Məhkəmə qərarları › İş №2(103)-5527/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5527/2024

08.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5527/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “aliment tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli qətnamədən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat

1. İddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdehin birgə övladı olan xx.xx.2016-cı il təvəllüdlü Ayxanın 2022-ci ilin yanvar ayından yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 1.000 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmadan ailə qurmuşlar. Bu münasibətlərdən onların 2 övladları var: xx.xx.2014-cü il təvəllüdlü Leyli və xx.xx.2016-cı il təvəllüdlü Ayxan. İki uşağın olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və onlar ayrılmışlar. Uşaqlardan biri, yəni Ayxan iddiaçının yanında qalmışdır. Ayxanın hazırda 8 yaşı var və orta məktəbdə təhsil alır. Hazırkı tarixədək iddiaçı, Ayxanın saxlanması üçün bütün xərcləri tək qarşılamış, halbuki iddiaçı, işləmir və övladının zəruri xərclərini təkbaşına qarşılamaqda çətinlik çəkir. Cavabdehin isə maddi vəziyyəti yaxşıdır. Lakin cavabdeh iddiaçının yanında qalmış uşağın saxlanma xərclərinin qarşılanmasında iddiaçıya dəstək olmur. İddiaçı, Ayxanın saxlanması üçün alimentin tutulması tələbi ilə 2022-ci ilin yanvar ayında ilk dəfə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, lakin cavabdehin təkidi ilə və ona maddi dəstək verəcəyinə dair söz verməsi ilə əlaqədar olaraq həmin iddiaları üzrə tələbini məhkəmə qaydasında davam etdirməmişdir. Həmin vaxtdan cavabdeh bir dəfə də olsa uşağın saxlanması üçün hər hansı xərcini ödəməmişdir. Ayxanın bütün qayğısını, ehtiyacını o, təkbaşına çəkir. Uşaq böyüdükcə atasına qarşı ehtiyac və tələbatı artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Lakin uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələblərini ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Bu səbəbdən cavabdehdən Ayxanın saxlanılması üçün 2022-ci ilin yanvar ayından etibarən hər ay 1.000 manat sabit pul məbləğində alimentin tutulması zərurəti yaranmışdır.

3. Qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş cavabdeh, onunla iddiaçının birgə övladı olan xx.xx.2014-cü il təvəllüdlü Leylinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıdan (qarşılıqlı iddia üzrə cavabdehdən) onun xeyrinə 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək olan 36 ay müddət ərzində aylıq 200 manat hesablanmaqla ödənilməmiş olan alimentin cəmi 7.200 manat məbləğində pul vəsaitinin tutulması, həmin tarixdən sonra isə Leylinin saxalanılması üçün hər ay 300 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla iddiaçının birgə uşaqlarından biri, yəni Ayxan iddiaçının yanında qalsa da, digər uşaq Leyli cavabdehin yanındadır. İddiaçı əksini qeyd etsə də, əksinə cavabdeh bir valideyn kimi iddiaçının yanında qalmış Ayxanın bütün ehtiyaclarını və xərclərini qarşılamış və onu lazım olan hər şeylə təmin etmişdir. Amma iddiaçı cavabdehin yanında qalmış Leylinin xərclərinin qarşılanmasında cavabdehə yardım etməmişdir. Bununla və digər məsələlər ilə bağlı Litva Respublikasının Vilnüs Şəhər Məhkəməsi xx.xx.2014-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərarla həmçinin qərara alınmışdır ki, hazırkı iş üzrə iddiaçıdan hazırkı iş üzrə cavabdehin xeyrinə Leyliyə görə aliment tutulmalıdır. İddiaçı həmin qərarı icra etmədiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə vəsatət verilmiş və Vilnüs Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarının aliment hissəsində Azərbaycan Respublikasında tanınması və icra edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 10(102)- 66/202 saylı qərardadına əsasən vəsatət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 458.3-cü maddəsinə əsasən xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilməsi səbəbindən təmin edilməmişdir. Göstərilənləri nəzərə alan cavabdeh bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Buna görə də, cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia irəli sürmüşdür və hesab edir ki, qarşılıqlı iddia təmin, il iddia isə rədd edilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsini, ilk iddia üzrə cavabdehdən xx.xx.2024cü il tarixdən başlayaraq, Ayxanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsini, ilk iddianın qalan hissədə təmin edilməməsini, qarşılıqlı iddianın qismən təmin edilməsini, qarşılıqlı iddia üzrə cavabdehdən Leylinin saxlanılması üçün 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək əvvəlki dövr üçün 3 illik müddət həddində, 36 ay müddət ərzində aliment aylıq 200 manat olmaqla, cəmi 7.200 manatın, xx.xx.2024-cü il tarixdən başlayaraq isə hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsini, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. c) apellyasiya şikayəti barədə məlumat

6. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddianın tam təmin edilməsini, qarşılıqlı iddianın isə tam rədd edilməsini xahiş etmişdir.

7. Əsasları ilk iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi işin hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) adına kifayət qədər çoxlu daşınar və daşınmaz əmlakların olmasını, iddiaçının yanındda qalmış uşağın mənafeyini nəzərə almamış, həmin uşağa görə cavabdehdən ilk iddia üzrə iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləğini yaşayış minimuma uyğun müəyyən etmiş, məsələyə elə yanaşmışdır ki, sanki ödəniləcək məbləğlər iddiaçı və cavabdehin rifahı üçündür. Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə hər hansı məsələnin obyektiv həllinə yönəlmək əvəzinə, sanki cavabdehin iddiaçıya qarşı olan prinsipial mövqeyinin dəstəkləməsinə yönəlmişdir. Rayon Məhkəməsi ilk iddia üzrə iddiaçının xeyrinə tutulmalı olan alimentin hansı vaxtdan hesablanması ilə bağlı qərar qəbul edərkən qanunvericiliyin normalarını pozmaqla yanaşı iddiaçının və onun yanında qalmış uşağın – Ayxanın hüquqlarını, iddiaçının hələ 2022-ci ilin yanvar ayında ilk dəfə Səbail Rayon Məhkəməsinə “aliment tələbi barədə” iddia ilə müraciət etməsini, cavabdehin iddiaçını aldatması nəticəsində həmin iddianın baxılmamış saxlanılmasını nəzərə almamışdır. Əslində isə cavabdehdən iddiaçının xeyrinə Ayaxana görə aliment 2022-ci ilin yanvar ayından başlayaraq tutulmalı idi. Bundan başqa Rayon Məhkəməsi iddiaçıdan cavabdehin xeyrinə 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək əvvəlki dövr üçün 3 illik müddət həddində, 36 ay müddət ərzində aliment aylıq 200 manat olmaqla, cəmi 7.200 manatın, xx.xx.2024-cü il tarixdən başlayaraq isə hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsini qət edərkən iddiaçının işləməməsini, qazancının olmamasını, uşaqlardan birinin iddiaçının yanında qalmasını, cavabdehin isə kifayət qədər çoxlu qazanca, daşınar və daşınmaz əmlaklara malik olmasını nəzərə almamışdır. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iş üzrə verdikləri izahatlar barədə məlumat

8. İlk iddia üzrə iddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə ilk iddianın məzmununa uyğun izahat verdi.

9. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmamış və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

10. Cavabdehin gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) hazırkı iş üzrə apellyasiya baxışının həddi barədə məlumat

11. İlk və qarşılıqlı iddialar Rayon Məhkəməsi tərəfindən qismən təmin olunsa da, ilk iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

12. Qətnamədən apellyasiya şikayəti vermiş ilk iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilib, ilk iddianın tam təmin, qarşılıqlı iddianın isə tam rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan bəlli olur ki, o, ilk iddianın bir qisminin təmin edilməsi, qarşılıqlı iddianın isə bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir.

13. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Odur ki göstərilənləri nəzərə almış Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

16. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, iş üzrə tərəflər nikaha daxil olmadan ailə münasibətlərinə daxil olmuşlar. Bu münasibətlərdən onların 2 övladları var: xx.xx.2014-cü il təvəllüdlü Leyli və xx.xx.2016-cı il təvəllüdlü Ayxan.

17. Litva Respublikasının Vilnus Şəhər Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli və xx.xx.2016-cı il tarixli “Doğum haqqında şəhadətnamələrdən” görünür ki, uşaqların ikisi də Vilnus şəhərində doğulmuşlar. Ataları hazırkı iş üzrə cavabdeh, anaları isə hazırkı iş üzrə iddiaçıdır.

18. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, iki uşağın olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və onlar ayrılmışlar. Uşaqlardan biri, yəni Ayxan iddiaçının yanında, Leyli isə cavabdehin yanında qalmışdır.

19. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından (iş № 2(009)-1744/2022) görünür ki, hazırkı iş üzrə iddiaçının hazırkı iş üzrə cavabdehə qarşı irəli sürdüyü “aliment tələbi barədə” iddia ərizəsi iş üzrə tərəflərin məhkəmə baxışı iclasına gəlmələri əsası ilə baxılmamış saxlanılmışdır.

20. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞB/6/-001026 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, hazırki iş üzrə iddiaçının “aliment tələbi barədə” mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə, saat 16.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında hazırkı iş üzrə cavabdeh iştirak etməmişdir.

21. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.4.). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən iki uşağa görə aylıq qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulur (maddə 76.1.2.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.).

22. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, adambaşına uşaqlar üçün 2024-cü ildə yaşayış minimumu ölkə üzrə 235 manat məbləğində müəyyən edilmişdir.

23. İlk iddia üzrə iddiaçı cavabdehə qarşı verdiyi iddia ərizəsində və qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, onun yanında qalmış Ayxanın zəruri xərclərinin qarşılanmasında cavabdeh ona hər hansı maddi yardım göstərmir, halbuki, cavabdeh kifayət qədər çoxlu qazanca, daşınar və daşınmaz əmlaklara malikdir. Uşağın xərclərini özü və təkbaşına qarşılayır baxmayaraq ki, işləmir.

24. İşdə olan sənədlərdən görünür ki, cavabdehin mülkiyyətində 2 avtomobil, 1 bağ sahəsi və 6 torpaq sahəsi var.

25. Bununla bağlı Məhkəmə qeyd edir ki, cavabdehin mülkiyyətində daşınar və daşınmaz əmlakın olması tutulmalı olan alimentin miqdarının (məbləğinin) müəyyən edilməsinə təsir göstərmir, çünki yuxarıda qeyd edildiyi kimi alimentin miqdarı müəyyən edilərkən cavabdehin qazancının və başqa gəlirinin həcmi nəzərə alınır. Lakin hazırkı iş üzrə cavabdehin qeyd edilən əmlaklar hesabına qazanc əldə etməsi halını təsdiq edə biləcək sübutlar hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmişdir.

26. Məhkəmə bildirir ki, cavabdehin mülkiyyətində olan həmin daşınar və daşınmaz əmlaklara tutma o halda yönəldilə bilər ki, cavabdehin hər hansı, o cümlədən alimentin ödənilməsi ilə bağlı icra edilməmiş öhdəliyi mövcud olsun. Lakin işin hallarından görünür ki, bu kimi hal mövcud deyil.

27. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələnin tətbiqi nəticəsində müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləğini müəyyən edərkən cavabdehin mülkiyyətində həmin əmlakların olmasını nəzərə almamaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.

29. Qeyd edildiyi kimi tutulmalı olan alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli olan şəxsin qazancının və başqa gəlirinin həcmi (məbləği) nəzərə alınmalıdır.

30. “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatlardan məlum olur ki, hazırkı iş üzrə cavabdeh "xxxx" MMC-də mühasib-analitik vəzifəsində işləyir və onun aylıq əmək haqqısı 600 manat təşkil edir.

31. İşə baxmış Rayon Məhkəməsi qanunvericiliyin tələblərinə əsasən müntəzəm qazanca malik olan valideyndən alimentin tutulmasını əmək haqqının faiz nisbətində müəyyən edilməsini nəzərdə tutsa da, 1 uşağa görə əmək haqqının 1/4 hissəsi həddində alimentin (600 manat x 1/4=) 150 manat məbləğində olmasını nəzərə alaraq həmin məbləğin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan (235 manat) kifayət qədər az olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləği sabit pul məbləğində və 235 manat məbləğində müəyyən edilməlidir.

32. Bu kimi nəticəyə gəlmiş Rayon Məhkəməsi həmçinin nəzərə almışdır ki, iddiaçı, 1 uşağa görə cavabdehdən onun xeyrinə tutulmalı olan alimentin hər ay üçün 1.000 manat məbləğində tutulmasını xahiş etsə də, cavabdehin bu məbləğdə aliment ödəməyə imkan verən qazancının olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir və cavabdehin özünün himayəsində digər 1 uşaq var.

33. İşin hallarını və yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi də əsaslıdır. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili də əsassızdır.

34. Cavabdehdən ilk iddia üzrə iddiaçının xeyrinə tutulmalı olan alimentin iddiaçının təklif etdiyi kimi 2022-ci ilin yanvar ayından (iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş və Səbail Rayon Məhkəməsi tərəfindən baxılmamış saxlanılmış “aliment tələbi barədə” iddianın verildiyi vaxtdan) deyil, bu mülki işin icraatının başlanmasına əsas olmuş ilk iddianın məhkəməyə daxil olduğu xx.xx.2024-ci tarixdən başlayaraq, yəni Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq tutulmasını qət etmiş Rayon Məhkəməsi bu kimi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı qanunla ona verilmiş hüquqdan istifadə edərək alimentlə bağlı 2022-ci ildə məhkəməyə müraciət etsə də, məhkəmə iclasına gəlmədiyi üçün ərizə baxılmamış saxlanılmış, iddiaçı bunu cavabdehin alimentin könüllü olaraq ona verəcəyinə söz verməsi ilə əlaqələndirmiş, lakin bu halı təsdiq edə biləcək sübutu məhkəməyə təqdim etməmişdir. Həmin iddia tərəflərin məhkəmə baxışı iclasına gəlməməsi əsası ilə baxılmamış saxlanılmış, iddiaçı, iddianın baxılmamış saxlanılması barədə qərardaddan şikayət verməmişdir.

35. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslıdır. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili isə əsassızdır. Çünki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

36. Cavabdehin iddiaçıya qarşı irəli sürdüyü qarşılıqlı iddiasından görünür ki, cavabdeh ilə iddiaçının birgə digər övladları – Leyli iş üzrə tərəflərin münasibətləri pozulduqdan sonra cavabdehin yanında qalmışdır. Bu hal işin mübahisəsiz halıdır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından (iş № 10(102)-66/2024) görünür ki, həmin qərardadla hazırkı iş üzrə cavabdehin vəsatətinin təmin edilməməsi, Litva Respublikasının Vilnüs Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarının hazırkı iş üzrə iddiaçıdan cavabdehin xeyrinə 1 uşağın – Leylinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin tutulması barədə hissəsinin Azərbaycan Respublikası ərazisində tanınması və icra edilməsindən Azərbaycan Respublikası MPM-in 458.3-cü maddəsində nəzərdə tutulmuş müddətinin keçməsi səbəbindən imtina edilmişdir. Belə ki, həmin prosessual normanın tələbinə görə, xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilər.

38. Cavabdeh hesab edir ki, Leylinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən iddiaçıdan onun xeyrinə 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək olan 36 ay (3 il) müddət ərzində aylıq 200 manat hesablanmaqla cəmi 7.200 manat məbləğində aliment tutulmalıdır.

39. İşə baxmış Rayon Məhkəməsi qarşılıqlı iddiada ifadə olunmuş bu tələbi əsaslı hesab etmişdir.

40. İddiaçı, qətnamədən verdiyi apellyasiya şikayətində Rayon Məhkəməsinin bu nəticəsini mübahisələndirdiyi üçün Məhkəmə, Rayon Məhkəməsinin bu nəticəsinin əsaslılığı və apellyasiya şikayətinin dəlilinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

41. İşin hallarından görünür ki, cavabdeh, iddiaçıdan aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görmüşdür.

42. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi iddiaçıdan cavabdehin xeyrinə 2024-cü ilin iyun ayınadək olan 36 ay (3 il) müddət üçün, yəni 2021-ci ilin iyun ayından başlayaraq tutulmasını qət etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.

43. Cavabdeh qarşılıqlı iddia ərizəsində xahiş etmişdir ki, iddiaçıdan onun xeyrinə 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək olan 36 ay müddət üçün aliment hər ay üçün 200 manat məbləğində hesablansın və iddiaçıdan onun xeyrinə cəmi 7.200 manat məbləğində aliment tutulsun.

44. Rayon Məhkəməsi cavabdehin bu tələbini əsaslı hesab etmişdir.

45. İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində Rayon Məhkəməsinin bu nəticəsi ilə razılaşmadığını bildirir və şikayətini onunla əsaslandırır ki, Rayon Məhkəməsi ondan cavabdehin xeyrinə 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək əvvəlki dövr üçün 3 illik müddət həddində ayda 200 manat olmaqla, cəmi 7.200 manat məbləğində alimentin tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsini qət edərkən iddiaçının işləməməsini, qazancının olmamasını, uşaqlardan birinin iddiaçının yanında qalmasını, cavabdehin isə kifayət qədər çoxlu qazanca, daşınar və daşınmaz əmlaklara malik olmasını nəzərə almamışdır.

46. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, Ailə Məcəlləsinin yuxarıda qeyd edilən normalarına görə, hətta qazancı və gəliri olmayan valideynlər (maddə 78.1.), uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1.). Qazancı və gəliri olmayan valideyndən aliment sabit pul məbləğində tutulur.

47. Belə olan halda qəbul edilməlidir ki, iddiaçının işləməməsi, qazancının və gəlirinin olmaması onu cavabdehin yanında qalmış uşağın – Leylinin saxlanılmasından azad etmir.

47. Bundan başqa Məhkəmə bildirir ki, iddiaçının işləməməsi, qazancının və gəlirinin olmaması, cavabdehin isə işləməsi və qazancının olması iddiaçını aliment ödəməkdən azad etmir. Çünki Ailə Məcəlləsində bu hallara görə uşaq ilə bağlı alimentin tutulmasından azad etmə nəzərdə tutulmamışdır.

48. Göründüyü kimi, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslıdır. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.

49. Məhkəmə, qarşılıqlı iddiada ifadə olunmuş “iddiaçıdan cavabdehin xeyrinə ötən 36 ay müddət üçün hər ay 200 manat olmaqla cəmi 7.200 manat məbləğində aliment iddiaçıdan cavabdehin xeyrinə tutulması” barədə tələbin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsinin və bu nəticəyə dair apellyasiya şikayətinin dəlilinin əsaslığı ilə bağlı bildirir ki, 2021-ci ildən 2024-cü il daxil olmaqla uşaqlar üçün yaşayış minimumu ölkə daxilində müxtəlif, yəni 2021-ci ildə 175 manat, 2022-ci ildə 176 manat, 2023-cü ildə 220 manat olmuş, 2024-cü ildə isə 235 manatdır.

50. Göründüyü kimi alimentin ortalama məbləği ötən 2021-ci ilin iyun ayından 2024cü ilin iyun ayı daxil olmaqla ((175 + 176 + 220 + 235 =) 806 : 4 =) 201,5 manat təşkil edir.

51. Belə olan halda qəbul edilməlidir ki, Rayon Məhkəməsi 36 ay müddət üçün iddiaçıdan cavabdehin xeyrinə (200 manat x 36 ay=) 7.200 manat məbləğində alimentin tutulması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Rayon Məhkəməsini bu nəticəsinə dair apellyasiya şikayətinin dəlili əsassızdır.

52. Cavabdeh tərəfindən iddiaçıya qarşı irəli sürülmüş qarşılıqlı iddiada ifadə edilmiş digər tələb 2024-cü ilin iyun ayından sonra iddiaçıdan cavabdehin xeyrinə 1 uşağın – Leylinin yetkinlik yaşına çatana kimi saxalanılması üçün hər ay 300 manat məbləğində aliment tutulsun.

53. İşə baxmış Rayon Məhkəməsi bu tələbi qismən əsaslı hesab edərək iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, xx.xx.2024-cü il tarixdən başlayaraq iddiaçıdan cavabdehin xeyrinə Leylinin yetkinlik yaşına çatana kimi saxalanılması üçün hər ay 235 manat məbləğində aliment tutulsun.

54. İddiaçı bu nəticə ilə də razılaşmır və hesab edir ki, işləməməsi, uşaqlardan birinin onun yanında qalması, cavabdehin isə kifayət qədər çoxlu qazanca, daşınar və daşınmaz əmlaklara malik olması səbəbindən bu iddia tam həcmdə rədd edilməli idi.

55. Məhkəmə, Rayon Məhkəməsinin bu nəticəsinin əsaslılığı və apellyasiya şikayətinin dəlilinin qiymətləndirilməsi ilə bağlı bir daha bildirir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideyn olan hazırkı iş üzrə iddiaçının işləməməsi və qazancının olmaması, hazırkı iş üzrə cavabdehin isə işləməsi və qazancının olması iddiaçını cavabdehin yanında qalmış uşağın saxlanılması üçün aliment ödəməkdən azad etmir. Bu kimi qayda Ailə Məcəlləsində nəzərdə tutulmamışdır.

56. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi cavabdehin yanında qalmış uşağın mənafeyini, Ailə Məcəlləsinin və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununun tələblərini nəzərə alaraq yuxarıda qeyd edilən nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsini bu nəticəsinə aid dəlili əsassızdır. g) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

53. Beləliklə də, apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

54. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

55. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

57. Məhkəmə həmçinin bildirir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamədən cavabdeh apellyasiya şikayəti vermədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

58. İddiaçının verdiyi apellyasiya şikayəti işə təmin edilmədiyindən o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

59. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 iyul 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar