Məhkəmə qərarları › İş №2(103)-547/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-547/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-547/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pulun tutulması tələbinə dair» 2(011)-2032/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2985 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 18.06.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və «X3» markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 14.06.2018-ci il tarixdə «X3» markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri Ə.Əlizadə küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və «Volkswagen Golf» markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 2985 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Səbail RPİ DYPİ-nin 14.06.2018-ci il tarixli İXP1851516 saylı inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və onun hadisə yerindən yayındığı qeyd olunmuşdur. Səbail RPİ DYPŞ-nin 17.09.2018-ci il tarixli, 065.2291-1218 saylı arayışına əsasən cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2430 manat məbləğində sığorta ödənişinin əvəzinin və ödənilmiş dövlət rüsumunun 24,30 manat hissəsinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 81 manat hissəsinin Cavabdeh, 19 manat hissəsinin iddiaçı "xxxx" ASC-dən tutulub dövlət nəfinə keçirilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən mülki iş tam araşdırılmamış və iddiaçının iddia tələbinin qismən təmin olunmasına dair qanunsuz qətnamə qəbul edilmişdir. Zərərin müəyyən edilməsi üçün alternativ ekspertiza keçirilməsini istəsə də, məhkəmə onun tələbini qəbul etməyərək, onun qanunla müəyyən edilmiş hüquqlarını kobud surətdə pozmuşdur. Əgər məhkəmə tərəfindən alternativ ekspertiza keçirilərdisə, ekspertiza zamanı «Volkswagen Golf» markalı, ** FK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin işlənmə dərəcəsi, yararlılıq vəziyyəti və digər hallar həmin dövrdə mövcud olan bazar qiyməti ilə müəyyənləşdirilər, beləliklə də alternativ ekspertizanın rəyi nəticəsində iddiaçının iddia tələbini əsaslandırdığı qüsur aktının əsassız olması faktı öz təsdiqini tapmış olardı. Buna baxmayaraq, məhkəmə tərəflərə münasibətdə birtərəfli yanaşmamış, digər tərəfin marağına uyğun yekun məhkəmə aktı qəbul etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini Cavabdeh apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən - iddianın qismən təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18.06.2017-ci il tarixli, PAA********** saylı sığorta şəhadətnaməsinə əsasən «X3» markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil 16.06.2017-ci il tarixdən 17.06.2018-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. AC seriyalı 525180 saylı qeydiyyat şəhadətnaməsinə əsasən «X3» markalı, **-OD- *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdır. Səbail RPİ DYPŞ-nin 14.06.2018-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolunda qeyd olunmuşdur ki, 14.06.2018-ci il tarixdə Cavabdeh «X3» markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ə.Əlizadə küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və «Volkswagen Golf» markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomaşını vuraraq hadisə yerini tərk etmişdir. Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Hesablama aktında göstərilmişdir ki, X1 məxsus olan «Volkswagen Golf» markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 2985 manat məbləğində pul vəsaiti tələb olunur. 12.03.2019-cu il tarixli 19-02425/03/AA-4835/18 saylı sığorta aktından, eləcə də 13.03.2019-cu il tarixli, 004144 saylı ödəmə tapşırığından görünür ki, "xxxx" tərəfindən 2985 manat məbləğində sığorta ödənişi edilmişdir. 03.05.2021-ci il tarixli 9/1885 saylı ekspert rəyi ilə «Volkswagen Golf» markalı **- FK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün tələb olunan vəsaitin, digər sözlə ifadə etdikdə dəymiş ziyanın 2430 manat olduğu müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan sübutlarla Cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış 18.06.2017-ci il tarixli, PAA********** saylı sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta olunmuş «X3» markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törədərək «Volkswagen Golf» markalı, **- FK-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurması, vurulmuş maddi zərərə görə "xxxx" ASC tərəfindən 2985 manat məbləğində sığorta ödənişi həyata keçirilməsi, ekspert rəyi ilə dəymiş ziyanın 2430 manat olduğu müəyyən edilmişdir. Buna görə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, 2430 manat məbləğində sığorta ödənişinin əvəzi subroqasiya qaydasında, sığorta hadisəsinin baş verməsinə səbəb olmuş yüksək təhlükə mənbəyi olan «X3» markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Apellyator apellyasiya şikayətini yalnız alternativ ekspertizanın keçirilməməsi ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 09 mart 2022-ci il tarixli, 9/232 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan «Turbo Servis» tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı «Volkswagen Golf» markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2430 manat müəyyən edilir. Qeyd edilir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2015-ci il tarixli, 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2010-cu il buraxılışlı «Volkswagen Golf» markalı, ** FK *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(103)-547/20221 saylı mülki iş materiallarında olan nöqsan aktı əsasında hesablanır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ekspert rəyinə istinad edərək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh zədələnmiş avtomobilin daha ucuz qiymətə təmir edilə bilməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, ekspert rəyi ilə razılaşmayarkən bu etirazını əsaslandırmamışdır. İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyini şübhə altına alan sübutlar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2(011)-2032/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 25 (iyirmi beş) manatı Cavabdeh, 25 (iyirmi beş) manatı iddiaçı "xxxx" ASC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar