Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5486/2023 08.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: əmlakın qaytarılması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əmlakın qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 2545/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd olunması barədə qərara əsasən xx.xx.2022-ci il tarixdə İddiaçı və Cavabdeh ərizələri əsasında Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin 13-cü Polis Bölməsində araşdırma aparılmış, nəticədə Cavabdeh tərəfindən İddiaçı kirayə qaldığı evdən çıxmasına qəsdən şərait yaratmaması və əmlakın verilməməsi halları müəyyən edilməmişdir. Bununla bağlı Cavabdeh və İddiaçı əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə barələrində cinayət təqibinin başlanması rədd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona kirayə verdiyi, ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 305 nömrəli mənzildə qalan 1 ədəd paltaryuyan maşının dəyəri 1.000 manat, 1 ədəd “Samsung” markalı televizor dəyəri 899 manat, 1 ədəd “LG” markalı soyuducu dəyəri 1.170 manat, 1 ədəd toster maşını dəyəri 40 manat, 1 ədəd blender ağ dəyəri 35 manat, 2 ədəd ütü simbo qırmızı dəyəri 90 manat, 1 ədəd printer dəyəri 250 manat, sok çəkən maşın və ət çəkən maşın dəyəri 450 manat, ağ güllü servis (kitay) dəyəri 2.210 manat, 2 ədəd xrustal böyük vaz dəyəri 300 manat, 4 ədəd xrustal balaca boy vaz dəyəri 200 manat, 1 ədəd meyvə qabı xrustal dördkünc dəyəri 40 manat, 2 ədəd meyvə qabı xrustal dəyəri 90 manat, 2 ədəd meyvəqabı xrustal böyük boy dairəvi dəyəri 100 manat, 2 ədəd mürəbbə vazları xrustal böyük dəyəri 100 manat, 1 ədəd mürəbbə vaz xrustal balaca boy dəyəri 30 manat, 2 ədəd tülpan xrustal konfet qabı dəyəri 60 manat, 2 ədəd xrustal konfet qabı çexski dəyəri 100 manat, 2 ədəd xrustal əl işi salfetka qabı çexski dəyəri 100 manat, 2 ədəd xrustal konfetqabı balaca dəyəri 80 manat, 1 ədəd xrustal su pribolu dəyəri 60 manat, 12 ədəd xrustal su stəkanları dəyəri 90 manat, 2 ədəd qapaqlı konfetqabı rəngli yaponiya dəyəri 100 manat, 2 ədəd şüşə qapaqlı mürəbbəqabı dəyəri 30 manat, 2 ədəd xrustal konfetqabı Rusiya dəyəri 70 manat, 1 ədəd xrustal böyük qapaqlı qəndqabı çexski dəyəri 120 manat, 1 ədəd ortaboy xrustal qəndqabı dəyəri 20 manat, 1 ədəd xrustal qəndqabı lotka formalı dəyəri 40 manat, 6 ədəd tam xrustal mürəbbə razetkası yelbik formalı dəyəri 60 manat, 6 ədəd razetka qırağı göy çexski dəyəri 40 manat, 18 ədəd madonna qırağı göy böyük nəlbəki dəyəri 60 manat, 12 ədəd qırağı qızılgüllü böyük göy nəlbəki dəyəri 40 manat, 24 ədəd qırağı ağ böyük madonna qiyməti 65 manat, 24 ədəd göy nəlbəki sadə dəyəri 40 manat, 12 ədəd armudu nəlbəki ağ madonna dəyəri 25 manat, 12 ədəd armudu nəlbəki göy madonna dəyəri 25 manat, 12 ədəd razetka mürəbbə üçün göy madonna dəyəri 25 manat, 12 ədəd razetka mürəbbə üçün ağ madonna dəyəri 25 manat, 12 ədəd razetka qızılgüllü göy dəyəri 20 manat, 1 ədəd bagema güldan göy rəngli dəyəri 50 manat, 6 ədəd yaşıl rəngli lepkalı rumka dəyəri 75 manat, 1 ədəd külqabı göy rəngli bogema külqabı dəyəri 40 manat, 1 ədəd madona ağ kruşka dəyəri 10 manat, heykəl ər-arvad fiquru çexski dəyəri 120 manat, 12 ədəd xrustal böyük rumkalar dəyəri 120 manat, 6 ədəd xrustal balaca rumkalr dəyəri 60 manat, 12 ədəd madonna ürək formalı duz qabı çexski dəyəri 25 manat, 18 ədəd xrustal stəkan dəyəri 180 manat, 6 ədəd xrustal rumka türkiyə istehsalı dəyəri 45 manat, 1 ədəd su üçün qrafinka dəyəri 12 manat, 6 ədəd xrustal sok stəkanı dəyəri 45 manat, 1 ədəd şüşə qrafinka ağzı əyri olan dəyəri 45 manat, 2 ədəd şüşə paşabahçe meyvə qabı dəyəri 30 manat, 1 ədəd paşabahçe şüşə tort qabı dəyəri 30 manat, 2 ədəd xrustal ləpə qabı bölünmə dəyəri 48 manat, 6 ədəd tünd bənövşəyi konfetqabı dəyəri 30 manat, 3 ədəd bənövşəyi meyvəqabı dəyəri 24 manat, 18 ədəd bənövşəyi rəngli şüşə boşqab dəyəri 72 manat, 1 ədəd tünd bənövşəyi vaz dəyəri 20 manat, 1 ədəd dördkünç şüşə tort qabı dəyəri 25 manat, 1 ədəd aval dəst şüşə tort qabı dəyəri 25 manat, yaşıl qıraqlı ağ elit kofe dəsti dəyəri 30 manat, kofeyni madonna çexski dəyəri 60 manat, 2 ədəd setkalı meyvə qabı şəkilli yaponiya 80 manat, 2 ədəd göy şirniyat nimçə madonna çexski dəyəri 80 manat, 2 ədəd üç mərtəbəli ağ madonna çexski orjinal dəyəri 50 manat, 2 ədəd üç mərtəbəli güllügüllü boşqab dəyəri 50 manat, 2 ədəd irandan alınma içi yazılı bulud dəyəri 30 manat, 4 ədəd iran istehsalı yaşıl zolaqlı bulud qovurma qabı dəyəri 70 manat, 6 ədəd madonna boşqablar dəyəri 36 manat, 4 ədəd yumurta qabı ikisi ağ ikisi göy madonna dəyəri 60 manat, 18 ədəd İran istehsalı güllü sümük boşqabı, 6 ədəd qırağı yaşıl zərli boşqab cəmi 24 ədəd dəyəri 200 manat, 12 ədəd göy qıraq zərli boşqab dəyəri 150 manat, 12 ədəd aş boşqabı, 2 ədəd aş buludu, 4 ədəd duz qabı dəst dəyəri 200 manat, 6 ədəd özbək istehsalı qırağı göy kasa dəyəri 150 manat, 6 ədəd böyük və 6 ədəd kiçik qaşılı göy kasalar dəyəri 300 manat, 12 ədəd versaci zərli kasa, 12 ədəd qatıq qabı və 12 qaşıq dəyəri 180 manat, 6 ədəd düşbərəxur göy güllü dərin boşqab və 6 ədəd ağ zərli dəyəri 60 manat, 30 ədəd sadə aş boşqabı 30 ədəd düşbərəxur dəyəri 80 manat, 24 ədəd İran istehsalı zərli boşqab, 1 ədəd bulud, 6 ədəd balaca bulud, 4 salat qabı dəyəri 150 manat, 1 ədəd göy oval çexski ləpə qabı dəyəri 25 manat, 2 ədəd göy güllü ləpə qabı dəyəri 30 manat, 12 ədəd qırmızı rəngli cem firması olan tavalar dəyəri 250 manat, 1 ədəd qapaqsız güllü tava dəyəri 45 manat, 1 ədəd iki qulplu cem firması olan yastıtava dəyəri 40 manat, göy güllü ağ güllü qazan, aşsüzən dəst dəyəri 50 manat, 10 ədəd döy güllü göy naxışlı dəm çaynikləri dəyəri 150 manat, 1 ədəd güllü çaynik dəsti iki mərtəbə dəyəri 45 manat, 1 ədəd göy servisin çayniki dəyəri 30 manat, 12 ədəd yarpaq şəkilli salat qabı dəyəri 24 manat, 6 ədəd ağ şüşə böyük qovurma qabı dəyəri 30 manat, 6 ədəd böyük 6 ədəd kiçik ağ şüşə salat qabı dəyəri 50 manat, 6 ədəd ağ salat qabı dəyəri 35 manat, 6 ədəd İran istehsalı ağ zərli aş boşqabı dəyəri 35 manat, 3 ədəd böyük, orta, kiçik şüşə qapaqlı limon qabı dəyəri 45 manat, 12 ədəd qu quşu qabı olan qaşıq dəsti dəyəri 25 manat, 8 ədəd saxlama qabı ayıcıq dəyəri 25 manat, 2 cür kapron saxlama qabları dəyəri 18 manat, 1 ədəd Allah yazılı boşqab 10 ədəd mətbəxdə istifadə olunmuş fincanlar dəyəri 30 manat, 24 ədəd tort üçün qaşılar (alamn) dəyəri 25 manat, 12 ədəd limon götürən gümüş çəngəllər dəyəri 120 manat, 36 ədəd çay qaşıqları dəyəri 60 manat, 2 ədəd tort üçün qızıl, 2 ədəd böyük qızılı qaşıq dəyəri 60 manat, 6 ədəd balaca abgərdənlər, 2 ədəd böyük dəyəri 30 manat, 30 parça Məkkədən alınma qaşıq dəsti dəyəri 180 manat, göy rəngli sarımsaqsıxan, qozqıran, qəndqıran dəyəri 20 manat, taxta qaşıqlar, meyvəli, sadə, qəhvəyi rəngli dəyəri 15 manat, 6 ədəd çörək qabı güpürlü dəyəri 30 manat, 3 ədəd padnos kapron 2 ədəd dəmir göy nerj dəyəri 25 manat, çuğun taslar, balaca nerj 3 ədəd dəyəri 12 manat, süd qabı dəyəri 15 manat, güzgülü xonçalar üç dənəli dəyəri 36 manat, yuxayayan, 5 ədəd göyərti taxtaları 2 ədəd bambuk 3 ədəd taxta dəyəri 15 manat, qazantutanlar, qazanaltılar, taxtadan, meyvə şəkilli, həsirli dəyəri 15 manat, qırmızı rəngli, göy böyük karon taslar dəyəri 30 manat, şotkalar, qayçı, iynə sap dəsti, yağ qabı sünbüllü dəyəri 40 manat, çəngəl, qaşıq bıçaq dəsti dəyəri 350 manat, qırmızı pakrıval yataq örtüsü zoğalı dəyəri 250 manat, quran kitabları, aş qazanı böyük alminum dəyəri 50 manat, dəmir paltarasan dəyəri 35 manat, 2 ədəd stul tabretka dəyəri 80 manat, qapaqlı tava böyük alminum dəyəri 40 manat, 12 ədəd xrustal 12 ədəd sadə araq stəkanları dəyəri 50 manat, tom xrustal güldan çexski dəyəri 250 manat, qırmızı qıraq madonna serviz 12 ədəd çay dəsti 12 ədəd yemək dəsti dəyəri 950 manat, İran servizi dəyəri 350 manat, 2 ədəd torka, badam maşını 2 ədəd, aşsüzən kapron qablı dəyəri 35 manat olan cəmi 13.579 manat dəyərində əşyaları və ya həmin əşyaların dəyərini və 131 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, uzun müddət Cavabdeh kirayə verdiyi ünvan 2 ünvanında hündürmərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən 2 otaqlı 305 nömrəli mənzildə kirayə yaşamışdır. Kirayə qaldığı mənzilin mülkiyyətçisi Sevda adlı şəxs xaricdə yaşadığından cavabdeh həmin mənzili onlara kirayə vermişdir. Onun əvvəllər öz evi olub, lakin qızı nişanlı olduğundan cehiz əşyalarının alınması üçün özünə məxsus evin satışından əldə etdiyi vəsait hesabına qızına cehiz əşyaları almış müəyyən səbəblərdən qızının toyu gecikdiyindən həmin əşyaları kirayə qaldığı mənzilə gətirmişdir. Kirayə haqqını 1-2 ay ödəyə bilmədiyindən cavabdeh onların evdə olmadığı vaxtda mənzilin qapısının özündə olan ikinci açarı ilə bağlamış və bir müddət əşyalarını həmin mənzildən götürə bilməmişdir. Daha sonra cavabdehin işlədiyi dükana gedərək əşyalarını tələb etsə də, cavabdeh onu döymüşdür. Döyülməsi və əşyalarının verilməməsi ilə bağlı Sabunçu rayon Polis idarəsinə ərizə ilə müraciət etmiş, müstəntiq Cümşüdov Məhəmmədəli baxış keçirmək üçün həmin ünvana gəlsə də, onun da evə girməsinə icazə verilməmişdir. Cavabdeh polisə verdiyi ifadəsində onun həmin ünvanda paltaryuyan və soyuducunun qaldığını digər əşyalarını isə apardığını bildirmişdir. Müstəntiq şikayəti araşdıraraq, cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir. Cavabdehin qızına toy elədiyini onun qızı üçün aldığı əşyaları cavabdeh öz qızına cehiz verdiyindən onu həmin mənzilə buraxmır, əşyalarını ordan çıxarmasına mane olur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, göstərmişdir ki, cavabdeh 2020-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayına kimi onun bacısına məxsus evdə kirayə qalmış, bacısı başqa şəhərdə yaşadığından kirayə pulunu o almışdır. Bacısı Bakıya gəlib evinə baxmağa getdikdə evin vəziyyətini görəndən sonra iddiaçıdan mənzili boşaltmasını tələb etmişdir. Lakin bacısı Azərbaycanda çox qala bilmədiyindən bu işlərə onun nəzarət etməsini istəmişdir. 2022-ci ilin mart ayının əvvələrində ona xəbər vermişlər ki, cavabdeh ailə üzvləri ilə özünə məxsus əşyaları maşın çağıraraq yüklədir. Bu halı dəqiqləşdirmək üçün onunla qonşuluqda işləyən Bayram adlı şəxsi həmin mənzilə göndərmiş, Bayram ona bildirmişdir ki, iddiaçı yük maşını gətirərək əşyalarını maşına yükləyir. Bir neçə saatdan sonra işlədiyi yerdə qonşu olan Kənan adlı şəxsi göndərmiş o qayıdıb gələrək artıq ikinci maşını yüklədiklərini bildirmişdir. Daha sonra özü həmin mənzilə getmiş, orda dayanaraq daha sonra mənzili onda olan ikinci açarı ilə bağlamışdır. Daha sonra iddiaçının həyat yoldaşı ona zəng edərək, mənzildə qalan gülü götürmək istədiyini demiş o, mənzilin qapısını açmış, xahiş etmişdir ki ödənilməmiş kirayə pulunu və mənzildə qalan soyuducusunu götürsün. 2022-ci ilin oktyabr ayında iddiaçı onun iş yerinə gələrək, mənzildə qalan əşyalarını götürmək istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixində polis əməkdaşlarının iştirakı ilə bloka yığılmş əşyalarını aparmış onun ünvan 3 ünvanında heç bir əşyası qalmamışdır. Bu səbəbdən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində ünvan 3 ünvanında mühafizəçi işlədiyini, 27 fevral tarixində iddiaçının həyat yoldaşının əşyaları maşın gətirərək yüklətdirdiyini gördüyünü bildirmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində Firuzə xanımın göstərişi ilə ünvan 3 ünvanına getdiyini 8-ci mərtəbəyə qalxan zaman 4 nəfər şəxsin əşyaları daşyaraq, liftin qarşısına qutularda yığıldığını bildirmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində Firuzə xanımın oğlunun dostu olduğunu təxminən fevral-mart aylarında Firuzə xanımın xahişi ilə ünvan 3 ünvanına getdiyini və bir nəfər şəxsin əlində qutu ilə liftə mindiyini, yük daşınması üçün çağrılmış maşını görmədiyini bildirmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində evin mülkiyyətçisi Səməni Abuşovanın onun bacısı olduğunu, oktyabr ayında ünvan 3 ünvanına getdiyini, bütün əşyaların qutularda bloka yığıldığını, mənzildə soyuducu və paltaryuyanın qaldığını və paltaryuyanı özünün şəxsən bloka çıxartdığını və həmin vaxt mənzildə iddaçı tərəfindən çağrılmış polis əməkdaşlarının olduğunu bildirmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində iddiaçının xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən əşyalarının verilməməsi ilə bağlı bölməyə şikayət etdiyini, əməliyyat qrupu ilə mübahisəli evə getdiklərini, baxış zamanı əşyaların bloka yığıldığını, ev sahibinin razılığı ilə evə baxış keçirildiyini, evdə heç bir əşyanın olmadığını, evdə sadəcə paltaryuyan maşın və soyuducunun olduğunu bildirmişdir.
10. xx.xx.2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında cavabdeh tərəfin vəsatətinə əsasən və iddiaçının da həmin vəsatətə etiraz etməməsi nəzərə alınaraq iddiaçının hazırda yaşadığı ünvana yerində müayinə keçirilməsi qərara alınmış, lakin yerində müayinəyə gedən zaman iddiaçı mənzilinə baxış keçirilməsinə etiraz etdiyindən yerində müayinə baş tutmamışdır.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 2545/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ünvan 2 ünvanında olan 1 ədəd “LG” markalı soyuducu olmadığı halda dəyəri 1.170 manat pulun və 37 manat dövət rüsumu alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim X9).
12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, ilk öncə iddia tələbinin dəyəri olan 13.579 manat olan əşyaların cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, mülki işin araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçının həqiqətən də kirayə qaldığı ünvan 2 ünvanında yerləşən hündürmərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən 2 otaqlı 305 nömrəli mənzildə 1 ədəd “LG” markalı dəyəri 1.170 manat olan soyuducusu mövcud olmuşdur. Qeyd edilən “LG” markalı soyuducunun iddiaçıya məxsus olması mülki işin materialları, habelə cavabdehin vermiş olduğu izahat, şahid ifadələri ilə sübuta yetirilmişdir. Bundan başqa məhkəmə iddia tələbinin digər əşyaların cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, həmin əşyaların cavabdehə məxsus ünvan 2 ünvanında qalmasını təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının hazırda yaşadığı ünvana yerində müayinə keçirilməsi barədə cavabdehin nümayəndəsi tərəfindən vəsatət verilmiş, iddiaçı vəsatətə etiraz etmədiyini, məhkəmə tərəfindən dərhal yerində müayinə keçirilməsi qərara alınaraq iddiaçının yaşadığı mənzilinə baxış keçirilməsi üçün gedən zaman iddiaçı etiraz etdiyindən yerli baxış baş tutmamışdır. Məhkəmə bu halı qərəzli hesab edərək, iddiaçı tərəfindən işin obyektiv araşdırılmasına qəsdən edilən maneə kimi qiymətləndirmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının kirayə qaldığı mənzili tərk edərkən özünə məxsus olan əşyaları da götürüb getmək imkanının olduğu halda, bunu etməməsi mübahisəli əşyalarının cavabdehdə olması dəlilini şübhə altına salır. Məhkəmə iclasında iddiaçı bunun əksini sübuta yetirə bilməmişdir. Bu səbəbdən, məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.3-cü, 217.4-cü, 218.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” iş üzrə qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın tam təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, hakim məhkəmədə cavabdehə həmin evə baxış keçirmək istədiyini bildirəndə, cavabdeh müxtəlif bəhanələrlə gah evin açarının özündə olmadığını, gah da başqa bəhanələr gətirərək evə baxış keçirilməsinə maneə olmuşdur. Lakin qətnamədə bu barədə heç bir söz qeyd olunmamışdır. Əksinə olaraq onun hazırda yaşadığı kirayə evə baxış keçirməyə etiraz etməyi qeyd olunmuşdur. Məhkəmə ən əsas əşyaların olduğu cavabdehin evinə baxış keçirməli olduğu halda, cavabdehin müxtəlif bəhanələrinə görə həmin evə baxış keçirməmiş, lakin bu məsələni süni maneə kimi qiymətləndirməyərək, qətnamədə onun evinə baxış keçirilməsinə guya ki, qəsdən maneə yaratdığı qeyd olunmuşdur Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş təhqiqatçı, öz ifadəsində cavabdehin evində guya ki, paltaryuyan və soyuducunun olmasını etiraf etsə də, hakim hətta həmin etirafı da əsaslı saymayaraq, ancaq soyuducunun dəyərinin ona ödənilməsi barədə qərəzli qətnamə qəbul etmişdir. Cavabdeh yalançı şahidlərini gətirərək ifadələrində guya ki, onun yük maşını ilə əşyalarını apardığını bildirmişdir. Lakin həmin evdə yorğan-döşək və bir neçə mebel əşyası vardı, o, maşınla onları daşımışdır. Həmin tələb etdiyi cehiz əşyalarını 1-2 saata yığıb daşımaq qeyrimümkündür. Həmin əşyaların əksəriyyəti qab-qacaqdır. Bu səbəbdən də həmin əşyaların dəstələnməsi, qablaşdırılması ən azı 2-3 gün vaxt apara bilərdi. Lakin cavabdeh onların yorğan-döşəyi çıxardığını görən kimi, ikinci açarı ilə evə daxil olmuş, evdə əşyaları qaldığı halda 1-2 ayın kirayə haqqını ödəmədiyi üçün evin giriş qapısının kilidini dəyişərək əşyalarını götürməyinə maneə olmuşdur. Bundan əlavə olaraq, o, məhkəməyə cavabdehin səsyazıları olan CD disk təqdim etmişdir. Həmin diskdə cavabdeh əşyalarının onda olduğunu etiraf etmişdir. Cavabdeh həmin səs yazısında bildirmişdir ki, “polisə verilən şikayəti geri götür, bütün əşyalarını qaytarım.” Məhkəmə qətnamə qət edərkən onun təqdim etdiyi CD diskə məhəl qoymamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdilər.
19. Məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbacan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın tam təmin edilməsi xahiş olunduğundan, lakin hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsinə münasibətdə mübahisələndirildiyindən qətnamə iddianın təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
28. Bu baxımdan iddiaçı ardıcıllıqla iddiada göstərilən əşyaların ümumiyyətlə mövcud olmasını, sonra həmin əşyaların ona məxsus olduğunu, sonra isə bu əşyaların hazırda cavabdehin qanunsuz istifadə və sahibliyində olmasını (cavabdeh tərəfindən ona qaytarılmamasını) sübut etməli idi.
29. İddiaçı ailəsi ilə birlikdə 2020-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayınadək mübahisəli mənzildə yaşamışdır. Cavabdeh həmin mənzildə ona məxsus olan hər hansı əşyanın olduğunu bildirmir. Burdan belə qənaətə gəlmək olur ki, həmin mənzildə olan əşyalar məhz iddiaçıya məxsus olmuşdur. Bir sıra əşyaların mövcudluğu təqdim edilmiş fotoşəkillərlə öz təsdiqini tapsa da, bir sıra əşyaların mövcudluğu ümumiyyətlə müəyyən edilmir. Lakin 1 ədəd “LG” markalı soyuducudan başqa iddia üzrə tələb edilən hər hansı əşyanın mənzildə olmasını təsdiq edən sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmir.
30. Əksinə ifadəsi alınmış şahidlər mənzildən əşyaların daşınmasını gördüklərini göstərirlər. İddiaçı apellyasiya şikayətində özü də bu halı təsdiq edir, lakin mənzildə olan yorğan-döşək, habelə bir neçə mebel əşyasının daşındığını, iddia üzrə tələb edilən əşyaların mənzildə qaldığını bildirir. Şahid qismində ifadəsi alınmış Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin 13-cü Polis Bölməsinin baş təhqiqatçısı Şahid isə ifadəsində xx.xx.2022-ci il tarixdə İddiaçı ona məxsus olan əşyaların Cavabdeh adlı şəxs tərəfindən verilməməsi barədə müraciətinə əsasən əməliyyat qrupu ilə birlikdə mübahisəli mənzilə getdiklərini və həmin zaman əşyaların bloka yığıldığını gördüklərini, mənzil sahibinin razılığı ilə mənzilə baxış keçirilən zaman isə mənzildə yalnız paltaryuyan və soyuducudan başqa heç bir əşyanın olmadığını müəyyən etdiklərini söyləyir. Onun belə bir ifadəsinin olmasına baxmayaraq, iddianın yalnız soyuducuya münasibətdə təmin edilməsi ilə bağlı bu şahidin izahat verdiyi məhkəmə iclasının audio-video yazısına baxış keçirilmiş (tərkib tərəfindən məhkəmə iclasından kənar qaydada) və müəyyən edilmişdir ki, qeyd edilənlərdən əlavə Şahid paltaryuyan maşının da evdən əməliyyat qrupu orda olduğu zaman çıxarıldığını, mənzildə, o cümlədən balkonda tərəflərindən hər hansı başqa əşyanın aşkar edilmədiyini bildirmişdir.
31. Mübahisəyə aydınlıq gətirilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hazırda yaşadığı mənzildə yerində müayinənin keçirilməsi məsələsi də müzakirəyə çıxarılmış və tərəflərin, xüsusilə də iddiaçının özünün buna etiraz etməməsi nəzərə alınmaqla, təxirə salınmadan yerində müayinənin keçirilməsi qərara alınmışdır. Lakin ilk olaraq razılıq verməsinə baxmayaraq, həmin məhkəmə iclası yekunlaşdıqdan sonra iddiaçı yerində müayinənin keçirilməsinə etiraz etmiş və nəticədə yerində müayinə keçirilməmişdir (bu barədə müvafiq arayış tərtib edilmişdir, i.v. səh.88). Halbuki, onun yazırda yaşadığı mənzildə yerində müayinənin keçirilməsində ilk növbədə iddiaçı özü maraqlı olmalıdır ki, iddia üzrə tələb etdiyi əşyaların hazırda yaşadığı mənzildə olmadığı yerində müayinə zamanı da öz təsdiqini tapmış olsun. Mövcud vəziyyətdə iddiaçının yerində müayinənin keçirilməsinə olan ilkin və sonrakı münasibəti iddianın əsaslığına bilavasitə təsir edir.
32. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, tərəflərin müraciəti əsasında Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsi tərəfindən aparılmış araşdırma zamanı da iddiaçıya məxsus əşyaların kirayə əsaslarla yaşadığı mənzildən çıxarılmasına cavabdeh tərəfindən qəsdən şəraitin yaradılmaması, iddiaçıya məxsus əşyaların ona verilməməsi müəyyən edilməmişdir. Bu barədə məlumatlar “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarda da (3-cü səhifə) öz əksini tapmışdır.
33. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş səs yazısına münasibətdə isə qeyd edir ki, həmin səs yazısında ididaçının təşəbbüsü ilə bağlı iddia tələbində göstərilən əşyalarla bağlı söhbət aparılır, lakin bu zaman cavabdeh tərəfindən hər hansı əşya ilə bağlı etiraf edici fikir söylənilmir.
34. Bununla belə, hüquqi nəticə etibarı ilə iddiaçı 1 ədəd “LG” markalı soyuducudan başqa kirayə əsaslarla yaşadığı mənzildə ona məxsus olan hər hansı əşyanın qaldığını və bugünədək cavabdeh tərəfindən ona qaytarılmadığını sübuta yetirə bilməmişdir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-2545/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İddiaçı tərəfindən qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən onun tərəfindən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.