Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5523/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(007)-1277/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 2005-ci ildə ailə quraraq birlikdə yaşamağa başlamış, 02 avqust 2007-ci ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində nikahları qeydə alınmışdır. Birgə nikahlarından 20 iyul 2006-cı ildə Mustafa, 26 iyun 2009cu ildə isə Muhamməd adlı uşaqları doğulmuşdur. 2018-ci ildən nikah münasibətləri faktiki olaraq pozulmuş və həmin vaxtdan ayrı yaşamaqla hər iki uşaq onun himayəsində qalmışdır. Ayrıldıqları vaxtdan bu yana cavabdeh uşaqları ilə maraqlanmamış, bunun üçün kifayət qədər maddi köməklik göstərməmiş, aliment ödəməmişdir. Odur ki, birgə nikahdan doğulmuş, onun himayəsində qalmış uşaqların 18 yaşı tamam olanadək saxlanması üçün alimentin cavabdehdən məcburi qaydada alınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir və uşaqların 18 yaşı tamam olanadək saxlanması üçün hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat alimentin cavabdehdən onun xeyrinə alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(007)- 1277/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 20 iyul 2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlunun və 26 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 25 yanvar 2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün ayda 170 manat olmaqla cəmi 340 manat məbləğində alimentin İddiaçı Qabil qızının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ondan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırma aparan zaman onun maddi vəziyyətini nəzərə almamışdır. Belə ki, o, yaşla əlaqədar qanunvericiliyə uyğun olaraq əmək qabiliyyətli hesab oluna bilməz, İİ qrup əlildir. Onun qazancı yalnız sabit məbləğdə olan 300 manat pensiyadan ibarətdir, əlavə hər hansı qazancı yoxdur. Buna görə də məhkəmənin təyin etdiyi alimentin miqdarı ilə razı deyildir. O yalnız aldığı pensiya məbləğinin yarısını aliment kimi ödəmək iqtidarındadır. Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun vəkili apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı isə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(007)- 1277/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı Qabil qızı Cavabdeh Mustafa oğlu ilə 2007-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 20 iyul 2006-cı il təvəllüdlü Cavabdeh Mustafa oğlu və 26 iyun 2009-cu il təvəllüdlü X3 doğulmuş, 2018-ci ildən tərəflər ayrı yaşayırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın forma və qaydasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Alimentin məbləği ilə bağlı olaraq ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçı Cavabdeh Bakı şəhəri Yasamal rayonunda və qeydiyyatda olduğu rayonda kiçik biznes obyektinə malik olduğunu, rayonda kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin və aylıq gəlirinin təxminən 2000 manata yaxın olduğunu bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, buna görə də birinci instansiya məhkəməsi alimentin məbləğini 250 manat yox, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumuna yaxın məbləğdə, yəni hər ay hər uşaq üçün 170 manat məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, uşaqlardan birinin 12, digərinin isə 15 yaşında olmasını nəzərə alaraq, onların normal şəkildə saxlanması üçün alimentin miqdarını hər ay hər uşaq üçün 170 manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdehin aldığı pensiyanın yarısı, yəni 150 manat (hər uşağa görə 75 manat) məbləğində aliment iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün yetərli deyil. Bundan əlavə, cavabdeh sağlamlıq vəziyyətinə görə işləmək iqtidarında olmadığını, ikinci qrup əlil olduğunu bildirsə də, əmək qabiliyyətsiz olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh yetkinlik yaşına çatmayan uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(007)- 1277/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5523/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5523/2021
13.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver