Məhkəmə qərarları › İş №2(103)-5514/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5514/2023

26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5514/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X11 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(001)-2265/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinəаçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh ilə X6 13 avqust 2016-cı il tarixdə rəsmi nikah bağlamışlar.

2. Birgə nikahdan 24 may 2017-ci il təvəllüdlü X12, 02 noyabr 2019-cu il təvəllüdlü X10, 15 mart 2021-ci il təvəllüdlü X8 və 05 aprel 2022-ci il təvəllüdlü X9 doğulmuşdur.

3. "xxxx" MMC tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli 123 nömrəli arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də 04 aprel 2020-ci il tarixdən etibarən təsərrüfat müdiri vəzifəsində işləyir və aylıq əmək haqqısı 330 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları - 24 may 2017-ci il təvəllüdlü X7, 02 noyabr 2019-cu il təvəllüdlü X5, 15 mart 2021-ci il təvəllüdlü X2 və 05 aprel 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində olmaqla 880 (hər uşağa görə 220 manat olmaqla) manat alimentin tutulması, cavabdehdən uşaqları - 15 mart 2021-ci il təvəllüdlü X2 və 05 aprel 2022-ci il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay sabit pul məbləğində olmaqla 200 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onu və körpə uşaqların ataraq Bakı şəhərində onlardan ayrı yaşayır və uşaqların saxlanmasına heç bir maddi yardım göstərmir. Uşaqlarına baxması səbəbindən işləmək imkanı yoxdur və eyni zamanda o, dörd uşaqla kirayə evdə yaşayır. Buna görə də hazırda övladlarını yaxşı saxlamağa maddi vəziyyəti kifayət etmir, ona görə də aliment cavabdehdən aliment olaraq maddi yardım almaq zərurəti yaranmışdır. Cavabdehin aylıq qazancı barədə dəqiq məlumatı yoxdur, ona görə də aliment cavabdehdən sabit pul məbləğində tutulmalıdır. Eyni zamanda onunla bir yerdə yaşamış və işi barədə məlumatı olan bir şəxs kimi bildirir ki, cavabdeh “İstanbul” klinikasında təsərrüfat işləri ilə məşğul olur, bundan başqa onun şəxsi studiyası var, “Nurvin”, “Ayla”, “Gülüstan” və digər şadlıq saraylarında video çəkilişlər aparır və hər ay təxminən 2500-3000 manat gəlir əldə edir. Həmçinin uşaqları körpə olduğu üçün onun bütün vaxtı onlara baxmaqla keçir və bu səbəbdən maddi çətinliyi daha çoxdur. Buna görə də iki uşaqları üç yaşına çatana kimi o da cavabdehdən aliment tələb etmək hüququna malikdir.

6. Cavabdeh iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmiş dəlillər tamamilə əsassızdır, formal mülahizələrə əsaslanır. Belə ki, o, iddia ərizəsidə onun iddiaçını və uşaqları atdığını və onlara baxmadığını bildirmişdir. Bununla bağlı qeyd edir ki, aralarında yaranmış çoxsaylı mübahisələr səbəbindən bir müddətdir ki, onlar ayrı yaşayırlar, lakin bu o demək deyildir ki, o, ailəsinə, uşaqlarına baxmır. Onlar pulunu hər ay onun ödədiyi evdə kirayədə qalırlar. Evin kommunal xərcləri və ərzaq təminatı onun üzərindədir. İddiaçı onun bir neçə iş yerinin olduğunu və ayda 2500-3000 manat gəlir əldə etdiyini iddia edir. Lakin bu doğru deyil, onun rəsmi iş yeri “İstanbul” klinikasıdır, aylıq gəliri hazırda dövlətdə minimum əmək haqqı olan 350 manatdır. Ailəsini saxlamaq üçün əlavə işlərlə zaman-zaman məşğul olmuş, lakin onların heç biri daimi deyil. O, ailəsinə baxmaqdan imtina etmir, hər ay övladlarının saxlanması üçün aliment ödəməyə razıdır. Lakin iddia ərizəsində iddiaçı ondan hər uşağa görə 220 manat aliment istəyir. Onun hər ay 880 manat aliment ödəməsi qeyrimümkündür. Bu məbləğ onun aylıq gəliri ilə uyğunsuzluq təşkil edir. O, hər ay uşaqlarının saxlanılması 300 manat aliment ödəyə bilər.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(001)- 2265/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 24 may 2017-ci il təvəllüdlü X7, 02 noyabr 2019-cu il təvəllüdlü X5, 15 mart 2021-ci il təvəllüdlü X2 və 05 aprel 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 27 fevral 2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 600 manat aliment sabit pul məbləğində tutularaq, İddiaçı ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddia qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət nəfinə 92 manat məbləğdə dövlət rüsumunun tutulması qət edilmişdir.

8. Qətnamənin əsaslarına görə, uşaqların saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə, tutulan alimentin miqdarını müəyyən edilərkən, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşaqların saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, tərəflərin maddi vəziyyəti və uşaqların mənafeyi, cavabdehin hər ay 4 uşağa görə cəmi 880 manat məbləğində aliment ödəmək imkanını təsdiq edən gəliri barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməməsini nəzərə almaqla, uşaqların normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafları üçün Cavabdeh hər uşağa görə hər ay sabit pul məbləğində 150 manat miqdarında aliment tutulmalı olması qənaətində gəlmişdir. İddiaçı cavabdehdən 200 manat əlavə xərcin tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, sonuncunun həmin əlavə xərcləri ödəmək üçün zəruri vəsaitə malik olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 100-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qətnamədən şikayət verərək, qətnamənin dəyişdirilib, iddianın tam təmin olunmasını xahiş etmişdir.

11. Şikayətinin dəlillərinə görə, təyin olunmuş məbləğ hazırda ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu məbləğindən də aşağı olmaqla, uşaqlarının azyaşlı olması səbəbilə işləmək imkanı olmayan və həmçinin kirayədə qalan, 4 azyaşlı uşağa baxan ana üçün yetərli deyil. Cavabdeh məhkəməyə iş yeri ilə bağlı cəmi arayış təqdim edərək aylıq əmək haqqının cəmi 350 manat olduğunu bildirsə də, cavabdehin qeyri-rəsmi olaraq işlədiyi, şəxsi studiyasının olduğu, “Nurvin”, “Ayla”, “Gülüstan” və digər şadlıq saraylarında video çəkilişlər apardığı, eləcədə hər ay təxminən 2500-3000 manat qeyri-rəsmi gəlir əldə etdiyini məhkəməyə bildirsə də bu faktlar cavabdeh tərəfindən təkzib olunmuş, məhkəmə isə bu faktları nəzərə almamışdır. Göründüyü kimi, məhkəmə 4 azyaşlı uşağın saxlanılması üçün aylıq sabit məbləğdə alimentin tutulması üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu məbləğindən də aşağı olmaqla aliment məbləği təyin etmiş, həmçinin 3 yaşına çatmamış 15 mart 2021-ci il təvəllüdlü X2 və 05 aprel 2022-ci il təvəllüdlü X1 üçün əlavə xərclərin ödənilməsi tələbini təmin etməyərək onun və uşaqlarının mənafeyi baxımından ədalətsiz yanaşma tətbiq etmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi rəsmi iş yerindən əlavə, xidmət müqaviləsi əsasında daşıma xidmətləri ilə məşğul olan "xxxx" MMC-də sürücü vəzifəsində çalışmaqdadır, bununla bağlı yazışmalar, səs yazısı və fotoşəkili birinci instansiya məhkəməsində tərəfimizdən asılı olmayan səbəblərdən təqdim etmək mümkün olmadığı üçün sözügedən sübutları apellyasiya instansiyası məhkəməsində təqdim edəcəklər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

15. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ... uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

20. Məhkəmə kollegiyası hesab edir ki,iddiaçının apellyasiya şikayəti ilə qətnamənin dəyişdirilməsi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, cavabdeh iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

22. İddiaçı şikayətinin dəlili olaraq göstərmişdir ki, təyin olunmuş məbləğin hazırda ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu məbləğindən aşağıdır və bu məbləğ uşaqlarının azyaşlı olması səbəbilə işləmək imkanı olmayan və həmçinin kirayədə qalan, 4 azyaşlı uşağa baxan ana üçün yetərli deyil.

23. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin işin halları uyğun olduğu qənaətinə gəlir.

24. Yuxarıda qeyd olunan normaların məzmununa əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Lakin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında da göstərilmişdir ki, alimentin məbləği müəyyənləşdirilərkən hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Hazırkı iş üzrə isə cavabdehin rəsmi qazancının 330 manat olması müəyyən olunur. İddiaçının cavabdehin daha artıq qazanca malik olması barədə dəlilləri isə işin halları ilə öz təsdiqini tapmır. Bu dəlilləri təsdiq edən hər hansı mötəbər sübut nə birinci instansiya məhkəməsinə təqdim edilmiş, nə də apellyasiya şikayətinə əlavə edilmişdir.

25. İşin bu halları onu deməyə əsas verir ki, tərəflərin rəsmi nikahları pozulmamışdan əvvəl də uşaqların yaşayış səviyyəsində və təminatında hər hansı kəskin fərq olmamışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hər uşaq üçün 150 manat məbləğdə aliment, həm cavabdehin maddi vəziyyətinə, həm də uşaqların əvvəlki təminat səviyyəsinə uyğundur.

26. O da nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsi mübahisəli hüquq münasibətlərində müəyyənlik yaratmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpasını təmin etməlidir. İddianın tam təmin edilməsi isə qətnamənin gələcəkdə icrasız qalmasına və belə bir reallığın təmin edilməməsinə səbəb ola bilər.

27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(001)- 2265/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(001)- 2265/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar