Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5524/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-2279/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov, iş № 2(006)-2279/2020) iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü ildən xx.xx.2019-cu il tarixə qədər Quba rayon Prokuroru vəzifəsində işləmiş, hazırda isə İmişli rayon Prokuroru vəzifəsində işləyir. Quba rayon prokuroru işlədiyi dövrdə xx.xx.2018-ci ildə səhər saat 09 radələrində evdən çıxıb işə gedərkən yaşadığı evin blokunun pilləkənlərində yıxılaraq "Sol bayır topuğun yerinidəyişməyən qapalı sınığı" xəsarəti almışdır. Aldığı xəsarətlə bağlı Baş Prokurorluq tərəfindən xidməti yoxlama aparılmış və müvafiq komissiyanın qərarına əsasən aldığı xəsarət xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olan hal kimi qiymətləndirilərək sığorta ödənişi almaq üçün arayış verilmişdir. Daha sonra cavabdehə son 5 illik əmək haqqının arayışı və aldığı xəsarətlə bağlı verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli 976 № li rəyi təqdim olunmuşdur. Baş Prokurorluqdan verilmiş 5 illik əmək haqqının cəmi barədə arayışa əsasən həmin məbləğ 182582,16 manat təşkil etmiş və cavabdeh tərəfindən ona 16038 manat sığorta haqqı ödənilmişdir. Hesab edir ki, ona sığorta haqqı verilən zaman məbləğ düzgün hesablanmamışdır. Belə ki, ekspert rəyində aldığı xəsarət az ağır göstərilsə də, cavabdeh tərəfindən ona yüngül xəsarətə görə ödəniş edilmişdir. Qanunvericilikdə sığorta ödənişinin ağır və yüngül xəsarət dərəcəsinə görə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, cavabdeh həmin halı düzgün qiymətləndirməyərək ona yüngül xəsarət üzrə ödəniş etmişdir. İddiaçı yuxarıda göstərilənlərə əsasən ona ödənilməli olan sığorta ödənişinin məbləğinin düzgün hesablanması və ona əlavə olaraq 20478 manat sığorta ödənişinin ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2019-cu il tarixli Arayışından görünür ki, Quba rayon prokuroru işlədiyi dövrdə xx.xx.2018-ci ildə səhər saat 09 radələrində evdən çıxıb işə gedərkən yaşadığı evin blokunun pilləkənlərində yıxılaraq "Sol bayır topuğun yerinidəyişməyən qapalı sınığı" xəsarəti almışdır. Aldığı xəsarətlə bağlı Baş Prokurorluq tərəfindən xidməti yoxlama aparılmış və müvafiq komissiyanın qərarına əsasən aldığı xəsarət xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olan hal kimi qiymətləndirilərək sığorta ödənişi almaq üçün arayış verilmişdir. İş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 976 №-li Aktından görünür ki, iddiaçının aldığı xəsarət sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Sığorta Şirkətinə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət olunaraq ona ödənilməli olan sığorta haqqı ödənişinin məbləğinin düzgün hesablanması və tam ödənilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 07-02-61 №-li cavabdehin məktubundan görünür ki, qanunvericilikdə "az ağır" xəsarət sığorta hadisəsi kimi qeyd edilməmişdir. Bu əsasdan Şirkət tərəfindən iddiaçının aldığı xəsarət yüngül xəsarət kimi nəzərə alınmış və ona uyğun olaraq sığorta haqqı ödənilmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Apelyasiya şikayətində göstərilir ki, qanunvericilikdə xəsarətin yalnız iki növünün qeyd olunması, az ağır xəsarətin qeyd edilməməsi, iddiaçının almış olduğu xəsarətin yüngül xəsarət kimi qiymətləndirilməsi və sığorta ödənişinin məbləğinin buna uyğun hesablanması üçün əsas ola bilməz. Ekspert iddiaçının almış olduğu xəsarəti az ağır kimi qiymətləndirildiyindən sığorta ödənişinin hesablanması ağır xəsarətə görə aparılmalıdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olan xəsarət almış və həmin xəsarət ekspert tərəfindən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilmişdir. Cavabdeh qanunvericilikdə "az ağır" xəsarətin sığorta hadisəsi kimi nəzərdə tutulmadığını əsas gətirərək iddiaçıya yüngül xəsarət növü üçün nəzərdə tutulan 16038 manat sığorta haqqı ödəmişdir. İddiaçının tələbi ona ödənilməli olan sığorta ödənişinin məbləğinin düzgün hesablanması və ona əlavə olaraq 20478 manat sığorta ödənişinin ödənilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi xidməti vəzifələrinin icrası zamanı az ağır xəsarət almasına və Baş Prokurorluğun verdiuyi arayışa əsasən 5 illik əmək haqqının 182582,16 manat təşkil etməsinə, hüquqi əsası kimi isə Əmək Məcəlləsinin 5, 154.1, 157.1, 157.2, 157.3-cü, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.5, 20.8, 20.9, 21.1, 21.4-cü, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 3, 4, 5-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli, 269 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”na, “Sağlamlığa zərər vurmanın məhkəmətibbi ekspertizası Qaydaları”na, “Canlı şəxslərin məhkəmə-tibbi ekspertizası qaydaları haqqında Əsasnamə”yə istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianın əsası kimi istinad olunan halların sübut olunmamasına istinad edərək iddianı rədd etmiş və qeyd etmişdir ki, iddiaçı aldığı xəsarətin "ağır xəsarət" kimi qiymətləndirilməsini xahiş etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsində az ağır xəsarətə görə sığorta ödənişinin edilməsi nəzərdə tutulmadığından iddiaçının aldığı həmin xəsarət ağır xəsarət kimi qiymətləndirilə və buna uyğun sığorta ödənişi edilə bilməz. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. İşdən göründüyü kimi, mübahisənin mahiyyətini əsasən iki xüsusat təşkil edir: - xəsarətin dərəcəsinə görə sığorta ödənişinin hesablanması; -sığorta ödənişinin düzgün hesablanmaması, hesablama aparılarkən Əmək Məcəlləsinin 154.1, 157.3-cü maddələrinə əsasən əmək haqqının tərkibinə daxil olan bütün ödənişlərin nəzərə alınmaması. İddiaçının ekspert rəyi ilə müəyyən olunmuş az ağır xəsarəti xidməti vəzifələrin icrası ilə əlaqədar alması hazırkı işdə mübahisələndirilmir. Bu məsələ Baş Prokurorluğun komissiyası tərəfindən araşdırılıb rəy verilmiş və cavabdeh bunu qəbul edərək iddiaçıya müvafiq məbləğdə sığorta ödənişi etmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq ilk növbədə xəsarətin dərəcəsinə görə sığorta ödənişinin hesablanması qaydasına aydınlıq gətirməyi zəruri sayır. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsində məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı xəsarət alması sığorta hadisəsi hesab edilmiş və yüngül xəsarətə görə sığorta məbləğinin 10 faizi, ağır xəsarətə görə isə 20 faizi miqdarında sığorta ödənişinin verilməsi nəzərdə tutulmuşdur. Az ağır xəsarətə görə sığorta ödənişinin aparılması həmin maddədə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi də məhz buna əsaslanaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən Qanunun 5-ci maddəsində xəsarətin yalnız iki növünün – yüngül və ağır xəsarətin qeyd edilməsi, az ağır xəsarətin qeyd olunmaması şəxsin almış olduğu xəsarətin yüngül xəsarət kimi qiymətləndirilməsi və buna uyğun sığorta ödənişinin edilməsi üçün əsas ola bilməz. “Sağlamlığa zərər vurmanın məhkəmə tibbi ekspertizası qaydaları” və “Canlı şəxslərin məhkəmə tibbi ekspertizası qaydaları haqqında” Əsasnaməyə görə yüngül xəsarət dedikdə sağlamlığın qısa müddətə pozulması, yəni əmək qabiliyyətinin 21 gündən az olan müddətə müvəqqəti itirilməsi, az ağır xəsarət dedikdə isə sağlamlığın uzun müddətə, yəni 21 gündən çox olan müddətə müvəqqəti itirilməsi, ümumi əmək qabiliyyətinin 10%-dən 33%-nə qədər hissəsinin dayanıqlı itirilməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 928-ci maddəsinə əsasən şəxsi sığorta üzrə sığorta ödənişi onu almaq hüququ olan şəxsə sosial sığorta, həmçinin icbari və ya könüllü sığortalar üzrə nəzərdə tutulan ödənişlərdən asılı olmayaraq icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən olunmuş qaydada ödənilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə Qanunun 5-ci maddəsində az ağır xəsarətə görə sığorta ödənişinin nəzərdə tutulmaması, yalnız yüngül və ağır xəsarətə görə sığorta ödənişinin aparılmasının müəyyən edilməsi qanunvericilikdə “boşluq” kimi qiymətləndirilməli və bu boşluğu aradan qaldırmaq üçün qanunun analogiyasından istifadə olunmalıdır. “X5 haqqında” Qanunun 13.1, 13.2-ci maddələrinin tələbinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. “Qanunun analogiyası” institutu qanunvericilikdə tərəflər arasında yaranmış müvafiq mübahisəli hüquq münasibətini nizama salan konkret normanın mövcud olmaması üzündən həmin mübahisəyə oxşar münasibəti tənzimləyən normanın tətbiq edilməsini nəzərdə tutur. İşə baxan məhkəmə oxşar münasibəti nizama salan normanı tətbiq etməklə qanunvericilikdəki boşluğun yerini doldurmağa çalışır. Qanunun analogiyası hüquqda olan boşluğu tam aradan qaldırmasa da, bu boşluğun tamamlanmasına və doldurulmasına yönələn operativ xarakterli müstəsna vasitə və üsuldur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, analogiyanın tətbiq edilməsi konkret işin özbaşına həll edilməsi demək deyildir. Bu institutun vasitəsilə hüquqi məsələ həll edilərkən qanunçuluq və ədalət prinsipləri əsas götürülməklə bütövlükdə hüquq sistemində və ya oxşar münasibəti tənzimlyən ayrı-ayrı hüquq normalarında ifadə olunan dövlət iradəsi nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, sağlamlığa vurulan az ağır zərərə görə sığorta ödənişinin aparılması əvvəllər “İcbari sığortalar haqqında” Qanunda da nəzərdə tutulmamışdı. Belə ki, əvvəllər həmin Qanunun 14.1.1-ci maddəsinə əsasən yalnız yüngül və ağır xəsarət növləri sığorta hadisəsi hesab edilməklə sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəyən zərər kimi nəzərdə tutulmuş və yalnız həmin xəsarət növlərinə görə sığorta ödənişinin aparılması müəyyən edilmişdi. Lakin xx.xx.2013-cü il tarixli Qanunla “İcbari sığortalar haqqında” Qanunun 14-cü maddəsinə müvafiq dəyişikliklər edilmiş və dəyişiklik nəticəsində şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması sığorta hadisəsi hesab edilməklə (maddə 14.1.1.) az ağır və ya ağır xəsarətə görə zərərin əvəzinin sığorta məbləğinin 30 faizi (maddə 14.2.4.) və yüngül xəsarətə görə zərərin əvəzinin sığorta məbləğinin 15 faizi (maddə 14.2.5.) nisbətində ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, həmin Qanunda sığorta hadisəsi nəticəsində sağlamlığa vurulan az ağır xəsarətə görə ödənilən sığorta ödənişinin məbləği yüngül xəsarətə görə deyil, ağır xəsarətə görə ödənilən məbləğlə eyniləşdirilmiş, yəni ağır xəsarətə görə ödənilən sığorta məbləği ilə eyni nisbətdə ödənişin aparılması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, “İcbari sığortalar haqqında” Qanunun oxşar münasibəti nizama salan 14-cü maddəsi qanunun analogiyasından istifadə olunmaqla az ağır xəsarətə görə sığorta ödənişinin ağır xəsarətə görə ödənilən məbləğlə eyniləşdirilməsi hissəsində hazırkı iş üzrə mübahisəyə tətbiq olunmalı və iddiaçının aldığı az ağır xəsarətə görə sığorta ödənişinin hesablanması ağır xəsarətə görə aparılmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin ikinsi hissəsi, yəni sığorta ödənişinin düzgün hesablanmaması, hesablama aparılarkən Əmək Məcəlləsinin 154.1, 157.3-cü maddələrinə əsasən əmək haqqının tərkibinə daxil olan bütün ödənişlərin nəzərə alınmaması ilə bağlı aşağıdakıları qeyd edir. İşdən göründüyü kimi, cavabdeh iddiaçının 2014-2018-ci illər üçün əmək haqqının 160 387 manat olmasını nəzərə alaraq həmin məbləğin yüngül xəsarətə görə ödənişə uyğun gələn 10 faizini, yəni 16038 manatı sığorta ödənişi kmi xx.xx.2019-cu il tarixdə iddiaçının bank hesabına köçürmüşdür (i.v.17). Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4-cü maddəsinə əsasən həmin qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.5-ci maddəsinə görə prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsinin vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Həmin Qanunun 20.8-ci maddəsinə görə prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibbi xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə görə isə prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım edilir. Azərbaycan Respublikası Əmək Məcəllləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157.3-cü maddəsinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Sadalanan qanunvericilik normalarının məzmunundan aydın olur ki, əmək haqqının tərkibinə təkcə əmək haqqı, rütbə və xidmət illərinə görə əlavələr deyil, bütün ödənişlər, habelə işçinin həvəsləndirilməsi məqsədilə verilən ödənclər daxildir. Baş Prokurorluğun verdiyi arayışa (i.v.11-12) əsasən iddiaçının 5 illik əmək haqqının məbləği 182582,16 (yüz səksən iki min beş yüz səksən iki manat 16 qəpik) manat təşkil etmişdir ki, bunun da 20%-i 36516 manatdır. Həmin məbləğdən 16038 manatın xx.xx.2019-cu ildə ödənildiyi nəzərə alınmaqla (i.v.17) cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan sığorta ödənişinin məbləği 20478 manat təşkil edir (36516-16038=20478). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddənin məzmunundan göründüyü kimi, sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş olsa da, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən həmin hallar üzrə dügün nəticəyə gəlməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş üzrə yeni qətnamə çıxarılmalı və iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Sığorta ödənişi üzrə 20478 (iyirmi min dörd yüz yetmiş səkkiz) manat və dövlət rüsumuna görə ödənilmiş 20 (iyirmi) manat, cəmi 20498 (iyirmi min dörd yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Dövlət X2 alınıb İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5524/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5524/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver