Məhkəmə qərarları › İş №2(103)-5440/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5440/2024

23.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5440/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçı iştirakı ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) Cavabdeh Nurəddin qızına qarşı “mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılması, əldə edilən məbləğin mülkiyyətçilərin paylarına uyğun bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(007)-231/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən mənzilin 2/5 hissəsi İddiaçı adına xx.xx.2011-ci il tarixdə, 3/5 hissəsi Cavabdeh Nurəddin qızının qeydiyyata alınmışdır. İddiaçı tərəfindən cavabdehə mənzilin ona məxsus hissəsinin 60000 manata alınması təklif edilsə də, tərəflər arasında razılıq əldə edilməmişdir. Cavabdeh iddiaçının bununla bağlı ərizəsinə cavab verməmişdir. Hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq adıçəkilən mənzilin naturada 2/5 hissədə bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda məcburi satılması və əldə edilən məbləğin ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına müvafiq olaraq bölünməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı mübahisə predmeti barəsidə müstəqil tələb irəli süməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh Nurəddin qızına qarşı “mənzildə birgə yaşamağın qeyri-mümkün olmasının müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, əldə edilən məbləğin mülkiyyətçilərin paylarına uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh Nurəddin qızı ilə ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 75,3 kv.m olan 5 otaqlı mənzildə birgə yaşamaqlarının qeyri-mümkün olması müəyyən edilməsi, bu ünvanda yerləşən mənzilin açıq hərracda məcburi satışına qərar verib və əldə edilən məbləği ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına müvafiq olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh Nurəddin qızı ilə 21 noyabr 2001-ci il tarixi rəsmi nikaha girməklə ailə qurublar. Həmin nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 noyabr 2001-ci il tarixli Bakı şəhər Xətai Rayonu VVADQ şöbəsində 1257 № ilə qeyd aparılıb. Birgə nikahdan 04 yanvar 2003-cü il tarixdə X9 adlı uşaqları vardır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 yanvar 2010-cu il tarixdə qətnaməsinə əsasən nikahları pozulub. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2010-cu il tarixli qərarı ilə Cavabdeh Nurəddin qızının ona qarşı alimentin tutulması ilə bağlı iddiası qismən təmin edilib. Belə ki, 04 yanvar 2003-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün ondan iddiaçı Cavabdeh Nurəddin qızının xeyrinə hər ay 75 (yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub. Sonradan cavabdeh mübahisəli mənzildə həyatına hər cür müdaxilə etməyə başlayıb. Bununla bağlı mənzilin bölünməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ona görə də, Nizami Rayon Məhkəməsinin 2(007)-258/2010 saylı 10 mart 2010-cu il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 52 saylı evin 49 saylı mənzili onunla Cavabdeh Nurəddin qızı arasında hər birinə 1/2 pay pay müəyyən edilməklə bərabər bölünüb, bölünmüş paylara uyğun mənzilə dair dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə olunması, onun Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 52 saylı evin 49 saylı mənzilinə köçürülməsi qət edilib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)- 2886/2010 saylı xx.xx.2010-cu il il tarixli qərarı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Nurəddin qızının apellyasiya şikayəti təmin olunmayaraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə olan 2(007)-258/2010 saylı 10 mart 2010-cu il tarixli qətnaməsi “ünvan 5 saylı evin 49 saylı mənzili onunla Cavabdeh Nurəddin qızı arasında hər birinə 1/2 pay müəyyən edilməklə bərabər bölünməsi” hissəsində dəyişdirilib. Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 52 saylı evin 49 saylı mənzil onunla Cavabdeh Nurəddin qızı arasında bölünərkən mənzilin 2/5 (beşdə iki) hissəsinə onun, 3/5 (beşdə üç) hissəsinə isə Cavabdeh Nurəddin qızının pay hüququ müəyyən edilib. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılıb. Bu qərar qüvvəyə minib. Lakin cavabdehin təqsiri üzündən düzgün icra olunmayıb. Bundan əlavə, dəfələrlə davamlı təhdid və təxribatlara məruz qalıb, bununla bağlı hətta inzibati tənbeh növündə cərimə də alıb. Göstərilən vaxtdan bəri mübahisəli mənzilə köçüb orada yaşaya bilmir. Cavabdehlə birlikdə yaşamağı mümkün olmadığından əmlakın ona aid hissəsinə müstəqil sərəncam vermək istəyir. İş materiallarına əsasən də, mübahisəli mənzildən başqa onun digər yaşayış yeri yoxdur. Cavabdehin hiyləsi və acgözlüyü anlaşılandır. Oğlunun xeyrinə aliment üzrə borcun ödənilməsi üçün mənzilin məcburi satışı ona da lazımdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh Nurəddin qızı ilə əldə etdikləri ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 75,3 kv.metr olan 5 otaqlı mənzilin naturada 2/5 hissədə bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda məcburi satılması və əldə edilən məbləğin ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına müvafiq olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, evin satış qiyməti ilə bağlı heç bir mübahisə yoxdur, 160000 manatdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(007)- 231/2024 nömrəli qətnaməsi iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda satılması, həmin mənzilin hərracda satışından sonra əldə olunan pul vəsaitinin 2/5 hissəsi İddiaçı və 3/5 hissəsi Cavabdeh Nurəddin qızına verilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və iş üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan ümumilikdə 100 manat məbləğində pulun Cavabdeh Nurəddin qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin mülkiyyətçiləri arasında hər kəsin öz payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığı, həmçinin cavabdeh iddiaçıya məxsus payın alınmasına razı olmadığı üçün məhkəmə hesab etmişdir ki, həmin əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Hazırkı halda məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, məhkəmə tikinti-texniki ekspertizasının hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli saylı rəyi əsaslıdır, işin faktiki halları ilə uyğun gəldiyindən yekun qərar qəbul edilərkən həmin ekspert rəyi əsas götürülməlidir. Məhkəmə bununla bağlı qənaətə gələrkən müəyyən etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara iddiaçı tərəfindən əməl edilmişdir. Hansı ki, həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bununla da, müəyyən edildi ki, iddiaçı mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş, lakin mübahisənin məhkəmədən kənar həlli imkanı itirildikdən sonra məhkəməyə müraciət etmişdir. Habelə, mənzilin naturada bölünməsinin texniki baxımdan mümkün olmaması ilə ekpsert rəyi ilə müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi yolu ilə mübahisə həll edilməlidir. Məhkəmə tərəfindən həmçinin məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli rəyinə əsasən rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 177900 manat məbləğində, likvid dəyəri isə təqribən 160000 manat dəyərində müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı əmlak üzərində olan payını 60000 manat qiymətləndirərək, cavabdehə payının alınması üçün təklif ünvanlasa da, tərəflər arasında razılıq əldə edilməyib. Ekspert rəyində göstərilən məbləğ nəzərə alındığı təqdirdə iddiaçının təklif etdiyi məbləğ ağlabatan məbləğdir. Həmçinin, cavabdeh məhkəməyə mütəxəssis rəyi təqdim edərək, mənzilə 35159 manat məbləğində təmir xərci çəkildiyini qeyd etmişdir. Məhkəmə hesab etmişdir ki, təmir xərci ilə bağlı tərəflər arasında mübahisə olduğu təqdirdə, cavabdeh bunu ayrıca icraatda mübahisələndirilməlidir. Hazırkı halda isə, mübahisəli mənzilin tərəflərin paylarına uyğun naturada bölünməsinin mümkün olmadığı, həmçinin iddiaçıya məxsus payın cavabdehdən tərəfindən kompensasiya edilməsi ilə bağlı tərəflər arasında razılıq olmadığı müəyyən edildiyindən əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxılmalıdır. Məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzili hərraca çıxarılmalı, əldə olunan pul vəsait mülkiyyətçilərin paylarına uyğun bölünməlidir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən payını 60000 manata satmaq istəməsi barədə ona təklif 28 fevral 2023-cü il tarixdə notariat kontorundan göndərilmişdir. Həmin hal isə payın üçüncü şəxsə satılması ilə bağlı üstünlük hüququndan istifadə ilə əlaqədardır. İddia ərizəsi məhkəməyə 29 avqust 2023-cü il tarixdə verilib. Ekspert rəyi isə xx.xx.2024-cü il tarixdə verilmişdir. Yəni iddiaçının payını 60000 manata satmaq istəməsi barədə 28 fevral 2023-cü il tarixli məlumat məhkəmədə əsas kimi götürülə bilməzdi. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının notariat qaydasında öz payını satmaq niyyətində olması barədə ona göndərdiyi bildiriş payın üçüncü şəxsə satılması ilə bağlıdır. Lakin həmin sənəddən payın üçüncü şəxsə satılacağı barədə hər-hansı bir məlumat yoxdur. Bu isə o deməkdir ki, bu hal tərəfin son təklifi kimi qəbul edilə bilməz və Mülki Məcəllənin 218.1-ci maddəsinin tələblərinə ziddir. Çünki həmin maddənin müddəalarında payın açıq hərracdan satışı istisna olunur. Bundan başqa, həm iddiaçı, həm də məhkəmə tərəfindən mülki qanunvericilikdə göstərilən ardıcıllıq pozulmuşdur. Belə ki, məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 33-16-16/2-9/87xx-xx/8410 saylı rəyi ilə müəyyən olmuşdur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 98,4 kv.m, yaşayış sahəsi 75,3 kv.m olan 5 otaqlı mənzilin paylara uyğun olaraq tənasubsüz zərər vurmadan naturada ayrılması mümkün deyildir. Həmin ekspertiza rəyi ilə mənzilə qiymət qoyulmuş və mənzilin likvid dəyəri 160000 manat məbləğində müəyyən edilmişdir. Bundan sonra məhkəməyə mənzilin təmirinə çəkdiyi xərclə bağlı "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 02-68/24 saylı mütəxəssis rəyini təqdim etmiş və rəydə göstərilir ki, təmirə çəkdiyi xərc 35159 manat təşkil edir. Qanunvericiliyin tələbinə görə iddiaçı öz payının qiymətini ekspertiza rəyində göstərilən qiymətə və təmir xərcləri ilə bağlı qiymətə uyğun olaraq müəyyən etməli və payın alınmasını ona təklif etməli idi. Bu ancaq mənzilin naturada bölünməsinin mümkün olmaması müəyyən edildikdən, yəni ekspertin xx.xx.2024-cü il tarixli rəyindən sonra edilə bilərdi. Lakin, bu hal baş verməmişdir və məhkəmə də yeni yaranmış vəziyyətlə bağlı bu ardıcıllığın olmasını təmin etməmişdir. Göstərilən ardıcıllıq olmadan açıq hərracın təyin edilməsi qanunaziddir. Göstərilən ardıcıllığa əməl olunmaması ilə məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Həmçinin qətnamənin qət etdi hissəsində mənzilin açıq hərraca hansı qiymətlə çıxarılacağı da müəyyən olunmamışdır. Göstərilən maddi hüquq normalarının tələbləri pozulduğundan məhkəmənin qətnaməsi qanuni sayıla bilməz və ləğv edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5440/2024 saylı, 28 oktyabr 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan «iddiaçı Nadir Özçelebinin cavabdeh X1 qızına qarşı “əmlakın açıq hərracda satılması” tələbinə dair» 2(102)-1685/2024 nömrəli mülki işlə əlaqədar mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının bütün hakimlərdən ibarət tərkibdə baxılıb qərar çıxarılanadək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Mülki işin dayandırılmasına əsas olmuş iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 06 dekabr 2024-cü il tarixli qərardadı qəbul edilmiş və iş üzrə icraatın dayandırılmasına əsas olmuş zərurət aradan qalxdığı üçün iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəlləsinin: 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarı: Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli, 06 dekabr 2024cü tarixli qərardadı: Ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ünvan 1 ünvanında yerləşən mənzil açıq hərracda satılması hissəsində dəyişdirilməklə mənzilin bazar dəyərinə uyğun hərracdan ilkin satış qiyməti müəyyən edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2886/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Nurəddin qızının apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə olan 2(007)- 258/2010 saylı 10 mart 2010-cu il tarixli qətnaməsi “Bakı şəhərinin Nizami rayonunun Naxçıvanski küçəsindəki 52 saylı evin 49 saylı mənzili İddiaçı ilə Cavabdeh Nurəddin qızı arasında hər birinə 1/2 pay müəyyən edilməklə bərabər bölünməsi” hissəsində dəyişdirilmiş, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 52, saylı evin 49 saylı mənzil İddiaçı ilə Cavabdeh Nurəddin qızı arasında bölünərkən mənzilin 2/5 hissəsinə İddiaçı, 3/5 hissəsinə isə Cavabdeh pay hüququ müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* saylı çıxarışın surətindən görünür ki, ümumi sahəsi 98,4 kv.m olan ünvan 1 ünvanında yerləşən mənzilinin 2/5 hissəsi İddiaçı adına xx.xx.2011-ci il tarixdə, 3/5 hissəsi Cavabdeh Nurəddin qızının adına qeydiyyata alınmışdır. İddiaçı tərəfindən cavabdehə mənzilin ona məxsus hissəsinin 60000 manata alınması təklif edilsə də, tərəflər arasında razılıq əldə edilməmişdir. Cavabdeh iddiaçının bununla bağlı ərizəsinə cavab verməmişdir. İş materiallarından görünür ki, hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq adıçəkilən mənzilin naturada 2/5 hissədə bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda məcburi satılması və əldə edilən məbləğin ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına müvafiq olaraq bölünməsini xahiş etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 33-16-16/2-9/87xx-xx/8410 saylı rəyindən görünür ki, rəyin tətqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışında göstərilən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,4 kv.m, yaşayış sahəsi 75,3 kv.m olan 5 otaqlı mənzilin 1/2 hissəsi üzrə İddiaçı payının X4 payından tənasübsüz zərər vurmadan naturada ayrılması (bölünməsi) İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Ekspert baxışına təqdim edilmiş ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 98,4 kv.metr olan orta təmirli mənzilin mövcud bazar dəyəri təqribən 177900 (98,40 x 1808 manat) manat, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən (177900- 10%) 160000 manat məbləğində müəyyən edilir. xx.xx.2024-cü il tarixli birinci instansiya məhkəməsinin məhkəmə iclasında ekspert X8 izahat verərək bildirdi ki, tərəflərin ünvan 2 ünvanında yerləşən mənzil üzərində əvvəlki payları 1/2 hissədə olduğu üçün texniki səhv edərək paylarını 1/2 kimi göstərib. Rəyə əsasən iddiaçının 2/5 hissədə payının cavabdehin payından naturada bölünməsinin mümkün olmadığı müəyyən edilib. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 02-68/24 saylı mütəxəssis rəyinin surətindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən fiziki şəxs Cavabdeh Nurəddin qızının müraciəti üzrə ünvan 5 ünvanında yerləşən köhnə tikili 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən, 5 otaqlı 49 saylı mənzilin təmirinə çəkilmiş xərclərin məbləği (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 35159 manat təşkil edir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilin 2/5 hissəsinin mülkiyyətçisi olan İddiaçı ümumi mənzildəki payının cavabdehə satılması və ya mənzilin açıq hərracda satılıb dəyərinin paylara uyğun ödənilməsinin şərtləri haqqında razılığa gələ bilmədiklərindən paylı mülkiyyətin mülkiyyətçisi İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin apellyasiya şikayətində qanunvericiliyin tələbinə görə iddiaçının öz payının qiymətini ekspertiza rəyində göstərilən qiymətə və təmir xərcləri ilə bağlı qiymətə uyğun olaraq müəyyən etməli və payın alınmasını ona təklif etməsi ancaq mənzilin naturada bölünməsinin mümkün olmaması müəyyən edildikdən, yəni ekspertin xx.xx.2024-cü il tarixli rəyindən sonra edilməli olduğu halda bu hal baş verməməsi və məhkəmənin də yeni yaranmış vəziyyətlə bağlı bu ardıcıllığın olmasını təmin etməməsinə dair dəlilləri ilə kollegiya razılaşmır. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi mənzilin mülkiyyətçiləri arasında hər kəsin öz payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün olmamışdır. Bununla yanaşı birinci instansiya məhkəməsi baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, onlar müvafiq təkliflərini iddiaçıya ediblər, icra mərhələsində də razılıq əldə edilə bilər. Göründüyü kimi mübahisəli mənzilin paylara uyğun bölünməsi mümkün olmamış, eləcə də cavabdeh iddiaçıya məxsus payın alınmasına razı olmamışdır. Bununla da müəyyən edilir ki, iddiaçı mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş, lakin mübahisənin məhkəmədən kənar həlli imkanı itirildikdən sonra məhkəməyə müraciət etmişdir. Habelə, mənzilin naturada bölünməsinin texniki baxımdan mümkün olmaması ilə ekspert rəyi ilə müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin mülkiyyətçiləri arasında hər kəsin öz payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığı, həmçinin cavabdeh iddiaçıya məxsus payın alınmasına razı olmadığı üçün birinci instansiya məhkəməsi həmin əmlak açıq hərracdan satılması və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə düzgün nəticəyə gəlmişdir. Bundan başqa cavabdehin apellyasiya şikayətində qətnamənin qət etdi hissəsində mənzilin açıq hərraca hansı qiymətlə çıxarılacağı da müəyyən olunmamasına dair dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı iddia ərizəsində mənzilin naturada bölünməsi ilə yanaşı bölünmənin mümkün olmaması zamanı mənzilin açıq hərracda satılması, əldə edilən məbləğin mülkiyyətçilərin paylarına uyğun bölünməsini tələb etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli, 06 dekabr 2024-cü tarixli qərardadında formalaşdırılmış mövqeyə uyğun olaraq hesab edir ki, hazırki vəziyyətdə mübahisəli mənzilin mülkiyyətçiləri arasında hər kəsin öz payına uyğun natura şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığından, həmçinin cavabdeh iddiaçıya məxsus payın alınmasına razı olmadığından həmin əmlak açıq hərracdan satılaraq ilkin satış qiyməti göstərilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə tərəfindən həmçinin məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli rəyinə əsasən rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 177900 manat məbləğində, likvid dəyəri isə təqribən 160000 manat dəyərində müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan halın, yəni ünvan 1 ünvanında yerləşən mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də qeyd olunan rəyi şübhə altına alan hər-hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, mübahisəli mənzilin hərracdan ilkin satış qiymətinin müəyyən edilməsi zamanı məhz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli rəyinə istinad edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin bazar dəyərinə uyğun hərracdan ilkin satış qiyməti 177900 manat məbləğində müəyyən edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri – mənzilin hərracdan ilkin satış qiymətinin göstərilməməsi hissəsində qismən əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi ünvan 1 ünvanında yerləşən mənzil açıq hərracda satılması hissəsində dəyişdirilməklə mənzilin bazar dəyəri hərracda ilkin satış qiyməti 177900 manat məbləğində müəyyən edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Nurəddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(007)- 231/2024 nömrəli qətnaməsi - ünvan 1 ünvanında yerləşən mənzil açıq hərracda satılması hissəsində dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən mənzilinin bazar dəyəri hərracda ilkin satış qiyməti – 177900 (yüz yetmiş yeddi min doqquz yüz) manat məbləğində müəyyən edilsin. Qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar