Məhkəmə qərarları › İş №2(103)-5518/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5518/2024

07.11.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5518/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin ləğv edilməsi, öhdəliyə xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "müqavilənin ləğv edilməsi, öhdəliyə xitam verilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1781/2024 saylı 10 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2018-ci il tarixli, 054 nömrəli Razılaşma müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 (birinci tərəflər) ilə İddiaçı MMC (ikinci tərəf) arasında müqavilə bağlanmış, həmin müqavilənin 1-ci bəndinə əsasən hazırki müqavilə ilə birinci tərəflər mülkiyyətlərinə olan ünvan 1 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, mənzil 18, 20 saylı mənzillər üzrə aşağıdakı öhdəlikləri üzərlərinə götürürlər: a) mülkiyyətlərindəki mənzilləri gələcəkdə üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlaklar verməyi, mənzillər üzərində olan yüklülük aradan qaldırıldıqdan sonra isə yeni əvəzləşdirmə müqaviləsi bağlamağı; həmin müqavilə ilə ikinci tərəf birinci tərəf qarşısında onların mülkiyyətlərində olan ünvan 1 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, mənzil 18, 20 saylı mənzillər üzrə aşağıdakı öhdəlikləri üzərlərinə götürürlər: a) Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 24 ay müddətində söküntü başa çatdırıldıqdan sonra həmin əmlakı sahəsi 170 kv/metr olmaqla təmirli qeyri-yaşayış sahəsi kimi Cavabdeh1 əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək; Cavabdeh1 mülkiyyətindəki əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1800 manat olmaqla 24 ay müddətində vəsaitin ona 43200 manatı birdəfəlik ödəmək; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, mənzil 18,20 daşınmaz əmlakın əvəzində 226.0 kv/metr sahəsi olan 2 ədəd təmirli mənzili Cavabdeh2 ilə əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək; Cavabdeh2 mülkiyyətində olan əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1200 manat olmaqla 24 ay müddətində vəsaitin ona 28800 manatı birdəfəlik ödəmək. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən birinci tərəflər hazırki müqavilə ilə mülkiyyətlərində olan, yəni müqavilənin predmeti olan ünvan 1 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, mənzil 18,20 saylı daşınmaz əmlakları xx.xx.2019-cu il tarixədək ikinci tərəfin faktiki sahibliyinə və xx.xx.2019-cu il tarixədək isə yüklülükdən, həbsdən, girovdan və s. azad şəkildə təhvil verməyi öhdələrinə götürürlər.

2. İddiaçı MMC tərəfindən Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanan 19 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospektində yerləşən 40 nömrəli evin, 18,20 nömrəli mənzili və X1 məxsus Nəsimi rayonu, Azadlıq prospekti 42 nömrəli evin 6/7 saylı mənzilin sökuntüsü zamanı mülkiyyətçilərə kompensasiya olaraq tərəflər arasında bağlanmış 054 saylı 21 dekabr 2018-ci il tarixli razılaşma müqaviləsinə əsasən tərəflərindən Cavabdeh1 Məhəmmədlı qızına məxsus 170 kv m olmaqla təmirli qeyri-yaşayış sahəsi və Cavabdeh2 isə 226 kv m sahəsi olan 2 ədəd təmirli mənzil verilmişdir.

3. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı MMC-nin rəhbərliyinə ünvanlandığı **********405 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, "xxxx" ASC ilə “Azər Aqro LTD” şirkəti arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 01/1 saylı kredit müqaviləsinə əsəsən 100.000 manat, xx.xx.2010 tarixli 01/3 saylı kredit müqaviləsinə əsasən 200.000 manat kredit verilmişdir. xx.xx.2009cu il tarixində isə 01 SF saylı kredit müqaviləsinə əsasən şirkətə 2.000.000 manat məbləğində kredit verilmiş və kreditin təminatı olaraq 01/, 01/2 və 01/3 saylı ipoteka müqavilələri imzalanmışdır. 01 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi r-nu, Azadlıq prospektində istifadədə olan 0.0072 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 2 mərtəbəli binada 169,50 kv.m ümumi, 123 kv.m yaşayış sahəsindən ibarət olan 7 otaqlı 18, 20 nömrəli, Nəsimi r-nu, Alı Mustafayev küçəsində yerləşən 12 nömrəli və 30 nömrəli mənzilləri, 01/2 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 6 otaqlı, ümumi sahəsi 145,2 kv.m yardımçı sahə 47.3 kv.m, yaşayış sahəsi 98 kv.m olan mənzili ipoteka ilə yüklü edilmişdir. Borc alan “Azər Aqro LTD” şirkəti sözügedən kredit müqavilələri üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-57/2014 saylı qətnaməsinə əsasən tələbin sözügedən ipoteka predmeti olan əmlaklara yönədilməsi qət etmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2023-cü il tarixli məktubuna əsasən məlum olmuşdur ki, LPO "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 40,42 saylı yaşayış binalarının söküntüsü İddiaçı MMC tərəfindən aparılmışdır. Söküntü işlərinin aparılması və eyni zamanda ödəniləcək kompensasiya barədə ipoteka saxlayan olaraq ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna hər hansı məlumat verilməməsi LPO Bankın əmlak hüququnun pozulması ilə nəticələnmişdir. Belə ki, “Banklar haqqında” AR Qanununun 82.1.2-ci və 82.1.3-cü maddələrinə əsasən müflis elan olunmuş bankın aktivləri ilk növbədə Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələblərinə yönəldildiyindən sözügedən icra sənədi tələbin təmin olunmaması Fondun ləğv prosesində olan "xxxx" ASC qarşısında reqres hüququ üzrə tələblərinin icra olunmasına, yəni dövlət vəsaitlərinin qaytarılmasına mane olmaqla külli miqdarda ziyan vurur, bununla da dövlət tərəfindən bank sisteminə etimadın bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərin icrasına mane olmaqla milli təhlükəsizlik sisteminin tərkib hissəsi olan dövlətin iqtisadi təhlükəsizliyinin əsaslarını sarsıdır. Odur ki, qeyd olunanları nəzərə alaraq ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 40 nömrəli evin, 18, 20 nömrəli mənzilləri və Məmməd həsənova Fəridə Məhəmmədəli qızına məxsus Nəsimi rayonu, Azadlıq prospekti 42 nömrəli evin, 6/7 saylı mənzilin söküntüsü zamanı mülkiyyətçilərə ödənilmiş kompensasiya barədə LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi məlumat verilməsi xahiş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2018ci il tarixdə bağlanmış Razılaşma müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklərə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə Razılaşma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdehlər mülkiyyətində olan ünvan 1 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, mənzil 18,20 saylı mənzillər üzrə aşağıdakı öhdəlikləri öz üzərinə götürmüşdür: Cavabdeh yuxarıdakı mənzilləri gələcəkdə üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlaklar vermək, mənzillər üzərində olan yüklülük aradan qaldırıldıqdan sonra isə yeni əvəzləşdirmə müqaviləsi bağlamaq. İddiaçı cavabdeh qarşısında onun mülkiyyətində olan ünvan 1 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, mənzil 18,20 saylı mənzillər üzrə aşağıdakı öhdəlikləri öz üzərinə götürmüşdür: Cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 24 ay müddətində söküntü başa çatdırıldıqdan sonra həmin əmlakı sahəsi 170 kv/metr olmaqla təmirli qeyri-yaşayış sahəsi kimi cavabdehlə əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək; Cavabdehin mülkiyyətində olan əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1800 manat olmaqla 24 ay müddətində vəsaitin ona 43200 manat olmaqla tam ödəmək; Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, mənzil 18,20 daşınmaz əmlakın əvəzinə 226.0 kv/metr sagəsi olan 2 ədəd təmirli mənzili Cavabdeh2 ilə əvəzləşdirmə müqaviləsi bağlayaraq təhvil vermək; Cavabdeh2 mülkiyyətində olan əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1200 manat olmaqla 24 ay müddətində vəsaitin ona 28800 manat olmaqla tam ödəmək. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh mülkiyyətində olan ünvan 1 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, mənzil 18,20 saylı mənzilləri xx.xx.2019-cu il tarixədək iddiaçının faktiki sahibliyinə və xx.xx.2019-cu il tarixədək isə yüklülükdən, həbsdən, girovdan və s. azad şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür. Bildirilir ki, cavabdeh müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla da iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də müqaviləyə xitam verilməsi zərurəti yaranmışdır

6. Cavabdeh tərəf iddiaya etiraz edərək qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçının iddiası müqavilənin ləğv edilməsi və öhdəliklərə xitam verilməsi ilə bağlıdır ki, müqavilənin ləğvi ikitərəfli qaydada həyata keçirilə bilər. Cavabdehlər müqavilə üzrə üzərlərinə düşən öhdəliyi icra edərək mənzili onlara təhvil vermişlər. Onlara bunun qarşılığında heç nə verilməyib. Hazırda gözləyirlər ki, iddiaçı tərəf yeni mənzili hazır edərək onlara təhvil verəcəkdir. Həmçinin, qarşı tərəf müqavilə üzrə onlara kirayə haqqı ödəməyi də öhdəsinə götürsə də, bugünə kimi bunu da icra etməmişlər. Bununla bağlı onların iddiası olmuş və təmin olunmuşdur. Həmçinin, qarşı tərəf müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırmış və iddia tələbi təmin edilməmişdir. Məhkəmə prosesi zamanı hətta qarşı tərəf sənədlər təqdim etmişdir ki, guya onlar mənzilləri təhvil vermişdir. Həmin məktubdan çıxış edərək hazırki iddianın əsassız olması qənaətinə gəlmək olar.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1781/2024 saylı 10 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı iddia tələbini əsaslandıra biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən hazırki iş üzrə iddiaçı MTK-ya qarşı kirayə haqqının ödənilməsi tələbinə dair iddia qaldırılmış və onların iddiası təmin edilmişdir. Göründüyü kimi hazırki iş üzrə tərəflər arasında bağlanan 21 dekabr 2018-ci il tarixli müqavilə üzrə iddiaçının iddia etdiyi kimi cavabdehlərin yox, iddiaçının müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi aşkar edilmişdir. Eyni zamanda, məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı tərəf lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir məhkəmədə iclasında iddiasının müdafiəsi üçün iştirak etməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1; Mülki Prosessual Məcəlləsinin 76.2, 77.1, 80-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər öz öhdəliklərini yerinə yetirməmişlər. Belə ki, xx.xx.2018-ci il tarixli, 054 nömrəli Razılaşma müqaviləsinin 2.1-ci maddəsinə əsasən, birinci tərəflər hazırki müqavilə ilə mülkiyyətlərində olan, yəni müqavilənin predmeti olan ünvan 1 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, mənzil 18, 20 saylı daşınmaz əmlakları xx.xx.2019-cu il tarixədək ikinci tərəfin faktiki sahibliyinə və xx.xx.2019-cu il tarixədək isə yüklülükdən, həbsdən, girovdan və s. azad şəkildə təhvil verməyi öhdələrinə götürürlər. Lakin cavabdehlər iddiaçıya əmlakı girovdan azad şəkildə təhvil verməmişlər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları 13.İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək qeyd etmişdir ki, tərəflə müqavilə bağlamışlar, müqaviləyə əsasən tərəf öz üzərinə öhdəlik götürmüşdür ki, mənzil girovdan azad şəkildə onlara veriləcəkdir. Həmin mənzilə dair mülkiyyət hüquqları təsdiq edən sənədlər girovdan azad bir şəkildə onlara verilməli idi. Buna baxmayaraq tərəf öz müqavilə öhdəliklərini pozmuşdur, onlar həmin mənzilin girovda olduğunu çox sonradan biliblər. Həmin mənzillər girovdan azad bir şəkildə onlara verilməmişdir. Həmin mənzil hələ də girovdadır. Qarşı tərəf özü kirayə haqqı ilə bağlı iddia qaldırmışdır, hazırda həmin iş üzrə icraat dayandırılmışdır. Həmin mənzillər hazırda "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda girovdadır. Müqavilənin həmin bəndinin icra olunmaması ilə bağlı qarşı tərəfə xəbərdarlıq etmişlər. Birinci instansiya instansiya məhkəməsində işin gedişatından yalnız bir iclasından məlumatları olmuşdur 14.Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iki ədəd kirayə haqqı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır, qarşı tərəfin hesabına inkasso qoyulur və həmin şirkətin pulu silinir. Bir neçə gün qabaq qarşı tərəfə bildirdilər ki, onların 6 ayın pulu qalmışdır, o ödənilsin, lakin qarşı tərəf bildirdi ki, onlar həmin əmlakı təhvil veriblər. Onların iki ədəd qətnamələri var ki, kirayə haqqını qarşı tərəfdən alıblar. Halbuki qarşı tərəf bildirir ki, mənzili təhvil vermişlər. Əgər qarşı tərəf müqavilədən narazı idisə nəyə görə onlara mənzillər təklif edir. Onlar "xxxx" ASC ilə 2009-cu ildə müqavilə bağlayaraq kredit götürmüş və əmlaklarını oraya girov qoymuşlar. Eyni zamanda kürəkəninin adına 1 milyon 600 min manat məbləğində banka əmanət qoyulmuş və bildirmişlər ki, onlar həmin pulun faizlərini götürməyəcək, həmin fazilər bankda götürülən müqavilə üzrə ödənilməlidir və yekunda kredit bağlandıqdan sonra həmin pul götürülməli idi. İddiaçı ilə bağlanmış müqavilə əmlakların əvəzləşdirilməsi ilə bağlı idi. Qarşı tərəf əmlakları təhvil verməyə hazırdır, lakin onlarla razılaşdırılmış formada yox. 15.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1781/2024 saylı 10 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı tərəf məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq norması

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

17.404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcəmüqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 18.404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədənmüqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 19.421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

20. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

21. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 22.422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

23. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 24.425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icraedərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 25.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 26.560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərindəhəyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

27.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

28. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. İddia ərizəsindən və apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçı cavabdehlərlə bağlanmış müqavilənin ləğv edilməsini, həmin müqaviləyə əsasən yaranmış öhdəliklərə xitam verilməsini xahiş etmişdir. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 054 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən cavabdehlərin mülkiyyətlərində olan ünvan 1 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, mənzil 18, 20 saylı daşınmaz əmlakları yüklülükdən, həbsdən, girovdan və s. azad şəkildə təhvil verməyi öhdələrinə götürməsinə baxmayaraq, əmlaklarını girovdan azad şəkildə təhvil vermədiyinə, bununla da ləğv olunması tələb olunan müqavilənin tələblərini və üzərinə götürdükləri öhdəlikləri kobud surətdə pozduğuna istinad etmişdir. 30.Qeyd edilməlidir ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. 31.Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 32.Hazırki işdən qanunvericiliyin bu maddələrində nəzərdə tutulan halların baş verməsini müəyyən etmək mümkün olmamışdır.

33. İşdən isə görünən odur ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 054 nömrəli Razılaşma müqaviləsinə əsasən cavabdehlər mülkiyyətlərində olan ünvan 1 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, mənzil 18, 20 saylı mənzilləri qarşı tərəfə verməyi, iddiaçı isə bunun müqabilində 24 ay müddətində söküntü başa çatdırıldıqdan sonra sahəsi 170 kv/metr olan təmirli qeyri-yaşayış sahəsini Cavabdeh1 əvəzləşdirmə müqaviləsi bağlayaraq ona təhvil verməyi; Cavabdeh1 mülkiyyətindəki əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1800 manat olmaqla 24 ay müddətində vəsaitin ona 43200 manat manatı birdəfəlik ödəməyi; sahəsi 226.0 kv/metr olan 2 ədəd təmirli mənzili Cavabdeh2 ilə əvəzləşdirmə müqaviləsi bağlayaraq ona təhvil verməyi; Cavabdeh2 mülkiyyətində olan əmlakla bağlı hər ay kirayə haqqı olaraq 1200 manat olmaqla 24 ay müddətində vəsaitin ona 28800 manatı birdəfəlik ödəməyi öhdəsinə götürmüşdür.

34. İş materiallarından həmçinin görünür ki, cavabdehlərə məxsus olmuş ünvan 1 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, 18, 20 saylı mənzillər qarşı tərəfə təhvil verilmiş, bu əmlaklar iddiaçı tərəfindən sökülmüş, buna baxmayaraq cavabdehlərə müqavilə ilə verilməsi nəzərdə tutulan sahələr onlara təhvil verilməmiş, ödənilməli olan aylıq kirayə haqları müqavilə ilə şərtləşdirilmiş qaydada ödənilməmişdir (sözügedən məsələ çoxsaylı məhkəmə mübahisələrinin predmeti olmuşdur).

35. xx.xx.2018-ci il tarixli, 054 nömrəli Razılaşma müqaviləsinin 2.1-ci bəndinin cavabdehlər tərəfindən pozulmasına iddiaçının istinadı ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 421.2-ci maddəsindən göründüyü kimi hər pozuntu müqavilənin ləğv edilməsi üçün əsas olaraq tanına bilməz. Müqavilənin birtərəfli qaydada ləğv edilməsini şərtləndirə biləcək pozuntu əhəmiyyətli olmalı, bu pozuntuya istinad edən tərəfi isə müqavilənin məqsədlərinə nail olmaq imkanından birmənalı şəkildə məhrum etməlidir. Müqaviləyə bu əsasla xitam verilməsi üçün nəinki tərəfin düşdüyü zərərin miqdarı, həm də bu zərərin tərəfin müqavilə bağlayan zaman mövcud olmuş gözləntilərə mütənasibliyi xüsusi əhəmiyyət kəsb edir.

36. Halbuki iddiaçı verdiyi iddia ərizəsində və hazırda müdafiə etdiyi apelyasiya şikayətində istinad etdiyi pozuntunun müqavilə öhdəliklərini nə qədər ciddi şəkildə pozduğunu, mənafeyi üçün mənfi nəticələrinin nədən ibarət olduğunu, uğradığı zərərin əhəmiyyətli olduğunu və bunun nəticəsində müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğunu əsaslandırmamışdır. Belə olan halda isə, pozuntunun müqaviləyə xitam verilməsini mümkün edən dərəcədə əhəmiyyətli olması barədə mühakimə yürütmək mümkün deyildir.

37. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərə məxsus olmuş, iddiaçıya təhvil verilmiş və onun tərəfindən artıq sökülmüş ünvan 1 və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 40, 18, 20 saylı mənzillərin LPO "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü olduğu hazırkı müqavilənin Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsasla ləğv edilməsi, həmin müqaviləyə əsasən iddiaçının cavabdehlərin qarşısında icra edilməmiş öhdəliklərə xitam verilməsi üçün əsas deyildir.

38. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1781/2024 saylı 10 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar