Məhkəmə qərarları › İş №2(103)-5459/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5459/2020

29.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5459/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 617/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev, iş №2(005)-617/20) iddia təmin olunmamışdır. İddiaçı apelyasiya şikayəti verərək Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxx 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və həmin nikahdan iki övladları anadan olmuşdur. xx xxx 2007-ci il təvəllüdlü Nuray Zamanova və xx xxxxxx 2012-ci il təvəllüdlü Əli Zamanov adlı övladları cavabdehin himayəsində saxlanılmış, cavabdehin xeyrinə aliment tutulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə cavabdehə razılığı olmadan uşaqları ölkə hüdudlarından kənara çıxarılmasına icazə verilmişdir. Ondan sonra cavabdeh uşaqları ölkədən götürüb birdəfəlik getmişdir. Cavabdeh və onun atası onun övladlarından öz şəxsi maraqları üçün istifadə edir, dövlətə qarşı mitinqlərdə iştiraka aparır, dövlət başçısına qarşı yazılar olan lövhələr ilə şəkil çəkərək sosial şəbəkələrdə paylaşırlar. Uşaqların cavabdehdən alınaraq onun himayəsinə verilməsi barədə iddia ərizəsi ilə müracoət etsə də, cavabdehin uşaqları ölkə xaricinə apardığı üçün işə baxılması mümkün olmamışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin icrası ilə əlaqədar isə bir neçə dəfə cəhd etsə də, ödəniş qəbul edən olmamışdır. İş materiallarından məlum olur ki, müvafiq məhkəmə qətnaməsi ilə xx xxxxxx 2015-ci il tarixindən hesablanmaqla İddiaçı xx xxx 2007-ci il təvəllüdlü X2 və xx xxxxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 70 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixinədək göndərilən pul köçürmələrinin cədvəlindən görünür ki, cəmi 560 manat pul məbləği ayrıayrı tarixlərdə Cavabdeh göndərilmiş, lakin həmin vəsaitlər Cavabdeh tərəfindən alınmamışdır. İş materiallatında olan Azərbaycan Respublikası DSX tərəfindən verilən xx.xx.2020ci il tarixli, 33/640 nömrəli cavab məktubundan görünür ki, İAMAS bazasında Cavabdeh 2015-2016-cı illərdə Azərbaycan Respublikasına girişi və çıxışı olmuşdur. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda tərtib edərək əsaslandırmışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddianın əsassız olması ilə bağlı mövqeyini əsaslandırarkən göstərmişdir ki, iddiaçı aliment ödəməkdən azad edilməsi tələbini cavabdehin övladları ilə birgə xarici ölkədə yaşamasına istinad edərək irəli sürmüşdür. İş materiallarından göründüyü kimi, iddiaçı alimenti ödəməkdən qərəzli şəkildə boyun qaçırmış və bir neçə dəfə müvafiq qurumlar tərəfindən xəbərdar edilmiş, onun barəsində axtarış elan edilmiş və digər lazımi tədbirlər görülmüşdür. Bundan başqa, məhkəmənin qənaətinə görə iddiaçının əsaslandığı hallar alimentin ödənilməsindən azad olmaq üçün əsas kimi qəbul edilə bilməz. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq bu qəbildən olan işlərə baxılarkən ilk öncə qayğıya ehtiyacı olan uşaqların mənafeyi, daha sonra valideynlərin mənafeyi nəzərə alınır. Məhkəmə iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2, 112.1-ci maddələrinə istinad etmişdir. Ailə Məcəlləsinin 107.2-ci maddəsinin tələbinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə isə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunun mənasına görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin aliment ödəməkdən azad edilməsi üçün onun ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməsi, yaxud diqqətəlayiq başqa halların mövcud olması tələb edilir. Birinci instansiya məhkəməsi hazırkı işdə qeyd olunan hallardan hər hansı birini müəyyən etmədiyindən iddianı əsassız saymış və bu səbəbdən də iddianı rədd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apelyasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Qeyd etmək lazımdır ki, tələbkarın Azərbaycan Respublikasında olmaması borclunun aliment ödəmək vəzifəsindən azad olunması üçün əsas deyildir. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı mütəmadi olaraq aliment ödənişlərindən yayındığına görə icra məmuru tərəfindən ona müvafiq xəbərdarlıqlar edilmiş, barəsində müəyyən tədbirlər görülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia məhz qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar