Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5466/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iş üzrə (Açar sözlər: aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü Məmmədxan və xx.xx.2018-ci il təvəllüdlü Milay adında iki uşaqları var. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 ananın himayəsində saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə aliment tutulması hissəsində icraya yönəldilsə də, 2023-cü ilin əvvəllərində tərəflər arasında münasibətlər faktiki olaraq bərpa olunduğundan iddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə Binəqədi Rayon İcra Şöbəsinə müraciət edərək yığılmış aliment borcundan və ondan sonrakı aliment ödənişindən imtina etmişdir. Həmin ərizə əsasında Binəqədi Rayon İcra Şöbəsi tərəfindən icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2014-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan Məmmədxan və Milay adlı uşaqları doğulmuşdur. 2019-cu il tarixdə tərəflər arasında münasibətlər pozulduğuna görə o, nikahın pozulması və alimentin tutulması barədə iddia qaldırmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3143/2019 saylı qətnaməsi ilə iddia təmin olunaraq tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 ananın himayəsində saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin Cavabdeh iddiaçının xeyrinə tutulması qət edilmişdir. 2023-cü ilin əvvəllərində tərəflər arasında münasibətlər bərpa olunduğundan o, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək yığılmış aliment borcundan və ondan sonrakı aliment ödənişindən imtina etmişdir. Həmin ərizə əsasında Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuşdur. Lakin bir neçə müddətdir ki, tərəflər arasında münasibətlər yenidən kəskin şəkildə pisləşmişdir. Hazırda birgə nikahdan olan uşaqlar onun yanında yaşayır və cavabdeh onların saxlanılmasına köməklik etmir, o isə təkbaşına uşaqların ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Bu səbəbdən də aliment tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
4. Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı bir ildən artıqdır ki, Fransaya köçmüş və orada yaşayır. Həmin vaxtdan o, uşaqları ilə ünsiyyət saxlaya bilmir, hesab edir ki, əgər ondan aliment tələb olunursa, o zaman onun da uşaqlarını görməyə, ünsiyyətdə olmağa haqqı vardır. O, hazırda uşaq tələbi ilə bağlı məhkəmədə iddia qaldırıb və uşaqlar ona verildiyi halda, hazırkı iddianın mahiyyəti qalmayacaqdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-4183/24 saylı iş üzrə 02 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim L.Məmmədova) iddia təmin olunaraq, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh uşaqları saxlamaq vəzifəsini könüllü icra etmədiyindən iddia təmin olunmalı və cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment tutulmalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78-ci maddələrinə və digər qanunvericilik normalarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni hüquqi cəhətdən əsaslandırmamış, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdr. İddiaçı hazırda uşaqlarla birlikdə Fransada yaşayır və bu səbəbdən o, uşaqlarla ünsiyyət hüququnu həyata keçirə bilmir. Məhkəmə isə qətnamə çıxararkən bu halları nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
12. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, o, məhkəmə iclasında iştirak etməmiş, ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
14. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu Maddə 19. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
16. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanunu “2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir”.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarı 8.2-ci bənd: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı apellyasiya şikayətində cavabdeh qətnamənin bütünlüklə ləğv olunmasını tələb etdiyindən, məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam həcmdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
20. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları alimentin ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir.
21. Qanunvericilik alimentin təyin edilməsinin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Müəyyən edilmişdir ki, iddiaçı uşağın əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu (“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir) özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur.
22. Birinci instansiya məhkəməsi tərəflərin maddi və ailə vəziyyətlərini, uşaqların mənafeyini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq haqlı olaraq bu qənaətə gəlmişdir ki, uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment müəyyən edilməklə tutulması ədalətlidir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin uşaqların iddiaçı tərəfindən hazırda Fransa respublikasına aparılmaları, bu səbəbdən onun uşaqlarla ünsiyyət hüququnun pozulması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin hallar hazırkı işin icraatının davam etdirilməsinə və uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasına mane olan hallar deyildir. Cavabdeh uşaqlarla ünsiyyət hüququnun həyata keçirilməsi ilə bağlı yaranan problemləri (məsələləri) ayrı icraatda mübahisələndirə bilər.
24. Eləcə də, cavabdehin uşaqlarla bağlı (onların kimin yanında qalması barədə) digər iddia qaldırması da hazırkı işin icraatının dayandırlması üçün əsas vermir. Belə ki, aliment iddiaçı üçün deyil, azyaşlı uşaqların saxlanılması üçün tutulur. Gələcəkdə uşaqların anadan alınıb atanın himayəsinə verilməsi barədə qətnamə çıxarılacağı təqdirdə cavabdehin aliment ödəməkdən azad edilməsi və s. bu kimi məsələlər icra icraatı qaydasında tənzimlənəcəkdir.
25. MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
26. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.
27. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
28. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
29. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
30. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 02 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.