazırda cavabdeh apellyasiya şikayətində yol-nəqliyyat hadisəsinin xx.xx.2012-ci il tarixdə baş verdiyini və iddiaçının ərinin ölümünə görə mənəvi iztirab keçirməsinin həmin tarixdən başladığını bildirir. Bundan başqa, apellyasiya şikayətində göstərməsə də, işə baxılması zamanı cavabdehin nümayəndəsi öz izahatında iddianın ümumiyyətlə nazirliyə qarşı qaldırılmalı olmaması mövqeyindən çıxış etmişdir.

36. Məhkəmə kollegiyası cavabdehin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, sözügedən yol-nəqliyyat hadisəsi xx.xx.2012-ci il tarixdə baş versə də, həmin hadisənin kimin təqsirindən törədilməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-542/2014 saylı hökmü qanuni qüvvəyə mindikdən sonra, yəni xx.xx.2015-ci il tarixdə öz təsdiqini tapmışdır. Başqa sözlə, X12 təqsirli olması xx.xx.2015-ci il tarixdə öz təsdiqini tapdığından iddiaçının da hazırki iddia tələbi ilə çıxış etmə hüququ da həmin tarixdən yaranmışdır. Bu səbəbdən, məhkəmə kollegiyası iddia müddəti ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və cavabdehin bu qəbildən olan dəlillərini əsassız hesab edir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili kimi göstərilməsə də, cavabdeh tərəfin mövqeyi olduğundan yol-nəqliyyat hadisəsinin baş verməsində sürücünün təqsirli olması və bu səbəbdən zərərin də ondan tələb edilməsi arqumentinə münasibətdə qeyd edir ki, zərər ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə bağlı vurulmuş olsa belə, əgər zərərvuran əmək müqaviləsi əsasında və ya mülki hüquqi müqavilə üzrə hüquqi və ya fiziki şəxsin tapşırığı ilə fəaliyyət göstərirsə, bu zaman işəgötürən və ya tapşırığı verən məsuliyyət daşımalıdır. Bu halda işəgötürən təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Bu səbəbdən məhkəmə kollegiyası cavabdeh tərəfin bu arqumentlərini əsassız hesab edir.

38. Məhkəmə kollegiyası o halı da xüsusilə vurğulayır ki, cavabdeh işçisinin törətdiyi təqsirli əmələ görə ondan tutulan məbləğ həddində delikt törətmiş işçisinə reqress qaydada iddia qaldırmaq hüququnu özündə saxlayır və bu tələblə cavabdeh sonradan delikt törətmiş işçisinə qarşı məhkəmədə iddia qaldıra bilər.

39. Məhkəmə kollegiyası mənəvi zərərə görə tutulmuş məbləğə münasibətdə qeyd edir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.

40. Bu konteksdən çıxış edərək məhkəmə kollegiyası iddiaçının mənəvi zərərin məbləği ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, baş vermiş hadisədən artıq 10 ildən çox müddətin keçməsi qəti surətdə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı ötən dövr ərzində məhkəməyə müraciət etməmişdir. Halbuki, bu sahəni tənzimləyən və mənəvi təzminatın tutulması üçün hüquqi imkanlar müəyyən edən qanunvericilik mövcud olmuşdur. İddiaçı məhz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarından sonra məhkəməyə müraciət etmişdir. Belə ki, onun müraciət etdiyi vaxt artıq qeyd edilən Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyə uyğun olaraq, məhkəmələr tərəfindən bu qəbildən olan iddiaların təmin olunması təcrübəsi formalaşdırılmışdır.

41. Həmin qərarla nümayiş etdirilmiş hüquqi mövqeyə uyğun olaraq bir sıra xüsusatların araşdırılması, habelə iddianın mahiyyətinə uyğun bir sıra məsələrin aydınlaşdırılması üçün (birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır) məhkəmə kollegiyası tərəfindən iddiaçı şəxsən və vəkili (nümayəndəsi) vasitəsi ilə məhkəmə iclaslarına dəvət olunsa da, nəticə etibarı ilə gəlməmiş və məhkəmə iclasında iştirak etməmişdir.

42. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə yuxarıda sərgilədiyi mövqeyin yekunu olaraq bildirir ki, iddiaçının ərinin ölümü nəticəsində keçirdiyi iztirabın və sarsıntının dərəcəsinin hansısa pul vəsaiti ilə azaldılması və ya onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə cavabdehdən iddianın xeyrinə mənəvi zərərə görə tutulmalı məbləğ hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ədalətli və ağlabatandır .

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayətlərində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 4116/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar