Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5435/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(005)-3301/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənəvi zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi ******* (iki milyon) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının övladı X4 07 aprel 2015-ci il tarixdə Cavabdeh MTK tərəfindən Bakı şəhəri Azadlıq prospekti ilə S.S.Axundov küçəsinin kəsişməsində inşa olunan qeyri-yaşayış binasında inşaat işləri aparılan zaman 6-cı mərtəbədən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılmış, hadisənin Cavabdeh MTK-nın icraçı direktoru X7 tərəfindən tikintidə işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verməsi sübuta yetirildiyindən, Nizami Nağıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirli bilinərək məhkəmə məsuliyyətinə verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli hökmünə əsasən X7 Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il dövlət və yerli özünüidaretmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 avqust 2016-cı il tarixli qərarına əsasən apellyasiya protesti təmin olunmamış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MTK-nın əməkdaşının qanunsuz hərəkətləri üzündən baş vermiş hadisə nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində yeganə oğlunun ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və iddiaçının vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(005)- 3301/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MTK-dan 5000 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti vermiş, iddiaçı qətnamənin təmin edilməyən hissəsində ləğv olunaraq iddia tələbinin tam təmin edilməsini, cavabdeh isə qətnamənin tamamilə ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə mənəvi zərərə görə 5000 manat təzminat müəyyən edərkən sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Belə ki, məhkəmə mərhumun iddiaçının yeganə oğlu olmasını, onunla həyat yoldaşının yenidən dünyaya uşaq gətirəcək yaşda olmadığını, onların oğullarına möhtac yaşda olmağını, oğlunun ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə almamışdır. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmə cavabdehin maddi durumunu nəzərə almamışdır. Cavabdehin nizamnamə kapitalından maddi durumunun kifayət qədər yüksək olması açıq-aşkar görünür. Məhkəmə dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarında kifayət qədər əsaslandırmamışdır. Cavabdeh isə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddia tələbindən də göründüyü kimi, delikti X7 törətmişdir. Birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzi kimi 5000 manat pulun Cavabdeh MTK-dən tutulması nəticəsinə gəlməklə Mülki Məcəllənin 1096cı maddəsində nəzərdə tutulmuş maddi hüquq normasını pozmuşdur. 07 aprel 2015-ci il tarixdə baş vermiş hadisə nəticəsində X2 ölümündə təqsirli şəxs qismində icraçı direktor X8 olduğundan, deliktə görə o, məsuliyyət daşıyır. Bununla belə, hadisə ilə bağlı mərhumun ailəsinə Cavabdeh MTK tərəfindən maddi yardım göstərilmişdir. Belə ki, 08 aprel 2015-ci ildə mərhumun nəşinin Cəlilabad rayonunun Soltankəndinə aparılması üçün 1350 manat, 10 aprel 2015-ci il tarixdə yas mərasiminin verilməsi üçün Nazim Nağıyev və digər şəxslər yasda iştirak etməklə ona 2000 manat, 23 aprel 2015-ci il tarixdə 1000 manat, 25 aprel 2015-ci ildə özünün və qızının müalicəsi üçün 5000 manat, 14 may 2015-ci il tarixdə qırx mərasiminin keçirilməsi üçün 1000 manat ödənilməklə İddiaçı maddi və mənəvi köməklik göstərilmişdir. Bundan əlavə, Mülki Məcəllənin 384-cü maddəsinə əsasən, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan 3 il keçdikdən sonra irəli sürülmüş tələblər ən çox iddia irəli sürülənədək əvvəlki üç il üçün ödənilir. Məhkəmə qeyd olunanları nəzərə almadan maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X5 Cavabdeh MTK-nın apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini məhkəmədən xahiş etdi. Emin Aslanov izahatında həmçinin göstərdi ki, mərhumun ailəsinə kifayət qədər maddi yardım göstərilmiş və o, məhkəmədə təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Hesab edir ki, hadisənin baş verməsindən 5 ildən yuxarı müddət keçəndən sonra hazırkı iddianın qaldırılması mənəvi zərərin əvəzini almaqdan çox, Cavabdeh MTK-nın hesabına daha çox pul əldə etmək məqsədi daşıyır. İddiaçı və üçüncü şəxs X8 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(005)-3301/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 dekabr 2015-ci il tarixli, 1(101)-930/2015 saylı hökmünə əsasən X7 Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, X7 tikintidə işlərin aparılması zamanı təhlükəsizlik qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan bir nəfər (X6) zərərçəkmiş şəxsin ölümünə və digərinin isə sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Həmin hökmdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş İddiaçı məhkəmədə verdiyi ifadəsində təqsirləndirilən şəxsin qohumlarının ona dəfnlə əlaqədar maddi köməklik göstərərək hüzr mərasimlərində iştirak etdiklərini, hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini, təqsirləndirilən şəxsi bağışladığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İddiaçı məhkəməyə həmçinin notarial qaydada təsdiq olunmuş 10.09.2015-ci il tarixli ərizə verərək göstərmişdir ki, oğlu Nahit Əliyevin ölümü ilə əlaqədar Nizami Nağıyevdən heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaq. Ona maddi köməklik göstərilmişdir, xahiş edir ki, nəzərə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən, cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.36-cı maddəsinə əsasən, zərər --- cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki hüquq sahəsində delikt dedikdə, şəxsiyyətin əmlak və ya şəxsi sferasına müdaxilə edən və onlar arasında mülki-hüquqi münasibətlərdən asılı olmayaraq ona zərər vuran istənilən hüquqazidd hərəkət (cinayət, inzibati xəta və ya sadə əmlak zədəsi) nəzərdə tutulur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının övladı X3 07 aprel 2015-ci il tarixdə Cavabdeh MTK-nın icraçı direktoru Nizami Nağıyev tərəfindən tikintidə işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində tikinti sahəsində yıxılaraq ölməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sübuta yetirildiyindən, hadisə nəticəsində iddiaçının mənəvi zərərə məruz qalması şəksizdir. Buna görə də Cavabdeh MTK öz işçisinin təqsiri üzündən baş vermiş hadisə nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzini ödəməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir və həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi ******* manat mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Şərh olunanların məcmusuna əsaslanmaqla kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 5000 manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Cavabdeh MTK-nın apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənəvi ziyanın əvəzinin məhkum Nizami Nağıyev tərəfindən ödənilməli olması barədə dəlil Mülki Məcəllənin 1099.1-ci maddəsinin tələbləri baxımından əsaslı deyil. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Mülki Məcəllənin 384-cü maddəsinin tələblərinin nəzərə alınmaması barədə dəlil də əsassızdır. Belə ki, həmin maddə fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələblər üzrə iddia müddətlərini tənzimləyir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddiasını qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Hər iki tərəfin apelyasiya şikayətləri əsassız olduğundan, təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh MTK tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(005)- 3301/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5435/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5435/2021
06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver