Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5443/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xalid oğluna “müqavilənin ləğvi və vurulmuş ziyanın qaytarılması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xalid oğluna qarşı müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 Xalid oğlu ilə 01.08.2018-ci ildə bağlanmış 2889.A nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, 1 ədəd CS35AT markalı, 2017-ci il buraxılışlı, tipi universal olan, qara rəngli, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomibilin Cavabdeh1 alınıb İddiaçı MMC-yə qaytarılması, həmin müqaviləyə görə cavabdehlərdən müştərək qaydada vurulmuş ziyana görə 2420 manat 4 aya görə ziyanın, həmin ziyanın ödənilmədiyi gecikdirilmiş günlərə görə hesablanmış aylıq ödəniş məbləğinin 1 faizi miqdarında 30 günə görə 181 manat, qalan 90 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2 faizi 1089 manat, cəmi 3690 manat cərimə borcunun, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 01.08.2018-ci il tarixli, 2889.A saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı 1 ədəd CS35AT markalı, 2017-ci il buraxılışlı, tipi universal olan, qara rəngli, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomaşınını cavabdehə satmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən satılan minik avtomaşınının qiyməti 17.500 manat müəyyən olunmuşdur. Müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən, alıcı avtomaşının ümumi məbləğinin 57 aya bərabər hissələrə bölünməklə, hər ay 605 manat ödənilməsinə dair öhdəlik götürmüşdür. Cavabdeh müqavilə üzrə cəmi 2420 manat ödəniş etdikdən sonra, pulun qalan hissəsini ödəməkdən imtina etmişdir. Beləliklə, Cavabdeh1 qeyd olunan müqavilə üzrə əsas borcu 32065 manat, hər gecikdirilmiş günə görə ödəniş məbləğinin 1 faizi miqdarında 30 günə görə 181 manat, qalan 90 günə görə aylıq ödəniş məbləğinin 2 faizi miqdarında 1089 manat, cəmi 3690 manat təşkil edir. İddiaçı MMC ilə Cavabdeh2 Xalid oğlu arasında 01 avqust 2018-ci il tarixdə bağlanmış zaminlik müqaviləsinin 2.1-ci bəndi ilə sonuncu alıcı Cavabdeh1 satıcıya olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair məbləğlər həcmində məsuliyyət daşımasını üzərinə götürdüyündən borca görə onunla birlikdə məsuliyyət daşımalıdır. Belə olduğu halda həmin zərər, eləcə də iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 01 avqust 2018-ci il tarixli, 2889.A saylı müqavilənin ləğv edilməsi, 1 ədəd CS35AT markalı, 2017-ci il buraxılışlı, tipi universal olan, qara rəngli, ** PD *** dövlət qeydiyyat nişanlı avtomibil Cavabdeh1 alınıb İddiaçı MMC-yə qaytarılması, müqavilə üzrə 2420 manat, cəriməyə görə 400 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat cavabdehlər Cavabdeh2 Xalidoğlu və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ona dəymiş zərərin, 6000 manatın ona qaytarılması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli 2(008)-3774/2019 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntuları əsasında düzgün hüquqi nəticəyə gəlmədiyindən, əsaslı sayıla bilməz, qanunsuzdur və ləğv edilməlidir. Belə ki, Cavabdeh1 məhkəmə baxışına çağırılmamış, onun məhkəmə prosesində iştirakı təmin edilməmiş, çəkişmə prinsipinə əməl edilməmiş, faktiki olaraq yalnız iddiaçının təqdim etdiyi dəlil və mülahizələr əsasında iddiaçının iştirakı ilə qətnamə qəbul edilmiş və Cavabdeh1 bu qətnamədən 12.04.2021-ci il tarixdə icra hərəkətləri gedişində xəbərdar olmuşdur. Onun tərəfindən həmin avtomobil 6000 manat ilkin ödəniş edilməklə əldə edilmişdir. Bundan başqa, onun tərəfindən MMCnin əməkdaşlarına 1800 manat ödəniş edilmişdir. Ümumilikdə avtomobilə görə 12.000 manat ödəniş etmişdir. O, ödənişləri vaxtlı-vaxtında ödəyə bilməməsi səbəbindən faizlər şişirdilmiş, o, həmin məbləğin ödənilməsi üçün yeni müqavilənin bağlanmasını, yaxud da ödədiyi məbləğin yarısının ona geri qaytarılması müqabilində aldığı avtomobili geri qaytarmağı təklif etmişdir. Lakin iddiaçı heç bir kompromisə getməmişdir. Bütün bunlar hazırkı iş üzrə qətnamə qəbul edilərkən nəzərə alınmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada cavabdehə göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı sübut aşkar edilməmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərdi ki, o, mübahisəli avtomobili başqa bir şəxs 6500 manat ilkin ödəniş edərək almış, üç ay idarə etdikdən sonra ona satmışdır. Avtomobili həmin şəxsdən alarkən ona 6500 manat ilkin ödənişin əvəzini vermiş, avtomobilin onun adına yenidən sənədləşməsi üçün isə daha 2000 manat ödəmişdir. Bundan sonra o, ağır yanıq xəsarəti aldığından 7-8 ay müddətində xəstəxanada müalicə almış və müqavilə üzrə ödənişləri edə bilməmişdir. Buna baxmayaraq, o, bir dəfə yenə 1000 manat ödəniş etmiş və bu ödənişin əvəzində ona avtomobilə etibarnamə veriləcəyi bildirilmişdir. Lakin Sirena MMC-nin əməkdaşları onu aldatmış və etibarnamə verməmişlər. Nəticədə o, avtomobili hal-hazıradək idarə edə bilmir. Dəfələrlə MMC-yə müraciət edərək razılaşma əldə etmək istəsə də, MMC heç bir güzəştə getməmişdir. Hesab edir ki, ona qarşı irəli sürülmüş iddia əsassızdır. Belə ki, bu qədər ödənişlər etdikdən sonra ondan həm avtomobilin geri alınması, həm də üstəlik ondan pul tələb edilməsi qanunsuz və ədalətsizdir. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi və izahatında göstərdi ki, həqiqətən də, həmin avtomobil əvvəlcə başqa bir şəxsə satılmış, həmin şəxs avtomobilə görə ilkin ödəniş etmiş və 3 ay ərzində müqavilə üzrə ödənişləri yerinə yetirmiş, lakin sonradan avtomobili hazırkı Cavabdeh1 satmışdır. Onlarla Cavabdeh1 arasında hazırkı müqavilə bağlanmış, lakin o, ödənişləri həyata keçirməmiş, nə də avtomobili geri qaytarmamışdır. Bu səbəbdən onlar məhkəməyə müraciət etmişlər. Hesab edir ki, apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Cavabdehin apellyasiya şikayəti verməkdə məqsədi əslində avtomobilin onlara geri qaytarılması ilə bağlı məhkəmə qərarının icrasını uzatmaqdır. İddiaçı avtomobili idarə etmək üçün cavabdehə etibarnamə vermədiyindən, sonuncu avtomobili gecə vaxtları yaşadığı Maştağa qəsəbəsi ərazisində idarə edir və onu qaytarmaqdan yayınır. Göstərilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsini. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin müəyyən edilmiş hallarından və tərəflərin verdikləri izahatlardan məlum olur ki, iddiaçı Sirena MMC özünə mülkiyyət hüququ ilə məxsus olan CHANGAN CS35AT markalı, 2017-ci il buraxılışlı, universal tipli, ağ rəngli, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əvvəlcə bir nəfər başqa şəxsə satmış, bu məqsədlə həmin şəxs tərəfindən MMC-yə ilkin ödəniş edilmiş və onunla aylıq ödənişlərin aparılmasına dair razılaşma olmuş, həmin şəxs tərəfindən üç ay ödəniş edilmiş, sonradan tərəflərin razılığı ilə həmin avtomobil hazırkı Cavabdeh1 satılmış və onunla Sirena MMC arasında avtomobilin nisyə şərtlərlə satılmasına dair 01 avqust 2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Muqavilənin şərtlərinə və ödəniş cədvəlinə əsasən avtomobilin qiyməti 34485 manat müəyyən edilmiş, aylıq ödəniş məbləği 60 ay ərzində, hər ay 605 manat təşkil etmişdir. Həmçinin, iddiaçı Sirena MMC ilə Cavabdeh2 Xalid oğlu arasında zaminlik müqaviləsi bağlanmış və bu müqavilənin şərtlərinə görə, sonuncu alqı-satqı müqaviləsi üzrə digər Cavabdeh1 öhdəliklərinin icrasına görə zaminliyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini icra etməmiş və ödənişləri bir neçə ay ərzində gecikdirmiş və satıcı İddiaçı MMC hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Eyni Məcəllənin 601.1-ci maddəsinin tələbinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 606.1-ci maddəsinə əsasən (hazırkı müqavilə bağlanan zaman qüvvədə olan redaksiyasında) əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və əşyanı geri götürmək hüququ vardır. İşin müəyyən edilmiş hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında avtomobilin alqı-satqısına dair etibarlı müqavilə bağlanmış, cavabdeh müqavilənin şərtlərini yerinə yetirmədiyinə və bununla da müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə, iddiaçı qanunvericiliyin və müqavilənin şərtlərinə istinad etməklə alqı-satqı müqaviləsinin ləğv edilməsini və müqavilənin predmeti olmuş avtomobilin cavabdehdən geri alınmasını tələb etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini müqavilənin ləğv edilməsi və avtomobilin geri qaytarılması hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası iddia tələbinin cavabdehlərdən müqavilə üzrə 2420 manat və cəriməyə görə 400 manat pul tutulması hissəsində təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, alqı-satqı müqaviləsi ikitərəfli əqd olmaqla tərəflərdən birinin əşyanı alıcının mülkiyyətinə verməsini, digər tərəfin isə əvəzində şərtləşdirilmiş pul məbləğini qarşı tərəfə ödəməsini ehtiva edir. Göründüyü kimi, alqı-satqı müqaviləsi üzrə alıcıdan pul öhdəliklərinin icrasını tələb etmək üçün ilk növbədə alıcı tərəfindən müqavilə predmeti olan əşyanın satıcının mülkiyyətinə verilməsi ilə bağlı öhdəliyini (nisyə alqı-satqı müqaviləsi bağlandıqda isə əşyanın dəyərinin tam ödənilməsinədən sonra ona dair mülkiyyət hüqüqünün satıcıya keçməsi ilə bağlı öhdəliyini) icra etməlidir. Lakin hazırkı işin hallarından məlum olur ki, iddiaçı avtomobilə dair mülkiyyət hüququnu özündə saxlamışdır, hazırda isə avtomobilin alıcıdan alınaraq ona qaytarılmasını xahiş etməklə, faktiki olaraq müqavilə üzrə öz öhdəliklərini icra etməkdən və əşyanı alıcının mülkiyyətinə verməkdən (gələcəkdə alıcının mülkiyyətinə vermək öhdəliyindən) imtina edir. Buna baxmayaraq, müqavilə üzrə edilmiş ödənişləri nəzərə almadan, cavabdehdən müqavilə üzrə öhdəliklərini icra etməyi və ödəniş qrafiki üzrə gecikdirilmiş pul məbləğini ödəməyi ondan tələb edir. Bu zaman iddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.2.3-cü bəndinə istinad edir. Həmin bəndə əsasən, alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomobilin aylıq ödəniş pulunun 15 gün müddətə gecikdiriləcəyi təqdirdə ona qarşı cərimənin ödənilməsi, aylıq ödəniş pulunun 15 gün müddətdən çox gecikdirəcəyi təqdirdə isə avtomaşının təhvil verilməsi, avtomaşın yarasız olduqda və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərərin əvəzinin ödənilməsi və avtomaşına görə ödənilmiş pulun satıcı tərəfindən geri qaytarılmaması tələbini eyni zamanda gecikdirildyi dövrdə yaranmış əsas borcu və faizləri ödəməyi qəbul etmək alıcının vəzifələri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.4-cü maddəsinə əsasən müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin 6.2.3-cü bəndində müəyyən edilmiş, ödənişin 15 gündən çox gecikdirilməsi səbəbindən avtomobilin geri qaytarılması və ödənişin gecikdirildiyi dövrdə yaranmış əsas borcu və faizləri qəbul etməsinə dair alıcının vəzifələrinin eyni vaxtda icra edilməsi Mülki Məcəllənin 567-ci maddəsinin mahiyyətinə zidd olardı. Belə ki, bu halda alıcı əldə etmədiyi əmlakla bağlı artıq ödəmiş olduğu pul məbləğindən məhrum olmaqla yanaşı, müqavilənin ləğv edilməsi və əşyanın qaytarılmasına rəvac vermiş gecikmələrə görə pul məbləğini də ödəmiş olardı. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.2.3-cü bəndində sadalanan satıcının vəzifələrinin eyni vaxtda icrası ondan tələb edilə bilməz. Bu halda, satıcı ya ödənişlərin gecikdirilməsinə görə avtmobilin geri qaytarılmasını tələb etməli, bu zaman avtomobil yararsız hala düşmüşdürsə, dəymiş ziyanı alıcıdan tələb etməli, yaxud da müqavilə üzrə öz öhdəliklərinin icrasını davam etdirməklə, alıcıdan avtomobilin geri qaytarılmasını deyil, öz öhdəliklərinin icra edilməsini, o cümlədən ödənişləri gecikdirməyə görə müqavilə ilə nəzərdə tutulan cərimələri ödəməyi tələb etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddia tələbi cavabdehlərdən müqavilə üzrə ödənilməmiş 4 aya görə 2420 manat ziyan və həmin ziyanın ödənilmədiyi müddət üçün hesablanmış cərimə tələbinə dair hissədə əsassız olmuşdur və birinci instansiya məhkəməsi həmin hissədə iddianı qismən (400 manat) təmin etməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, mübahisənin mahiyyəti üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək onları qismən əsaslı sayır və bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli və iddia tələbi pul tələbinə aid hissədə təmin edilməməli, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 384, 385, 385, 386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3774/2019 saylı 09.07.2019-cu il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin 2440 manat borcun və 400 manat cərimənin tutulması hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5443/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5443/2021
05.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver