Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5434/2022 09.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına və iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Hazırkı iş əvvəlcə iki ayrı-ayrı işdə ibarət olmuş, daha sonra həmin işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir. Birinci işdə İddiaçı verdiyi iddia ərizəsində tələb olunub ki, mənəvi zərərin əvəzi kimi 20.000 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilsin, habelə Cavabdeh1 iddiaçının uşağının barəsində işlətdiyi “bic doğulmuşdur” ifadəsinə görə üzr istəsin. İkinci işdə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 birgə verdiyi iddia ərizəsində tələb olunub ki, mənəvi zərərin əvəzi kimi 35.000 manat cavabdeh İddiaçı tutularaq iddiaçlar Cavabdeh1 və Cavabdeh2 verilsin. Suraxanı RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, İddiaçı iddiası qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 500 manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilsin, İddiaçı iddiasının qalan hissəsi təmin edilməsin, o cümlədən Cavabdeh1 və Cavabdeh2 iddiası təmin edilməsin. Qətnamədən yalnız İddiaçı apellyasiya şikayəti verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, İddiaçı iddiası tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qətnamənin bir hissəsi - İddiaçı iddiasının rədd edilməsinə aid olan hissəsi mübahisələndirildiyinə görə qətnamənin yalnız həmin hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı və Cavabdeh2 keçmiş ər-arvad, Cavabdeh1 isə Cavabdeh2 anasıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilib ki, Cavabdeh1 İddiaçı qızı – xx.xx.2012-ci il təvəllüdlü Həcər Həsənovanın barəsində “bic doğulmuşdur” və “atasının evindən gətirmişdir” ifadələri işlətmiş, nəticədə İddiaçı sarsıntı keçirməklə və iztirab çəkməklə mənəvi zərərə məruz qalmışdır. Qətnamə ilə müəyyən edilmiş bu halı əks tərəf - Cavabdeh1 və Cavabdeh2 mübahisələndirməyib. Birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzi kimi tutulmalı olan məbləği 500 manat müəyyən edib. Bu, ağlabatan məbləğdir, daha çox məbləğin tutulması üçün əsas yoxdur. Həmin ifadələrə görə üzr istənilməsi barədə tələb düzgün olaraq təmin olunmayıb. Belə ki, tərəflər keçmiş gəlin və qayınana olub, həmin ifadələr ailə-məişət münaqişəsi zəminində qohumların yanında işlədilib, kütləvi informasiya vasitələrində yayılmayıb. Ona görə də mənəvi zərərin əvəzi 500 manat kompensasiya ödənilməsi ilə İddiaçı pozulmuş hüququ bərpa olunmuş sayılacaq. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21 və 23-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamənin mübahisələndirilən hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5434/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5434/2022
09.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver