Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5466/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, cavabdehin nümayəndəsi x nun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC, X2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs b-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-ə, X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs b-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 ilə Cavabdeh1 ASC arasında ünvan 1 ünvanında yerləşən əmlaka dair Bakı şəhəri 46 saylı Xüsusi notariat kontorunda bağlanmış xx xxxxxx 2016-cı il tarixli 105850-160793/1 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş yüklülük çıxarışının ləğv edilməklə əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X2 onların birgə nikah dövründə aldıqları Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal-2, məhəllə 3158/60, ev 12, 30 saylı mənzili onun razılığı olmadan öz krediti üçün Banka girov qoymuşdur. Bu yaxınlarda məhkəmədən evə bildiriş gəldikdə ona məlum olmuşdur ki, həmin ev Cavabdeh1 ASC-də girovdadır. Yəni evin ipotekaya qoyulmasına razı olmamışdır. Bunları bildikdən sonra ipotekanın etibarsız hesab edilməsi ilə bağlı tələblərini banka irəli sürmüşdür. Hətta sonradan məlum olmuşdur ki, bu əmlak banka bir dəfə deyil, dəfələrlə girov qoyulmuşdur. Əvvəlki girovların bir neçəsində razılığı olmuş, lakin 2016-cı ildə olan sonuncu girov qoymada o, notariusa getməmişdir. X1 xx xxxxxx 2016-cı il tarixdə 130.000 manat kredit verilmişdir. Həmin kreditin təminatı kimi onların evi girov qoyulmuşdur. Lakin o, evin 2014-cü ildə girov qoyulmasına razılıq vermişdir. Bu kredit tamam başqa kreditdir. 2014-cü ildə götürülən kredit müqaviləsi üzrə borc tamam bağlanmışdır. Razılıq vermədiyindən ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)- 1070/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ümumiyyətlə heç nəyi araşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə iddianı araşdırmalı və bundan sonra qətnamə qəbul etməli idi. Belə ki, X2 onlara məxsus ünvan 3 ünvanda yerləşən əmlakı razılığı olmadan öz krediti üçün Ekspress Bank ASC-yə girov qoymuşdur. Təqdim etdiyi kredit müqaviləsindən göründüyü kimi, X1 xx.xx.2016-cı il tarixli 105850-160793/1 N-li kredit müqaviləsi ilə 130.000 manat pul verilmişdir. Həmin kreditin təminatı kimi ev girov qoyulmuşdur. Lakin bildirir ki. o evi əvvəllər 2014-cü ildə girov qoymuşdur. Bu kredit tam başqa kreditdir. Həmin kredit üzrə borc bağlanmış və ya həmin borca görə ola bilsin yeni kredit verilmişdir.O sonuncu kredit verilərkən razılıq ərizəsi verməmişdir. Razılıq vermədiyindən də ipoeka müqaviləsi etibarsız hesab edilməlidir.Nərimanov rayon Məhkəməsi isə bunları araşdırmadan iddianı rədd etmişdir. Bu səbəbdən də hesab edir ki, müqavilə etibarsızdır və iddia təmin edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi x oğlu apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı və cavbdeh X2 məhkəmə iclasına gəlməmiş və müstəqil tələb irəli sürməyən üçüncü şəxs b səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh X2 İddiaçı həyat yoldaşı olmaqla X3 onların övladıdır. İddia ərizəsindən göründüyü kimi və məhkəmə iclasında da müəyyən edildiyi kimi iddiaçının ailə üzvləri bir neçə dəfə cavabdeh “xxxxxxxxxxxx” ASC-nin Nəsimi filialından kredit götürmüşlər. Bu zaman X1 məxsus ünvan 4 ünvanında yerləşən 30 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı onun tərəfində razılıq verilmədiyindən ipoteka müqaviləsi etibarsız hesab edilməli olduğunu qeyd edərək iddia tələbi irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsini işin hallarını ətraflı araşdıraraq düzgün qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (maddə 337.2) Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müqavilənin etibarsızlığına dair istinad etdiyi hallar iddianın təmin edilməsi üçün əsas deyildir. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən kollegiya dəlilləri əsaslı hesab etmir. Belə ki, iddiaçının razılıq ərizəsinin olmaması barədə dəlili həqiqətə uyğun deyildir. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri 42 saylı notariat kontorunda İddiaçı tərəfindən imzalanmış ərizədən görünür ki, iddiaçı mənzilin ipoteka müqaviləsinə əsasən Cavabdeh1 ASC-nin xeyrinə ipotekaya qoyulmasına razılıq vermiş yəni etiraz etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)- 1070/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5466/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5466/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver