Məhkəmə qərarları › İş №2(103)-5427/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5427/2021

10.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5427/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul tələbinə dair " 2(011)-2604/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olmuş “Kia Optima” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılması nəticəsində əldə edilmiş ümumilikdə 18.300 manat pul vəsaiti üzərində iddiaçı X1 ½ hissəsinə payının müəyyən olunaraq, 9.150 manat pulun Cavabdeh tutularaq iddiaçı X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 27 avqust 2014-cü il tarixdə nikah bağlanmışdır. Birgə münasibətdən 01 may 2014-cü il təvəllüdlü X2 və 04 may 2018-ci il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflərin arasındakı nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə “Kia Optima” minik markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə X4 arasında 20 fevral 2020-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd edilən avtomobilin satışından əldə olunmuş puldan iddiaçıya 8000 manat pul ödəmiş, iddiaçı isə həmin pulu götürərək Rusiyaya getmişdir. Apellyasiya baxışı zamanı iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən izahatlar və iş materialları əsasında müəyyən edilmişdir ki, mübahisəli “Kia Optima” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikah dövründə əldə edilmiş və 20 fevral 2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında cavabdeh tərəfindən iddiaçının razılığı olmadan 18.300 manata üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli 2(011)-2710/2020 saylı qətnaməsi ilə “Kia Optima” minik markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə X4 arasında 20 fevral 2020-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.3-cü maddəsinə görə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə, eləcədə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Eyni zamanda Ailə Məcəlləsinin 37-ci maddələrində isə təsbit edilmişdir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçıya 8000 manat pulun verdiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmin halın sübuta yetirilmədiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş alqı-satqı müqaviləsi etibarsız hesab edilməsinə dair 30 oktyabr 2020-ci il tarixli 2(011)-2710/2020 saylı qətnaməsində də öz əksini tapmışdır. Beləliklə, “Kia Optima” minik markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi birgə nikah dövründə birgə vəsait hesabına əldə olunduğu üçün onun satılmasından əldə olunan pul vəsaiti üzərində X5 ilə Cavabdeh bərabər payları müəyyən edilməli, həmin əmlakın yarısı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(011)-2604/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar