Məhkəmə qərarları › İş №2(103)-5431/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5431/2020

11.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5431/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təhqir xarakterli məlumatların təkzib olunması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-250/2019 saylı qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Vladimirovadan mənəvi zərərə görə 30.000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılması, ona vurulan mənəvi ziyanın tam həcmdə ödənilməsi, Cavabdeh öz facebook səhifəsində və şəbəkənin qruplarında yaydığı təhqir və söyüş xarakterli yanlış məlumatları dərc etdiyinə görə facebook sosial şəbəkədə ondan üzr istənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-250/2019 saylı qətnaməsi ilə İddia ərizəsi qismən təmin olunmuş, Cavabdeh «Facebook» sosial şəbəkəsindəki səhifəsindəki “Elena Simakina” adlı profildən xx.xx.2017-ci il tarixdə İddiaçı barəsində paylaşılan yazılarda istifadə edilən «alçaq», «həşərat» sözləri, Cavabdeh «Facebook» sosial şəbəkəsindəki səhifəsindəki “Elena Simakina” adlı profildən xx.xx.2017-ci il tarixdə İddiaçı barəsində paylaşılan yazılarda istifadə edilən «əclaf və iyrənc adamcıqlar» sözləri İddiaçı şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatlar hesab olunması, Cavabdeh «Facebook» sosial şəbəkəsindəki səhifəsindəki “Elena Simakina” adlı profildə İddiaçı üzr istəməklə, “Elena Simakina” adlı profildən qeyd edilmiş sözlərin çıxarılması və sözlərin dərc edildiyi şriftlərlə eyni ölçüdə aşağıda göstərilən məzmunda təkzib verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulması: təkzib: Cavabdeh «Facebook» sosial şəbəkəsindəki səhifəsindəki “Elena Simakina” adlı profildən xx.xx.2017-ci il tarixdə İddiaçı barəsində paylaşılan yazılarda istifadə edilən «alçaq», «həşərat» sözləri, Cavabdeh «Facebook» sosial şəbəkəsindəki səhifəsindəki “Elena Simakina” adlı profildən xx.xx.2017-ci il tarixdə İddiaçı barəsində paylaşılan yazılarda istifadə edilən «əclaf və iyrənc adamcıqlar» sözləri həqiqətə uyğun olmadığından Cavabdeh İddiaçı üzr istəyir.” Cavabdeh mənəvi zərərin əvəzi kimi 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin vurduğu mənəvi ziyanla bağlı tələb edilən 30.000 manat vəsaiti keçirilmiş sarsıntıların və mənəvi iztirabların əvəzini ödəməyə yetərli olmadığı halda 300 manat məbləğində mənəvi ziyan qiymətləndirilməsi cavabdehin mülki hüquq pozuntusunu davam etdirməyə imkan yaradır. Cavabdeh üçün belə bir məbləği ödəmək bir aylıq təhqirlərin əvəzi kimi qiymətləndirir. Ona görə məhkəmə preyudusiya məsələsinə toxunarkəndə düzgün qiymət verməmişdir. Məhz sübut etmədən azad olunma müəyyən olunmuş faktları əsasında qətnamə çıxarmağı imkan verir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin mənəvi ziyanın tutulması hssəsində mübahisələndirilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsi həmin hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(010)-30/2018 saylı hökmündən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, min manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-293/2017 saylı xx.xx.2017-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə Cavabdeh təyin edilmiş qazancından 15% məbləğində pul tutulmaqla 11 ay 27 gün müddətinə islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 66 maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş min manat cərimə cəzası toplanmaqla üzərində qəti cəza olaraq qazancından 15% məbləğində pul tutulmaqla 11 ay 27 gün müddətinə islah işləri və min manat məbləğində cərimə cəzası saxlanılmış, cərimə cəzası müstəqil icra olunmalı və cəzanın icrası yaşadığı yer üzrə Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, Cavabdeh Azərbaycan Respublikası CM-nin 147.1- ci maddəsi ilə bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin CKnın xx.xx.2018-ci il tarixli 1(103)-724/2018 saylı qərarının surətindən müəyyən olunur ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(010)-30/2018 saylı hökmü məhkum Cavabdeh və xüsusi ittihamçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, məhkum Cavabdeh və xüsusi ittihamçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamışdır. Azərbaycan Respublikası Ali məhkəməsinin CK-nın xx.xx.2019-cu il tarixli 1(102)-99/2019 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Cavabdeh barəsində Bakı Apellyasiya məhkəməsinin CK-nın xx.xx.2018-ci qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilmişdir. Azərbaycan Respublikası Ali məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli 2(102)- 6815/18 saylı qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın iş üzrə xx.xx.2018-ci il tarixli 2(103)-491/18 saylı qətnaməsi mənəvi zərərin əvəzi kimi Cavabdeh İddiaçı xeyrinə 1000 manat pul vəsaitinin tutulması hissəsində dəyişdirilmiş və həmin məbləğ 500 manat müəyyən edilmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdehdən 500 manat məbləğində mənəvi zərərin tutulması onun xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı ilədək “Facebook” Sosial Şəbəkəsindəki səhifəsində iddiaçının barəsində təhqir və böhtan xarakterli yazıların dərc edilməsi səbəb olmuşdur. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(103)-469/2019 saylı qərarından görünür ki, məhkum olunmuş Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və xüsusi ittihamçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(010)-30/2018 saylı hökmü dəyişdirilmiş, Cavabdeh «Facebook» sosial şəbəkəsindəki səhifəsindəki “Elena Simakina” adlı profildən paylaşılan yazılarda istifadə edilən «alçaq», «həşərat» sözləri xx.xx.2017-ci il tarixdə yazıldığından və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cavabdeh təqsirli bilinmiş və həmin epizodlar üzrə iş üzrə icraata xitam verilmiş, «əclaf və iyrənc adamcıqlar» xx.xx.2017-ci il tarixdə yazıldığından və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyindən Cavabdeh həmin epizod üzrə təqsirli bilinmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(010)-30/2018 saylı hökmü ilə təqsirli bilindiyi «kütbeyin», «axmaq», «işverən», «ikiüzlü», «fırıldaqçı», «böhtançı», «...qaldı», «vəkilin yubkasının altında gizlənirdi» «...içində olduğu» kimi ifadələrdə təhqir olmadığı üçün həmin epizodlara görə Cavabdeh təqsiri olmadığından həmin epizodlara xitam verilmişdir. Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(010)30/2018 saylı hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərar elan edildiyi andan qanuni qüvvəyə minmişdir.Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 1(010)219/2017 saylı cinayət işinin materiallarında: Cavabdeh «Facebook» sosial şəbəkəsindəki səhifəsindən edilmiş paylaşmalarda İddiaçı barəsində bildirdiyi məlumatlarda təhqir xüsusiyyətli söz və ifadələr müəyyən olundu. Tədqiqat materiallarındakı təhqiredici məzmun «kütbeyin», «axmaq», «alçaq», «işverən», «vəhşi», «ikiüzlü», «fırıldaqçı», «böhtançı» «iyrənc» kimi sözlərdə «götdə qaldı», «vəkilin yubkasının dalında gizlənirdi», «poxun içində olduğu» kimi cümlələrdə əks olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 7 №-li xx xxx 1999-cirixli qərarında göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, iddiaçı onun şərəf və ləyaqətinə toxunan məlumatların cavabdeh tərəfindən yayılması faktını sübut etməlidir. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablarkeçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqları dəfələrlə pozulsa da və məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə mənəvi ziyana görə 500 manat məbləğində pul vəsaiti tutulsa da, cavabdeh qanuna zidd əməllərini davam etmiş, “Facebook” səhifəsində iddiaçının şərəf və ləyaqətini alçaltmaqda davam etmişdir. Göründüyü kimi cavabdehdən 500 manat məbləğində pul vəsaitinin tutulması onu qanunazidd əməllərdən çəkindirmədiyindən, kollegiya hesab edir ki, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 700 manat məbləğində pul vəsaiti tutulmalıdır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri) Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-250/2019 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh İddiaçı xeyrinə 700 manat məbləğində pul vəsaiti tutulmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)-250/2019 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə 700 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar