Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5428/2023 04.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müqavilənin və çıxarışın ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1141/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, K.Marks prospektində yerləşən 64\68 saylı binanın, 103 saylı mənzili xx.xx.1994-cü il tarixdə İddiaçı adına xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
2. Bakı şəhəri 38 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin notarial təsdiq olunmuş surətinə əsasən hədiyyə verən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu (K.Marks) X20 prospekti, bina 64/68, mənzil 103 ünvanında yerləşən, yaşayış sahəsi 53,6 kv.m olan 3 otaqlı mənzili hədiyyə alan Cavabdeh hədiyyə edərək, mülkiyyətinə vermişdir.
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X20 prospektində yerləşən 64\68 saylı evin, 103 saylı mənzilinə dair Cavabdeh mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun oğludur. Onunla cavabdeh arasında xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Müqavilə Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu X12 tərəfindən təsdiq edilmişdir. Həmin müqavilədə hədiyyə verən qismində o, hədiyyə alan qismində isə oğlu, yəni cavabdeh çıxış etmişdir. Bağışlama müqaviləsinin predmeti Bakı şəhəri, Nərimanov rayonu, (K.Marks) X20 prospekti, bina 64\68, mənzil 103 ünvanında yerləşən, yaşayış sahəsi 53,6 kv.m olan 3 otaqlı mənzil olmuşdur. Bağışlama müqaviləsi oğlunun, yəni cavabdehin yanında qalması və qayğısına qalması vədi ilə bağlanmışdır. Lakin cavabdeh onun qayğısına qalmır, bir oğul kimi öz vəzifələrini yerinə yetirmir, evə daxil olmağına imkan vermir.
6. Cavabdeh iddiaya qarşı yazılı etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, mənzilin bağışlanması müqaviləsi üzrə onun üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Müqavilə bağlanarkən Mülki Məcəlləsinin 666-674-cü maddələrinin məzmunu, habelə Vergi Məcəlləsinin 150-ci, 220-ci maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələr, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah edilmişdir. İddiaçının iddia ərizəsində göstərdikləri, yəni onun atasının qayğısına qalmaması, bir oğul kimi öz vəzifələrini yerinə yetirməməsi, atasının evə daxil olmağına imkan verməməsi barədə göstərdikləri həqiqəti əks etdirmir. Bununla belə, iddia əsassız olması səbəbindən təmin edilə bilməz. Eyni zamanda, iddiaçı daşınmaz əmlakla bağlı müqavilə tələbləri üzrə də iddia müddətini keçirmişdir və bu əsasla da iddia təmin edilə bilməz. Belə ki, müqavilə xx.xx.2016-cı il tarixdə bağlanmış, həmin müqavilə əsasında çıxarış xx.xx.2016-cı il tarixdə verilmişdir. Müqavilənin və çıxarışın ləğvi barədə iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir. Bununla da qanunvericiliklə müəyyən edilmiş altı illik iddia müddəti ötürülmüşdür. Bu səbəbdən iddia həm əsassız olduğundan, həm də daşınmaz əmlakla bağlı müqavilə tələbləri üzrə iddia müddəti keçdiyindən təmin edilməməlidir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1141/2022 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim X8)
8. Məhkəmə mübahisəyə hüquqi qiymət verərkən qeyd etmişdir ki, mübahisə predmeti olan müqavilənin şərtlərində cavabdehin üzərinə hər hansı öhdəlik və ya tapşığın qoyulması əks edilməmişdir. Tərəflər arasında bağlanmış bağışlama müqaviləsi qanunvericiliklə elə bir müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. İddiaçı cavabdehin bağışlanmış əmlakın əvəzində ona xidmət göstərmək öhdəliyinin götürdüyünü bildirsə də, lakin buna dair hər hansı sübut təqdim edə bilməmiş və cavabdeh tərəf həmin halı etiraf etməmişdir. İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə 3 illik iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, eyni zamanda iddianın təmin edilməsi üçün möhtəbər sübutlar təqdim olunmadığından, iddia təmin edilməməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci, 373.2-ci, 375.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu, 14-ci, 80ci, 88-ci, 106-cı, 107-ci, 119-cu, 217-ci, 218-ci və 220-ci, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddələrinə, “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarına, “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarına, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, cavabdeh bağışlama müqaviləsi bağlandıqdan sonra onun qayğısına qalmaq əvəzinə xarici ölkəyə getmiş, təxminən 2022-ci ilin axırlarında respublikaya qayıtmış, 2023-cü ilin əvvəllərindən isə ona qarşı kobud, qərəzli, mənzilə qoymamaq və yaza bilmədiyi digər aşağılayıcı hərəkətlər etməyə başlamaqla, bir oğlu kimi öz vəzifələrini yerinə yetirməmişdir. Məhkəmədə dindirilən şahidlərin böyük əksəriyyəti onun dediklərini təsdiq etmişdilər. Tədqiq edilmiş sübutlarla və proses iştirakçılarının izahatları əsasında müəyyən edilmişdir ki, o, mənzili 2016-cı ildə cavabdehə hədiyyə etdikdən sonra cavabdeh Ukrayınanın Xarkov şəhərinə köçüb getmiş və 2022-ci ilin təxminən noyabr ayında Bakıya qayıtdıqdan sonra cavabdeh ata-oğul ailə hüquq münasibətlərinə uyğun olaraq bir ata və hədiyyə verən olaraq onun barəsində üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmişdir. Cavabdeh onun şəxsiyyətini təhqir etməklə onu öldürəcəyi ilə hədələmişdir. Bir neçə dəfə onu mənzilə buraxmamışdır. O, 83 yaşında olduğuna görə mənzildə lazımi təmizliyi ləng apardığını bəhanə gətirərək, onu yerə vurmaq məqsədi ilə itələmişdir. Onun bu nayayıq və təhlükəli hərəkətlərindən qorxuya düşərək, 2023-cü ilin aprel-may aylarında Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə 2 dəfə şifahi formada, dəfələrlə yazılı formada müraciət etmişdir. Lakin məhkəmə verdiyi ərizələr və aldığı cavablarla bağlı heç bir araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsi əsassız olaraq iddia müddəti ilə bağlı qanunvericiliyin normalarını tətbiq etmiş və iddianı rədd etmişdir. Bununla da qanunu səhf təfsir etmişdir. Onun iddiasına 3 illik iddia müddəti tətbiq edilə bilməz. Halbuki, məsələ ailə hüquq münasibətləri əsasında baxılıb həll edilməlidir. Bu baxımdan mübahisəyə Mülki Məcəllənin 666-674-cü maddələri əsas götürülməklə düzgün hüquqi qiymət verilməlidir. Həmçinin, Mülki Məcəllənin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən 1 il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Bu səbəbdən həmin müddət ötürülməmişdir. O, hüquq elmləri üzrə fəlsəfə doktorudur, öz hüquq və vəzifələrini bilir və hazırda Azərbaycan Respublikası Prezidenti yanında X3 inzibati prosesdən dərs deyir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin, habelə apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh onu zəhərləmək istəyir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, müqavilə cavabdehin iddiaçının yanında qalması və onun qeydinə qalması vədi ilə bağlanmışdır. Lakin cavabdeh bir oğul kimi iddiaçının qeydinə qalmır, öz vəzifələrini yerinə yetirmir, evə daxil olmağına imkan vermir, nəhayət mənzili satmaq istəyir. Aralarında dəfələrlə mübahisə olmuş və iddiaçı iki dəfə hüquq mühafizə orqanlarına şikayət etmişdir. Qeyd edilənlər 2022-ci ilin may ayından sonra baş vermişdir. Belə ki, həmin vaxta kimi cavabdeh Ukrayna Respublikasının Xarkov şəhərində yaşamış, 2022-ci ilin may ayında orada baş vermiş müharibə ilə əlaqədar ukraynalı həyat yoldaşı ilə birlikdə Azərbaycan Respublikasına qayıtmışdır. Qısa müddət aralarında münasibət yaxşı olmuş, lakin sonradan pisləşmişdir. Cavabdeh və onun həyat yoldaşı iddiaçıya baxmırlar. Halbuki, iddiaçının 85 yaşı olmaqla baxıma ehtiyacı var, o xəstə və ahıl insandır. İddiaçı avtobusda yıxılmış, xəsarət almış, lakin cavabdeh və onun ailəsi ona baxmamışdır. Yalnız digər övladı Azərin həyat yoldaşı ona baxmışdır. İddiaçının digər mənzili yoxdur. Bağışlama zamanı da onun digər mənzili olmamışdır. Bu mənzil də satıldığı təqdirdə hər hansı mənzili olmayacaqdır. O, kirayə əsaslarla başqa mənzildə qalmaq məcburiyyətində qalacaqdır. İddiaçı digər oğlu Azəri də miras əmlakdan məhrum etmişdir. Hazırda Azərdə baş verənlərə görə həmin müqavilənin bağlanmasından narazıdır. Tərəflər arasında mübahisə 2022-ci ilin may-iyun aylarında başlandığından iddia müddəti keçməmiş və yalnız 2028-ci ilin may-iyun aylarında başa çatacaqdır. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsindən söhbət gedə bilməz. Belə ki, iddiaçı müqavilənin etibarsızlığını deyil, ləğvini tələb etmişdir. Beləliklə, cavabdeh iddiaçını təhqir etdiyinə, habelə ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin, yəni iddiaçının barəsində kobudcasına pozduğuna, həmçinin iddiaçının əmlak vəziyyətinin ağırlaşdığına, yaşamağa mənzili olmadığına, həyat yoldaşı vəfat etdiyinə, ahıl yaşında olduğuna görə onun baxıma ehtiyacı olduğuna, bununla bağlı maddi problemlərinin yarandığına, eyni zamanda digər övladını gözlənilən miras hüququndan məhrum etdiyinə görə iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış bağışlama müqaviləsindən iddiaçı imtina etmiş və bu barədə cavabdehə bildirmişdir. Belə olan halda, iddiaçı özünə məxsus mənzili kiməsə bağışlamasının anlamı qalmır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
15. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, iddiaçının iddia ərizəsində və izahatında göstərdiyi hərəkətlərin hər hansı birinə yol verməmişdir. Mübahisəli mənzil iddiaçının özünün təşəbbüsü ilə ona bağışlanmışdır. İddiaçı bü məqsədlə onu yaşadığı Ukrayna Respublikasından çaxırtırmışdır. Ötən dövr ərzində də onların arasında hər hansı problem və ya ziddiyyət olmamışdır. Həm onun, həm də hazırki həyat yoldaşı tərəfindən iddiaçıya tələb olunan səviyyədə qayğı və diggət göstərilmişdir. Hətta onunla əvvəllər nikahda olduğu X4 da onun tapşırığı əsasında iddiaçıya xeyli müddət qulluq etmişdir. Sadəcə olaraq iddiaçı digər şəxslərin əsassız təsiri altına düşərək, vaxtı ilə ona hədiyyə etdiyi mənzili ondan geri almaq istəyir. Bu səbəbdən əsassız bəhanələr gətirir, onunla mübahisələr yaradır, ona münasibətdə şər və bohtan xarakterli fikirlər söyləyir və ərizələr yazır. Bu mübahisələrdən qaçmaq və iddiaçıya yeni söz-söhbət üçün əsas verməmək üçün hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarıldıqdan sonra hazırki həyat yoldaşı ilə birlikdə könüllü olaraq mübahisəli mənzili tərk etmiş və hazırda kirayə əsaslarla başqa mənzildə yaşayır. İddiaçı isə həmişə olduğu kimi, hazırda mübahisəli mənzildə yaşayır. Orada yaşamaq üçün ona heç vaxt maneə olmamış, olmaq fikrində də deyil. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 cavabdehlə eyni mövqeydən çıxış etmiş, həmçinin iddiaya qarşı verilmiş etirazın və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 661.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 662.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər; 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər; 673.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər; 673.2.1-ci maddəsinə əsasən hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda ləğv edə və onun icrasından imtina edə bilər; 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, MM-in 673-cü maddəsi isəbağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur. MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Nəticədə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə hər hansı əsas yoxdur.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülkiyyətində olmaqla Bakı şəhəri, K.Marks prospektində yerləşən 64\68 saylı binanın, 103 saylı mənzilini (bundan sonra mənzil) xx.xx.2016-cı il tarixdə aralarında bağlanmış bağışlama müqaviləsinə əsasən cavabdehə bağışlamışdır. Mənzilə dair cavabdehin mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin vaxtdan da mənzil onun mülkiyyətindədir. İddiaçı həmin mənzildə yaşayır. Hazırda iddiaçı cavabdehin yanında qalması və ona qulluq göstərməsi şərti ilə mənzili cavabdehə bağışladığını, lakin cavabdehin üzərinə götürdüyü vəzifələri yerinə yetirmədiyini, o cümlədən onun qayğısına qalmadığını, ona baxmadığını, eyni zamanda, onunla kobud rəftar etdiyini, öldürməklə hədələdiyini, zəhərləmək istədiyini, bir neçə dəfə onu mənzilə buraxmadığını, hətta onu yerə vurmaq məqsədi ilə itələdiyini və cavabdehin mənzili satmaq istədiyini iddia edir və bu səbəblərdən aralarında bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsini tələb edir. Cavabdeh iddiaçı tərəfindən qeyd edilənləri təkzib edir, eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, həm iddianın əsassız olması səbəbindən, həm də iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. İddiaçı cavabdehin hərəkətləri ilə bağlı Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin 16-cı Polis bölməsinə də müraciət etmiş və bununla bağlı aparılmış araşdırma zamanı cavabdeh iddiaçı tərəfindən qeyd edilənləri təkzib etmişdir.
25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki iddiaya (münasibətlərə) nə 3 illik, nədə ki, 6 illik iddia müddəti tətbiq edilə bilməz. Mülki Məcəllənin 673.3-cü maddəsində təsbit edilmiş 1 illik müddət isə kəsici müddətdir və bu müddətin axını bağışlama müqaviləsinin bağlanması tarixindən deyil, bağışlamadan imtinanın əsasının məlum olduğu gündən başlayır. İddiaçı isə 2022-ci ilin sonlarında cavabdehin öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməməyə başladığını və onunla kobud və pis rəftar etdiyini bildirir. Bununla belə, müddət etibarı ilə kəsici müddətin tətbiq edilməsinə və iddianın məhz bu əsasla rədd edilməsinə hər hansı əsas yoxdur.
26. Çatdırılması həmin müddətlə məhdudlaşdırılan və imtinanın qüvvədə olmasının təsdiq edilməsi baxımından vacib şərt qismində çıxış edən imtina haqqında bildirişin cavabdehə çatdırılması ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 673-cü maddəsində belə bir bildirişin göndərilməsinin zəruriliyi təsbit edilsə də, onun forması və məzmununa dair hər hansı tələb müəyyən edilməmişdir. Bu səbəbdən həmin qaydaya əməl edilibedilməməsinin müəyyən edilməsi üçün iddiaçının hərəkətlərinə hüquqi qiymət verilməlidir.
27. Bununla bağlı nəzərə alınmalıdır ki, iddiaçı münasibətlərinin pisləşdiyini iddia etdiyi tarixdən sonra cavabdehin hərəkətləri ilə bağlı bir neçə dəfə şifahi və yazılı şəkildə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Cavabdeh də bu barədə məlumatlandırılmış və məsələyə dair onun münaibəti öyrənilmişdir. Həmin müraciətlərin məzmunu və ümumiyyətlə iddiaçının davranışı onun bağışlamadan imtina etməsi niyyətini açıq və aydın şəkildə göstərir. Bu səbəbdən həmin müraciətlər və iddiaçının hərəkətləri onun tərəfindən cavabdehə bağışlamadan imtina haqqında bildirişin göndərilməsi kimi qiymətləndirilməlidir. Ən əsası da bu barədə cavabdehə dəfələrlə bildirmiş və iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Başqa sözlə, hazırki iddianın Mülki Məcəllənin 673.3-cü maddəsi tətbiq etməklə rədd edilməsi üçün hər hansı hüquqi əsas yoxdur.
28. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyi rəhbər tutub apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Lakin tərəflər arasında bağlanmış müqavilədə belə bir hal müəyyən edilmir. Belə ki, hazırki müqavilədə əmlakın hər hansı şərtlə bağışlanması göstərilməmişdir. Müqavilədən cavabdehin iddiaçıya münasibətdə hər hansı öhdəliklər yerinə yetirilməli olması da müəyyən edilmir.
29. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı ilə cavabdeh müvafiq olaraq ataoğuldur və bu baxımdan cavabdehin iddiaçıya münasibətdə aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn vəzifələri mövcuddur. Mülki qanunvericilikdə də bu növ müqavilələr üzrə şərtlərin və öhdəliklərin müəyyən edilib-edilməməsindən asılı olmayaraq, hədiyyə alanın (mövcud vəziyyətdə cavabdehin) ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verən (mövcud vəziyyətdə iddiaçı) və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması bağışlamaqdan imtinanın əsaslarından biri kimi müəyyən edilmişdir. Bu baxımdan müqavilənin məzmunundan asılı olmayaraq, cavabdeh bağışlamadan sonra da atasına (hədiyyə verən) və onun yaxın qohumlarına münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirməyə davam etməli, bu vəzifələrin kobud pozuntusuna yol verməməlidir.
30. Hazırki iş üzrə iddiaçı nəticə etibarı ilə cavabdehin qeyd edilən münasibətlərdən irəli gələn vəzifələrini yerinə yetirmədiyini, bu vəzifələrini kobud şəkildə pozduğunu iddia edir və məhz bu əsasla bağışlamadan imtina edərək, aralarında bağlanmış müqavilənin ləğv edilməsini tələb edir. Lakin öz mövqeyini sübuta yetirə bilmir. Onun öz mövqeyinin təsdiqi olaraq istinad etdiyi hallar, habelə təqdim etdiyi sübutlar apellyasiya şikayətinin və bunun nəticəsi olaraq iddianın təmin edilməsi üçün hüquqi əsas yaratmır.
31. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehə mənzilin yalnız onun ölümündən sonra öz adına rəsmiləşdirilməsinə icazə verdiyini bildirir. Halbuki, onun özü tərəfindən imzalanmış xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən mənzilini cavabdehə bağışlamış, müqavilənin sonunda da əlyazma qaydasında “müqavilədən irəli gələn hüquq və vəzifələrim izah olundu” sözlərini yazmışdır. İddiaçı apellyasiya şikayətində hüquq elmləri üzrə fəlsəfə doktoru olduğunu, öz hüquq və vəzifələrini bildiyini göstərir. Qeyd edilənlər də öz növbəsində onun 2016-cı ildə məhz bağışlama müqaviləsi bağlamasından məlumatlı olmadığını istisna edir.
32. İddiaçı mənzil bağışlandıqdan sonra onun qayğısına qalmaq əvəzinə cavabdehin xarici ölkəyə getdiyini bildirir. Bununla da cavabdehin ona qayğı və diqqət göstərməli olması (bu vəzifələrin icrasını tələb edir), lakin mənzil bağışlandıqdan sonra artıq bir neçə ildir ki, ona qayğı və diqqət göstərməməsi mövqeyindən çıxış etmiş olur. Lakin hazırki iddianı yalnız xx.xx.2023-cü il tarixdə qaldırır və apellyasiya instansiya məhkəməsindəki icraat zamanı təqdim etdiyi izahatda aralarında münaqişənin 2022-ci ilin may-iyun aylarında başlandığını, həmin vaxtdan ona qayğı göstərmədiyini, cavabdehin hədəsinə və pis rəftarına məruz qaldığını qeyd edir və iddia müddətinin məhz həmin tarixdən hesablanmalı olduğunu bildirir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, 2022-ci ilin may-iyun aylarınadək cavabdeh tərəfindən iddiaçıya tələb olunan səviyyədə diqqət və qayğı göstərilmişdir. İddiaçı qeyd edilən tarixdən əvvəlki dövr üçün cavabdehin ona münasibətdə diqqətsizlik, hörmətsizlik etməsi, qayğı göstərməməsi ilə bağlı hər hansı hərəkəti barədə fikir bildirmir, belə bir məlumat vermir. Bu hal cavabdehin məhkəməyə təqdim etdiyi, iddiaçının ilk olaraq bildirməsə də, sonradan etiraf etdiyi və təkzib etmədiyi bir sıra məlumatlarla da öz təsdiqini tapır. Belə ki, müəyyən edilmişdir ki, müəyyən bir dövr ərzində cavabdehin tapşırığı əsasında onun birinci həyat yoldaşı (hazırda cavabdeh 3-cü nikahdadır) X4 da iddiaçıya qayğı və qulluq göstərilməsində (ona baxılmasında) yaxından iştirak etmişdir. Bundan başqa cavabdeh iddiaçının elmi işi ilə bağlı xaricdə kitab dərc edilməsində də iştirak etdiyini və bu məqsədlər üçün pul vəsaiti sərf etdiyini bildirir. İddiaçı bunu təkzib edən hər hansı fikir söyləmir. Qeyd edilənlər həmin tarixədək tərəflərin münasibətində və bu münasibətlərdən irəli gələn vəzifələrin icrasında hər hansı problemin olmadığını təsdiq edir.
33. Məhkəmə kollegiyası cavabdehin Ukrayna Respublikasından Bakı şəhərinə qayıtdıqdan və iddiaçı ilə birlikdə mübahisəli mənzildə yaşadığı dövrdə tərəflər arasında olan münasibətlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehin onun şəxsiyyətini təhqir etdiyini, ölümlə hədələdiyini, zəhərləmək istədiyini, bir neçə dəfə onu mənzilə buraxmadığını, hətta onu yerə vurmaq məqsədi ilə itələdiyini iddia edir. Lakin bununla bağlı nəinki sübut təqdim etmir, ümumiyyətlə konkret bir hal göstərə bilmir. Ümumiyyətlə cavabdehin iddiaçını zəhərləmək üçün hansı tədbirlər görməsi, iddiaçını bunu necə ifşa etməsi, hansı qidanı qəbul etdikdən sonra səhhətində nə kimi problemlərin yaranması barədə nəinki sübutlar, adi məlumat belə verilmir, bu fikir ümumi şəkildə səslənir. İddiaçının mənzilə buraxılmaması isə onun həmin vaxtlar başqa ünvanda yaşamasını özündə ehtiva edir. Lakin bu məsələyə də aydınlıq gətirilmir. İddiaçı evə buraxılmaması nəticəsində qalmağa və gecələməyə məcbur olduğu ünvan barədə hər hansı məlumat vermir.
34. Məhkəmə iclasında ifadəsi alınmış şahid X13 iddiaçının sözlərinə istinadən cavabdehin Ukrayna Respublikasından qayıtdıqdan sonra iddiaçıya çox yaxşı baxdığını, lakin sonradan iddiaçının mənzilə getmək istəmədiyini gördüyünü, səbəbləri ilə maraqlandıqda iddiaçının evə getməkdən qorxduğunu, oğlunun onun yeməyinə zəhər qatıb öldürmək istədiyini ona bildirdiyini göstərir. Hər bir halda, hazırki ifadədə cavabdehin ölkəyə qayıtdıqdan sonra iddiaçıya yaxşı baxdığı bir dövrün olduğu etiraf edilir. X6 da iddiaçının əvvəllər oğlunu təriflədiyini, lakin sonradan münasibətlərin pozulduğunu, cavabdehin hazırda iddiaçıya yaxşı baxmadığını, iddiaçının öz evində rahat yaşa bilmədiyini qeyd edir. Eyni zamanda, cavabdehin iddiaçını çox pis təhqir etdiyini, lakin bunu qonşulardan eşitdiyini, onların arasında münaqişəni görmədiyini göstərir. X1 da öz ifadəsində məhz iddiaçının ona verdiyi məlumata əsaslanaraq, iddiaçının öz evində yemədiyini, yatmadığını, oğlunun onu zəhərləməsindən qorxduğunu vurğulayır. Digər şahid X10 (cavabdehin qardaşı) atasının axır 3-4 aydır ki, ona zəng edərək, cavabdehin onu təhqir etməsindən şikayətləndiyini bildirir.
35. Bununla belə bu şahidlərin ifadəsi nəticə etibarı ilə ya iddiaçının özünün bildirdiklərinə, ya da şəxsiyyəti barədə hər hansı məlumat verilməyən və kimliyi bəlli olmayan qonşuların sözlərinə söykənir. Onların hər hansı biri iddiaçının cavabdehin pis və kobud rəftarına məruz qalmasının şahidi olmamışdılar. Eyni zamanda, onların hər hansı biri, xüsusilə də cavabdehin qardaşı olan şahid X10 iddiaçı və qonşular tərəfindən verilən məlumatların həqiqiliyini müəyyən etmək üçün bu barədə cavabdehlə hər hansı söhbət aparmamışdılar. İddiaçı münasibətlərin pisləşməsindən sonra digər oğlu Azərin arvadının ona baxdığını bildirir. Halbuki, X10 öz ifadəsində atasının ona zəng edərək, (yəni Azər gəlməyib, mübahisəni şəxsən görməyib, iddiaçı da mübahisə ilə bağlı onu çağırmayıb, mübahisə ilə bağlı onun evində qalmayıb) şikayətləndiyini bildirir. Eyni zamanda, cavabdehlə illərlə danışmadığını söyləyir, lakin bu zəmində və ya hər hansı başqa səbəbdən cavabdehlə onun da arasında mübahisə yarandığını, cavabdehin onunla da pis rəftar etməsini və ya onu təhqir etməsini bildirmir.
36. Bu şahidlərin ifadəsindən həmçinin, cavabdehin Ukraynadan qayıtdıqdan sonra iddiaçı ilə münasibətlərinin yaxşı olduğu, cavabdehin ona yaxşı baxdığı müəyyən edilir. Belə olan halda, münasibətlərin birdən-birə pisləşməsi üçün əsas olan halların nədən ibarət olması, nəyin nəticəsində belə bir vəziyyətin yaranması məsələsi də açıq qalır.
37. Məhkəmə iclasında ifadəsi alınmış şahidlər X14, X11 və X4 isə tərəflərin münaqişəli münasibətlərdə olmasını bildirmirlər.
38. İddiaçı Bakı şəhəri Nərimanov rayonu, 16-cı Polis bölməsinə ünvanladığı şikayət ərizəsində də cavabdehin ona hər gün psixoloji təzyiqlər və nəlayıq hərəkətlər etdiyini, söyüşlər söydüyünü göstərir. Şikayət üzrə verdiyi izahatında isə cavabdeh belə bir halların olmasını təkzib edir.
39. Bununla belə, hüquqi nəticə etibarı ilə cavabdehin ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin iddiaçı barəsində nəinki kobud, ümumiyyətlə hər hansı formada pozduğu müəyyən edilmir. Nəticə etibarı ilə bu münaibətlər çərçivəsində yalnız, 1938-ci il təvəllüdlü olmaqla 85 yaşı olan və ahıl yaşında olmasına istinad edən iddiaçı cavabdehin pis və kobud rəftarına məruz qaldığını, cavabehin ona baxmadığını, qayğısına qalmadığını iddia edir. Buna baxmayaraq, cavabdeh iddiaçıya münasibətdə hər hansı neqativ fikir söyləmir, həm hüquq mühafizə orqanlarında, həm də məhkəmədə verdiyi izahatında yalnız iddiaçı tərəfindən qeyd edilənlərin böhtan olduğunu və başqa şəxslərin təsiri altına düşdüyünü bildirir. Hər bir halda, tərəflər arasında cavabdehin pis və kobud hərəkətlərindən doğan münaqişə varsa, ən azı özünə haqq qazandırmaq və bu münaqişənin günahkarı olmadığını sübut etmək baxımından cavabdeh də iddiaçıya münasibətdə neqativ fikirlər söyləmiş olardı, o da iddiaçıdan polis orqanlarına şikayət edərdi. Lakin cavabeh tərəfindən belə bir hərəkətlərə yol verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnamə çıxarıldıqdan sonra isə cavabdeh həyat yoldaşı ilə birlikdə iddiaçı ilə birgə yaşadığı mənzili ümumiyyətlə tərk etmiş, hazırda iddiaçı mənzildə tək yaşayır. Başqa sözlə, cavabdeh öz hərəkətləri ilə münaqişə və mübahisə tərəfi olmadığını, münaqişə və mübahisədən yayındığını sübut edir. Belə olan halda, tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi bilavasitə Mülki Məcəllənin 673.1.2-ci maddəsinin tələblərinə ziddir.
40. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğv edilməsinə hər hansı əsas vermir. Bu səbəbdən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1141/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.