Məhkəmə qərarları › İş №2(103)-5524/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5524/2021

29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5524/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Alcanova (Cəfərova) Mətanət Molla qızının Cavabdeh qarşı «alimentin tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(007)-2219/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Alcanova (Cəfərova) Mətanət Molla qızı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «alimentin tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş 06 yanvar 2020-ci il təvəllüdlü X1 üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi və 06 yanvar 2020-ci il təvəllüdlü X5 3 (üç) yaşına çatanadək Cavabdeh maddi kömək kimi hər ay 80 (səksən) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 05 noyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 06 yanvar 2020-ci il tarixdə Alcanova Milay adlı qızı anadan olmuşdur. Evliliyin ilk aylarında mehriban yaşamış, əri fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, bazarda alver etmiş, aylıq qazancı 900 manatdan - 1000 manatadək olmuşdur. Sonradan cavabdehlə xasiyətləri uyğun gəlməmiş, evdə teztez əsassız söz-söhbətlər yaranmağa bağlamışdır. Cavabdeh ona və övladına laqeyd münasibət bəsləmiş, hazırda da onlarla maraqlanmır. O, övladına baxdığına görə işləyə də bilmir. Övladının maddi xərclərini validenlərinin göstərdiyi maddi yardım hesabına ödəməyə məcburdur. Cavabdehin qazancı (gəliri) sabit deyildir, dəyişir. Buna görə də alimentin sabit pul məbləğində tutularaq ona ödənilməsini zəruri hesab edir. Hal-hazırda 06 yanvar 2020ci il təvəllüdlü X5 yeddi aylıqdır və mütəmadi müalicə olunur, ona görə də məsrəfləri yetərincə artmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(007)- 2219/2020 saylı qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia qismən təmin olunmuş, Cavabdeh 06 yanvar 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 iyul 2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin və 06 yanvar 2020-ci il təvəllüdlü X5 3 (üç) yaşına çatana qədər hər ay 50 (əlli) manat sabit pul məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qismən əsassız olması, bazarda satıcı işləməsi, aylıq 200 manat gəlirinin olması, uşağı üçün hər ay 150 manat aliment ödəmək iqtidarında olması, iddiaçının özünə görə 50 manat alimentin tutulması hissədə iddianın rədd olunmalı olması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak etmiş cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin edilsə də, iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə qismən mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin 05.11.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmaları, nikahlarından bir azyaşlı (06 yanvar 2020-ci il təvəllüdlü) uşaqlarının olması, ailə münasibətlərinin pozulması, uşağın iddiaçının (ananın) yanında qalması işin mübahisə olunmayan hallarıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Analoji hüquqi mövqey, həmçinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarında da göstərilmişdir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə (maddi imkanının az olması və s.) onu bir valideyn kimi azyaşlı uşağını saxlamaq vəzifəsindən azad edə bilməz. Həmçinin işdən və cavabdehin izahatından görünür ki, cavabdeh əmək qabiliyyətlidir, əlilliyi yoxdur, bazarda işləyir işləyir. Alimentin miqdarının qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən aşağı müəyyən olunması isə (cavabdeh ümumilikdə 150 manat aliment ödəmək istəyini bildirir) azyaşlı uşağın mənafeyinə uyğun olmamaqla, onun saxlanılması üçün yetərli deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini yaşayış minimumu ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş həddə müəyyən etməkdə haqlı olmuş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Bununla yanaşı, qeyd edilməlidir ki, AM-nin 84.1-ci maddəsinə əsasən ər-arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. AM-nin 85.1 və 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. AM-nin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad ərindən aliment tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası, uşağın üç yaşına çatmamasını, bu səbəbdən də iddiaçının işləmək iqtidarında olmamasını və maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 50 manat məbləğində aliment tutmaqla qanunvericiliyin tələblərini pozmamışdır. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını, azyaşlı uşağın üstün mənafeyini və s. diqqətəlayiq halları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Alcanova (Cəfərova) Mətanət Molla qızının Cavabdeh qarşı «alimentin tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(007)-2219/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(007)- 2219/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar