Məhkəmə qərarları › İş №2(103)-5438/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5438/2020

19.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5438/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-276/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması barədə” iddia ərizəsi ilə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 4118/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2006-cı il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin dəyişdirilərək, sabit pul məbləğində ondan 130 manat alimentin tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-276/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, o, sonra X1 ilə ailə həyatı qurmuşdur. Onunla faktiki nikahdan 3 uşaqları olmuşdur. Məhkəmə qətnaməsinə əsasən həmin uşaqların da yetkinlik yaşına çatanadək saxlnılması üçün hər ay hər bir uşaq üçün 130 ( bir yüz otuz ) manat olmaqla, ümumilikdə 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment ondan alınaraq N.Əliyevaya verilir. Aldığı əmək haqqının çox hissəsini alimentlərə ödəyir, əmək haqqının çox cüzi hissəsi ona çatır. Başqa yerdən qazancı və gəliri yoxdur. Oğlu Muradın yetkinlik yaşına çatanadək saxlanılması üçün o, hər ay 130 manat məbləğində aliment ödəyə bilər. Qeyd olunanlara əsasən qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apelyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, iddiaçının qazancı fərqlidir, hər ay fərqli məbləğlərdə maaş alır. Alimentin məbləği hər ay fərqli olur, məsələn, 198, 200, 230, 250 manat, ən yüksək məbləğ 250 manat olmuşdur. İddiaçı artıq üçüncü dəfədir ki, bu məsələni qaldırır. İkinci nikahına da alimenti az ödəmək üçün yalandan xitam vermişdir. Hazırkı dövrdə də o, həmin arvadı ilə yaşayır, məqsədi isə qətnamə ilə onun övladı üçün müəyyən edilmiş alimentin ödəməsindən yayınmaqdır. Bu səbəbdən, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-cı il tarixli 2(010)-8058/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahları pozulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X3 anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-cı il tarixli 2(010)-8058/2017 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 137 manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(010)-4118/2018 saylı qətnaməsinə əsasən Suraxanı rayon Məhkəməsinin 2(010)-8058/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qazancının (başqa gəlirlərinin) 4/1 hissəsi miqdarında alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apelyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Hazırkı halda, rayon məhkəməsi iddiaçının qazancının müntəzəm olduğunu və ailə qanunvericiliyi alimentin 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi həcmində tutulmasını konkret olaraq müəyyən etdiyindən, iddia tələbini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi başqa nikahdan olan övladları üçün aliment ödəməsi ilə bağlı məhkəmə kollegiyasının iclasında cavabdeh bildirmişdir ki, iddiaçı ikinci arvadı ilə boşanmanı süni şəkildə etmişdir, hazırkı dövrdə də o, həmin arvadı ilə yaşayır, məqsədi isə qətnamə ilə onun övladı üçün müəyyən edilmiş alimentin ödəməsindən yayınmaqdır. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-276/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar