Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5467/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(004)-214/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən yataq otağı dəstinin (taxt, güzgülü şkaf, qarderob, 2 ədəd komidin ) - 2000 manat, 6 ədəd çil-çırağın - 200 manat, 4 ədəd birqat yorğanın - 600 manat, 3 ədəd yorğanın - 100 manat, qaz tükündən hazırlanan 1 ədəd taxt yorğanının və 2 ədəd yastığın - 400 manat, 1 ədəd paltonun - 300 manat, 2 ədəd şalvarın - 50 manat, 1 ədəd köynəyin - 50 manat, 1 ədəd jaketin (qırmızı xəzli) - 50 manat, 1 ədəd ziyafət paltarının - 300 manat, 3 ədəd paltarın - 100 manat, 1 ədəd namaz paltarının - 30 manat, qızına məxsus suvenir və paltarların, pul kisəsinin 1 ədəd - 60 manat, 2 ədəd çantanın - 100 manat, çəkmənin - 70 manat, ayaqqabıların (idman ayaqqabısı, çəkmə, yay ayaqqabısı) - 200 manat, 3 ədəd xalçanın - 100 manat, qonaq dəstinin İtaliyanın Stella mebeli (servant, güzgü, şkaf, stol və 8 stul, komidin) - 8000 manat, divan və kreslonun (qoltuqlu stul) - 1000 manat, LG televizorun - 500 manat, gül çay dəstinin 24 nəfərlik - 1000 manat, yemək dəstinin 500 manat, Madonna markalı kofe dəsti və 2 ədəd boşqabının - 70 manat, 2 rəngli şüşə şamdanın - 60 manat, meyvə qablarının 4 ədəd - 200 manat, şüşə qədəhlərin 12 ədəd - 30 manat; 6 ədəd armudu stəkanın - 30 manat, şüşə tort qabının (qapaqlı) - 50 manat, süfrələrin 3 ədəd - 90 manat, dəsmalın 3 ədəd - 70 manat, qızılı rəngdə salfet qabının 2 ədəd və şəkər tozu qabının 2 ədəd - 100 manat, kitablar və albomların, mətbəx dəstinin - 1000 manat, soyuducunun - 1000 manat, bişirən sobanın - 50 manat, qızdırıcının - 200 manat, mikserin - 250 manat, ütünün - 70 manat, mətbəx üçün digər əşyaların: plastik qablar, süzgəc aşsüzən, qaşıq dəsti - 100 manat, armudu stəkanın 6 ədəd, nəlbəkilərin, mürəbbə qabının, boşqabların, 12 ədəd stəkanın - 100 manat, soba üçün şüşə qabların 3 ədəd - 60 manat, ət çəkən maşının 1 ədəd - 220 manat, tünd qırmızı uzun gödəkçənin 1 ədəd - 100 manat, göy xəzli gödəkçənin - 800 manat, aliminium qazan dəstinin - 600 manat, həmçinin iddiaçıya məxsus ağ qızıl brilyant qaşlı boyunbağı, qolbaq, sırğa və üzüyün - 9500 manat, nişan üzüyünün - 2000 manat, qızıl saatın - 2000 manat, Quran şəkilli klonun - 250 manat, Kleopatra komplektinin (üzük, sırğa, sep, klon) - 4000 manat, üzəri tor şəkilli üzüyün - 300 manat, ünvan 1 ünvanında yerləşən mənzildə iddiaçıya məxsus olan 1 ədəd yataq taxtının, servant və güzgülü bəzənmə masasının qaytarılması, bu mümkün olmadıqda isə onların dəyəri olan 39010 (otuz doqquz min on) manatın alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək ünvan 2 ünvanında olan, yataq otağı dəstinin (taxt, güzgülü şkaf, qarderob, 2 ədəd komidin), çil-çırağın 6 ədəd, birqat yorğanın 4 ədəd, 3 ədəd yorğanın, qaz tükündən hazırlanan 1 ədəd taxt yorğanının və 2 ədəd yastığın, 1 ədəd paltonun, 2 ədəd şalvarın, 1 ədəd köynəyin, 1 ədəd jaketin (qırmızı xəzli), 1 ədəd ziyafət paltarının, paltarların-3 ədəd, namaz paltarının 1 ədəd, qızına məxsus suvenir və paltarların, pul kisəsinin 1 ədəd, çantaların 2 ədəd, çəkmə və ayaqqabıların (idman ayaqqabısı, çəkmə, yay ayaqqabısı), xalçaların 3 ədəd, qonaq dəstinin İtaliyanın Stella mebeli, (servant, güzgü, şkaf, stol və 8 stul, komidin), divan və kreslonun (qoltuqlu stul), LG televizorun, gül çay dəstinin 24 nəfərlik, yemək dəstinin, madonna markalı kofe dəsti və 2 ədəd boşqabının, 2 rəngli şüşə şamdanın, meyvə qablarının 4 ədəd, şüşə qədəhlərin 12 ədəd; 6 ədəd armudu stəkanın, şüşə tort qabının (qapaqlı), süfrələrin 3 ədəd, dəsmalın 3 ədəd, qızılı rəngdə salfet qabının 2 ədəd və şəkər tozu qabının 2 ədəd, kitablar və albomların, mətbəx dəstinin, soyuducunun, bişirən sobanın, qızdırıcının, mikserin, ütünün, mətbəx üçün digər əşyaların: plastik qablar, süzgəc aşsüzən, qaşıq dəsti, armudu stəkanın 6 ədəd, nəlbəkilərin, mürəbbə qabının, boşqabların, 12 ədəd stəkanın, soba üçün şüşə qabların 3 ədəd, ət çəkən maşının 1 ədəd, tünd qırmızı uzun gödəkçənin 1 ədəd, göy xəzli gödəkçənin, aliminium qazan dəstinin, həmçinin ünvan 1 ünvanında yerləşən mənzildə iddiaçıya məxsus olan 1 ədəd yataq taxtının, servant və güzgülü bəzənmə masasının, həmçinin iddiaçıya məxsus ağ qızıl brilyant qaşlı boyunbağı, qolbaq, sırğa və üzüyün - 9500 manat, nişan üzüyünün - 2000 manat, qızıl saatın - 2000 manat, Quran şəkilli klonun - 250 manat, Kleopatra komplektinin (üzük, sırğa, sep, klon) - 4000 manat, üzəri tor şəkilli üzüyün - 300 manat qaytarılması, bu mümkün olmadıqda isə onların dəyəri 18050 manatın cavabdehlərdən alınaraq ididaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(004)- 214/2022 saylı qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia tələbi qismən təmin edilərək, iddiaçıya məxsus ünvan 2 ünvanında olan yataq otağı dəsti (taxt, güzgülü şkaf, qarderob, 2 ədəd komidin), 6 ədəd çil-çıraq, 4 ədəd birqat yorğan, 3 ədəd yorğan, qaz tükündən hazırlanan 1 ədəd taxt yorğanı və 2 ədəd yastıq, 1 ədəd palto, 2 ədəd şalvar, 1 ədəd köynək, 1 ədəd jaket (qırmızı xəzli), 1 ədəd ziyafət paltarı, 3 ədəd paltar, 1 ədəd namaz paltarı, iddiaçının qızına məxsus suvenir və paltarlar, 1 ədəd pul kisəsi, 2 ədəd çanta, çəkmə, ayaqqabılar, (idman ayaqqabısı, çəkmə, yay ayaqqabısı), 3 ədəd xalça, qonaq dəsti İtaliyanın Stella mebeli, (servant güzgü, şkaf, stol və 8 stul, komidin), divan və kreslo (qoltuqlu stul), LG televizor, gül çay dəsti 24 nəfərlik, yemək dəsti, 2 rəngli şüşə şamdan, 4 ədəd meyvə qabı, 12 ədəd şüşə qədəhlər, 6 ədəd armudu stəkan, şüşə tort qabı (qapaqlı), 3 ədəd süfrə, 3 ədəd dəsmal, 2 ədəd qızılı rəngdə salfet qabı, 2 ədəd şəkər tozu qabı, kitablar və albomlar, mətbəx dəsti, soyuducu, bişirən soba, qızdırıcı, mikser, ütü, mətbəx üçün digər əşyalar: plastik qablar, süzgəc aşsüzən, qaşıq dəsti, 6 ədəd armudu stəkan, nəlbəkilər, mürəbbə qabı, boşqablar, 12 ədəd stəkan, 3 ədəd soba üçün şüşə qab, 1 ədəd ət çəkən maşını, 1 ədəd tünd qırmızı uzun gödəkçə, göy xəzli gödəkçə, aliminium qazan dəsti, həmçinin ünvan 1 ünvanında yerləşən mənzildə iddiaçıya məxsus olan 1 ədəd yataq taxtı, servant və güzgülü termo cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi, iş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərcinin İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, m/h AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qeyd etmişdir ki, Yasamal Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli tarixli qətnaməsinin 3-cü səhifəsinin 2-ci abzasında Cavabdeh1 izahatında bildirir ki, 07 may 2021-ci il tarixdə həbs edilmiş, 7 ay həbsdə olmuşdur. Həmçinin cavabdeh tərəfindən ilk olaraq qızıl-zinət əşyalarının iddiaçıda olduğu, daha sonra isə qızılların seyfdə olduğu bildirilmişdir. Belə ki, cavabdehin izahatında da etiraf edilmişdir ki, qızıllar daim seyfdə saxlanmış, İddiaçı hətta qızılları taxanda belə axşam onları təhvil-təslim etmişdir. Ümumiyyətlə Cavabdeh1 videoyazı ilə aparılan məhkəmə iclasında bildirmişdir ki, o, həbs edilməmişdən əvvəl qızılları İlahədən alaraq seyfə qoymuşdur. Bu faktı cavabdehlə iddiaçının birgə nikahından doğulan Cavabdeh2 Anar qızı da təsdiq etmişdir. Həmçinin 06 may 2022-ci il tarixli qətnaməsinin 4-cü səhifəsinin 2-ci abzasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, “iddiaçı sırğa və sepləri qara qutuda saxlayırdı”. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdikləri izahatlara uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən iddianın qızıl-zinət əşyalarının təmin olunmaması hissəsində narazı qalaraq apellyasiya şikayəti vermişlər. İddiaçı evdən çıxan zamanı həyat yoldaşı olan Cavabdeh1 həbsdə olsa da, iddiaçı qızılları götürə bilməmişdir. Çünki, qızıllar daha əvvəldən seyfdə saxlanılırdı. Qızıllar iddiaçıda toydan-toya olurdu, qalan vaxtlar isə əri tərəfindən seyfdə saxlanılırdı. Tərəflər arasında əvvəllər də ailə münasibəti pisləşmiş, iddiaçı bir-neçə dəfə evi tərk etmək məcburiyyətində qalmışdır. İddiaçı sonuncu dəfə evdən çıxanda hər hansı dava-dalaş olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişlər, əlavə olaraq göstərmişlər ki, qızıllar daima iddiaçıda olmuş, toy və digər tədbirlərə gedəndə istifadə etmiş, qalan vaxtları isə evdə olan seyfdə saxlanılmış, seyfin açarı daima evdə olmuşdur. İddiaçının şikayəti üzrə əri Cavabdeh1 bir müddət həbsdə olmuş, həmin vaxtı iddiaçı evi tərk etmişdir. İddiaçı evdə çıxan zamanı özü ilə bir çox əşyalarını götürmüşdür. İddiaçı əri ilə yaşayış sahəsinin 2-ci mərtəbəsində, valideynlər isə birinci mərtəbədə yaşamış, valideynlər onların yaşadığı sahələrdən istifadə etməmiş, onlara müdaxilələri olmamışdır. İddiaçının əri həbsdən çıxan zamanı seyfdə nə qızıllar və də ki, pullar olmamış, hətta bununla bağlı polisə də şikayət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdehlər qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlillərindən isə görünür ki, iddiaçı qətnaməni qızıl-zinət əşyalarının təmin olunmaması hissəsində mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilə Cavabdeh1 2003-cü ildə nikaha daxil olması, birgə nikahdan iki uşaqlarının olması, ailə qurduqdan sonra ünvan 2 ünvanında yaşamaları, sonradan ailə münasibətlərinin pozulması, iddiaçının sonuncu dəfə həmin ünvanı 18 iyun 2021-ci il tarixdə tərk etməsi, faktiki ayrı yaşamaları işin mübahisə olunmayan hallarıdır. İş materiallarında olan Yasamal Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən tərtb olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında Madonna markalı kofe dəsti və 2 ədəd boşqab, qızıl brilyant qaşlı boyunbağı, qolba, sırğa və üzük (9500), nişan üzüyü-2000 manat, qızıl saat-2000 manat, Quran şəkilli klon-250 manat, Kleopatra komplekti (üzük, sırğa, sep, klon)-4000 manat, üzəri tor şəkilli üzük-300 manat aşkar edilməmişdir. İcra sənədində qeyd edilən digər əşyalar sözügedən ünvanda aşkar edilmiş və üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilən zaman İddiaçı məxsus olan 1 ədəd yataq taxtının, servant və güzgülü termonun üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan 28-ci Polis Bölməsi tərəfindən verilmiş Cavabdeh1 müraciətinə baxılması barədə arayışdan görünür ki, Bakı şəhər sakini Cavabdeh1 xx.xx.2021-ci il tarixdə Kürdəxanıda yerləşən istintaq təcridxanasından çıxıb evə qayıdan zaman evdə seyfdə saxlanılan 5000 AZN pulu və qızıl-zinət əşyalarını keçmiş həyat yoldaşı İddiaçı götürüb aparmasını aşkar etməsi barədə müraciəti araşdırılmış və müəyyən edilmişdir ki, Cavabdeh1 müraciətində qeyd etdiyi xüsusat mülki xarakterlidir. Odur ki, ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X2 ifadəsində - Cavabdeh2 onun xalası olduğunu, may ayından İddiaçı xalasıgildə yaşadığını, xalası ilə iddiaçı arasında mübahisə olduğunu, iddiaçının xalasının barmaqlarını sındırdığını, iddiaçının qızıllardan istifadə etdiyini, sırğa və sepləri qara qutuda saxladığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X1 göstərmişdir ki, cavabdehlərin qonşusudur. İddiaçı evi axşam saat 9-10 arası tərk edərkən əlində çantalar var idi. Səmayədən nə baş verdiyini soruşduqda gəlinin əşyalarını yığıb getdiyini bildirmişdir. Qonşu kimi münasibətləri olmuşdur. İddiaçının qızıl-zinət əşyalarını aparmasını görməmişdir. İddiaçı gedərkən əşyaları çox idi, maşın gəlmiş və onunla aparmışdır. İddiaçının hazırki iddia tələbinə görə - cavabdeh tərəflə münasibətləri pozulmaqla evi tərk etmiş, bu zamanı şəxsi və cehiz əşyaları, eləcə də qızıl-zinət əşyaları orada qalmış, onları götürə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən göstərmişdir ki, iddiaçı qızılların cavabdehlərdə olmasını mötəbər dəlillərlə sübuta yetirə bilməmiş, həmçinin məhkəmə tərəfindən iş materialları ilə həmin fakt müəyyən olunmamışdır. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin möqeyi ilə razılaşaraq həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra, AM) 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir əmlakın ərarvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün həmin əmlak məhz nikah müddətində ər-arvadın qazancları hesabına əldə edilmiş olmalıdır. Hədiyyə və ya vərəsəlik qaydasında əldə olunmuş əmlak isə onların hər birinin ayrıca mülkiyyətidir. Mülkiyyət hüququ isə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd edilməlidir ki, əksi sübuta yetirilməyədək şəxs mülkiyyətində olan əşyanın faktiki sahibi və istifadəçisi kimi qəbul edilməklə, ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Çünki, MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.10-cu maddəsinə əsasən əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. MM-nin 152.11-ci maddəsinə əsasən mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. İddiaçı isə iddia tələbində göstərilən qızıl-zinət əşyalarının cavabdehlərdə olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, sübutetmə yükünü həyata keçirməmişdir. Eyni zamanda işin müəyyən olunmuş hallarından da göründüyü kimi, iddiaçı evi tərk edən zamanı cavabdeh olan həyat yoldaşı həbsdə olmuş, iddiaçı hər hansı maneə olmadan evi tərk etmiş, bu zaman müəyyən əşyalarını da özü ilə götürmüşdür. Bu hal tərəflərin izahatları ilə yanaşı, həmçinin şahid ifadələri ilə də müəyyən olunmuşdur. Bununla yanaşı, müəyyən olunur ki, iddiaçının qızıllardan istifadəsinə maneələr olmamış, sonuncu ən azı toy və digər tədbirlərdə onlardan sərbəst istifadə etmişdir. Qızılların iddiaçı ilə həyat yoldaşının birgə yaşadıqları yaşayış sahəsində olan sefdə saxlanılması faktı də vəziyyəti dəyişdirmir. İddiaçının həmin sefdən ümumiyyətlə istifadə edə bilməməsi ağlabatan olmamaqla, əsaslandırılmamışdır. Həmçinin, işdə olan digər sübutlardan görünür ki, Cavabdeh1 həbsdən çıxdıqdan sonra sefda saxlanılan 5000 manat pulun və qızılların yerində olmaması səbəbindən polisə şikayət də etmiş, lakin mübahisənin mülki xarakterli olması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Dolayısı ilə qızılların cavabdehdə olması durumunda, sonuncunun polisə şikayət etməsi sadə məntiqə sığmır. Eləcə də, işdə olan icra məmurları tərəfindən tərtib olunmuş aktdan da görünür ki, mübahisəli mənzildə digər əşyalar aşkar olunsa da, qızıl-zinət əşyaları mövcud olmamışdır. Beləliklə, işdə olan sübutlarla iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər tam təkzib olunur. Birinci instansiya məhkəməsi kifayət qədər sübutları araşdırmış və sübutetmə yükünə uyğun olaraq onları düzgün qiymətləndirmişdir. İddiaçı həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçı tərəfin izahatı da özü-özlüyündə iddianın yoxlanılan hissədə əsaslı olması nəticəsinə gəlməyə yetərli deyildir. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(004)-214/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(004)- 214/2022 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5467/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5467/2022
18.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver