Məhkəmə qərarları › İş №2(103)-5414/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5414/2025

30.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5414/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-998/2025 nömrəli 12 avqust 2025-ci il tarixli qərardadından cavabdeh şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay uşaq üçün cavabdehin hər ay qazancının 1/4 hissəsi miqdarında alimentin, habelə uşaq 3 yaşına çatanadək saxlanmasından ötrü cavabdehdən əlavə olaraq hər ay 50 manat sabit pul məbləğində alimentin, mediasiya xidmətinə görə ödənilmiş 60 manat xidmət haqqının və vəkil orderi üçün ödənilmiş 320 manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2021-ci il tarixdə el adəti ilə toy edərək ailə həyatı qurmuş, rəsmi nikahları isə xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə yaşadıqları müddətdə xx.xx.2023-cü il tarixdə Zeyd adlı övladları olmuşdur. Əvvəllər mehriban yaşasalar da, sonradan xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən cavabdehlə ayrılmışlar. Hazırda oğlu ilə birlikdə anasının himayəsində yaşayır. Maddi vəziyyəti elə də yaxşı deyil, övladı körpə olduğu üçün işləyə də bilmir, bu səbəbdən də övladını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə bir valideyn olaraq öz borcunu yerinə yetirmir. Bankda işləməklə əmək haqqı və pensiya almasına baxmayaraq övladının saxlanılması üçün heç bir köməklik göstərmir, ona uşaq lazım olmadığını bildirir. xx.xx.2024-cü ildə aliment tələbi ilə bağlı cavabdehin ünvanına təklif göndərdi, cavabdeh müxtəlif bəhanələr gətirməklə onu aldadaraq, aliment verməkdən yayındı. Nəhayət məcbur qalıb mübahisənin məhkəmədən kənar həlli ilə bağlı mediasiya şurasına müraciət etdi, lakin bunun bir nəticəsi olmadı. Cavabdeh bu dəfə də mediasiya prossesinə gəlmədi. Bu səbəbdən də məhkəməyə müraciət edərək, övladının saxlanılması üçün cavabdehdən aliment tələb etmək məburiyyətindədir. Maddi imkanı olmadığı üçün vəkil xərcini ödəyə bilmirdi. Bu səbəbdən də bir az yubanmalı oldu. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı ASAN Xidmət mərkəzinin qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı ilə xx.xx.2021-ci il tarixdə faktiki ailə həyatı qurmuş və nikahları xx.xx.2022- ci il tarixdə 3 saylı Bakı ASAN Xidmət mərkəzinin qeydiyat şöbəsində qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü Zeyd adlı övladları olmuşdur. Cavabdehlə xasiyyətləri tutmur, yola getmirlər və bu səbəbdən də ayrı yaşayırlar, birgə təsərrüfat idarə etmirlər və ər-arvad münasibətlərini kəsmişlər, aralarında qarşılıqlı hörmət, məhəbbət və sədaqət hissi qalmamışdır, ailə faktiki olaraq dağılmışdır və onun bərpası mümkün deyildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 3359/2023 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh ilə Məmmədova (Sayılova) Telli İlqar qızı arasında 12 mart 2022-ci il tarixdə 3 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış, akt qeydləri kitabında 915 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2023-cü il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün əvvəli 02 iyul 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi, vəkilin göstərmiş olduğu hüquqi yardım üçün 150 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(001)-998/2025 saylı qətnaməsinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizə onunla əsaslandırılmışdır ki, qətnamənin nəticə hissəsində Cavabdeh atiq oğlundan hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tularaq İddiaçı verilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda Binəqədi rayon İcra Şöbəsində olan bu mülkin işin icrası qanunun düzgün təfsir edilməməsi anlamından irəli gələrək icra orqanı tərəfindən qanunsuzluğa yol verilir. Qaununvericiliyin müəyyən etdiyi normalar əsasında 2025-ci il üçün alimentin minimum məbləği 246 manat təşkil edir. Məhkəmə qətnaməsinə əsasən maaşından tutulan alimentin miqdarı qanunla nəzərdə tutulan minimum məbləğdən dəfələrlə çoxdur. Lakin icra məmuru buna baxmayaraq, onun əlilliyinə görə təyin edlimiş pensiyasına da alimentlə bağlı tutmalar həyata keçirir. Məhz bu məhkəmə qətanəməsinə izah verilməsi zərurəti yaradır. Belə ki, məhkəmə qətnaməsində əks olunan başqa gəlirlər anlayışına onun əlilliyə görə aldığı təqaüdün şamil olunub olunmamasına aydınlıq gətirilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli 2(001)- 998/2025 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Hazırda həmin qərardaddan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ərizənin dəlilləri ilə eynilik təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi, cavabdeh qətnaməyə yalnız alimentin tutulması hissəsində izah verilməsini xahiş edir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qətnamədən aydın göründüyü kimi xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün əvvəli 02 iyul 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulmalı olması göstərilmişdir. Cavabdehin qazanc və başqa gəlirlərinin dairəsinin müəyyən edilməsi, tutulmanın aparılması isə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun və “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (vəya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarının tələblərinə uyğun icra məmuru tərəfindən həyata keçirilir və birbaşa olaraq onun vəzifə səlahiyyətlərinə daxildir. Belə olan halda isə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-998/2025 saylı saylı icra sənədinin aydın və dəqiq olmasını, habelə qətnamədə izahın verilməsini zəruri edən hər hansı ziddiyyətli məqam(lar)ın müəyyən edilmədiyini nəzərə alan məhkəmə hesab etmişdir ki, cavabdehin ərizəsində və məhkəmə iclasında səsləndirdiyi izahatında qaldırılan məsələlərlə bağlı əlavə olaraq izahın verilməsinə hazırki məqamda heç bir zərurət müəyyən edilmədiyindən ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə görə, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (maddə 230.1). Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir (maddə 230.2). Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir (maddə 230.3). Qeyd edilən maddi və prosessual hüquq normalarının mənasından göründüyü kimi, məhkəmə aktına o vaxt izah verilə bilər ki, həmin sənədlərdə qeyd edilmiş ifadə və tələblər aydın olmasın. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində qeyd edilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməyə izah verilməsi barədə ərizəni təmin etməməkdə haqlı olmuşdur. Ərizədə qeyd edilən hal qətnamənin izah edilməsi üçün əsas ola bilməz. Odur ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-998/2025 nömrəli mülki iş üzrə 12 avqust 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar